Şərqin böyük,
bənzərsiz xanəndəsi
Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyev milli vokal sənətinin banisi, 16 yaşından ömrünün sonuna kimi musiqimizi yaxın-uzaq ellərdə
tanıtdıran şair,
bəstəkar, xanəndə
Cabbar Qaryağdıoğlunun
xatirəsinin əbədiləşdirilməsi
haqqında sərəncam
imzalayıb. Tarixi sənəddə qeyd olunur ki, Bakı
Şəhər İcra
Hakimiyyəti Cabbar Qaryağdıoğlunun qəbirüstü
abidəsinin ucaldılmasını,
həmin ərazidə
abadlıq işlərinin
görülməsini və
Bakı şəhərinin
küçələrindən birinə onun adının verilməsini
təmin etsin. Mədəniyyət və
Turizm Nazirliyi Cabbar Qaryağdıoğlunun
həyat və yaradıcılığı haqqında
sənədli filmin çəkilməsini təmin
etsin. Azərbaycan MEA Cabbar Qaryağdıoğlunun
həyat və yaradıcılığından bəhs edən kitabın hazırlanması
və nəşr edilməsi üçün
müvafiq tədbirlər
görsün.
Əlamətdar hadisə münasibətilə məşhur ifaçının, adı musiqi tariximizə qızıl hərflərlə yazılmış Cabbar əminin (hamı ona belə müraciət edərmiş) qızı Şəhla xanım Qaryağdı-Kürçaylının (O, unudulmaz şair Əliağa Kürçaylının həyat yoldaşıdır) idə görüşüb, söhbətləşdik. Ondan eşitdiyimiz minnətdarlığı, illər boyu müraciətlərinin, nəhayət, müsbət həllini tapmasından sevinməsini, bir də acılı-şirinli xatirələrini oxucuların diqqətinə çatdırırıq:
- Aqillər deyib: "Haqq nazilər, amma üzülməz". Sənət, sənətkar qədri bilən, ulu öndər Heydər Əliyevin ideyalarını, arzularını, amallarını şərəflə, layiqincə yaşadan, davam etdirən, istər ölkəmizdə, istərsə də dünyada böyük nüfuz, hörmət qazanmış Prezident cənab İlham Əliyevin atamla bağlı verdiyi sərəncamdan xəbər tutanda uşaq kimi kövrəldim. Şükür etdim, qürur hissi duydum ki, illərlə çəkdiyim əzablara, həsrətə son qoyuldu. çox sağ olun möhtərəm Prezident. Yaxşılıq heç vaxt yaddan çıxmır. Yamanlıq isə üz qaraldır. Atamın 1924-cü ildə şəhərin "Qırx pilləkən" adı ilə tanınan yerdə tikdirdiyi 20 otaqlı, üçmərtəbəli evini 1986-87-ci illərdə Bakı şəhərinin sabiq meri Rəfael Allahverdiyevin və sabiq baş memarı Elbəy Quliyevin qərarı ilə "şəhərin görkəminə xələl gətirən köhnə bina" bəhanəsilə sökülmüş, xatirə lövhəsi ayaqlar altına atılmışdı. Həmin binada ədib, "Molla Nəsrəddin"çi Əli Nəzmi və qəzəlxan Əliağa Vahid də yaşamışdı. 1992-ci ildə Bakı şəhər İH qərara almışdı ki, vaxtilə atamın yaşadığı küçəyə (köhnə Bünyadski) onun adı verilsin. Ancaq Şeyx Şamilin adı verildi. Yadımdadır, hələ atamın sağlığında bu küçəyə "Cabbar əmi küçəsi" deyərdilər.
***
Bu sözlər atamın dilinin əzbəriydi: "Məndən ötrü heç kəsdən xahiş etməyin, heç kəsə minnətçi düşməyin. Əgər mən doğma millətim üçün xeyirxah iş görmüşəmsə, özləri axtarıb tapacaq, qiymətimi verəcəklər". Budur, qədirbilən insanlar, şəxsən dövlətimizin başçısı cənab İlham Əliyev atamın müqəddəs ruhunu şad, onun həyat və yaradıcılığını bilənlərə isə sevinc bəxş etdi".
Tarixi mənbədən: Cabbar Qaryağdıoğlu 1861-ci ilin bahar çağında Şuşada dünyaya göz açmışdı. Uşaqlıq illəri boyaqçı, halal əməyi ilə ruzi qazanan atası İsmayılın yanında keçmişdi. Cınqırını belə çıxartmayıb, atası onu hara buyurubsa, tərəddüdsüz gedib, nə tapşırıbsa yerinə yetirib. çünki İsmayıl kişi həddən artıq zəhmli, qaraqabaq adam imiş. Elə bu cəhətlərinə görə ona el arasında "Qaryağdı" da deyərlərmiş. Sonralar o, bu deyimi atasının zülmündən - boyaqçı olmaq istəyindən can qurtaranda - 16 yaşında məlahətli səsi, bənzərsiz ifa qabiliyyəti ilə sayılıb-seçiləndə özünə təxəllüs götürmüşdü. Harada, hansı məclislərdə olardısa, "Qaryağdıoğlu" deyimini eşidəndə ayaq üstə durarmış, ehtiram əlaməti olaraq baş əyərmiş. Onun xatirələrində oxuyuruq: "Atamın soyuq münasibətinə, ətrafındakı insanlara qaynayıb-qarışmadığına görə Qar-yağdı deyərdilər. Mən isə isti, səmimi münasibətimlə qarı əritdim. Ancaq o adı daşımaqdan, yaşatmaqdan qürur hissi duymuşam".
Şəhla xanımın dediklərindən: "Babamın beş
oğlu - Cabbar,
Məhərrəm, (məşhur heykəltəraş
Cəlal Qaryağdı
onun oğludur),
Məhəmməd, Bilal, Qafar
atalarına qarşı ehtiramlı olub,
xatirəsini istər yaşayanda,
dünyasını dəyişəndən sonra da əziz tutublar.
Rəhmətlik dindar olduğundan
züriyyətlərini də bu yolu getməyə vadar etmişdi. Onlar isə başqa-başqa peşə seçmişdilər.
İlk dəfə
Məcnun rolunu atam Şuşada, "Bazar başı" meydanında açıq havada oynayıb. İlk sənədli filmimiz "Neft və milyonlar səltənəti"ndə atam
çəkilib. Dahi üzeyir bəy yazıb: "Leyli və Məcnun" səhnəsini 13 yaşında
- 1897-ci ildə Əbdürrəhman
bəy Haqverdiyevin quruluşunda "Bazar başı" deyilən
yerdə, Məcnunun -
Cabbarın Leylinin məzarı üstündə
fəryadını, axıtdığı
göz yaşlarını
görəndə özümü
saxlaya bilmədim, mən də ağladım. Nəhayət,
1907-ci ildə operanı
tamamladım".
Tarixi mənbədən: Cabbar
10 yaşında məktəbə
gedir. Müəllimi -
"Şaqərə" təxəllüsü
ilə tanınan, yüksək səviyyəli
ziyalı Mirzəli Zeynalabadoğlu olmuşdur.
Ondan ana dili ilə yanaşı,
ərəbcə, farsca
öyrənmiş, musiqiyə
meyli daha da artmışdı. O, şagirdlik dövründə
kövrək, həzin
şeirlər də yazmışdı. Bir gün on altı yaşlı Cabbarı müəllimi özüylə
el şənliyinə aparır.
Orada Hacı Hüsnü, Məşədi
İsa, Sadıqcan, Cavad Əlibəyoğlu çalıb-oxuyurdular. Mirzəli
müəllim xahiş
edir ki, icazə versinlər Cabbar da bir
ağız oxusun. Gənc ifaçının
şirin, məlahətli
səsi dinləyənləri
ovsunlayır. Məşhur
ifaçı Hacı
Hüsnü deyir:
"Gələcəkdə bizim yerimizi bu cavan xanəndə
tutacaq". Həmin xoşbəxt hadisədən
sonra Cabbarın adı hörmətlə çəkilir. Ancaq atası ondan küsür. Çünki
boyaqçı yox, xanəndə olur. Azərbaycanın əksər
bölgələrində, İranda,
Orta Asiya respublikalarında keçirilən
el şənliklərinə, toylara dəvət alır. O, harada oxuyubsa, yalnız səsinə güvənib,
azərbaycanlı olmağı
ilə fəxr edib. Yazdığı şeirlər, bəstələdiyi
mahnılar zövq oxşayıb. Onun yüzdən artıq bəstələdiyi mahnılar,
təəssüf ki, obyektiv, subyektiv səbəbdən bu gün də xalq mahnıları adı altında səsləndirilir. O, danışarmış:
"Tar sənətinin qüdrətli
ifaçısı Qurban
Pirimovla toy məclisinə
getmişdim. Bəy qızını - gəlini
tərifləmək vaxtı
yetişəndə, onun
boy-buxununu, yar-yaraşığını
görmək istədim
ki, sözlərim elə-belə yox, inandırıcı olsun. Lakin qızın atası razılıq vermədi. Onun İrəvandan olduğunu,
bir də üzündə xal olmasını dedi. Qurbana işarə etdim ki, mən
getdim, sən də ardımca gəl:
İrəvanda xal qalmadı,
O xal nə xaldır,
Qoşa düzdürmüsən?..
Görkəmli tarzən
Qurban Pirimov ifa başa çatandan
sonra dedi: "Cabbar, ananın südü, udduğun Şuşanın havası
sənə halal olsun. Səni xanəndə kimi tanıyırdım, heç
demə, sən həm də bəstəkarmışsan". Məhz onun sayəsində, ifasında
səslənən xeyli
mahnılar "itbata"
düşsə də,
bir çoxları hələ də "Qızıl fond"da saxlanılır.
Şəhla xanımın dediklərindən: "Atam ömür-gününü sənətə həsr etmişdi. Bu səbəbdən ailə qurmağa tələsməmişdi. Axır ki, 51 yaşında ailə qurmuşdu. Anam Xızıdan, sənətkar ailəsindən idi. Gəlin köçəndə 15 yaşı olub. Ömürlərinin axırına kimi bir-birlərinə can deyib-can eşitdilər. Atam həddən artıq evcanlı, ailə qayğısı çəkən insan idi. Bazarlığı özü edərdi. Dəfələrlə görmüşəm ki, Mir Cəfər Bağırov yol keçəndə maşın saxlatdılar, "Necəsən, Cabbar əmi, kefin-əhvalın necədir?" - deyə, soruşardı. 1938-ci ildə Moskvada keçirilən incəsənət günlərində Azərbaycan nümayəndələri də iştirak edirdi. Nədənsə, mahir ifaçı - orada olmur. Gözlənilmədən Stalin soruşur: "Hanı Qafqazın qoca Cabbarı?" Bəhanə uydururlar: "Xəstədir, gələ bilmədi" - deyirlər. Stalin İttifaqın o dövrdəki "Şöhrət" ordenini atama göndərir.
***
Millətindən asılı olmayaraq atamın çox dostları vardı. Dahi şairimiz Səməd Vurğun bizə gələndə həmişə onun dəfindən, yanağından öpüb şirin ləhcə ilə deyərdi: "Dağların döşündə durur Qarabağ, Xəyalı gəzdirən hər qaya, hər dağ..." Bizim Mikayıl Müşfiq kimi bəxtsiz, talesiz Sergey Yesenin atamın Varşavada yazdırdığı valın üstünə "Cabbar Şərq musiqisinin peyğəmbəridir" yazıb. Atam xanəndələrin oxuduqları mahnıların çoxunun mətnini yenidən işləmişdi. Bu günümüzə gəlib çatmış "Rast", "Segah" təsniflərinin müəllifidir. "Qalada yatmış idim", "Üç gündən bir, beş gündən bir", "Qalalıyam, qalalı", "Sona xatun", "Qarabağda bir dənəsən", "Gəlin gedək Daşaltına gəzməyə" mahnı və təsniflər onun adı, yaradıcılığı ilə bağlıdır. Dünya şöhrətli sənətkar Bülbül yazıb: "İlk dəfə əyalətlərdə konsertlər, soydaşlarımıza ləzzət verən ifaçımız Cabbar olub". Atam Füzulinin, Vaqifin, Şirvaninin, Zakirin şeir və qəzəllərini oxuyarmış. M.S.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev, C.Cabbarlı ilə möhkəm dostluq edərmiş. Anam Səlimə xanım ondan 36 yaş kiçik idi. Bu yaşıma çatmışam, hələ onların arasındakı qarşılıqlı sevginin, məhəbbətin bənzərini görməmişəm. Tanrıya güvənənlər doğrudan da, xoşbəxt, bəxtəvər olurlar. Onların bir-birinə qarşılıqlı məhəbbəti əqidələrində, düşüncələrində, ürəklərində idi. Atam ailə qurandan sonra daha ləzzətlə, həvəslə oxumuşdu. çünki anam elə tanışlıqlarının ilk günündən ona mənəvi dəstək olmuşdu".
***
Şəhla xanım bir müddət susur. Yaşarmış gözlərini silir. Başını qaldırıb divardan asılmış ata-anasının birgə foto-portretlərinə baxır. Hıçqır-hıçqır ağlayır. Handan-hana qırıq-qırıq danışır: "Atam dünyasını dəyişəndə mənim 14 yaşım vardı. Xüsusi tapşırıq vermişdilər ki, onun cənazəsi Filarmoniyadan götürülsün, birinci Fəxri Xiyabanda dəfn olunsun. Dövlət səviyyəsində keçirilən mərasimin sədri yazıçı Mirzə İbrahimov idi. Lakin hansı qüvvənin təsirindənsə əksinə alındı. Onu Yasamal qəbiristanlığında dəfn ediblər. O zamanlar qadınlara icazə vermirdilər ki, dəfn mərasimi zamanı qəbiristanlığa getsinlər. İllərlə atamın məzarını axtardım. Görənlərdən, bilənlərdən soruşdum. Axır ki, tapdım. Kimsəsiz, unudulmuş qəbir necə olardı? Batmışdı, elə bil orada 70 il səsiylə, şeirləri, qəzəlləri, ifaları ilə doğma xalqına xidmət edən sənət korifeyi yox... basdırılmışdı. Hara, kimə müraciət etdim, əhəmiyyəti olmadı. özüm məzarı dəmir hasara aldırdım. İllər ötüb keçdi. Xalqımız müstəqillik qazandı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müqəddəs bildiyimiz insanların ruhlarını da şad etdi.
2005-ci il noyabrın 24-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya məktub ünvanladım. Çox sağ olsun, qısa müddətdə ondan cavab aldım. Fürsətdən istifadə edib deyirəm: Mehriban xanım, mərhəmətinizə, diqqətinizə görə ömrum boyu sizə minnətdar olacağam".
...Cənab Prezidentin sərəncamından sonra Şərq dünyasının bənzərsiz xanəndəsi Cabbar Qaryağdıoğlunun
məzarını ziyarət etməyə getmişdik. Orada
"Adsız məzar" adlı sənədli filmin rejissor-operatoru, həm
də ssenari müəllifi Kəmalə
Musazadə ilə görüşdük.
O, dedi: "İki ildir könüllü olaraq bu işlə məşğulam.
Dövlətimizin başçısına minnətdaram ki, unudulmaz
ifaçının həyat və
yaradıcılığından bəhs edən sənədli
filmin hazırlanması barədə
tapşırıq verib. Zəhmətim hədər
getmədi".
İnanırıq ki, sərəncamdan irəli gələn
başqa tədbirlər də tezliklə həyata keçiriləcəkdir.
Telman MEHDİXANLI
Təzadlar.- 2010.- 2-4 sentyabr.- S.10.