Şirinli-acılı xatirələr

 

 Milli teatrımızın inkişafına can yandıranlardan, təbiətinə, bacarığına uyğun nüansları, elementləri, jestləri səhnəyə, ekrana gətirən sənətkarlardan biri də respublikanın xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov olub. O, sevib-seçdiyi sənətin dolanbac yollarında bir kimsəni yamsılamadı. Özünün bacarığını üstün tuturdu. Necə vardısa, nəyə qadir idisə, eləcə də səhnəyə çıxar, kamera qarşısında oynayardı. İlk anda görənlərə elə gəlirdi ki, guya o, özündən razı adamdır. Əslində isə belə deyildi. Dili "zəhər" olsa da, ürəyi ipək kimi yumşaq idi. Səhnədə, ekranlarda yüzlərlə rol oynamışdı. özünü o obrazların heç birinə bənzətməzdi.

Eldənizin aktyorluq peşəsini seçməsi təsadüfi olmamışdı. Çoxsaylı xarakterik obrazlar qalereyası yaratmış görkəmli aktyor Həsənağa Salayev onun dayısı idi. Gözünü açandan ustadını - dayısını səhnədə görmüşdü. "Yaxşı oğul dayısına oxşayar" - deyiblər. Eldəniz də tamaşaçıları güldürməyə, onları düşündürməyə könül açmışdı. Sonralar İncəsənət İnstitutunu bitirdi. Ondan tez-tez eşidərdik: "Mən teatrı mənzilim, səhnəni ailəm, övladlarım qədər sevirəm".

Həqiqətən də belə idi. Eldənizi axtaranlar onu teatrlarda tapardılar. Əlbəttə, onun teatra, səhnəyə sevgisi də cavabsız qalmırdı. Müxtəlif rejissorlar onu ampulasına uyğun rollar oynamağa dəvət edərdilər. Gərgin əməyi isə yüksək qiymətləndirilirdi. 1974-cü ildə respublikanın əməkdar artisti fəxri ada layiq görülmüşdü.

Sevimli sənətçimizlə tez-tez görüşərdik. Bir çox televiziya verilişlərinin - "Komediyalar aləminə səyahət", "Görüşlər, xatirələr", "Yeri görünənlər", "Gülürəm ki, güləsən" ekran əsərlərinin yaranmasında, çəkilişində əməkdaşlıq etmişdik. Görkəmli aktyor Əliağa Ağayev, Fazil Salayev onun dostları idi. Bir gün çəkiliş zamanı Eldəniz soruşdu: "Əliağa əmi, niyə məni görəndə alça yemiş adam kimi sir-sifətini turşudursan?" Məşhur yumor, gülüş ustası həmkarının sualına yarızarafat, yarıciddi belə cavab verdi: "çünki səhnədə, ekranda elə hey özün gülürsən, tamaşaçılar gülmür". Eldəniz də ustadının yumorlu deyiminə gülə-gülə cavab verdi: "Ay əmi, axı hamı sizin kimi olmaz..."

E.Zeynalov istər epizodik, istərsə də əsas rollarda bir neçə bədii filmlərə çəkilmişdi. Lakin fikrimizcə, onun məşhur "Əhməd haradadır?" bədii filmində çoxsaylı Əhmədlər obrazları arasında oynadığı Əhməd daha yaddaqalımlıdır. Təbii ki, əsl sevginin bir müsbət cəhəti də aradakı qısqanclıqdır. Sevdiyi qız Əhmədi - Eldənizi gözdən qoymur, onun baxışına, gülüşünə, davranışına şübhə ilə yanaşır. Lakin aktyor - Eldəniz yaxşı mənada bu zülümlərə tab gətirə bilir, onu ürəkdən, qəlbdən sevənin şıltaqlığına dözür. Filmin quruluşçu rejissoru, teatr-kino sənətimizin korifeylərindən biri Adil İsgəndərov deyərdi: "Lent əsərində Eldənizin öz yeri var. O, verdiyim mizanın öhdəsindən bacarıqla gəlmişdir. Mən "Əhməd haradadır?" filmini Eldənizsiz təsəvvür etmirəm".

Ötən əsrin 70-80-ci illəri bir çox sahələrdə uğurlarımız kimi, haqlı olaraq ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz üzrə də intibah dövrü kimi tarixə yazılıb. Məhz bu dövrdə neçə-neçə bədii əsərlər yaranmış, tərəqqimiz təsvir və tərənnüm edilmişdi. Eyni zamanda neqativ hallara münasibət bildirilmişdi. Bu baxımdan, "Mozalan" kino-jurnalın xidməti çox olmuşdu. Eldəniz Zeynalov da həmin ekran nümunələrinin hazırlanmasında fəallıq göstərmişdi. Mərhum aktyor "Mozalan" jurnalında prototiplərini yaratdığı insanların hamısı mənfi obrazlardır. Bəlkə bu keyfiyyət rejissor traktovkasından irəli gəlmişdi? Ancaq çoxları şahiddir ki, Eldəniz Zeynalov ekranda göründüyü kimi heçziyanxor, iddialı, öz marağını üstün tutan olmayıb.

Eldəniz Zeynalov könül açdığı, sevib-seçdiyi sənətin əsl fədaisi idi. Yaxşı, xarakterik, komik aktyor kimi tanınması üçün hətta gözlərinin nurunu, ürəyinin hərarətini də bağışlayardı. Bütün bu istəyi də əvəzsiz qalmazdı. Dünyasını dəyişməzdən az öncə bir çoxları kimi o da respublikanın xalq artisti fəxri adına layiq görülmüşdü

Sevimli aktyor, orijinal xasiyyətə malik insan Eldəniz Zeynalov neçə ildir dünyasını dəyişib. Lakin o, unudulmur, həmişə, hər vaxt ehtiramla xatırlanır.

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2010.- 2 oktyabr.- S.10.