Aşıq Əzimin mənzərəsi

 

Hər dəfə telefonumda Həmid Ormanlının adını görəndə, nədənsə, xoşhal oluram. Cavan olmasına baxmayaraq, ədəb-ərkanı, yerişi-duruşu, sal-salğarı, qəzet səhifələrində tez-tez rast gəldiyim duzlu-məzəli yazıları ilə mənə çox doğmalaşıb Həmid Ormanlı. Zəng vuran da o idi:

- Məmməd əmi, səninlə görüşmək istəyirik, bizə vaxt ayıra bilərsənmi?

- Sənin qulluğunda həmişə hazıram, - deyə evimə dəvət etdim.

Yanında gələn qonaq çox gülərüz, mehriban bir gənc idi. Tanış olduq. Teymur adlı bu ədəb-ərkanlı gənc Zaqatala rayonunun Yengiyan kəndindən idi. Gəlişlərinin məqsədi isə Teymur bəyin babası, mərhum aşıq Əzim Yengiyanlının nəşrə hazırladıqları kitabının üz qabığına Əzim babanın portretini  işlətməyi mənə həvalə etmək istəkləri idi. Böyük məmnuniyyətlə razı olub, qısa zaman kəsiyində portreti işlədim. çox keçmədi ki, kitab işıq üzü gördü. öpüb alnıma qoyduğum bu kitabın üz qabığından baxıb gülümsəyən Əzim baba sanki mənə nəsə söyləyir, nəsə pıçıldayırdı. Bu pıçıltılar ürfani, pirani bir ozan babanın nəvələrinə, bu kitabı ərsəyə gətirənlərə və mənə xeyir-duasıydı sanki...

Kitabın təqdimat mərasiminə bizlər də - Rəfail İncəyurd, H.Ormanlı, Aşıq Şəhriyar və bir neçə dostlar dəvət olunmuşduq. Səhər tezdən qatar Zaqatalaya çatdı və bizi təmtəraqla qarşıladılar. Gözüm uçunurdu gördüyü gözəlliklərə. Bahar ağzı əsən nəmli meh gül-çiçək qoxuyur, quşlar səs-səsə verib cəh-cəhlə oxuşurdular. Qurşaq kimi uca dağların belinə sarınmış çən zolağı təzəcə çıxan Günəşin əlvan şüaları altında gah qızılı, gah da gümüş kəmərə oxşayırdı...

Maşınlar bizi bağlı-bağatlı, güllü-çiçəkli, hər ağacında az qala yarpaqlarının sayı qədər quşları oxuşan Yengiyan kəndinə gətirdi.

Goru nurla dolmuş Əzim babanın böyük nəvəsi Marif bəy qonaqları kənd mədəniyyət sarayında qarşıladı. Doğrusu, heç inana bilmirdim gördüklərimə. Ucqar bir rayonda, mərkəzdən xeyli aralı bir kənddə belə gözəl, yaraşıqlı bir mədəniyyət sarayını təsəvvür belə etməzdim. Tədbir böyük həvəs və sevgiylə təşkil olunmuşdu. Elinin, obasının çox hörmətli ağsaqqalı olmuş bu ozan dədənin yenicə işıq üzü görmüş mübarək kitabının təqdimatı məni heyran etmişdi. Rayon icra aparatından, ətraf kəndlərdən gəlmiş qonaqların, ziyalıların, aşıqların, böyük ustalıqla hazırlaşmış məktəblilərin çıxışları, bir sözlə, böyük zövqlə təqdim olunan o möhtəşəm gün heç vaxt yadımdan çıxmayacaq.

Kim imiş şəninə bu qədər sevgilərlə baş endirilən, doğulduğu elinin, obasının bu qədər hörmət rəğbətini qazanmış Əzim baba?

Həşimov Abduləzim Şaban oğlu 1907-ci ildə Zaqatalanın Yengiyan kəndində anadan olub. Uşaq yaşlarından saza, sözə maraq göstərən sənətkar dövrünün tanınmış aşığına çevrilmişdir. 1941-1945-ci illərdə könüllü olaraq Böyük Vətən müharibəsinin iştirakçısı olmuş sənətkar, Əzim təxəllüsü ilə şeirlər (gəraylı, qoşma, divani, təcnis, qıfılbənd, ustadnamə, deyişmələr və s.) yazmış, məclislər aparmış və el arasında öz rəğbətini qazanmışdır. O, 1980-ci ildə dünyasını dəyişmişdir.

Bu qısaca təsvir, balaca etüd aşıq Əzimin ümumi avtobioqrafiyasıdır. özü isə... Açığını deyim, onun mübarək kitabını varaqladıqca məni heyrətqarışıq bir maraq hissi bürüyür ki, elə bir mühitdə belə bir pir ustadın yetişməsi möcüzə deyilmi? sonra öz-özlüyümdə izahatını belə anladım ki, "Bulaq eşqi olan su, daşı dəlib çıxacaq" (M.Dəmirçoğlu). Əzim baba türk dünyasının hansı bucağında olsaydı da elə bu şeirləri yazacaqdı. çünki Tanrısı onu bu dünyaya sinəsi sazlı, dili avazlı ozan kimi göndərmişdi. Yoxsa, o, bu sözləri deyə bilərdimi?: "Aşıqsansa söz deməyə haqlısan".

Kitabının adını daşıyan bu balaca misra onun söz deməyə nə qədər haqlı olduğunu sübut edir. Əzim baba haqda o eldə, o elatda uşaqdan böyüyə, cavandan qocaya hamı eşqlə danışır, onun necə mehriban, gülərüz, hazırcavab olmasından bəhs edir. Demək olar ki, bizim incəliləri xatırladan bu xoş amallı yengiyanlıların hamısı aşıq Əzimdən şeirlər söyləyir, saz çalıb oxuyurlar. bunu da qeyd edim ki, təqdimatdan sonra qurulmuş saz-söz məclisində yengiyanlı şairlərlə incəli şairləri (R.İncəyurd və mən) arasında deyişmələr başlandı. Gecə yarıya qədər uzanan saz-söz məclisində inanılması çətin olsa da, yengiyanlılar incəliləri bağladılar.

Bu xoş, maraqlı günlər xoş xatirələrə çevrilib və hər zaman xatırlayaraq Əzim babaya rəhmət diləyir, onun yetirmələrinə, xüsusilə layiqli nəvələri olan Maarif bəyə, Teymur qardaşımıza uzun ömürlər diləyib, bu gün babasının ənənəsini davam etdirib, onun sazını sinəsində şəstlə tutub, bu ulu ozan yolunun davamçısı, aşıq Əzimin nəticəsi balaca Rəşad Əzimə uğurlar diləyirəm. Onu da qeyd edim ki, Rəşad balamıza Əzim təxəllüsünü yaraşdırmaq qisməti də bəndənizə nəsib oldu.

İndi sizə təqdim edəcəyim şeirlərdən özünüz də görəcəksiniz ki, gözdən, könüldən uzaq bir eldə, obada, mükəmməl bir təhsili olmadan, Dədə Qorquddan üzü bəri, Yunis İmrə nəfəsi, Qurbani, Qaracaoğlan ləmsi, Tufarqanlı Abbas, Ələsğər səsi bu dupduru könül sahibi olan aşıq Əzimə Haqdan əta olunub. Açığını söyləsək, özünə aşıq deyib söz qoşanlar, qalın-qalın kitablar dərc etdirib sazı, sözü ucuzlaşdırıb, çox mənəm-mənəm deyənlərə də rast gəlmişik. Tam səmimi deyim ki, aşıq Əzimin yaradıcılığında bir qəlp misraya, könülsüz deyilmiş sözə, zəif beyitlərə rast gəlmədim və belə qənaətə gəldim ki, Əzim baba yazmayıb, deyib.

İndi isə istəyirəm sözlərimin təsdiqi olaraq aşıq Əzim Yengiyanlının özünə söz verib, usdadın bir neçə şeiri ilə sizləri tanış edib hələlik vidalaşaq.

 

 

Təzadlar.- 2010.- 2 oktyabr.- S.14.