Azərbaycan Prezidentinin ictimai-siyasi fəaliyyəti
beynəlxalq aləmdə yüksək dəyərləndirilir
Cənub-Şərqi Avropanın ən
nüfuzlu mətbuat orqanlarından olan "Balkanlar və
Avropa" jurnalının İlham Əliyevi "İlin
adamı" elan etməsi bu fikri bir daha təsdiq edir
İnsanın
əməlləri, fəaliyyəti, xidməti o zaman yüksək
qiymətləndirilir ki, o, öz əməyinin, xidmətinin əvəzində
mükafat və ya hansısa təmənna gözləmir.
Özü barədə qiymətləndirmə gözləməyən
adamlar həmişə cəmiyyət tərəfindən
yüksək dəyərləndiriliblər.
Heydər ƏLİYEV,
Ümummilli lider
Dünya inkişaf etdikcə, tarix
bəşər övladına yeni dərslər və ibrətlər
verdikcə, mənəvi dəyərlər xəzinəsinə
yeni tendensiyalar əlavə edilir. Həmin tendensiyalardan biri də
cəmiyyət həyatının müxtəlif sahələrində
böyük nailiyyətlər əldə etmiş
ayrı-ayrı adamların təkcə öz ölkəsində
və ya mənsub olduğu regionda deyil, planetin müxtəlif
qütblərində qiymətləndirilməsi, yüksək
təltiflərə layiq görülməsidir.
Bu,
ilk növbədə ölkələr və insanlar
haqqında çoxsaylı informasiyaların dünyanın hər
yeri üçün əlçatan olması ilə
bağlıdırsa, eyni zamanda belə bir arqument də var ki,
artıq siyasətçilərin, elm və texnika xadimlərinin
və görkəmli hərbçilərin xidməti öz
ölkəsi və ya regionu çərçivəsindən
çıxaraq ümumbəşəri əhəmiyyət kəsb
edir. Yəni ölkələr, regionlar və hətta qitələrarası
əməkdaşlığın inkişafına xüsusi
töhfələr vermiş şəxsin dünyanın
müxtəlif guşələrində yüksək adlara və
mükafatlara layiq görülməsi tamamilə təbii bir
prosesdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Buxarestdə fəaliyyət
göstərən ekspert və politoloqların ərsəyə
gətirdiyi nüfuzlu bir jurnalın keçirdiyi qiymətləndirmə
nəticəsində "2010-cu ilin adamı" elan edilməsi
də məhz həmin tendensiyanın tərkib hissəsidir.
Avropanın kütləvi informasiya vasitələri yazırlar
ki, Rumıniya paytaxtında işıq üzü görən
"Balkanlar və Avropa" jurnalının son 10 ildə
keçirdiyi illik qiymətləndirmələr nəticəsində
siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət
üzrə nominasiyalarda xüsusi xidməti olan şəxslər
mükafatlandırılır. Sonuncu
mükafatlandırmanın nəticələrinə görə
siyasət sahəsində "2010-cu ilin adamı" Azərbaycan
Prezidenti olmuşdur. Bu nüfuzlu təşkilatın
münsiflər heyətinə siyasi, iqtisadi, sosial, mədəni
sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlər
və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının,
kütləvi informasiya vasitələrinin nümayəndələri,
müstəqil ekspertlər və digər təmsilçilər
daxildir.
Münsiflər
heyətinin bu qərarını əsaslandıran jurnal rəsmiləri
bildiriblər ki, Azərbaycan Prezidentinin "2010-cu İlin
adamı" elan edilməsi üçün kifayət qədər
əsas vardır. Belə ki, Prezident İlham Əliyevin siyasi,
iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə
etdiyi uğurların özü ayrılıqda bu siyasətçinin
"ilin adamı" elan edilməsi üçün zəmin
yaradır. Ancaq bütün bunlardan əlavə Prezident
İlham Əliyevin Rumıniya xalqı və dövləti tərəfindən
daha yüksək adlara layiq görülməsi
üçün də əsaslar vardır. Belə ki, Prezident
Əliyev Rumıniya -Azərbaycan əlaqələrinin, hər
iki xalqın və geniş Xəzər və Qara dəniz
bölgələrinin tərəqqisinə göstərdiyi
xüsusi diqqətə görə dost ölkə ekspertləri
tərəfindən böyük hörmət və ehtiramla
qarşılanan siyasi xadimə çevrilmişdir. Rumın
ekspertlərinin fikrincə, İlham Əliyev regionun, eyni
zamanda gələcəkdə Qərbi Avropanın enerji problemlərinin
həllinə səbəb olacaq nəhəng iqtisadi layihələrin
müəllifi və ya iştirakçısı kimi
xüsusi xidmətlər göstərmişdir.
Azərbaycan
Prezidentinin qeyd edilən sahələrdəki xidmətlərindən
bir neçəsini yada salaq. Prezident İlham Əliyev 2010-cu
ildə regional və beynəlxalq sülhə nail olunması
üçün dünya ictimaiyyətinin atdığı
bütün addımları dəstəkləmiş, əksər
beynəlxalq təşkilatların tribunasından
çıxış edərək öz ölkəsinin
terrorçuluğa, separatizmə, narkotik
qaçaqmalçılığına qarşı mübarizəyə
dəstək verdiyini bildirmiş və bu təklifləri
öz əməlləri ilə
reallaşdırmışdır. 2010-cu ildə Prezident
İlham Əliyev iki dəfə ABŞ Prezidenti Barak Obama ilə,
üç dəfə Rusiya Federasiyasının Prezidenti
Dmitri Medvedevlə, üç dəfə Türkiyə
Prezidenti Abdullah Güllə, eləcə də Qazaxıstan,
Ukrayna, Özbəkistan prezidentləri ilə
görüşmüş, regional və beynəlxalq
sülhün bərqərar edilməsi üçün
mühüm danışıqlar aparmışdır. Dövlət
başçımız 2010-cu ildə BMT, ATƏT, NATO, MDB,
İslam Konfransı Təşkilatı, GUAM və digər
beynəlxalq təşkilatların ya tribunalarından
çıxış etmiş, ya da onların rəhbərləri
ilə müxtəlif tədbirlərdə
görüşmüşdür.
Beynəlxalq
ictimaiyyətə, o cümlədən Rumıniya siyasətçilərinə
yaxşı məlumdur ki, Azərbaycan Prezidenti Qafqaz regionunda
sabitliyin qorunub saxlanılması, hərbi əməliyyatların
yenidən başlanmaması üçün ATƏT-in Minsk
qrupunun həmsədrləri ilə birlikdə, böyük səbr
və təmkinlə danışıqları davam etdirir. Ermənistan
rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqlarda tutduğu
destruktiv mövqe dünyanın istənilən ölkəsi tərəfindən
lənətlənir. Azərbaycanın sülhsevər siyasəti
isə nəinki dövlətimizə və dövlət
başçımıza, eləcə də
bütövlükdə xalqımıza böyük hörmət
və ehtiram qazandırır. Dünya siyasətçilərinə
yaxşı məlumdur ki, gündən-günə inkişaf
edən Azərbaycan dövləti öz silahlı qüvvələrini
də inkişaf etdirib və regionun ən qüdrətli
ordusunu formalaşdırıb. Ancaq buna baxmayaraq Azərbaycan
danışıqlar prosesinə sədaqət nümayiş
etdirərək əslində ATƏT-ə, vasitəçi
ölkələrə, ümumilikdə dünya ictimaiyyətinə
öz ehtiramını göstərir. Azərbaycanın hərbi
büdcəsinin Ermənistanın icmal büdcəsindən
artıq olduğunu həm Ermənistanda, həm də
dünyanın hər yerində yaxşı bilirlər. Ancaq rəsmi
Bakı bu üstünlükdən istifadə edərək
regiondakı sabitliyin pozulması istiqamətində addım
atmır. Halbuki azğınlaşmış Ermənistan rəhbərliyi
Azərbaycanın həmin zərbələrini görməyə
layiqdir.
Beynəlxalq
ictimaiyyətə yaxşı məlumdur ki, Azərbaycanda vətəndaş
cəmiyyətinin formalaşdırılması, cəmiyyətin
daha da demokratikləşdirilməsi istiqamətində kifayət
qədər səmərəli addımlar atılır.
Noyabrın 7-də keçirilmiş parlament seçkiləri
həmin tendensiyanın davamı kimi qəbul edilirdi. Müxtəlif
beynəlxalq təşkilatların təşkil etdiyi
müşahidə missiyasının tərkibində
rumıniyalı deputat və ekspertlər də var idi. Yüzlərlə
əcnəbi müşahidəçinin yekdil qərarı
belə idi ki, Azərbaycanda parlament seçkiləri ədalətli,
şəffaf, demokratik və dünya seçki təcrübəsinə
uyğun şəkildə keçirildi. Ermənistanda isə
istənilən seçkidən sonra ya qan tökülür,
ya da çoxsaylı həbslər başlanılır. Yəni
dilənçi kimi qapı-qapı düşüb ianə
toplayan Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan
rəhbərliyi sosial-iqtisadi inkişafla bərabər siyasi mədəniyyət,
seçki mədəniyyəti, demokratiya mədəniyyəti
də formalaşdırır və inkişaf etdirir.
Dünya
ictimaiyyətinə yaxşı məlumdur ki, Azərbaycan
Prezidenti öz ölkəsinin təbii sərvətlərindən
əldə edilən vəsaitin bugünkü və gələcək
nəsillər üçün bərabər şəkildə
paylanılması üçün mükəmməl dövlət
proqramlarını təsdiq edib və həmin proqramların
icrası öz müsbət nəticələrini çoxdan
verir. Təkcə təhsil sahəsinə aid 16 Dövlət
Proqramı təsdiq olunub və bu proqramların hamısı
neft sektorundan əldə edilən vəsait hesabına icra
olunur. Avropalı ekspertlər İlham Əliyevin həmin
addımlarının sırf iqtisadi xarakterli
olmadığını, siyasi-iqtisadi məzmunlu olduğunu
dönə-dönə qeyd ediblər. Bütün bununla
yanaşı, dövlət başçımızın Xəzərin
Azərbaycan sektorundan hasil edilən neft və qazın
dünya bazarına çıxarılması
üçün həyata keçirdiyi şaxələndirmə
siyasəti də beynəlxalq ictimaiyyət tərəfindən
maraqla və rəğbətlə qarşılanır.
Çünki Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində xüsusi rol oynayan ölkələrdən
birinə çevrilib. Məhz rəsmi Bakının təşəbbüsü
ilə bu günlərdə Azərbaycan paytaxtında
reallaşdırılan Xəzəryanı ölkələrin
dövlət başçılarının
üçüncü sammiti çərçivəsində əldə
edilən razılaşmalar Azərbaycanla bərabər
Qazaxıstan və Türkmənistanın da enerji
daşıyıcılarının dünya bazarına
çıxarılmasını asanlaşdıracaq.
Bütün bunlar dünya ictimaiyyətinin gözü
qarşısındadır və beynəlxalq ekspertlər, son
məqamda isə rumıniyalı mütəxəssislər
Prezident İlham Əliyevi "İlin adamı" elan edərkən
məhz həmin məqamları əsas götürürlər.
Dövlət
başçımıza "İlin adamı"
mükafatını verən qurumun ekspertləri əsaslandırırlar
ki, İlham Əliyev eyni zamanda mədəni və humanitar sahədə
dünya miqyaslı xidmətləri ilə seçilir. Bu, həqiqətdir.
Son 10 ildə elə bir il olmur ki, Azərbaycanda hansısa
ölkənin mədəniyyət günləri keçirilməsin
və ya, hansısa ölkədə Azərbaycan mədəniyyət
günləri təşkil edilməsin. Xalqlar, ölkələr
və dövlətlər arasında əməkdaşlığın
genişləndirilməsi üçün bu qəbildən
olan tədbirlərin təşkil edilməsi daim ulu öndər
Heydər Əliyevin də diqqət mərkəzində idi. Bu
gün Azərbaycan dövlətinin əldə etdiyi
çoxsaylı nailiyyətlər də məhz Heydər Əliyev
siyasi kursunun davam etdirilməsinin nəticəsidir.
"Balkanlar və Avropa" jurnalı Prezident İlham Əliyevi
"İlin adamı: 2010" mükafatına layiq görərkən
məhz sadaladığımız bu prinsipləri əsas
götürmüşdür.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 1.