Ekologiya – 2010
Şəfa mənbəyi
Yaxud nar həkimi
qapıdan qaytarar
Bağçılıq
Azərbaycan xalqının təsərrüfat həyatının
tarixən ən qədim və geniş
yayılmış sahələrindən biridir.
Saysız-hesabsız arxeoloji
tapıntılar, paleobotanika, ampeleoqrafiya məlumatları, dil
və folklor nümunələri,
yazılı mənbələr və digər tədqiqatlar nəticəsində
Azərbaycan ərazisinin də mədəni
bağçılığın vətəni olan
geniş bir əraziyə
daxil olduğu müəyyənləşdirilmişdir.
Əkinçilik tarixini öyrənən alimlər müəyyən
etmişlər ki, Azərbaycan meşələri
yabanı meyvələrlə
çox zəngindir. Onlar mədəni
bağçılığın inkişafında genetik
fond kimi əvəzolunmaz
əhəmiyyətə malikdir.
Yüzillər, minillər bir-birini əvəz etdikcə bağçılıq xalğımızın əsas məşğuliyyətlərindən birinə çevrilir, ölkənin xarici və daxili ticarətində mühüm rol oynayır. Ömrünü-gününü, bütün ümid və diləklərini torpağa bağlayan bağbanlarımız təsərrüfat təcrübələri, empirik bilikləri əsasında ciddi axtarışlar aparmış, çoxlu qiymətli meyvə növləri yetişdirmişlər. Bununla əlaqədar xalq arasında "Bağında üzüm olsun, yeməyə üzün olsun" və yaxud "Kimi dağı ilə, kimi bağı ilə tanınar", - deyiblər.
Yurdumuzun hər guşəsinin ulu neməti sayılan, onun simasını müəyyən edən məhsulları vardır. Bakının ağ şanısının, qara şanısının sorağı Azərbaycanın hüdudlarını adlayaraq çox-çox uzaqlara yayılıb. Çətin ki, ağ şanının, qara şanının tayı-bərabəri olan üzüm növü tapılsın. Bal üzüm, şah üzüm, nahaq yerə onun adına şanı, şahanı - ş a h l a r a l a y i q deyilməyib. Saray əncirinin, Zirə qarpızının, Corat qovununun, Hövsan soğanının, həmçinin Abşeron zəfəranının, zeytununun, badamının şöhrəti hər yana yayılıb. Qubanın, İsmayıllının şirin, ətirli, dadlı alması, Şəki - Zaqatalanın, Qəbələnin qozu-fındığı, şabalıdı süfrələrin bəzəyidir. Naxçıvanın sapsarı kəhraba kimi hazarı, kişmişi, şəfeyi (ş ə f a sözündəndir) üzümləri sağalmaz dərdlərə şəfa verir, ürəyin təpərini artırır.
Ordubadın dillər əzbəri olan şaftalısı, əriyi, armudu, qozu sağlama dad-ləzzət, xəstəyə loğmandır. Cəlilabadın sarı buğdası, Lənkəranın növbənöv ətir saçan düyüsü adnan olub, lumusu, portağalı, narıngisi ən gözəl sovqatdır. Gəncənin heyvası, xurması, Göyçənin, Ağdaşın alçası, Sabirabadın qarpızı, Kürdəmirin yemişi deyəndə ağızlar sulanır.
Göyçayın gülyöşə narı, Qarabağın şelli narı min bir dərdin dərmanıdır. Torpağımızın günəşdən nur içmiş əvəzsiz nemətlərindən biri olan narda həm həyat şirəsi, həm də Günəş qaynarlığı var. Ona görə də xalq təbabətində narı min bir dərdin məlhəmi hesab edirlər. Narın müalicəvi xassəsi qədim zamanlardan misirlilərə, assuriyalılara, yunanlara və romalılara məlum idi. Hələ 4 min il bundan əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Zəifə güc, qüvvət, qan, şəfa verən nar xalq arasında "can dərmanı" adlanır. Qanını əli həyatdan üzülhaüzül vəziyyətdə olan xəstəyə verib, onu yaşadan xeyirxah donor adamları yadınıza salın. Donorlar qanının bir hissəsini başqasına qıyırlar. Nar-donor isə son damlasına kimi qanımıza süzülüb cana məlhəm, gözə işıq gətirir.
Nar Azərbaycanın qədim və onu şöhrətləndirən meyvəsidir. Respublikamızın ərazisində də narın öz "vətəni, yurdu" olub. Qarabağda, Ağdamın yaxınlığında Şelli kəndi, Şirvan torpağında isə Göyçay narın beşiyi sayılır. Xalqımız ta qədimdən bu meyvəni sevə-sevə becərmişdir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən və Gəncəçay ərazisindən eramızdan əvvəl IV-V minilliklərə aid nar ağacının qabığı aşkar olunmuşdur. Beyləqanda IX-X əsrlərə aid bərnilərin (şüşə qab) içərisində tez-tez üzüm və nar toxumlarına təsadüf edilmişdir. Çox ehtimal ki, bu qablar nardaşa hazırlamaq üçün istifadə edilmişdir.
Narın, ümumiyyətlə, 300-dən çox növü məlumdur. Bunlardan da 200-ə qədəri yalnız Azərbaycanda becərilir. Narın növündən və sortundan asılı olaraq meyvələri şirin, turş və turşaşirin olur. İndi respublikamızda gülöyşə, balamürsəl, vələs, qırmızı qabıq, nazikqabıq, şahnar, qırmızı mələz, şəlli mələzişirin və s. nar növləri yetişdirilir.
Nar ağacı çox dəymə-düşərdir, şaxta, soyuq oldu - vay halına, quruyacaq, qızmar yay oldu - susuzluqdan büzüşüb quruyacaq, meyvələri çat-çat olacaq. Bircə əlacı var - sudan korluq verməmək.
Nar şirəsində 8-19 faiz şəkər, 0,3-9 faizədək limon turşusu, tanin, S vitamini, həmçinin qiymətli minerallar - kalsium, fosfor, maqnezium, dəmir və natrium da vardır. Bunların arasında kaliumu xüsusi qeyd etmək lazımdır. Ürək əzələlərinin fəaliyyəti üçün kalium çox vacibdir. Bu cəhətdən nar şirəsi bütün meyvə şirələrindən üstündür. Həm qan azlığı, həm də hipertoniya xəstəlikləri zamanı nar şirəsi çox yaxşı təsir göstərir. Belə hallarda nar şirəsinin şəkərdə hazırlanan şərbəti də xeyirlidir. Həmin şərbəti döş ağrıları zamanı öskürək dərmanı kimi də qəbul etmək olar. Qızdırma xəstəliyi olan adamlara müalicə məqsədilə nar suyu verilir. Nar şirəsi sinqa xəstəliyinin müalicəsi üçün də xeyirlidir. Həzm orqanlarının, xüsusilə bağırsağın iltihabında da nar şirəsi faydalıdır. Nar, qidanın yaxşı həzm olunmasını təmin edir və adamın iştahasını artırır. Cır narın meyvəsində limon turşusu alınır.
Nar ağacının kökünü qurudub toz halına salır, əzvayla qarışdırır, çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər. Nar qabığını və çiçəyini dəmləyib boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı dərman kimi istifadə edirlər.
Elimizin qədim sənət sahələrindən olan boyaqçılıqda narın çiçəklərindən və qabığından istifadə edirdilər. Nənələrimiz boyaq kimi qara rəngi nar qabığından alırdılar. Keçmişdə cır narı kal vəziyyətdə yığıb qurudur (bu halda nar turşuluq xassəsini daha yaxşı saxlayır) dabbaqlara satırdılar. Onlar da bununla ev heyvanlarının, xüsusilə camışın gönünü aşılayırdılar.
Ağbirçək nənələr nar meyvəsindən şirə çəkib xoş ətirli, ləzzətli süfrə içkisi və şərbətlər düzəldirlər. Hər piyaləsi min bir dərdin dərmanı... Bunun üçün "Kəmşirin" sortlu nar meyvəsinin dənələrini ayırıb götürür və onu şəkər şərbətində qaynadıb "nardaşa" alırlar. Ondan plov, kabab və lüləkabab yeməklərində iştahaartırma və tamverici kimi istifadə edirlər. Dadlı-tamlı narqovurma, nar mürəbbəsi süfrələrimizin bəzəyidir.
Azərbaycanda qədimdən bəri nar meyvəsindən "narrub" şirəsi, cır nardan isə "narşərab" hazırlanır. "Narşərab" mədənin həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir. "Narrub" isə zəifləmiş orqanizmi möhkəmləndirir, xəstənin ürəyini sərinləşdirir və susuzluğun qarşısını alır.
Nar, türk xalqları, o cümlədən azərbaycanlılar arasında müqəddəs nemət hesab edilir. Nar, ailə səadətinin rəmzi sayılır. Qızlar ər evinə gəlin köçəndə bəzən ayaqlarının altına boşqab əvəzinə nar qoyurlar. Onu ayağı ilə əzən gəlin üst-başını qırmızı nar şirəsinə boyayır. Bununla da bildirir ki, ər evinə səadət və bərəkət gətirir.
Azərbaycan mifologiyasında da nar xüsusi yer tutur. O, məhsuldarlıq
rəmzi sayılır.
Belə deyirlər ki, əkinçi babalarımız
əkin-səpin vaxtı
toxumu sahəyə apararkən onun içərisinə nar qoyardılar. Xalq arasında işlədilən
"buğda deyil, nar dənəsidir", - məsəli də çox güman ki, narın məhsuldarlıq əlamətinə
işarədir. Sonra əkinçi narı bölüb dənələrini
ulu torpağın sinəsinə səpib deyərdi: - Şumunuz bərəkətli, məhsulunuz
nar dənələri
kimi dolu və iri olsun.
Və yaxud, Tanrıya xitabən: "Mən bir səpdim,
Sən min göyərt",
- deyərdilər. Bu, səpiləcək toxumdan
daha yaxşı və keyfiyyətli taxıl alınması inamı ilə bağlıdır.
Adətə görə, gəlin
ata evindən çıxanda başına
halal çörək
qoyurlarsa, ər evinə girəndə qaynana ona nar
bağışlayır və
deyir: "elə kəs, bir dənəsi
də yerə düşməsin". Yəni bu
ocağı nar dənəsi qədər sapsağlam balalarla doldur və çalış ki, biri də itkiyə
getməsin. Nar, dilək ağacı hesab olunur. Guya, narın dənələri
içərisində biri
müqəddəsdir. Onu yeyən cənnətə
gedər. O dən
çalışır ki,
yerə düşsün.
El-obada açması nar olan bir
tapmaca var: "Ətindən kabab olmaz, qanından kasa dolmaz". Siz də, əzizlərim, çoxlu nar yeyin, için, ləzzət alın, qana-cana gəlin. Xalq arasında nahaq yerə demirlər ki, nar həkimi
qapıdan qaytarar.
Tofiq BABAYEV,
əməkdar mədəniyyət işçisi
Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 6.