Ölkəmizdə
turizmin inkişafı üçün
hər cür imkan var
Azərbaycan Prezidenti İlham Əliyevin
sərəncamı ilə təsdiqlənmiş
"2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı" ölkəmizdə bu sahənin
genişləndirilməsi üçün əsaslı şərait
yaratmışdır.
Hazırda
turizm planetar miqyasda sürətlə inkişaf edən biznes
sahələrindəndir. Dünya üzrə ümummilli məhsulun
10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına
düşür. Dünyada əmək qabiliyyətli əhalinin
8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat
sahələrində çalışır.
Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. 2002-2005-ci illəri əhatə edən Dövlət Proqramının həyata keçirilməsi ölkədə bu sahənin sürətli inkişafını təmin etmək üçün geniş imkanlar yaratmışdır. Bu illərdə reallaşan tədbirlərin nəticəsində beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Yeni Proqram isə turizmin daha sürətlə inkişafına zəmin yaratmış, artıq Proqramın reallaşması istiqamətində işlər davam etdirilməkdədir.
Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsi üçün əsas yaratmışdır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövcuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan İçərişəhər, Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurdur. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur. Eyni zamanda Azərbaycanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı əsas vəzifələr qarşıya qoyulmuşdur: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına cəlb etmək.
Bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir.
Azərbaycanda turizm sahəsi üzrə dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası hökuməti ilə 16 ölkə - Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, Belarus, Yunanıstan, Moldova, Qazaxıstan və Qətər hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB dövlətlərinin Turizm Şurası və digər regional təşkilatlar ilə turizm sahəsində əməkdaşlıq edir. 2006-cı ildə İslam Konfransı Təşkilatının turizm nazirlərinin V Konfransının Azərbaycanda keçirilməsi və Turizm üzrə Bakı Deklorasiyasının qəbul olunması Azərbaycanda turizm sektorunun inkişafı, infrastrukturun dünya standartları səviyyəsində qurulması üçün böyük əhəmiyyət kəsb edir.
Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıcıl işlərdəndir.
Mehmanxanaların xidmət səviyyəsinin öyrənilməsi və beynəlxalq standartlara uyğun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Turist-ekskursiya xidmətinin sertifikatlaşdırılması"nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Bu qaydalara əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin təsnifatı aparılır.
Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsilə bağlı 7 marşrut istiqamətində proqramlar hazırlanmışdır. Bu marşrutlara aşağıdakılar daxildir:
1.Abşeron;
2.Qobustan-Şamaxı-Ağsu-Göyçay-İsmayıllı-Kürdəmir-Zərdab-Ağdaş;
3.Xızı-Siyəzən-Dəvəçi-Xaçmaz-Quba-Qusar;
4.Qəbələ-Oğuz-Şəki-Qax- Zaqatala-Balakən;
5.Gəncə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax;
6.Salyan-Masallı-Lerik-Lənkəran-Astara;
7.Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Culfa- Babək.
"2002-2005-ci
illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı"nın təsdiq olunması ölkəmizdə
turizm ehtiyatlarından
səmərəli istifadə
edilməsi yollarını
müəyyənləşdirdi və respublikamızın
beynəlxalq turizm arenasına çıxması
üçün geniş
imkanlar yaratdı. Turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində
və xarici iqtisadi əlaqələrin
möhkəmlənməsində də mühüm rol oynayır. Ölkəmizdə mineral suların, müalicəvi nefti və palçığın
olması kurort yerlərinin əhəmiyyətini
artırmaqla yanaşı,
buraya turist axınını da gücləndirir. Xəzər dənizi
sahilləri, Quba-Xaçmaz,
Lənkəran-Astara, Şəki-Zaqatala,
Gəncə-Qazax iqtisadi
rayonları turizmin inkişaf etdirilməsi üçün çox yararlıdır. Məhz bu
zonalara turist axını daha çoxdur. Bundan əlavə, müxtəlif
arxeoloji, tarixi-memarlıq
abidələri, incəsənət
obyektləri də xarici turistləri cəlb edir.
Ölkəmizdəki turistlərin əksəriyyətini
Avropa ölkələrindən,
qonşu dövlətlərdən
və ABŞ-dan gələnlər təşkil
edir.
"2002-2005-ci
illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində
turizmin inkişafı
üçün münbit
şərait yaradılıb,
beynəlxalq turizm bazarına inteqrasiyanın
təmin olunmasının
əsası qoyulub, milli turizm kompleksinin
rəqabətə davamlılığı
yüksəlib. Belə ki,
Azərbaycanda turistlərin
yerləşdirmə biznesi
dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə
fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli müəssisələrin sayı
94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatıb.
Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə
təxminən 3 dəfə
çoxdur. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn
turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət
göstərən turizm
şirkətləri şəbəkəsi
genişlənir. Hazırda respublikada
123 turizm müəssisəsi
lisenziya əsasında
fəaliyyət göstərir
və 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən
çox artıb.
2010-cu ilin aprel ayında
Prezident İlham Əliyev "2010-2014-cü illərdə
ölkədə turizmin
inkişafına dair yeni Dövlət Proqramı"nı təsdiq etmişdir. Bu Proqram isə
ölkəmizdə turizm
sahəsinin sürətli
inkişafına əsl
təminat yaradır.
Heç şübhəsiz ki, yeni Dövlət Proqramın reallaşması
ilə Azərbaycan əsl mənada turizm diyarına çevriləcəkdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 4.