Gözəl aşıq, ustad balabançı, baməzə insan...  

 

Yastı balaban deyəndə, ilk növbədə aşıq və onun sazı yada düşür. Məlumdur ki, son 70-80 ildən bu yana sazla balaban qoşa vəhdətdə olmuşdur. Bu da aşıqlarımızın kamil saz ifaçılığında qüsurlar yaratmadan daha da püxtələşməsinə səbəb olmuşdur. Bir həqiqətdir ki, uzun illərdir Göyçə, Qazax, Tovuz Şəmkir, Gədəbəy, Goranboy, Gəncə, İran və digər bölgədən olan aşıqlar sazla balabanın  qoşa ifaçılığının sinxronikliyini yaratmışlar. Balabanın vacibliyi ona görə  məsləhətli idi ki, keçmişdə məclislər 3, 5, 7 gün davam edirmiş. Bu zaman aşıqlar yorulurmuşlar. Balabançı isə öz müşayiəti, baməzə söhbətləri ilə həm aşığa kömək edirmiş, həm də məclis əhlində xoş əhval-ruhiyyə yaradaraq oyun havaları çalırmışlar. Söz yox ki, keçmişdəki aşıqlar da, indiki aşıqlar da kamil sənətkar kimi yaxşı saz çalaraq özlərini balabansız da müşayiət edirdilər.

Onların çoxu misilsiz səsləri ilə fərqlənmiş balabanla qalan boşluqları doldurmağa nail olmuşlar. Eyni zamanda sazın ifası zamanı balaban onun ardınca gələrək, onunla birgə vəhdət yaradır. Aşıq oxuyan zaman balabanla onun səsinə də kömək edir. Məhz buna görə də bu sənət, həm çox mürəkkəb, həm də çox məsuliyyətlidir. Çox zaman balabançı aşıqların ritimik, açıq, ifasının püxtələşməsinə köməklik edir. Balabançıların əksəriyyəti qara zurna, klarnet, tütək, nağara da ifa edirlər. Bunlardan Abbas İsmayılov, Müseyib Abbasov, Əsgər və Əkbər Həsənovlar, Cümşüd Qazaxlı, Ənməd Şınıxlı, İbrahim Qaraxanlı, Vilayət Kazımov, Qulu Qazqulu, Qəzənfər Şınıqlı, Fərman Qayadibili, Tofiq Həmzəoğlu, Bəşir Gədəbəyli, İsrayıl Gədəbəyli, Elxan Goranboylu, Manaf Məmmədov, Musa Salyanlı və adını çəkmədiyim onlarla balabançılardır. çox maraqlıdır ki, balabançıların əksəriyyəti ifaçılığına görə aşığın bildiklərinin tən yarısını bilir. Bəzən elə olub ki, sözün başlanğıcı aşığın yadından çıxıb. Bu zaman balabançı həmən şeri elə məzəli və kimsənin hissetmədiyi tərzdə söyləyib ki, kimsə sözün yaddan çıxmasını duymayıb. Elə də olub ki, aşıq məclisdə ya xəstələnib, ya da yorulub. Balabançı xüsusi bir deyimlə (səhərdən mən aşığı balabanla müşayiət edirəm, qoy aşıq da məni müşaiət etsin) zarafatla  sazı alıb çalıb-çağırıb. Necə ki, Aşıq Əkbər Cəfərov və Aşıq Sərdar Məmmədli kimi. Xatırladım ki, Aşıq Əkbər Cəfərov, Aşıq Mahmud Məmmədov, Aşıq Sərdar Məmmədlinin misilsiz ifaçı kimi tanınmasında balabanın böyük rolu olmuşdur. Hər bir havanın dəqiq ifası da bu aşıqlarda digərindən fərqlənir. Fikir verin ki, Aşıq Əkbərin cavanlığında onu Aşıq Mirzə Bayramov Bakıya gətirmişdir. Üzeyir Hacıbəylinin və digərlərinin diqqətini cəlb etmişdir. Eyni zamanda o, Aşıq Yusif Yusifov və digərlərini də müşayiət etmişdir. Aşıq Mahmud Məmmədov isə cavanlığında öz ustadı Aşıq İmran Həsənovu və digər aşıqları müşayiət etmişdir.

 

***

 

Haqqında söhbət açacağım sənətkarlardan biri də Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq, ümumittifaq festifalları laureatı, 1963-cü il yanvarın 12-də cənnət guşələrimizdən biri olan Gədəbəy rayonunun Arıqıran kəndində dünyaya göz açan Sərdar Qələndər oğlu Məmmədlidir. O, hal-hazırda kamil balabançı, yüksək və zəngin repertuara malik aşıq kimi tanınmışlarımızdan biridir. Orta məktəb illərindən saza, balabana, qara zurnaya istəyi artmışdır. Uşaqlıqda qarğıdan düzəltdiyi tütəkdə ilk öyrəndiyi "Çoban bayatı"sını, "Sarıtel"i, "Cəlili"ni və digər havaları xatırlayır. Sumqayıtda yaşayıb işlədiyi zamanlar Aşıq Sədinin rəhbərliyi altında xeyli püxtələşib. Balabançı İsrayıl ilk vaxtlar onun yol göstəricisi olub. Bundan sonra bu sənəti öz qabiliyyəti və bacarığı sayəsində öyrənməyə başlayıb. Bütün bunların şahidi kimi deyirəm ki, Sərdar Məmmədli balabanı saz kimi həssas dəqiqliklə dindirir. 1981-ci ildən tanıdığım Sərdar Məmmədli az bir zamanda məşhur və ustad olan aşıqlarımızın diqqətini özünə cəlb etmişdir. Məhz buna görə də Aşıq İmran Həsənov onun haqqında çox dəyərli fikirlər söyləyərək, onu bir çox balabançılara misal göstərmişdir. O, həm də Sərdarda olan məlahətli səsin, gözəl şeirlər yazmasının və nadir istedad sahibi olmasını da birbaşa Filarmoniyanın səhnəsindən söyləmişdi. O, başda Aşıq Mikayıl Azaflı və Aşıq İmran Həsənov olmaqla digər tanınmış sənətkarları da (Aşıq Mahmud, Aşıq Əlixan, Aşıq Murad, Aşıq İsfəndiyar, Aşıq Sayyad, Aşıq Məlik, Aşıq Aslan Aslanov, Aşıq Rakif, Aşıq Məhərrəm Hüseynli, Aşıq Qələndər və onlarla İran aşıqlarını) yüksək peşəkarlıqla müşayiət etmişdir. Sərdar gəncliyindən yaxşı saz da çaldığından, oxuyan zaman tək sazla öz-özünü müşayiət edir. Bir parodiaçı kimi bütün aşıqları olduğu kimi təqlid edir. O həm də müğamxalq mahnılarının gözəl ifaçısıdır. Əsl məclis aşığı kimi diqqəti özünə cəlb etdirməyi bacarır. Onun Azərbaycanda bilmədiyi şairlərin şeirləri az olar. Buna görə də Aşıq İlyas Alovlu doğru deyir ki, bizim şeirlərimizi özümüzdən çox bilən Aşıq Sərdardır. Əsasən klassiklərdən oxuyan sənətkar kimi hər bir aşığa da tövsiyə edir ki, Dədə Qorquddan üzü bəri olan dədə ozanlarımızdan oxuyun. Sərdarla tərəf müqabili olan hər kəs məsuliyyətini anlayır. Ona görə də oxuduğu havalarda nöqsanın olmamasına çalışır. Bir şeyi qeyd edim ki, tamaşaçı və dinləyicilər onun iştirak etdiyi konsert salonuna məhz ona görə gəlirlər.

 

***

 

Sərdar Məmmədli AAB-nin ilk üzvlərindən biri kimi 4-cü və 5-ci aşıqlar qurultayının iştirakçısıdır. AAB-nin keçirdiyi bütün tədbirlərdə təmənnasız olaraq iştirak etmişdir. Xüsusən çəbhə bölgələrində, hospital və xəstəxanalarda əsgər və zabitlərimizə ruh gətirən konsertlər vermişdir. Hazırda tanınmış aşıq kimi onun səsi respublikamızın möhtəşəm salonlarından gəlir. Uzun illərdir ki, Türkiyədə və İranda görkəmli aşıqlarla dostluq əlaqələri quraraq, onların AAB-nin üzvləriylə dostluqlarının yaranmasına nail olmuşdur. Eyni zamanda qarşılıqlı və müştərək konsertlərin verilməsində öz səyini göstərmişdir. Bu gün həmyaşıdları, həmkarları arasında ən yaxşı sənətkar kimi populyardır. Sərdar Məmmədli təşəbbüskar, idarəçilik işini bilən bir işçi olaraq vaxtilə AAB-də inzibatçı kimiözünü göstərib. Sumqayıtda xalq şairi Səməd Vurğunun yubileyini, Bakıda mənimlə birgə əksər aşıq və şairlərin yubiley və yaradıcılıq gecələrində xüsusi xidmətləri danılmazdır. Haqqında onlarla məqalələr yazılıb. Televiziyada, radioda yüzlərlə çıxışları mənəvi dəyərlərimizin tərəqqisi, davamçısı deməkdir. Səsyazma arxivində 100-dən çox ifası saxlanılır. Bu ifalar müxtəlif sənətkarlarla və fərdi çıxışlardır.

Aşıq Sərdar Məmmədlinin xidmətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüb.

Hazırda AAB üzvü kimi qurumun tədbirlərində mütəmadi olaraq iştirak edir. Həmkarları tərəfindən ona qızıl barmaqlı, böyük ürəkli aşıq deyə müraciət edirlər.

Bu gözəl sənətkara böyük ilham, yüksək sənətkarlıq və hər an alovlu olmasını arzulayırıq.

P.S. ötən sayımızda dərc olunan "Tovuz yalnız rayon mərkəzindən ibarət deyil" başlıqlı yazıda müəllifin yol verdiyi anlaşılmazlıq üzündən onun şəkli əvəzinə dostunun şəkli verilmişdir.

 

 

Məhərrəm HüSEYNLİ,

aşıq, şair-publisist

 

Təzadlar.- 2010.- 7 oktyabr.- S.15.