Ağır daşlar altında

 

(patetik fantaziya)

 

...Məmməd Arazı gördüm.

Danışdıq, danışdıq, bir daha danışdıq...

Allahdan başqa kimsənin köməyi olmadan!

 

Sağlığında bu qədər danışamazdıq. Hər görüşəndə gözlərini gözümə dikib baxar, astadan nəsə pıçıldayardı. üzündən öpəndə qulağımı yaxına tutardım ki, dediyini eşidəm. Ancaq təkcə nəfəsindən qopan səsləri duyardım. Sözləri anlaşılmazdı. Sövq-təbii hiss edərdim ki, mühüm məqamlar anlatmaq istəyir. Ancaq anlaşılmadığını sezdirmədən səsli fikirlərini havada tutub təxmin etdiyim qədər mənalandırmağa çalışardım. Zəif səsinin yalnız bəzi fraqmentlərini Sözə çevirə bilərdim  Sözə çevirə bildiyim o nəfəs qırıqlarından cümlə qurardım... Hiss edirdim ki, ömrünü böyük səmavi amallara həsr edib yerdəki xırdalıqlarla çarpışmağa məhkum olan bu qeyri-adi İnsanın ürəyi qızıl yatağıdır; illərin deyilməmiş kəlmələri yığılıb ora ağırlıq verir, ağrı verir. Üzündəki əzab dumanı da o yataqdan qalxır. Lakin nəfəsini ordakı qızıl sözlərlə doldurub fırtına timsalı dünyaya püskürə bilmir, ürəyinə ağırlıq verənləri hər an deyə bilmir. Və yalnız ən adi istəklərini onu qəlbən duyan, sevən, dərk edən və ona qarşı onun özü qədər həssaslıq göstərənlərə anlada bilir, gözlərini həmfikrinin üzünə dikib səmimi sevgi ilə, ümidlə baxır, baxır, baxırdı...

 

"Dağılasan belə dünya!"   

 

Bir Səbrli peyğəmbər sayağı zavallı xalqı üçün dinclik, rahatlıq, gözəllik axtara-axtara qırx il sitəm səhrasında dolaşan, bir Günahsız peyğəmbər kimi özgələrinin günahını çiyinlərinə alıb dərd dağında çarmıxa çəkilən, bir Müdrik peyğəmbər təkin cahillərə doğru yolu tanıtmaq üçün tənha hücrələrdə qayalardan Söz çapan bu göylər adamının hərdən mənə qarşı da xəfif lütfünü görüncə çox duyğulanar, qürurlanar, ona daha da isnişərdim. Belədə ən doğma adamlar kimi biz də hərdən ancaq bir-birimizə baxmaqla danışardıq...

 

 ***

 

...İndi nə vaxt gəldiyini bilmədim.

Bir onu gördüm ki, söhbət edirik. Allahdan başqa kimsənin köməyi olmadan danışırıq. Açıq, aydın, səmimi...  

Mən daha qulağımı onun sifətinə yaxınlaşdırmırdım. Nəfəsini uzaqdan duyur, səsini aydın  eşidirdim. Yaşadığı bir ömürə min ömürlük əzab yüklənmiş, tikanlı səhralardan Söz atıyla mərd-mərdanə keçmiş, gücünü qapısı bağlı göylərdən almış bu günahsız cəfakeşin cənnət mehi kimi o  mülayim nəfəsindən qopan səslər dalğa-dalğa ətrafa yayılırdı. Gözlərindən axan aramsız fikir zərrələri göy üzündə sayrışırdı. Qətiyyətli səsi fəzada anidən əzəmətli sözlərə çevrilib işıq saça-saça qəlbimə, beynimə, yaddaşıma yağırdı. Tarıma çəkilən tar simi kimi gərilmiş səsinin metal qoxulu sədası ərşi  bürümüşdü...

Anladım ki, bütün vücudumu saran bu səs-səda haralardasa oralarda, lap yuxarılarda, Tanrıya ən yaxın yerlərdə qərar tutmuş Məmməd Arazın ruhudur. Fəzada sayrışanlar isə ölümsüz Söz ustadının qəlbindəki qızıl yatağından çıxan parıltılı fikir-düşüncə külçələridir. Hey axır, gəlir, keçir...

Ürəyi boşaldıqca Şair dincəlir.

Hər şey çox təbii, qavranılan idi. Təəccüblü təkcə o idi ki, mən böyük ədibi gördüyümün, səsini-sözünü aydın duyduğumun fərqində deyildim. Rahat-rahat danışmasına heyrət etmirdim. Sadəcə sakit-səssiz ənginlikdə əmin-arxayın gəzir, dolaşır, dərdləşirdik...

 

***

 

"... Qayğılısan, - dedi.- Dünyanı dağıdırsan... Nədən?"

Susdum. "Nədən?.. Siz də bu sualı verirsiniz, ustad? Siz də mi?!"- demək istədim.

Ancaq məni qabaqladı: "Yaxşı, yaxşı... üzülmə...Vətən daşı yadındamı?"- dedi. 

"Əlbəttə. "Vətən qayaları, Vətən daşları" silsiləsinin işığına tək mən yox, milyonlar şərikdi."

Baxdım ki, mən xatırladıqca Məmməd Arazın fikir-düşüncələri canlanıb əngin fəzalara yayıldı, ruhunun əks-sədası aləmi tutdu:

"... Bir qayaya söykənmişəm, deyirəm kaş: bax beləcə daşa dönəm yavaş-yavaş... Danış görüm, a daş qardaş! Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq - Bu daşların, qayaların keçmişini oyadacaq, Ordu-ordu  qayalıqlar insanlığa qayıdacaq... Onda məni - bir balaca daş əsgəri qoyar yəqin qoşulmağa bu cərgəyə, Qayaların keçmişini qayalara yazdım, deyə. Onda Vətən sanar məni bir balaca Vətən daşı, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı..."

Bu sözlərin sehiri mənim də ruhumu çəkib apardı, sonsuz fəzalara ucaltdı. Həzz dolu bu  uyğulu əhval içərisində öz-özümə düşündüm:

"... Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!.. Bu sənət incisi də mən doğulduğum şəhərdə, Şuşada doğulub... Şair o misraları Cıdır düzünün sıldırım qayalarından dilim-dilim yonub vərəqlərə sərəndə mən uşaq idim, onları məktəbdə görüb əzbərlədim. Sonralar tez-tez qayıdardım o qaya kimi sərt misralara... Ancaq heyhat... Doğulduğum qayalar şəhərinə bir də qayıda bilmədim sonralar... Taleyimiz kədərli gəldi..."

"Ora daha heç kim gedə bilmədi, -Məmməd Araz düşüncələrimi duymuşdu. - Şuşada adam qalmadı... Mən o vaxtlar çox haray çəkdim, çox dedim, az eşidildim... Dedim: nə yatmısan qoca vulkan, səninləyəm!.."

Bu an yenə Məmməd Arazın narahat ruhu tarıma çəkilmiş sim kimi inlədi:

"...Səndən qeyri, biz hər şeyi bölə billik. Səndən qeyri biz hamımız ölə billik... Varım-yoxum, səninləyəm, azım-çoxum, səninləyəm, şirin yuxum, səninləyəm... Oyat bizi, ey yaradan, səninləyəm! Ya birmərrə yatırt bizi, ya birmərrə oyat bizi. Ya yenidən yarat bizi! Ey yaradan, səninləyəm! Səninləyəm yatmış vulkan. Səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm!"

Susduq. Xeyli susduq. Deyilməli sözlər deyilirdi...

Ruhunun səsi bitəndə özü dindi:  "Noldu?! - dedi.- Şuşada təkcə vətənin torpağı-daşı yox, namusu da tapdalandı, ayağa duran oldumu? Xırdalanan yatmışlara o karan kar etdimi? Bir qeyrətini satmışın papağı yerə soxuldumu? Bir adı batmışın başına güllə çaxıldımı?"

"Yox, - dedim. - Hamı öz yerində qaldı... Gedən təkcə qayalar üstündə bitən çiçəklər oldu... Bəs Yaradan necə, bizi yenidən yaratmağı düşündümü, ustad?"- soruşdum. 

 

 

(Ardı var)

 

Akif ƏLİ

 

Təzadlar.- 2010.- 2-4 sentyabr.- S.6.