Çağdaş Şərq ədəbiyyatına
yeni poetik zehniyyət gətirən zəka
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim
ki, cananın sevər, canın sevər.
M.Füzuli
Beyti anlatmağa çalışaq. Sevilməyə layiq canandır. Yəni Can Alan! İnsan öz canını sevgilisi, cananı üçün sevməlidir. Canana gərəkli olan canı sevmək Cananı sevməkdir. Bu zaman sevgi xalisliyi ilə məcazilikdən qurtulur. Sevgi mən mərkəzindən O (Allah) mərkəzinə yüksəlir, ilahi səciyyə qazanır. Birinci misra ikinci misradan daha səmimidir. Baxmayaraq ki, ikincidə də sevgi var. Amma ilahi sevgidən fərqli mən sevgisi. Şair davam edərək deyir:
Canımı canan əgər
istərsə, minnət canıma,
Can nədir ki, onu qurban etməyəm
cananıma!
Göründüyü kimi,
şərhə ehtiyac yeri qoymayıb ruhu şad olmuş dahi
Füzuli.
Mövzumuza keçək.
İnsan sevilməyə layiqdir, böyük şairlər isə
böyük sevgilərə. Cənnət məkan ustad
Şahmar Əkbərzadənin əsərlərini
araşdırmadan sonra əminliyə gəldim ki, o, şeirlərini
nə şeir, nə də şairlik xatirinə yazmayıb.
Şeirlər ona Allaha, vətənə, insanlığa
eşqini və sevgilərini ərz etmək vasitəsi olub. Əsərlərinə
hardan baxdımsa, əllərini göylərə tutub dua edən
bir varlıq gördüm. Bu görsəntilərdə isə
şairin Gözəgörünməzə işarətini...
Yəqin şairin paklığından,
saflığındandır ki, kitablarından da oxuyub eşidənlərə
əzan səsi duyulur. İlahi, bəşəri müjdələrlə
dolu Şahmar şeiriyyəti düşüncəyə
işıq saçır, vicdanlara ümid toxumları səpir.
Sözün müqəddəsliyini ana südü kimi
qoruyaraq, duyğuları, xəyalları vasitəsilə
böyük fikirlərlə özünə qədər
deyilməyən, bilinməyən dərinliklərə gedir.
Doğma dilinin gücünə hakim olan bu möhtəşəm
qələm sözə yeni nəfəs verir, misralara
ölümsüzlük. Ziddlərin, təzadların ahəngini
təsirli qüvvətlə misralandırıb, ruhi, ədəbi,
məntiqi, hikmətli müqayisələri iç-içə
keçirir. Duyğularını duyduğu kimi qələmə
almaq olduqca çətin işdir. Bunu da məharətlə
bacaran müəllif bəzən modern şeirin şifrəli
tərzini işlədir. Çox söz yazmaq şeiriyyətə
xələl gətirər. Böyük söz əhlinin
arsenalında yüz minlərlə söz ehtiyatı olsa da,
şair sözləri ələkdən keçirib yalnız
misradakı mənalara uyğununu seçir. Mövzunu ritmə,
ahəngə bağlayıb, ədəbi-bədii keyfiyyətləri
birləşdirərək misilsiz üslub yaradır.
Şeir səsinin
dalğalarını tutmaq, qafiyə hörgüsü,
iç musiqi ilə çöl ahəngin
tarazlığını saxlamaq, dildə axıcılıq, xəfif
sitəmlər, estetik qayğılar, fikir
bütünlüyü, tarixin dərinliyindən və
göylərin ənginliyindən gələn fərqli əsintilər,
misraları almaz kimi yontmaq, yorğun qəlblərə dinclik
gətirmək, müdhiş xəyal gücü, ruh
coşğunluğu, sonluğa qısa və kəsə yolla
gediş, gələcəyə aid nikbin notlar, vüsala təşnə
həsrət və sair məziyyətlər, ədəbi-mənəvi
keyfiyyətlər sözügedən qələm sahibinin malik
olduğu ölçüyəgəlməz fəzilətlər
silsiləsindəndir.
İdraküstü bir incəliklə
zəkalara ürpərti verib, ruhları mənaların cazibəsinə
çəkməyi bacaran ustad ilham aldığından daha
çox ilham verir. Mənəvi incilər misalı şeirləri
ilə həsrəti elə dilləndirir ki, təsirdən
misraların bağrı dağlanır. Şairin qəlbi dərin
mənaları, duyğuları sözlərə maqnit kimi
çəkib yükləyir.
Ustadlardan rəhmətlik Bəxtiyar
Vahabzadə, Məmməd Araz və adlarını çəkmədiyim
bir sıra böyük qələm sahibləri kimi Şahmar Əkbərzadə
də Azərbaycan poeziyasına çullanan palanı
şeiriyyətin üstündən atanlardan biridir. Palan
sözündə şeirdə işlədilən
ağır, gərəksiz sözçülük nəzərdə
tutulur. Az sözlə böyük mənaların ifadəsi
gerçəyi də ustad şairimizin misralar üzərində
olduqca böyük zəhmət çəkməsinin
gerçəkliyidir. Şeirlərindən qırmızı xətlə
keçən zaman və məkanüstü yüksəliş
də bunu göstərir. Təbii ki, bütün mənaları
hər kəs tərəfindən anlaşılan şeir ideal
şeir sayıla bilməz. Əvvəla şeir hər kəs
tərəfindən bilinən nemət deyil, ikincisi də,
"şeirin mənası şairin içindədir" ifadəsi
mövcuddur.
Maddi təcrübələr
və səbəblər hadisələri anlatmağa yetməz.
Mənəvi təcrübələr, qəlb mədəniyyəti
olmalı, vicdanla qəlb ağılı təsdiq etməli,
könül zehin modelinin dəyişikliyinə imkan
yaratmalıdır. Böyük şairləri idrak etməyin
başqa yolu yoxdur. Ortaq mədəniyyət, bilik və dəyərlərə
yetərincə sahib olmayanlar bir-birini necə anlaya bilər ki,
hələ onlardan böyük şairləri anlamaq da umula...
Hamı Allahı sevdiyini
deyir. Amma Allah ağılla sevilmir axı. Məsələ
iman işidir. Kimdə 1 faiz, kimdə 5 faiz, kimdə 55 faiz və
s. varsa, həmin nisbətdə sevilir Allah. Böyük
şairləri anlamaq da bu müqayisəyə xeyli
oxşardır. Böyük şair özü Allahı sevməsə
böyük ola bilməz. Böyük şairi anlamaq
üçün də öncə bu anlayış mütləq
Allah sevgisindən keçməlidir. Başqa keçid
zahiridir, aldadıcıdır. Böyük şairləri
anlamaq üçün şüur onların şeirlərindəki
mənaları qavrayıb dərk etməyə hazır duruma gəlməlidir.
Anlamaq şəxsiyyətə deyil, ondakı
fenomenallığa yönəlir. Böyük şairlərin
hamısı böyük şəxsiyyətdir. Amma
fenomenallıq dərəcələri fərqli olur.
Fenomenallığı təzahür etdirmə
fenomenallığı da bir mürəkkəblikdir. Xəzan
yarpaqlarında rənglərin tonları bir-birinin içinə
necə qarışırsa, şairlərin şeirlərində
də duyğular, mənalar, işarətlər
qovuşuqlarını anlamaq, görmək, duymaq şərti
var. Böyük ustadın kitablarındakı dərinliklərə
varmaq, onun yaşantılarını eyni ilə olmasa da, qəlbən
duymağın özü də asan məsələ deyil.
Şahmar kimi nəhəng öz şeirlərini,
yaradıcılığını başa
çatdırmamış böyük ürəyi o
böyük gərginliyə tab gətirmədi. Pak məzarını
qələminin ucu ilə 1988-ci ildən infarktla
könüllü olaraq qazmağa başladı ustad. Di gəl
o böyüklükdə nəhəngin duyğularını,
düşüncələrini, hikmətlərini xırdala və
sağ qal görüm necə qalırsan?
Allahın izni olmasa Ş.Əkbərzadədən
layiqli bir şey yazmaq olmaz. Ruhlar aləminə izinsiz girmək
cəhdi qorxuludur. Bu qorxunun üstünə gedirəm.
çünki Şahmar Əkbərzadə söz anlayan
adamı qəhərləndirən ustad şairlərdəndir.
Belə şairlərin ayağının tozundan da gözəl
sənət əsəri yaratmaq olar. Və təbii ki, Allah istəsə.
O da var ki, insanlardakı iradə, şüur və digər
öldürülən mənəvi dəyərləri cəmiyyətdə
bərpa etmək müşkül işdir. Məqsədim bu
yolda iynə ucu yaxşılıqdır. Qarışqa deyir
ki, Həccə çatmasam da, bilərəm ki, bu yolda
öldüm.
Öz zirvəsinə
çıxmaq üçün hər böyük şairin
öz xəritəsi olur. Şahmar Əkbərzadənin xəritəsi
əsərləridir. O əsərlər ki,
çağdaş Şərq poeziyasına yeni zehniyyət dəyişikliyi
gətirib. Şeirlərindəki idrakda, yeni düşüncə
tərzində, dərin mənalarda, metafizik
görüntülərdə və sairələrdə
mövcuddur onlar.
Bəzən gerçəyi
hayqırmaq gərəkdir. Amma gurultulu yox, sakit və səmimi!
Keçmişdən gərəkli ibrətlər almayınca,
gələcək əleyhimizə gərəksiz təkrarlanacaq.
ŞEİRİN ŞEİRLİYİNİ ALİ TUTAN
ŞAİRİ ADİ TUTMAQ POEZİYAYA ZüLüMDüR.
Təsəlli o ki, vaxtilə
yaşadıqları zamanda qədri bilinməyənlər əsərlərindəki
üstünlükləri ilə nəhayət, şərəfli
mövqelərini axirətdən bu dünyaya təsdiq etdirirlər.
Fiziki mənada bu dünyada olmayandan yazmaq, bu dünyada olandan
yazmaqdan üstündür. İzaha nə ehtiyac?
Tarixdə çox nadir
şairlər var ki, onlar özləri haqqında
öygülü sözlər yazmaqdan qurtula bilməyib.
Ustadlar bu gerçəyi ehtiyatla dilə gətirib ki, nəfslərinə
ağır getməsin. Sözügedən böyük
şairimizdə özünütərif yoxdur. Haqqı istəmək
isə başqa mətləbdir. Böyük şair öz
haqqı barəsində incə eyham, zərif və haqlı
iradla hələ 1977-ci ildə, Allah dərgahına
qovuşmazdan 33 il əvvəl yazdığı "Göyərər"
adlı şeirinin sonunda deyir:
"Şahmarlardan seçən
olsa Şahmarı,
Bu dünyanın qara
daşı göyərər..."
Yeri gəlmişkən,
aşağıdakı şeir həmin şeirə nəzirədir.
Şeir Görünməzə
varma cəhdidir,
Bu şair ömrünün
uca əhdidir.
Yazmaq söz əhlinin ibadətidir,
Arayıb bulan çox
şah duyğuları,
Şahmarlardan seçən
yoxdu Şahmarı.
Haqqını almadı o,
sağlığında,
Yasaq inad etdi
yasaqlığında,
Axirətlə dünya
uzaqlığında,
An qədər yaxınkən
ölümə sarı,
Şahmarlardan seçən
yoxdu Şahmarı.
Odur şeiriyyətin
qeyri-adisi,
Mənalar ustadı, söz fədaisi,
Ecazlar ərz edir ədəbi
irsi,
Olsa da zamanı, çox
imkanları,
Şahmarlardan seçən
yoxdu Şahmarı.
Ondadır qüvvətli təsvirlə
obraz.
Sudan suyun rəngin ayırmaq
olmaz!
O, elə zirvədir, ora
çıxılmaz,
Çoxdan buz bağlayıb
sıldırımları,
Şahmarlardan seçən
yoxdu Şahmarı.
"Adamı" olmadı,
Allahı oldu,
İnfarkt qələmiylə
o, dahi oldu.
Bilmirəm kimin nə
günahı oldu,
Qiptəmi yaratdı
böyük qubarı?
Şahmarlardan seçən
yoxdu Şahmarı.
Bu da bir taledi, bir qismət-qədər,
Ən dərin sevinclər
doğurur kədər,
Bu qədirbilməzlik Dərgaha
yetər,
Dönər şeirimizə
hey qınaqları,
Şahmarlardan seçən
yoxdu Şahmarı.
Sayğılarla:
Nizami Heydər
Təzadlar.- 2010.- 5 oktyabr.- S.10.