Qara Qarayev: Fikrət
Əmirov muğamı dünya üçün anlaşıqlı etdi
XX əsr Azərbaycan musiqi sənətinin
intibah dövrüdür. Öz dahiyanə əsərləri
ilə dünyaya səs salan Üzeyir Hacıbəyov məhz
bu dövrdə milli musiqimizi dünyaya tanıtdı. Sonra Qara
Qarayev, Niyazi, Səid Rüstəmov, Soltan Hacıbəyov,
başqa bəstəkarlarımız musiqi tariximizi öz
gözəl, qiymətli əsərləri ilə zənginləşdirdilər.
Və bu dövrün musiqi salnaməsində Fikrət Əmirovun
da öz layiqli yeri var.
Fikrət
Əmirovun fəxri adlarını, mükafatlarını
saymaqla qurtaran deyil. Bir neçəsini xatırlatmaq istərdik:
SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, iki
dəfə SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan
SSR Dövlət Mükafatı laureatı, Respublika Lenin
Komsomolu Mükafatı laureatı, Lenin ordeni, daha neçə-neçə
orden və medallar. Amma, bütün bunlardan üstün bu
böyük bəstəkarın bir mükafatı da var idi. O
da canı qədər sevdiyi xalqının məhəbbəti
idi. Bu məhəbbətin arxasında Fikrət Əmirovun
xalqının mənəvi ruhunu yaşadan, milli dəyərlərə
söykənən çox qiymətli bəstələri
dayanır. Bu əsərlərdə Azərbaycanımızın
musiqi dünyasına yeni baxış, sənətkarın
daxili yaşantıları, muğamı dünya
üçün anlaşıqlı edən simfoniyalar var.
"Şur" simfonik muğamını diqqətlə dinləmisinizmi?
Necə də qəlb oxşayan, ruhu qidalandıran musiqidir. Doğrudan da, böyük
sənətin sərhədləri
olmur. Mən bilirəm ki,
Avropada da bu simfonik muğamı
elə bizim kimi həvəslə dinləyirlər. Çünki Fikrət Əmirov bu simfonik muğamı
yazarkən, sözsüz
ki, muğamlarımızın
dünyada tanınmasını
əsas məqsəd kimi qarşıya qoymuşdur. "Kürd ovşarı" da elə bu
qəbildən olan yüksək səviyyəli
sənət nümunəsidir.
Fikrət Əmirovun simfonik musiqi sahəsində novatorluğu bununla bağlıdır ki, o, dünyada analoqu olmayan muğamın forma qanunauyğunluqları əsasında
orijinal simfonik muğam janrını yaradıb. O, simfonik muğamları ilə dünya simfonizmində yeni magistralı - "Şərq simfonizmi"ni açdı. Bu termin M.Yarustovskiyə
məxsusdur.
Fikrət Əmirovun tərcümeyi-halına
nəzər salsaq, aydın olar ki, o, bu sənəti
təsadüfən seçməyib.
O, 1922-ci ildə Gəncə şəhərində tanınmış
bəstəkar, müğənni
və tarzən, doğma şəhəri Şuşada Mir Möhsün
Nəvvabın (1833-1918) musiqi
məclislərinin təsiri
ilə formalaşmış
Məşədi Cəmilin
(1875-1928) ailəsində anadan
olmuşdur. Məşədi
Cəmil Azərbaycanda,
İranda, Türkiyədə,
Gürcüstanda ifaçı-musiqiçi,
sonralar isə müəllim kimi məşhur idi. O, ilk dəfə Gəncə şəhərində musiqi
məktəbi təşkil
etmiş, daha sonra həmin məktəbin rəhbəri
olmuşdur. Təbiidir ki, atası
gələcək bəstəkarın
tərbiyəsinə və
musiqi qabiliyyətinin inkişafına böyük
təsir göstərmişdir.
Fikrət Əmirov uşaqlıqdan musiqini, ədəbiyyatı,
tarixi çox sevirdi. Artıq 10 yaşında olarkən
tarda gözəl ifa edirdi, konsertlər
verirdi. Xalq mahnılarına məhəbbət onun şəxsiyyət və dahi bəstəkar kimi yetişməsinə böyük təsir göstərib. Fikrət Əmirov
ilk musiqi təhsilini Gəncə musiqi məktəbində alıb.
Oranı
bitirdikdən sonra, o, Bakıya köçüb,
orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfində
oxuyub. 1939-cu ildə
Azərbaycan Dövlət
Konservatoriyasına, professor
B.İ. Zeydmanın bəstəkarlıq
sinfinə daxil olmub.
Konservatoriyadakı təhsil illərində
professor Zeydmanın rəhbərliyi
ilə musiqinin incəliklərinə yiyələnir. Eyni zamanda, ölməz Üzeyir Hacıbəyovun
yaradıcılığı ilə dərindən tanış olur. Özünün yazdığı kimi, onun yaradıcılığına
həm də məşhur rus bəstəkarı Çaykovskinin
böyük təsiri
olmuşdur. "Bu əsəri
yazdığım, yaratdığım
müddətdə mən
öz üzərimdə
iki dahi bəstəkarın təsirini
açıq-aydın hiss edirdim:Üzeyir bəy və Çaykovski.
Məhz Üzeyir Hacıbəyovun
xalq musiqisindən qidalanan mükəmməl
operalarını, onun
insani xüsusiyyətlərini,
Çaykovskinin yaradıcılığını
dərindən dərk
edərək mən öz operamda (söhbət "Sevil"
operasından gedir) bu iki başlanğıcın
qovuşmasına nail oldum".
Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil
aldığı illərdə
artıq yaxşı bəstəkar kimi tanınmışdı. O, "Ürək
çalanlar" və
"Gözün aydın"
operettalarını bəstələmiş,
fortepiano əsərləri, variasiyalar yazmışdı.
Böyük Vətən müharibəsi
Fikrət Əmirovun təhsilini yarımçıq
qoyur. Bir çox incəsənət
xadimləri kimi o da döyüşən orduya gedir. O, Voronej cəbhəsində
vuruşur. 1943-cü ildə kontuziya aldığı üçün
ordudan tərxis olunub Bakıya qayıdır. 1944-cü ildə konservatoriyada təhsilini davam etdirir və 1948-ci ildə oranı bitirir. Fikrət Əmirovun bundan
sonrakı həyatı,
yaradıcılığı musiqi mədəniyyətimizin
inkişafına, onun daha da şöhrətlənməsinə
həsr olunur.
Fikrət
Əmirov uzun illər respublikanın teatrları ilə əlaqə saxlamış,
H.Cavidin, C. Cabbarlının,
M. Hüseynin, S. Vurğunun,
İ. Qasımovun və
başqa dramaturqların
pyeslərinə musiqi
yazmışdır.
"Sevil" operası
və "Min bir gecə" baleti F.Əmirov yaradıcılığında
mühüm yer tutur. "Sevil" operası (C.Cabbarlının
eyniadlı pyesi əsasında) insan arzularının lirik səpkidə, yığcam
şəkildə, milli
ruhda ifadəsinin ecazkar nümunəsidir.
Bu operanın 1963-cü ildə
Niyazinin rəhbərliyi
ilə Moskvada P.İ.Çaykovski adına
konsert zalında Ümumittifaq Radiosu və Televiziyasının
simfonik orkestrinin xoru və solistləri
tərəfindən rus
dilində ifa olunmasını, 1977-ci ildə
Səmərqənddə tamaşaya
qoyulmasını, 1970-də ekranlaşdırılmasını təsadüfi saymaq olmaz.
Peşəkarlıq onun yaradıcılığının
bütün sahələri
üçün eyni dərəcədə səciyyəvidir. "Nizami" simli simfoniyası böyük şairin fəlsəfi görüşlərini, dünyagörüşünü
musiqi dili ilə vermək baxımından indi də dəyərini saxlayır. Musiqinin təsiri, dinləyici
əhvalında fəlsəfi-lirik
ovqat yaratmaq gücü bəstəkarın
qarşıya qoyduğu
məqsədə necə
məharətlə çatdığını
göstərir.
Xalq musiqisi ilə professional musiqinin vəhdəti F.Əmirov yaradıcılığı üçün
səciyyəvidir. Bu cəhətdən
"Azərbaycan süitası",
"Azərbaycan kapriççosu",
"Simfonik rəqslər",
"Azərbaycan qravürləri"
əsərləri daha
parlaq nümunələrdir.
Əgər birinci əsər
("Azərbaycan süitası")
aşıq musiqisi ruhunda köklənibsə,
ikincinin ("Azərbaycan
kapriççiosu") mayasında
birbaşa simfonik muğam əhvalı dayanıb. Bu əsərlərin hər
birinin ruhu, canı, qanı və ən nəhayət, adı bəstəkarın xalqa bağlılığından, bu
xalqın mədəniyyətini
musiqi nümunələri
əsasında dünya
arenasına çıxarmaq,
onu tanıtmaq, sevdirmək istəyindən
xəbər verir.
F.Əmirovu ölməzləşdirən amillərdən biri də elə budur, - desək, səhv olmaz.
F.Əmirov instrumental konsert janrına müraciət edən və bu janrda
dəyərli əsərlər
yaradan ilk Azərbaycan
bəstəkarlarındandır. Onun fortepiano və
skripka ilə orkestr üçün və fortepiano ilə xalq çalğı alətləri üçün
konsertində (A.Babayevlə
birlikdə) xalq mahnılarının, zəngin
xalq rəqslərinin imkanlarından yaradıcılıqla
istifadə olunmuş,
lakin bu janr üçün səciyyəvi olan üslub, ritm, ahəngdarlıq qorunmuşdur.
Bəstəkarın "Gülərəm,
gülsən", "Azərbaycan
elləri", "Ulduz",
"Mən səni araram" kimi romans və mahnıları instrumental musiqi
janrında bəstələnmiş
əsərlərdir. Bu əsərlər bəstəkarın
xalq musiqisini, Azərbaycan tarixini, folklorunu dərindən bildiyini, yaradıcılığında
onlardan məharətlə
bəhrələndiyini göstərir.
F.Əmirov təkcə bəstəkar
kimi məşhurlaşmamışdır. O, musiqi
tariximizin görkəmli
tədqiqatçısı, tələbələri tərəfindən
indi də dərin ehtiramla xatırlanan müəllim,
ictimai-siyasi xadim olmuşdur. Onun "Musiqi düşüncələri"
adlı əsəri bu cəhətdən dəyərli fikirlər toplusu, musiqimizin, bütövlükdə, mədəniyyətimizin
inkişafı ilə
bağlı düşüncələrin
toplandığı mənbədir.
F.Əmirov tədqiqatlarında həmişə xalq musiqimizdən müasir şəraitdə istifadə
məsələsinə, mahnı
janrının milli ruhda daha da
zənginləşdirilməsinin vacibliyinə geniş yer vermişdir. Musiqi yaradıcılığında,
bəstəkarlıq sahəsində,
tədqiqat işində
bu qədər zəngin irs
qoymuş F.Əmirov Azərbaycan dünyasını
bir çox konsert salonlarında təmsil edib.
O, neçə-neçə filmimizə də musiqi bəstələmiş, əsərlərindən kinofilmlərimizdə istifadə olunmuşdur. "Səhər", "Böyük dayaq", "Firəngiz", "Mən ki, gözəl deyildim", "Ömrün səhifələri", "Nəğmə dərsi", "Yaşamaq gözəldir, qardaşım", "Sevil" bədii filmləri onun gözəl musiqisi ilə müşayiət olunmuşdur.Nəsibə Zeynalovaya həsr olunmuş "Aktrisanın təbəssümü" filmində də Fikrət Əmirovun mahnıları səslənir.
Fikrət Əmirov SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan SSR EA-nın müxbir üzvü, SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Milli musiqimizin inkişafında və dünyada tanınmasında misilsiz xidmətləri olan bu böyük sənətkarın əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 25 noyabr.- S. 6.