Əlibala Hacızadə əsl xalq yazarı idi
Əlibala Hacızadə
ilə 30 il əvvəl tanış olmuşdum. Onun əsərlərini
xüsusi sevgi və acgözlüklə
oxuyurdum. "Əfsanəsiz
illər" kitabını
azından beş dəfə oxumuşdum. Mən BDU-da imtahan verən illəri - 1984-cü ildə
onun oğlu Qüdrət də həmin universitetə qəbul olmuşdu. Bu səbəbdən Əlibala
müəllimlə tez-tez
görüşlərimiz olduğu
üçün onda olan ilahi təbəssüm,
baldan da şirin olan sözlərindən doymaq
olmurdu. Bir gün dedim ki, Əlibala müəllim, əsərlərinizdə
çoxsaylı şerlər
verilib, niyə bu şerlərin kimin olduğunu yazmırsınız? Qayıtdı
ki, "o şerlərin
müəllifi də özüməm. Sadəcə
olaraq sinəmdə olan söz məbədgahını
publisistikayla çatdırıram.
Respublikamızda yüzlərlə
şair varsa, roman, povest, hekayə yazanların sayı barmaqla sayılası qədərdir".
Bizim söhbətlərimiz
bəzən çox uzanırdı. Əslində
elə hesab edirdim ki, Əlibala
müəllim mənə
dərs keçir. Onda olan sadəliyə,
danışığına, həmsöhbətini anlamaq
həssaslığına heyran
qalmışdım. Yüz
minlərlə oxucusu olan bu yazıçının
söz xəzinəsi
günbəgün aşıb-daşırdı.
Bir gün mənə zəng edib dedi ki,
səni bir neçə alim və akademiklə tanış etmək istəyirəm. Bu görüşə
telli sazımla gəlməyimi istədi. Məmnuniyyətlə onun
təyin etdiyi görüş yerinə getdim. İki "Volqa"da əyləşmiş
alimlərlə tanış
oldum. Mərhum şərqşunas alim Rüstəm Əliyev mənimlə doğma ata-bala kimi qucaqlaşıb
görüşdü. Sonra
qayıtdı ki,
"ay Əlibala, mən
bu aşıq Məhərrəmin səs
yazılarını Təbrizdə,
Tehranda dinləmişəm.
Sən nə yaxşı iş görüb onu məclisimizə çağırmısan".
Burada ilk dəfə
Xudu Məmmədovla, Mürsəl Həkimovla və digərləri ilə də görüşüb Mərdəkanda
bir bağ evinə getdik. Döğrudan da o gün yaddaşlardan silinməz bir günə çevrildi. Rüstəm müəllim
məndən xahiş
etdi ki, M.H.Şəhriyardan bilirəmsə
oxuyum. "Əlbəttə,
bilirəm", deyib onun bir neçə
şeirini oxudum. Ovqatı xoş olan Rüstəm müəllim dedi ki, "Şəhriyar babamızın şərəfinə
"Şəhriyar" adlı
bir qəzet təsis etmək fikrindəyəm. Bu, həm
Arazın o tayı ilə, həm də bu tayı
ilə körpü rolunu oynamalıdır".
Elə oradaca Əlibala müəllimdən
xahiş etdi ki, "bu qəzetin
əsl idarəedicisi və məsul nümayəndəsi sənsən".
Bu söhbətdən
bir qədər vaxt keçmişdi ki, nəşriyyatda Rüstəm müəllimlə
və Əlibala müəllimlə üzbəüz
gəldik. Məni öz otaqlarına aparıb tapşırıq
verdilər ki, "folklor və aşıqlar haqqında materialları hazırlayıb
qəzetdə mütəmadi
olaraq çıxış
eləməlisən".
Mən tanınmış
aşıqlar haqqında
böyük yazılar
hazırlayıb qəzetdə
çıxış etməyə
başladım. Bir həqiqəti bildirim ki, nəşr etdirdiyim "Tovuz aşıqları" kitabımdakı
yazıların əksətiyyəti
"Şəhriyar" qəzetində
nəşr olunanlardır.
Qəzetin baş redaktoru, professor Rüstəm
Əliyev dünyasını
dəyişəndən sonra
Əlibala müəllim
mənə dedi ki, "Rüstəm müəllimin parlaq xatirəsinə ehtiram olaraq onun haqqında
xüsusi buraxılış
hazırlayırıq. Sən
də bir şey yaz gətir".
Doğrusu, Rüstəm
müəllimin vaxtsız
vəfatına görə
hamı kimi mən də kədər içindəydim. Odur ki, qəlbimin ağrılarını bu
şeirdə bildirdim.
Getdi
Göynətdi qəlbimi
bu qara xəbər,
Dedilər, ağıllı,
kamallı getdi.
Əvəzsiz bir alim, ləl, cəvahir, zər,
Dili şəkər
təki bir ballı getdi.
Çatılıb qaşlarım,
açılmır eynim,
Dağılır xiffətdən
dumanlı beynim,
ümidim, varlığım,
məssəbim, dinim,
Şəhriyar babamın
hilalı getdi.
Fələk, necə
qıydın bir belə cana?
Dərd qoydun sinəmə sən yana-yana,
Böyük fəlakətdi
Azərbaycana,
Min arzu həsrətli, amallı getdi.
Elə vurulmuşdu
söz sənətinə,
Ürək nəvasına,
saz sənətinə,
Məni vurğun
etdi öz sənətinə,
Alimdə alimlik camalı getdi.
Hər zaman dahiyə dahi tək baxdı,
Günəş tək bərq vurdu, şimşək tək çaxdı,
Ürəkdən-ürəyə Araz tək axdı,
İnsanın paklığı,
halalı getdi.
Neçə dil bilsə də, sevdi dilini,
Qorudu Məhəmməd-İslam
dinini.
Dünyaya göstərdi
xoş əməlini,
Elmdə çox
varlı, calallı getdi.
Üzün qara olsun, a qara torpaq,
Aşıq Məhərrəmə
çəkdirirsən ah,
Varını verirdi o
Hatəm sayaq,
Cənnəti-əlalıq olalı
getdi.
Qəzetdə bu şeir dərc edilməmişdən əvvəl
ən dəyərli şeirlərin biri kimi yüksək pul mükafatına layiq görülüb. Əlibala müəllim həmin pulu mənə verən zaman götürməyib qəzetin xərclərinə
ödənilməsini xahiş
etdim. Əlibala müəllim hər vaxt mənim gözütoxluğumdan, təmənnasızlığımdan
da qələm yoldaşlarına danışardı.
Əlbəttə, mən
onlarla yubiley, kitab təqdimatı, konsert və görüşlərdə birgə
iştirak edirdim. Bir dəfə mənə dedi ki, "bir şerim
var, ona cavab yaz". Mən həmin şeiri ondan alıb elə oradaca cavab yazdım.
Sonra özünə oxudum. Yaman xoşuna
gəlmişdi.
Əlibala Hacızadə
Kimə deyim bu torpağın dərdini?
Satqını var, xaini var, mərdi
var!
Qul ediblər
çox insanın mərdini,
Bu işlərin
tezliyi var, gərdi var.
Aşıq Məhərrəm Hüseynli
Bu torpağın,
bu millətin, bu xalqın
Koroğlusu ər oğuldu, ərdi var.
Türk öz mərdliyilə yaranıb
çılğın,
Babəki, Nəbisi,
bəlli mərdi var.
Əlibala Hacızadə
Çağırıram, tanrım,
səni imdada!
Uzaq olsun bu millətdən qan-qada!
Mənim gücüm
bircə çatır
fəryada,
Niyə kardı,
Allah, bu dər-bu divar?!
Aşıq Məhərrəm Hüseynli
Tanrı döymü
bizi salıb fəryada,
Boğdurur göz yaşı olan dəryada,
Vətənimdə vətənsizəm,
hər yada,
Ürəyimin dünya
boyda dərdi var.
Əlibala Hacızadə
Yalan iftiralar
baş alıb gedir,
Vətəndaş vətəndən
boşalıb gedir,
Əlibala, gözünü
yaş alıb, gedir,
Hicran ayaq açıb, kefin gərdi var.
Aşıq Məhərrəm Hüseynli
Çoxunun əlində
olmuşuq alət,
Qəddara, yaltağa
aldanar millət.
Məhərrəm, çəksən
də zalımdan zillət,
Vətənin sevgisi səndə fərdi var.
...Bir tədbirdə qayıtdı
ki, "mən bu aşıqla deyişmişəm, hayıf
ki, şeirlər yadımda deyil, yoxsa onunla deyişərdim".
Mən həmin bu deyişməni çalıb oxudum. Sonra o, mənə təşəkkürünü bildirib dedi: "Aşıq, oğul ona deyirəm ki, təkcə kitablarda deyil, aşıqların dilində
məşhuri-cahan ola.
Əsl çap buna deyərlər, sazla sözün vəhdəti özünü
təsdiqləyir".
Son dəfə
onunla 48 il ömür sürmüş
sevimli xanımını
itirəndən sonra görüşdüm. Bir
qədər ona təsginlik verdimsə də, başını bulayıb dedi: "Məhərrəm, elə
bilirdim ki, 75-i, 80-ni başa vuracam. Evimizin xanımını itirən andan yaşamaq ümidini də itirdim. Bircə şeyə gümanım gəlir ki, oxucularım, sizin kimi dostlarım
məni unutmayacaq".
Bir neçə
gündən sonra onun cismani yoxluğu
məni də sarsıtdı. Əziz dostumun qədir-qiyməti xalq tərəfindən uca tutulur. Cəsarətlə
deyərdim ki, əsl xalq yazıçısı
Əlibala Hacızadədir.
Onun ən böyük adı xalqın mənəbbətidir.
Eşq olsun ürəklərdə yaşayan,
ruhu bizimlə olan belə xalq yazıçısına.
Məhərrəm HüSEYNLİ
Təzadlar.- 2010.- 30 noyabr.- S.15.