Elin şah qürurlu Şahlar oğlu
El məsəlidir,
"bir mıx bir nalı, bir nal bir
atı, bir at bir əri, bir
ər də bir eli qurtarar". Belə ər oğullarımız
bir deyil, beş deyil,
on deyil. Maşallah olsun, saymaqla
qurtarası deyil.
Eləcə də torpaqlarımızın
müdafiəsində şəhidlik
zirvəsinə yüksələn
oğullarımızın sayəsində
özümüzdə qalan
torpaqların qoynunda yetişən mərd-mərdanə
yeniyetmələrimiz.
Müharibənin ağırlığı hər
bir azərbaycanlı ailəsinə dəhşətli
izlər buraxmış
və ağır zərbələr vurmuşdur. Bu zərbələr, deyərdim
ki, şəhidlik zirvəsini uca tutaraq şəhid vermiş ailələri çox da elə
sarsıtmır. Əksinə, o ailələr qürur hissi ilə yaşayır. Çünki övladları vətən
yolunda, torpaq yolunda, ana-bacı yolunda canlarından keçiblər.
Hərdən öz-özümə
düşünürəm: görəsən, bizim Şahlar, Hidayət, Amil, Allahverdi, çingiz, Şirin Mirzəyev və digərləri kimi qəhrəman oğullar, eləcə də döyüş meydanında
ayağını, qolunu
itirmiş döyüşçüləri
olan vətən niyə basıldı? Axı onlar son nəfəsnədək, yarımcan
olanacan can qoydular!
"Bağbanı olmayan bağı çəpər
basar, çəpəri
olmayan bağı isə yağı basar". Bəli, Azərbaycanın o vaxtkı hakimiyyəti başında olan məmurlar bax, bu bağdan olan sanballı ağaclardan hazırlanmış
stullar üstündə
gedən davaları ucbatından ölkə dəyərli, qeyrətli oğullarını itirdi.
Belə oğullarımızdan
biri də 17 may 1952-ci
ildə Kəlbəcər
rayonunun Zülfüqarlı
kəndində anadan olan Şahlar Şükürovdur. O, 1972-ci ildə
orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna
daxil olub. Elə həmin il də
həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi
xidmətini intizamla başa vuran Şahlar Şükürov
çox çəkmir
ki, niyyətinin bir hissəsini də yerinə yetirir. 1986-cı ildə Rostov Polis Akdemiyasını
bitirir. 1987-ci ildə Zərdab rayon Daxili İşlər Şöbəsində əməliyyat
işləri üzrə
rəis müavini təyin edilir. Polis mayoru rütbəsinə
qədər yüksələn
Ş.Şükürov bir
çox məsul vəzifələrdə çalışr.
Döyüş meydanlarına atılan
Şükürov vətənpərvərlik
şücaəti göstərərək,
döyüşçü yoldaşlarına ürək-dirək
verir. Ağdam, Şuşa, Laçın, Kəlbəcər
və digər bölgələrdə gedən
ağır döyüşlər
zamanı ordumuz onun səyi nəticəsində itkisiz
ötüşür.
Şahların hər dəfə döyüş meydanlarına
atılaraq cəsarətlə
hünər göstərməsi
arxadan gələn əsgərlərimizə yol
açır. Kəlbəcərin dağlarında gedən
ağır döyüşlər
zamanı döyüşçü
yoldaşlarını irəli
aparan Şahların öz canını qorumaq belə yadına düşmür.
Ayaq üstündə hücuma
keçən Şahlar
qəfil yağı gülləsinə tuş
gəlir. Bu an səmaya göz gəzdirən igid sarsılmır və əli ilə arxaya işarə edərək, özlərini
qorumağı əsgər
yoldaşlarına bildirir.
Atəş bir an səngiyir.
Əsgərlər gözünü hələ yummayan Şahların qucaqlarında
son nəfəsindən gələn
səsi sükutla dinləməyə çalışırlar.
"Dayanmayın, irəli" sözü əsgərlərə qüvvət
versə də, itkinin ağırlıq hissi onları rahat qoymurdu.
...Son döyüş.
İyun ayının 15-i. Kainat da elə bil
susmuşdu. Göyün
üzünü yayın
isti çağında
elə bir qara buludlar almışdı
ki! Bu ölüm
ruha çevrilib, göydə pərvaz vururdu, sanki ruhu külək təki əsgərləri
irəli atırdı.
Getdikcə göyün üzünü
qara buludlar almağa başladı.
Bu döyüş son döyüş oldu.
Elə bu döyüşdən sonra Kəlbəcərin yolu bağlandı.
Əgər Şahlar və onun kimi qəhrəmanlarımız
o vaxt düşmən
gülləsinə tuş
gəlməsəydi, torpaqlarımız
azadlıqda olardı və bu gün
biz Şuşada, Xankəndində,
Kəlbəcərdə, Ağdamda,
eləcə də işğal altında olan, əlimiz yetməyən torpaqlarımızda
rahat nəfəs alardıq.
Şahların ölümü ağır
olsa da, itkisi ilə hər birimiz barışmalıyıq. Bu şərəfli ad şəhidlik
zirvəsidir. Hər
kəs bu zirvəyə çatmağa
can atır. Bu gün Şahlar və onun kimi
qəhrəmanlarımızın ailəsində böyüyən
gənclərimiz, oğul
və qızlarımız
bu adı özlərinə qürur
mənbəyi seçərək
şərəfli yol sayırlar və bu da Azərbaycana,
gələcək tarixinə
bir şərəfli yol açılmasında irəliləyişdir. Qoy bu yolda şəhidlik ruhu qarşısında təzim edən gənclərimiz tariximizin
salnaməsini, keçmişini
bilsinlər.
Xatırladım ki, Azərbaycan Respublikası
Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 saylı Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Şahlar Şükürov ailəli
idi. İki övladı yadigar
qalıb. Zərdab
rayonunda adına
məktəb və küçə var.
Allah bütün
şəhidlərimizə rəhmət
eləsin! Və vətən yolunda əlini, ayağını
itirmiş əlillərimizə
şəfa və can sağlığı versin.
Onların hər birinin
əlillikdən əziyyət
çəkmələrinə baxmayaraq, istənilən vaxt döyüş meydanına qayıtmağı
özlərinə borc
bilirlər. Azərbaycan öz
qəhrəmanları və
döyüşçüləri ilə daim fəxr
edir.
Ruhiyyə SULTAN
Təzadlar.- 2010.- 27 noyabr.- S.11.