Lalə Fəxrinin rənglər dünyası

 

Akademik Tofiq İsmayılovun nəvəsi ilk rəsm sərgisini babasının xatirəsinə həsr etmişdir

 

Bu günlərdə müstəqil Azərbaycan Respublikasının ilk dövlət katibi olmuş akademik Tofiq Kazım oğlu İsmayılovun adını daşıyan Uşaq Rəsm Qalereyasında mərhum akademikin nəvəsi Lalə Fəxrəddin qızı Məmmədovanın (Lalə Fəxri) fərdi rəsm sərgisi keçirilmişdir. Azərbaycan incəsənətinin məşhur nümayəndələrinin və çoxsaylı tamaşaçıların iştirakı ilə keçən tədbir 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağdakı Qarakənd kəndinin səmasında mənfur erməni terrorçuları tərəfindən quldurcasına atəşə tutulmuş vertolyotda Azərbaycanın bir sıra yüksək vəzifəli məmurları ilə birlikdə faciəli şəkildə həlak olmuş vətənpərvər ziyalı Tofiq İsmayılovun vəfatının ildönümünə həsr olunmuşdu.

 

Bəri başdan qeyd edək ki, gənc rəssam 29 iyun 1991-ci ildə Bakı şəhərində anadan olmuş, 2009-cu ildə paytaxtdakı 46 saylı orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Lalə Fəxri hazırda universitetin ikinci kurs tələbəsidir. O, qısa müddət ərzində özünü istedadlı və bacarıqlı bir tələbə kimi göstərmiş, rəssamlıq sənətinə məxsusi dəsti-xətti ilə daxil olmağa can atan, bunun üçün yorulmadan öz üzərində işləyən gənc rəssam kimi müəllimlərinin diqqətini cəlb etmişdir.

Azərbaycanın müstəqillik qazandığı ilk illərdə qarşılaşdığı faciəli tarixi hadisələr, Ermənistanın ərazi iddiası ilə Azərbaycan torpaqlarına təcavüzü, 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən Bakıda törədilmiş qanlı qırğın, eləcə də Dağlıq Qarabağın Azərbaycanın tabeçiliyindən qoparılmasına Azərbaycan dövləti səviyyəsində müqavimət göstərilməsi zamanı baş vermiş 20 noyabr faciəsi istedadlı rəssamı narahat edən mövzulardır.

Lalə Fəxrinin tez-tez bu mövzulara müraciət etməsinin başlıca səbəblərindən biri də babası, Azərbaycanda milli təəssübkeş ziyalılığın canlı nümunəsi kimi tariximizə düşmüş akademik, dövlət katibi Tofiq İsmayılovun ənənəvi erməni xəyanətinin günahsız qurbanlarından olmasıdır. Aradan illər keçsə də, Lalə təkcə babasının deyil, ümumiyyətlə, Qarabağ müharibəsinin davam etdiyi təxminən 20 il ərzində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş minlərlə vətənpərvər insanımızın faciəsini unuda bilmir. Həm onların əziz xatirəsini yaşatmaq, həm də erməni terrorçularına qarşı nifrətini ifadə etmək üçün gənc rəssam mütəmadi olaraq öz fırçasını süngüyə çevirməli olur.

Tofiq İsmayılovun vəfatının ildönümü ilə əlaqədar təşkil edilən sərgidə də tələbə-rəssamın vətənpərvərlik mövzusuna həsr olunmuş bu cür əsərlərinin nümayiş etdirildiyi sərgi çoxsaylı tamaşaçı auditoriyasının marağına səbəb oldu.

Amma sərgi təkcə bu mövzu ilə məhdudlaşmamışdı. Burada Lalə Fəxrinin fəlsəfi fikirlərini, dünya, kainat, kosmos və digər mövzuları əhatə edən 23 əsəri sərgilənirdi. Tədbir Azərbaycan və dünya bəstəkarlarının klassik əsərlərinin müşayiəti ilə keçdi. Rəsmi açılış hissəsində Tofiq İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayının direktoru Bədiyyə Ramazanova, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru Rafiq Sadıqov, universitetin rəssamlıq fakültəsinin dekanı Sevda Sadıqbəyova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, xalq rəssamı, Prezident təqaüdçüsü Fuad Salayev və gənc rəssamın bədii rəhbəri, Rəssamlar İttifaqının üzvü Esmeralda Tağızadə çıxış edərək müəllifin özünəməxsus və rəngarəng yaradıcılıq xüsusiyyətləri haqqında danışdılar, onun vətənpərvərlik mövzusunda əsərlərinin uğurla işləndiyini və gənclərimizin milli təəssübkeşlik ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyini bildirdilər. ABŞ-ın Meriland Universitetinin professoru, akademik Roald Saqdeyev, akademik Arif Mehdiyev, professor Natiq Cavadov və digər iştirakçılar sərginin rəy kitabçasına öz qeydlərini yazaraq istedadlı gənc rəssama uğurlar arzuladılar.

Lalə Fəxrinin yaradıcılığı ilə tanışlıq sərgi iştirakçılarında məmnunluq və xoş əhval-ruhiyyə yaratdı.

Sonda Tofiq İsmayılov adına muzeyin direktoru, gənc rəssamın anası Səbinə İsmayılova övladının yaradıcılığına bu qədər diqqət və qayğı göstərdiklərinə görə toplaşanlara minnətdarlığını çatdırdı. Onun sözlərinə görə, bir tərəfdən dövlətimiz, xüsusən Prezidentimiz İlham Əliyev tərəfindən gənc nəslin istedadının parlaması üçün yaradılmış hərtərəfli şərait, digər tərəfdən təcrübəli və məşhur incəsənət xadimlərinin gənclərə dəstəyi Lalə kimi tələbələrin rəssamlıq sənətinə ürəkdən bağlanmasını və layiqli əsərlərin yaranmasını təmin edir. Bu isə gələcəkdə Azərbaycan rəssamlığının yeni parlaq əsərlərlə zənginləşməsi deməkdir.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 6.