Bakıda İKT
və iqlim dəyişikliyinə həsr olunmuş konfrans
Bakıda "BakuTel-2010" Azərbaycan
Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları
Sərgi və Konfransı çərçivəsində Azərbaycan
Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən təşkil olunmuş
"İKT və iqlim dəyişikliyi" mövzusunda beynəlxalq
konfrans keçirildi.
Plenar
iclasda Azərbaycanın rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov
iştirakçıların nəzərinə
çatdırıb ki, dünyada baş verən iqlim dəyişiklikləri
ilə bağlı problemlərin aktuallığı, həmçinin
Azərbaycanda "Ekologiya İli" ilə əlaqədar
hazırkı konfrans informasiya-kommunikasiya
texnologiyalarının ekologiyaya təsirinə həsr olunub. O
deyib ki, "XXI əsrdə dünyanın üzləşdiyi
ən aktual problemlərdən biri iqlim dəyişiklikləri,
ətraf mühitin qorunması, təbii kataklizm və fəlakətlərdir.
Öz çıxışında Əli Abbasov Azərbaycan
hökuməti tərəfindən tam dəstəklənən
Smart 2020 qlobal proqramı məsələsinə də toxunub.
Qeyd
edək ki, sözügedən proqram yeni texnologiyalardan istifadə
edilməklə atmosferə zərərli tullantıların
azaldılması məqsədini daşıyır. Azərbaycan
hökumətinin dünya çağırışları
çərçivəsində
reallaşdırdığı siyasət iqlim dəyişikliyi
probleminin həllinə yönəldilib.
Plenar
iclasda çıxış edən Azərbaycan ekologiya və
təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev
təmsil etdiyi qurumun ətraf mühitin qorunması sahəsində
əldə etdiyi uğurlardan danışıb. Sağlam
ekologiyanı cəmiyyətin sosial-iqtisadi həyatında ən
mühüm amillərdən biri adlandıran nazir müavini
ekoloji tədqiqatlarda İKT nailiyyətlərinin
imkanlarını vurğulayıb. Bundan əlavə, plenar
iclasda çıxış edən BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Fikrət Akçura qlobal
ekoloji problemlər haqqında danışaraq qlobal istiləşmə
və bu dəyişikliklər səbəbindən planetə
dəyən ziyanları qeyd edib. O bildirib ki, yeni
texnologiyaların istifadəsi zərərli tullantıların
xeyli azaldılmasına imkan yarada bilər. BMT nümayəndəsi
Azərbaycanı, informasiya cəmiyyətinin qurulması sahəsində
fəal səyləri ilə və bununla yanaşı ətraf
mühitin qorumasına xüsusi önəm verən ölkə
kimi tanındığını vurğulayıb.
Tədbirdə
Beynəlxalq Telekommunikasiya İttifaqının departament rəhbəri
Artur Levin təqdimatla çıxış edib və təmsil
etdiyi təşkilatın tarixi, onun dünya miqyasında rolu,
eləcə də BTİ-nin ekoloji problemlərə
ayırdığı diqqətdən danışıb. Qeyd
olunub ki, müşahidə etdiyimiz tərəqqi, yeni imkanlarla
eyni zamanda, ölkələr qarşısında yeni vəzifələr
qoyur ki, onlardan da biri məhz iqlim dəyişikliyi ilə
bağlı problemlərin həllidir. Qabaqcıl "yaşıl"
texnologiyaların tətbiqi ətraf mühiti daha effektiv
qorumağa və ekologiyaya neqativ təsir səviyyəsini
azaltmağa kömək edəcək. Bundan əlavə A.
Levin BTİ tərəfindən görülmüş işlərdən
də danışıb. Xüsusən də, bir qədər
bundan əvvəl mobil telefonlar üçün vahid enerji
doldurma qurğusu standartının işlənib
hazırlandığını vurğulayıb. Yaxın gələcəkdə
yeni standart digər portativ qurğular üçün də
işlənib hazırlana bilər. BTİ rəsmisi elektron
tullantıların utilizasiyası probleminə də toxunub.
Kompyuterlər, mobil telefonlar və televizorlar hətta kasıb
ölkələrdə belə getdikcə daha çox ailələr
üçün əlçatan olur və bununla əlaqədar
elektron tullantıların həcmi də getdikcə artır.
Nitqinin
sonunda A. Levin BMT-nin ixtisaslaşdırılmış müəssisəsi
kimi Beynəlxalq Telekommunikasiya İttifaqının dünyada
baş verən ekoloji prosesləri diqqətlə izlədiyini
və ətraf mühitin qorunması istiqamətində
reallaşdırılan proqramları dəstəklədiyini
vurğulayıb. Konfrans bölmə sessiyaları ilə davam
etdirilib.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 3.