Keçmişimiz -tariximiz...
Yaxud "Mərzili kəndi və mərzililər"
kitabı haqqında düşüncələrim
Hər bir ziyalı öz keçmişini - tarixini bilməlidir. Atasını, anasını, yeddi arxadönənini tanımalıdır. Həm də yaşadığı məkanın adı, tarixi, tarixi şəxsiyyətləri haqqında məlumatlara malik olmalıdır. Bu, hər kəsin vətəndaşlıq borcudur.
Jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tədqiqatçı-jurnalist Asif Mərzilinin birgə yazdıqları "Mərzili kəndi və mərzililər" kitabı mərzililər və Mərzilisevərlər üçün ilk tarixi tədqiqat əsəridir. Gərgin axtarışların, zəhmətin bəhrəsi olan bu kitab arxiv sənədlərinə əsaslanmışdır.
***
Mərzili zəngin tarixə malikdir. Bu, kitabda da qismən öz əksini tapıb. Kitabda göstərilmiş "Xanlıq" yerini (sonradan yaşayış olmadığına görə) 1930-cu illərdən sonra Qarakənd erməniləri boş ərazi kimi ələ keçiriblər. O cümlədən Mərzili Qunça xanımın ermənilər yaşayan Təkir-Miri kəndinə yaxın torpaq sahələrini göstərmək olar. Mərzili camaatı tərəfindən istifadə olunmadığına görə ermənilər mənimsəyiblər. Mərzilinin digər torpağı (xəritə əsasında) İmişli ərazisindədir. Mərzilinin torpaq sahəsi geniş olmağına baxmayaraq, vaxtında qorunub saxlanılmayıb. Ağdam-Füzuli asfalt yolunun altındakı Qarakəndə məxsus torpaq da Mərzilinin olub (hələ bunlar mən bilənlərdir).
"Xanlıq" deyilən ərazini görmüşəm. Dağların, meşələrin ətəyində mənzərəli bir yerdi. Uçulub-dağılmış tikililərin qalıqları son zamanlara qədər dururdu (bəlkə indi də qalmaqdadı). Bu gün işğal altında olmasaydı, oraya ekskursiya etmək və tədqiqat aparmaq olardı.
Təəssüf ki, Mərzili əhalisinin siyahıya alınması 1840-cı ildən başlayıb. Nə etmək olar, müəlliflərin əldə etdikləri rəsmi sənədlər hələki bunlardı. Buna da şükür. Müəlliflər sağ olsunlar ki, Mərzilinin tarixini mərzililərə və gələcək nəsillərə çatdırmaq üçün əllərindən gələni etməyə çalışıblar. Kəndimiz işğal olunmamış tarixçilərimizdən və ya kimsə kaş Mərzilinin tarixi ilə maraqlanmış olaydı (Ənvər çingizoğlu və Asif Mərzili kimi).
Mərzili - yurd yerimiz qoy bizi bağışlasın. O zaman Şühralı dağındakı daş karxanasından çıxan küplərdəki insan sümüklərini arxeologiya və etnoqrafiya idarəsinə (institutuna) təhvil verməmişik. Ya da xəbərdar etməmişik ki, gəlib tədqiqat aparsınlar. Nə də vaxtında qəbirüstü abidələrdəki tarixləri öyrənməmişik. Bu elə mənim də günahımdı.
***
1960-70-ci illərdə kənd camaatı Şühralı dağından "çırtdaş" deyilən sal daşlardan çıxarıb ev tikmək üçün istifadə edirdilər. O zaman daş çıxaranlar oradan küp-qəbirlər tapırdılar. Onlar küpün içində qızıl olduğunu güman edirdilər. Küpün ağzını açanda içərisindən insan sümükləri çıxırdı. Ya da buğdanın kömürləşmiş şəkilə düşdüyünün şahidi olurdular. Daş çıxaranlar oradan məişət, bəzək əşyaları, rəngli muncuqlar tapırdılar. Ancaq heç kimin ağlına gəlmirdi ki, harasa xəbər versin. Belə laqeydliyimiz bizi həmişə geri qoyur. Bu gün tariximizi ermənilərə sübut edə bilmirik.
Əgər Şühralı dağında arxeoloji qazıntı aparılsaydı, bəlkə də ən qədim insan məskənlərindən biri aşkar olardı. Dünyasını dəyişən ağsaqqallarımızın dediyinə görə, Mərzilinin Şühralı dağındakı "Pir", "Ağbulaq" sahələri qədim meşə zolağı olub. Şühralının "Pir" deyilən zirvəsindəki qoca saqqız ağacı, Ağbulaqdakı nar kolları indiyə qədər durur (işğal zonasındadı). Mənim yazdığım faktları hal-hazırda yaşayan ağsaqqallarımızdan İbiş həkim, Bəbir kişi, Arif Əzimov və başqaları təsdiq edərlər.
Arxivə düşməyən adlar çoxdur. Onlardan biri Ədil Mustafa oğlundan əvvəl Mərzili və ətraf kəndlərin yüzbaşısı olmuş Vəli kişidi. Vəli kişi savadsız olsa da, çox tədbirli ağsaqqal olub. Kənd əhalisinin firavan yaşaması üçün əlindən gələni etməyə çalışıb. Onun törəmələri Əliş, Mehralı, Humay və başqalarıdı.
Qunça xanım - kasıblara əl tutan, xeyriyyəçi xanım olub. Mənbəyini dünya şöhrətli alim Xudu Məmmədovun evinin yanındakı dərənin başından götürən kəhrizin müəllifidi. Kəhrizin çaylaqqırağı qazılmış quyuları son zamanlara qədər dururdu. Sona çatdıra bilməyib. Xeyirxahlığına görə sifarişlə bir namərd tərəfindən bacadan güllə ilə vurulub (sifarışçi kəndin yaşlı adamlarına məlumdur). Törəməsi olmayıb. Gülallı tirəsindəndi.
Seyid Məmməd ağa - Mərziliyə sonradan gəlib (təxminən 1900-cü ildən sonraya təsadüf edir). Mərzilidə yaşayıb. Vəfat edəndə kəndin qəbiristanlığındakı bir təpənin üstündə dəfn olunub. Elə orada onun qəbirüstü türbəsi inşa olunmuşdu. Hal-hazırda onun törəmələrindən Mingəçevir şəhərində yaşayanlar var.
ümumuyyətlə, Seyid Məmməd ağanın türbəsindən başqa Mərzilidə 3 müqəddəs ocaq (pir) vardı. Şühralı dağındakı "Pir" deyilən saqqız ağacı. Ocaq dərəsindəki "Mərz" ocağı. Ora ağzı əyilib gedənin bir gecə orada yatmaqla ağzı düzələrdi. Polad dağındakı "Pir" (ocaq) müqəddəs ziyarət yerlərimizdəndir.
Kitabdakı arxiv siyahılarına düşməyən adlar müəlliflərin günahı deyil. Arxivə düşməyən adlar və müqəddəs ocaq yerlərimiz başqa tədqiqat mövzularıdı.
Kitaba haqqında yazılmalı olan Mərzilinin ilk ziyalılarından Məşədi Mahmud oğlu Əmikişi Vəliyevi əlavə edərdim. O, Mircəfər Bağırovun vaxtında İmişli rayonunun birincı katibi işləyib. Oğlu Faiq Vəliyev Gəncə Texnologiya İnstitutunun müəllimi olub. Digər oğlu Fazil Vəliyev özbəkistanın Daşkənd şəhərində hansısa institutun professorudur. Bundan başqa, Surxay Məmmədovun böyük qardaşı Allahverdinin oğlu Yəhya Məmmədovdur, kəndin ilk ali təhsilli zootexniklərindən biri. Dərman bitkiləri ilə müalicə aparmaq qabiliyyətinə malik olub...
***
Tarix yazmaq məsuliyyətli, həm də çətin işdi. Onun üçün gərək son dərəcədə dəqiq, diqqətli və səbrli olasan. Bu məsuliyyətləri üzərinə götürən Ənvər çingizoğlu ilə Asif Mərzili "Mərzili kəndi və mərzililər" kitabını ərsəyə gətirənə qədər yuxusuz gecələr keçiriblər. Hərə öz kefində rahat yatanda, onlar araşdırmalar aparıblar. İstirahətlərini bu tarixi yazmağa sərf ediblər.
Kitabda ulu babaları haqqında məlumat ala bilməyənlər müəlliflərdən inciməsinlər. çünki müəlliflər arxivdəki sənədlərə əsasən məlumatları dərc ediblər. Hamımız onları alqışlamalıyıq.
Şəxsən mən "Mərzili kəndi və mərzililər" kitabına görə jurnalist-etnoqraf Ənvər çingizoğluna və tədqiqatçı-jurnalist Asif Mərziliyə təşəkkür edirəm! Onlar indiki ağır bir vaxt durumunda bu tarixi əsəri gələcək nəsillərə ərmağan ediblər. Kitab daim mənim masamın üstündə olur. Kitabı hər dəfə açıb oxuyanda oradan yeni bir tapıntı əldə edirəm. Yaddaşımın dərinliklərində ilişib qalan suallara cavab tapıram.
Bu kitab Ənvər çingizoğlu ilə Asif Mərzilinin növbəti uğurudur. Onlara daha böyük layihələrdə uğurlar arzulayıram.
Məmməd Gürşadoğlu
Təzadlar.- 2010.- 7-9 sentyabr.- S.15.