Yeni kitab
Azərbaycanın
su təsərrüfatı haqqında dəyərli
kitab
Azərbaycan xalqının su həyatı,
su təsərrüfatı müxtəlif elmlərin, o
cümlədən, tarixin, arxeologiyanın, etnoqrafiyanın tədqiqat
obyektidir. Bununla yanaşı, müasir dövrdə ölkəmizin
su təsərrüfatını layihələşdirən, gələcək
perspektivləri müəyyənləşdirən elmi-tədqiqat
institutlarının apardığı araşdırmalar, tədqiqatlar,
mütəxəssislərin yazdıqları kitablar da
xüsusi maraq doğurur. Məhz Azərbaycanın su təsərrüfatının
qurulması, layihələndirilməsi, inkişaf istiqamətlərinin
seçilməsi müasir Azərbaycan etnoqrafiyasının
inkişafına da təsir göstərir. Xatırladaq ki, Mingəçevir
SES və oxşar layihələrin (su kanallarının,
hidrotexniki qurğuların tikilməsi, su boru kəmərlərinin
çəkilməsi və s.) Azərbaycan arxeologiya və
etnoqrafiya elminin inkişafında mühüm rol
oynamışdır. Su təsərrüfatı ilə
bağlı yeni layihələrin həyata keçirilməsi
hər dəfə bu elmlər üçün maraqlı olan
materialların üzə çıxmasına imkan verir.
Müasir
dövrdə Azərbaycan dövlətində su təsərrüfatının
yenidən qurulması, nəhəng layihələrin həyata
keçirilməsi üçün sistemli, məqsədyönlü
işlər görülür. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında ölkəmizin gündən-günə güclənən
iqtisadiyyatının potensialı, xeyli vəsait milli maraqlarımız,
o cümlədən, kənd təsərrüfatı,
insanlarımızın sağlamlığı və s.
baxımından mühüm əhəmiyyət daşıyan
su layihələrinin həyata keçirilməsinə yönəldilir,
gələcəyimizin təməli daha möhkəm əsaslar
üzərində qurulur. Bu ilin yay aylarında Kür və
Araz çaylarında baş verən görünməmiş
təbii fəlakətin qarşısının
alınması üçün Azərbaycan dövlətinin təxirəsalınmaz
tədbirləri, selin ram edilməsi, vətəndaşlarımızın
xilas olunması əməliyyatlarını Prezident İlham Əliyevin
şəxsən nəzarətdə saxlaması böyük
bir həssaslığın, diqqətin nümunəsi idi. Azərbaycan
Respublikası Prezidentinin baş verən təbii fəlakətin
qarşısının alınması, zərərçəkmiş
insanlarımızın ehtiyaclarının ödənməsi,
su altında qalmış yaşayış məskənlərinin
yenidən salınması, yeni evlərin tikilməsi
üçün milyonlarla manat ayrılması barədə sərəncam
imzalaması Azərbaycan dövlətinin iqtisadi qüdrəti
ilə yanaşı, cənab İlham Əliyevin vətəndaşlarımıza
yüksək qayğısının nəticəsidir. Onu da
bildirək ki, oxşar sel fəlakətləri ilə üzləşmiş
ölkələrlə müqayisədə Azərbaycan dövlət
və hökumət qurumlarının göstərdiyi fədakarlıq,
fəlakətin qarşısının alınması
üçün bütün operativ, genişmiqyaslı
addımların atılması, dəymiş ziyanın aradan
qaldırılması, insanlarımızın dövlətimizlə
həmrəyliyini ifadə etməsi cəmiyyətimizdə
böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan
Respublikası Prezidentinin göstəriş və
tapşırıqlarına əsasən, ölkənin,
insanlarımızın təbii fəalakətlə üzləşməsinin
qarşısının əvvəlcədən
alınması, ölkənin su təsərrüfatı
sisteminin daha da təkmilləşdirilməsi üçün
müxtəlif qurumlar müvafiq işlər görürlər.
Qloballaşan
dünyada su təsərrüfatı ilə yanaşı, bu təsərrüfatın
inkişafının tədqiqi gələcək perspektivlərin
müəyyənləşdirilməsi baxımından
mühüm əhəmiyyət daşıyır. Əgər
XXI əsrdə su ehtiyatlarının rolunun
artacağını, su təsərrüfatının hər
bir xalqın, o cümlədən Azərbaycan xalqının
etnoqrafiyasına təsirini nəzərə alsaq,
sözügedən tədqiqatlara diqqətlə
yanaşmağa ehtiyac duyulur. Bu baxımdan texnika elmləri
namizədi Elbrus Paşayev və texnika elmləri namizədi Fərzəli
Həsənovun birgə müəllifləri olduğu
"Azdövsutəslayihə" İnstitutunun tarixi və
inkişaf yolu" adlı kitab xüsusi maraq doğurur. Kitabda
1850-ci ildən bu günümüzədək Azərbaycanın
su təsərrüfatının inkişafı izlənilir.
Kitab Azərbaycanın su təsərrüfatı 1850-1930-cu
illər, "Azdövsutəslayihə" İnstitutunun
1930-1950-ci illər, 1950-1970-ci illər, 1970-1991-ci illərdə
və müstəqillik dövründəki fəaliyyəti
barədə xronoloji ardıcıllıqla oxuculara ətraflı
məlumat verir.
Müəlliflər "Giriş"də belə əsaslandırırlar ki, antropogen təsirlərin nəticəsində su ehtiyatlarının getdikcə azaldığı bir dövrdə, qloballaşan dünyada Azərbaycanın su ehtiyatlarının qorunması və ondan səmərəli istifadə edilməsi böyük əhəmiyyət daşıyır. Müəlliflər xüsusi vurğulayırlar ki, mövcud əkin sahələrini suvarmaq məqsədiylə hər il 8-10 kub kilometr həcmində su tələb olunduğundan şirin su ehtiyatlarımızı qorumaq, səmərəli istifadə etmək ölkəmizin qarşısında duran mühüm məsələlərdən biridir.
Qeyd edək ki, xalqımızın uzun illər boyu gərgin əməyi sayəsində yaratdığı su təsərrüfatı kompleksinin istifadəsi və idarəsini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Bütün meliorasiya və su təsərrüfatı tikintilərinin layihə sənədlərini isə Su Təsərrüfatı Obyeklərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunda hazırlanir.
Kitabda su təsərrüfatı ilə yanaşı, tarixi-etnoqrafik məlumatlar maraq doğurur. Əkinçiliyin inkişafında suvarmanın əhəmiyyətini izah edən, tarixlə müasirliyi məhz su təsərrüfatı ilə bağlı məlumatlarda, faktlarda axtarıb-tapan müəlliflər Kür-Araz düzənliyinin tarixən xalqımızın həyatında oynadığı rolu üzə çıxarırlar. Onlar Muğan, Mil və Qarabağ düzənliklərində, Naxçıvanda e.ə. II minilliyin sonları, I minilliyin əvvəllərində süni suvarmadan istifadə olunduğunu bildirirlər. Kitabda Mil düzündə V əsrdə tikilmiş Govurarx kanalı, VI-VII əsrlərə aid Daşçayarx, Xanarx, Yeyin Govurarx haqqında maraqlı tarixi faktlar verilir. Eyni zamanda, tarixən Azərbaycanda su təsərrüfatının vəziyyətiylə bağlı yerli və xarici, xüsusən rus müəlliflərinin əsərlərinə müraciət olunur, ötən əsrlərdəki vəziyyətlə bağlı tam təsəvvür yaradılmağa çalışılır. Burada etnoqrafik baxımdan da maraq doğuracaq kifayət qədər məlumatlar əksini tapır. Məsələn, Kür-Araz sahilləri boyu "quru arx"ların, süni çalaların geniş yayılması, qoşqu heyvanlarından istifadə etməklə və ya suyun axma sürətilə hərəkətə gətirilən su çarxları və təkərlərdən istifadə olunması və s. məsələlər haqqında məlumatlar diqqəti cəlb edir. Kitabda 1813-cü ildə Çar Rusiyası hökumətinin yer quruluşu və əkinçilik idarəsinin nümayəndəsinin Muğana gəlməsi, hökumətin su təsərrüfatının qurulmasına göstərdiyi marağın pambıqçılığın inkişafı ilə bağlı olması, 1860-cı ildə Bakı-Poti dəmir yolunun çəkilməsinə dəvət olunmuş ingilis mühəndisləri Belli və Qabbanın Qafqazda suvarma sistemlərinin vəziyyətini öyrənməsi, yeni əkin sahələrini suvarmaq üçün kanalların layihələndirməsi işini aparması və s. əksini tapır. Burada XIX əsrin sonlarından başlayaraq, dünya bazarında pambığa marağın artıb-azalmasına təsir göstərən proseslər, Rusiyada tətbiq olunan gömrük haqqının artması və s. pambığın fabrik istehsalına marağın artmasının suvarma sistemlərinin inkişafı ilə bağlılığı üzə çıxarılır. Müəlliflər çarizmin pambıq istehsalını artırmaq üçün rusların Azərbaycan ərazisinə köçürülməsi ilə yeni salınan yaşayış məskənləri barədə diqqəti cəlb edən tədqiqat aparıblar. Bu araşdırmadan belə bir nəticəyə gəlmək olar ki, Mil-Muğan düzündə əksər yaşayış məskənlərinin salınması su təsərrüfatının inkişafı ilə sıx bağlıdır. Kitabda 1896-cı ildə Araz çayında daşqının baş verməsi, Muğan düzünü su altında qoyaraq Xəzər dənizinə tökülməsi, Muğan düzündə Ağçala, Mahmudçala göllərini, "Yeni Araz" adlanan məcra yaratması, sonrakı mərhələdə Sarıcalar kanalı, Molday kanalı, Minbaşı kanalı, Qolitsin (Sabir) kanalı, Qobu (qədim Gurgur) kanalı, Aşağı Qolitsin kanalının tikilməsi və s. əksini tapır. Təxminən 100 il əvvələ aid çoxlu fotoşəkillər isə oxucuda həmin dövrdə görülən işlər barədə aydın təsəvvür yaratmağa imkan verir. Bu illüstrativ materiallar müəlliflərin xidmətidir, belə fotoşəkillər tarixçilər, etnoqraflar, arxeoloqlar üçün vacib sənədlərdir.
Kitabda sovet hakimiyyəti illərində görülən işlər də əksini tapır, "Muğanmeltikinti" İdarəsi Azərbaycan Su Təsərrüfatı Baş İdarəsi, Zaqafqaziya Su Təsərrüfatı Layihə-Axtarış Tresti kimi qurumların yaradılməsı, su təsərrüfatının təsisatlanması izlənilir.
"Azdövsutəslayihə" İnstitutunun 1950-1970-ci illərdəki fəaliyyətinin tədqiqi də maraq doğurur. Bu illərdə də qurumun yenidən təşkilatlanması prosesi baş vermişdir. 1951-ci ildə qurumun Kür-Araz düzənliyində apardığı meliorasiya layihə işlərindən əlavə, kəndlərdə və rayon mərkəzlərində elektrikləşmə üçün tələb olunan layihə-axtarış işlərinin hazırlanmasına başlanılıb. Bu bölmədə Mingəçevir su anbarının yaradılmasının tarixi, müxtəlif göstəriciləri, SES-in fəaliyyəti, Bəhrəmtəpə hidroqovşağı, Yuxarı Şirvan kanalı, Baş Şirvan kollektoru, Yuxarı Qarabağ kanalı, Mil-Qarabağ kollektoru, Samur-Abşeron kanalı, Abşeron kanalı barəsində oxucuların marağına səbəb olacaq məlumatlar əksini tapır.
"Azdövsutəslayihə" İnstitutunun 1970-1991-ci il fəaliyyət dövrünü araşdıran müəlliflər qeyd edirlər ki, 1970-1982-ci illərdə meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı bu institutda yerinə yetirilən layihə axtarış işlərinin sayının və həcmlərinin artmasına səbəb olub. Ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanın meliorasiya və su təsərrüfatı sahəsinə ayrılmış vəsait sovet hakimiyyətinin 50 ili ərzində bu sahəyə qoyulmış ümumi vəsaitdən 2 dəfə çox olmuşdur. Ulu öndərin hakimiyyəti illərində xüsusi diqqət və qayğısı nəticəsində kənd təsərrüfatı məhsullanın istehsalını artırmaq, aqrar sahədə yüksək nailiyyətlər əldə etmək üçün kompleks meliorasiya tədbirləri həyata keçirilmişdir. Milli kadrların hazırlanması istiqamətində aparılan uğurlu siyasət bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də öz bəhrəsini verib. Kitabın bu bölməsində ümummilli lider Heydər Əliyevin 1982-ci ildə Aşağı Köndələnçay su anbarının, 1976-cı il Yuxarı Xanbulançay su anbarının, 1976-cı il Sərsəng su anbarının açılışlarında, Bəşəriçay hidrotexniki qurğusunun işə düşməsi ilə bağlı mərasimlərdə şəxsən iştirak etməsini fotoşəkillərlə bir daha nümayiş olunub.
İnstitutun tarixini araşdırarkən məlum olub ki, 1970-ci ilə kimi respublika ərazisində tikilmiş irihəcmli meliorasiya və su təsərrüfatı obyektlərinin layihə sənədləri digər millətlərdən olan mütəxəssislərin rəhbərliyi altında işlənilmişdir. Yeni, böyük vəsait qoyuluşu tələb edən layihələrin baş mühəndisləri başqa millətlərin nümayəndələri olmuşlar. 1980-ci ildən sonra respublikamızda tikilmiş və tikilməkdə olan meliorasiya və su təsərrüfatları obyektlərində layihə müəllifləri əsasən, Heydər Əliyev məktəbindən bəhrələnmiş milli kadrlar olmuşlar. Bu bölmədə institutun layihə-axtarış işini həyata keçirən 6 istehsalat şöbəsinin fəaliyyəti, azərbaycanlı mütəxəssislərin xaricdə işləməsi, əksini tapır, eyni zamanda qurumun həmin illərdəki həyatı fotoşəkillərlə də canlandılırmağa çalışılır. Bu institut torpağın şoranlaşmasının qarşısını almaq üçün də fəaliyyət göstərmiş, müvafiq layihələr hazırlanmışdır.
Kitabın bu bölməsində ümumilli liderimizin uzaqgörənliyi bir daha təsdiqini tapır. Məhz ötən əsrin 70-ci illərində ölkəmizdə su təsərrüfatı sistemi müasir tələblərə uyğun formalaşdırılmağa başlanmışdır, həmin illərdə qurulan yeni su təsərrüfatı obyektləri, eyni zamanda, əvvəlkilərin yenidən qurulması nəticəsində bu kompleks təxminən 40 il sonranın, indiki dövrün reallıqlarına da uyğundur. O illərdə görülən işlər, yaradılmış su təsərrüfatı sistemi indii həmin özülün üzərində yenilərinin yaradılmasına, qurulmasına imkan verir.
Kitabın ən maraqlı və zəngin hissələrindən biri "Azdövsutəslayihə" İnstitutnun Azərbaycan Respublikasının müstəqillyi dövründə fəaliyyəti əksini tapır. Burada 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində yaşanan olaylara, probemlərə, təlatümlərə diqqəti çəkən müəlliflər həmin hadisələrin institutun həyatına, mütəxəssislərin fəaliyyətinə mənfi təsiri qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı ilə ölkədə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafında yeni mərhələyə qədəm qoyub. Ulu öndərin göstərişi ilə ölkəmizə qoyulan invesitisiyalar ilk növbədə Kür-Araz düzənliyində şorlaşmış torpaqların təmizlənməsini nəzərdə tutan Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə, Bakı və Sumqayıt şəhərlərini və Abşeron yarımadasını su ilə təmin edən Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, Vayxır su anbarının tikintisinin başa çatdırılmasına yönəldilib.
Ötən əsrin sonlarında Azərbaycanın ümumilli lideri Heydər Əliyev təkcə ölkə miqyasında deyil, eyni zamanda, bütövlükdə bölgəyə, dünyaya örnək ola biləcək nəhəng bir proses başladı. Ulu öndərin həyata keçirdiyi torpaq islahatı təkcə iqtisadi islahat deyildi. Bu islahat milyonlarla iş yerinin yaradılması ilə yanaşı, həm də etnoqrafik baxımdan, tarixi yaddaşın bərpası yönündən mühüm əhəmiyyət daşıyırdı. Torpaq islahatı su təsərrüfatına yeni yanaşmanı tələb edirdi. Elə həmin illərdə müvafiq qanunvericilik bazası yaradıldı, su təsərrüfatının yeni iqtisadi reallıqlar əsasında idarəçilik prinsipləri formalaşdırıldı.
Ulu öndərin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğını, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Fərəhli haldır ki, ümummilli liderimiz Heydər Əliyevin 1970-1982-ci illərdə və müstəqilliyimizin ilk illərində təməlini qoyduğu meliorasiya və su təsərrüfatı layihələri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla başa çatdırılır, yeni layihələrlə zənginləşdirilir. Dövlət başçısı İlham Əliyev 2004-cü ildə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Xanarx kanalının tikintisi ilə tanış olmuş, 2005-ci ilin dekabr ayında isə Heydər Əliyev adına Vayxır su anbarının istifadəyə verilməsi münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmişdir.
Kitabın müəllifləri meliorasiya və su təsərrüfatı layihələrinin Azərbaycan Respublikasının "Ərzaq təhlükəsizliyi Dövlət Proqramı"nın həyata keçirilməsində rolunu xüsusi vurğulayırlar. Prezident İlham Əliyevin 1 sentyabr 2005-ci ildə respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı və 29 aprel 2008-ci ildə ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair keçirdiyi müşavirələrdəki çıxışları, göstəriş və tapşırıqları son illərdə bu sahənin geniş inkişafına təkan verib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər)" daxil edilmiş, dövlətin və müxtəlif kredit təşkilatlarının ayırdığı vəsait hesabına 2006-cı ildə Baş Mil-Muğan kollektorunda, Vayxır su anbarında yarımçıq qalmış tikinti işləri, Samur Baş suqəbuledici qurğusunun bərpası, Baş su durulducusunun tikintisi, 187 kilometr uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması, Xanarx kanalının tikintisi, Samur-Abşeron kanalının 50 kilometrlik hissəsinin bərpası başa çatdırılıb. "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi" çərçivəsində lTaxtakörpü su anbarının SES-lə birlikdə layihələndirilməsi və tikintisi","Taxtakörpü- Ceyranbatan kanalının layihələndirilməsi və tikintisi" üzrə işlərin həyata keçirilməsinə 2006-cı ildən başlayaraq Dövlət Neft Fondundan vəsait ayrılıb. Bu layihələrin işlənib hazırlanmasında "Azdövsutəslayihə" İnstitutu yaxından fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə 2009-cu ilin may ayında təməli qoyulan Şəmkirçay su anbarının layihə sənədlərini Türkiyənin "Təməlsu" şirkəti və "Azdövsutəslayihə" İnstitutunun əməkdaşları birgə işləyib hazırlayıblar.
Göründüyü kimi, kitab təkcə su təsərrüfatı üzrə mütəxəssislərin deyil, eləcə də etnoqrafların, tarixçilərin və geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.
Teymur BÜNYADOV,
akademik,
Bəhmən ƏLİYEV,
tarix elmləri namizədi
Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 5.