"Mədəniyyətlərarası
dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər" mövzusunda beynəlxalq elmi
konfrans uğurla başa çatdı
Qloballaşan dünyada mədəniyyət
və dil müxtəlifliyinin olmasına baxmayaraq, əksər
ölkələrin ziyalıları mədəniyyətlərarası
dialoq və əməkdaşlıq etməkdə, ortaq mədəni
dəyərlərin üzə çıxarılmasında
maraqlıdır. Odur ki, bu sahədə ciddi fikir mübadiləsi
aparılmasının vacibliyi vurğulanır. Bu fikirlər
noyabrın 25-26-sında Azərbaycan Dillər Universitetində
keçirilmiş "Mədəniyyətlərarası dialoq:
linqvistik, pedaqoji və ədəbi aspektlər" adlı iki
günlük beynəlxalq elmi konfransda səsləndirilib.
ADU-nun
akt zalında keçirilən plenar iclasda ADU-nun rektoru,
professor Səməd Seyidov rəhbərlik etdiyi ali məktəbin
müxtəlif xalqların və dövlətlərin mədəniyyətini
öyrəndiyini və bunun nəticəsi olaraq, bütün
qitələrdən universitetə gələnlərin
olduğunu vurğuladı. Onun sözlərinə görə
xalqlar arasında mədəni əlaqələrin
inkişafında ziyalıların rolu danılmazdır.
"Konfransda mədəniyyətlər arasında olan
münasibətlər, dialoq kimi mövzular müzakirə
obyektidir. Azərbaycanın əlaqələri genişlənməkdədir.
Əsas məqsədlərimizdən biri ölkəmizdəki
elmi mühiti dünyaya göstərmək, elmi əməkdaşlığı
gücləndirməkdir. Konfransda iştirak etmiş
ziyalılar yüksək səviyyəli alimlər, yazıçılar
və dünyanın nüfuzlu universitetlərinin nümayəndələridir.
Heç şübhə yoxdur ki, bu ziyalılar bu cür səfərlər
nəticəsində Azərbaycanla daha yaxından tanış
olacaq, ölkəmizlə bağlı həqiqətləri
öz xalqlarına çatdıracaqlar."-deyə o
vurğuladı.
Rektor
S. Seyidov konfransda elmi əlaqələrin yaradılması
yolunda yeni ənənənin yaranacağını söylədi.
Təhsil nazirinin müavini İradə Hüseynova isə
çıxışında konfransda yaranan əhəmiyyətli
fikir mübadiləsi və ideyaların təhsilmizə
müsbət töhfə verəcəyini qeyd etdi.
Millət
vəkili, proffessor Rəbiyyət Aslanova mədəniyyətlərarası
dialoqun müasir dövrdə vacibliyini vurğuladı. Onun
sözlərinə görə, bu istiqamətdə beynəlxalq
tədbirlərdə ziyalıların toplaşıb ideyalar
bölüşmələri, azərbaycanlı alimlərin
nüfuzlu elmi nəşrlərdə çıxış etmələri
olduqca zəruridir. Türkiyədən Nur Tekmen, Almaniyadan
Hans-Verner Huneke, Koreyadan Dae Sunq Kim, İtaliyadan Massimo Bianchi,
ADU-nun professoru Gülnar Hüseynzadə və digərləri
mədəniyyətlərarası əməkdaşlığın
əhəmiyyətini vurğuladılar.
Konfransa
ölkəmizlə yanaşı, dünyanın müxtəlif
ölkələrindən-İtaliya, Fransa, Gürcüstan,
Böyük Britaniya, ABŞ, Koreya, Hindistan, Türkiyə və
s. qatılmış alimlər iki gün ərzində
müxtəlif mövzuları əhatə edən bölmə
və yarımbölmələrdə təqdimatlar
keçirdilər, fikir mübadiləsi apardılar. "Mədəniyyətlərarası
dialoq insanlar və xalqlar arasında qarşılıqlı
anlaşma vasitəsi kimi", "Dil mədəniyyətlərarası
ünsiyyətin əsas amili kimi", "Ədəbiyyat
müasir kulturoloji paradiqmlər kontekstində" və
"Mədəniyyətlərarası dialoqun dil öyrənmədə
rolu" mövzularını əhatə edən
çıxışlar əcnəbi və azərbaycanlı
ziyalılar arasında qarşılıqlı fikir mübadiləsinə
və maraqlı müzakirələrin yaranmasına səbəb
oldu.
Konfransın
sonunda burada səslənən əhəmiyyətli elmi fikirlərin
və beynəlxalq təcrübənin öyrənilməsi,
maraq doğuran məruzələrin çap edilməsi qərara
alındı, iştirakçılara sertifikatlar təqdim
edildi. Əcnəbi elm adamları bu cür konfransların
ziyalılar arasında əməkdaşlığın və
təcrübə mübadiləsində əhəmiyyətli
rol oynamasını, görüşlərin tez-tez keçirilməsinin
vacibliyini vurğuladılar.
Qeyd
edək ki, konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyi,
"AZƏRİQAZBANK", "Azərsun" Şirkətlər
Qrupu və Böyük Britaniya konsulluğunun dəstəyi ilə
baş tutub.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 3.