Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı

 

(Əvvəli ötən saylarda)

 

...Çox qəribədir, aşıq Əkbərdən sonra onun sənət irsindən bütün türk dünyasında çox bəhrələnənlər oldu. Kimi bu sənətdən dəyər götürdü, kimi də öz səsi, avazı ilə aşıq Əkbərin səsinə, avazına heç olmasa bir qədər oxşarlıq, bənzərlik yaratmağa çalışdı, o cümlədən də güneyli, quzeyli bütün Azərbaycanda bir çox sənətkarlar. Hər yerdə aşıq Əkbər sənətindən bəhrələnərək onu inkişaf etdirən, yaşadanlar oldu. Yalnız aşıq Əkbərin özünün doğulub boya-başa çatdığı Gəncəbasar bölgəsinin bir parçası olan Tovuz rayonundan başqa. Əslində bu, konkret olaraq aşıq Əkbər sənətinə yönəlmiş bir münasibətin nəticəsi deyildi. ümumiyyətlə, XX əsrin sonlarına yaxın Tovuz aşıq sənəti bütünlüklə tənəzzülə uğradı. Daha doğrusu, aşıq Əkbərdən sonra musiqi ifaçılığındakı müəyyən dəyər çatışmazlıqları bir yana, bu bölgədə ənənəvi aşıq sənətinin özü süqut etdi. Bu dövrlərdən başlayaraq, Gəncəbasar bölgəsinin hər yerində olduğu kimi, Tovuz rayonu ərazisində də aşıq sənəti əsasən iki istiqamətdə və iki formada "inkişaf" etməyə başladı: instrumental saz ifaçılığı və qadın aşıqlığı formalarında.

Biz əvvəlki yazılarımızda solo-saz ifaçılığı və onun tarixi xronologiyası, həmçinin funksional mahiyyəti haqqında ətraflı məlumat vermişdik. Ona görə də güman edirəm ki, bu mövzuyla bağlı əlavə şərhə ehtiyac yoxdur. Sadəcə olaraq mən bununla bağlı yalnız onu bir daha deməyi vacib bilirəm ki, ümumiyyətlə, solo-saz ifaçılığı ilkin olaraq böyük sənətkar aşıq Əmrah Gülməmmədov sənətinin ən üstün xüsusiyyətlərindən biri kimi formalaşmış və müstəqil hala keçmiş bir ifaçılıq ənənəsidir. Yəni bu, danılmaz faktdır.

 

***

 

İndi isə bir qədər qadın aşıqlığı haqqında. Bildiyimiz kimi, bu, olduqca maraqlı və müəyyən qədər də mübahisəli bir mövzudur. Digər tərəfdən, xüsusilə Gəncəbasar aşıq sənəti haqqında danışıb qadın aşıqlığı mövzusuna toxunmamaq əsla mümkün deyil. Ən azı ona görə ki, bu gün Azərbaycanda ən ali "Aşıq məclisi"nin, "Dədələr yığıncağı"nın ozanı faktiki bu bölgədən olan aşıq Zülfiyyə İbadovadır. Daha doğrusu, aşıq H.Bozalqanlı, aşıq M.Bayramov, aşıq M.Azaflı və aşıq Ə.Cəfərovun sənət davamçısı olan aşıq Zülfiyyə.

Gəncəbasar aşıq bölgəsi həmçinin qadın aşıqlarının ümumi say çoxluğu ilə də seçilən bir mühitdir. Ona görə də güman edirəm ki, bu mövzu ilə bağlı bir qədər şərh vermək tamamilə yerinə düşər.

Son zamanlar müxtəlif mətbuat səhifələrində, həmçinin telekanallarda bir sualla çox tez-tez rastlaşırıq. Qadından aşıq olarmı?

Yeri gəlmişkən, bu sual ilkin olaraq mənə verilmiş bir sualdır. Özü də çox-çox öncə, daha doğrusu, 2008-ci ildə "Reytinq" qəzetinin müxbiri tərəfindən. Onda mən bu sualı ən qısa şəkildə məhz bu cür cavablandırmışdım. Həmin cavabı bir daha təkrar edirəm: "Ənənəvi aşıq sənətinin peşəkar bir daşıyıcısı səviyyəsində tarixdə heç vaxt qadın aşığı olmayıb, bu gün də yoxdur, heç zaman da olmayacaqdır. çünki heç kimin iradəsindən asılı olmayaraq qadın səsi aşıq musiqisi ifaçılığı üçün yaramır. İstər bu səs qadınlara məxsus ən zil soprano, istər orta-zil messo-soprano, istərsə də aşağı kaltorado-alt səsi olsun. Heç bir fərqi yoxdur. Təbii ki, əgər söhbət peşəkar ifaçılıqdan və bütövlükdə peşəkar sənətdən gedirsə".

Fikrimizin daha aydın olması üçün əlavə olaraq onu da bildirmək istərdim ki, aşıq mahnıları xalq mahnıları kimi bütün həyat hadisələrini özündə əks etdirmir. Onun özünəməxsus səciyyəvi janr xüsusiyyətləri, daha doğrusu, janr məhdudiyyətləri var. Aşıq mahnılarının poetik mətni kimi melodik mətni də özündə yüksək bədii məzmun, fəlsəfi, ürfani, həmçinin sosial köklü ən mühüm etik dəyərlər ehtiva edir. Bunlar isə melodik formada yalnız kişi səsinə xas, xüsusən də tenor intonasiya nümunələri, intonasiya formatları ilə şərh edilə, açıla bilər. Bu funksiyanın icrası üçün qadın səsi yalnız texniki cəhətcə effektlidir, bədii cəhətcə yox. Necə ki, bir ana laylası demək üçün hətta ən məlahətli kişi səsi belə məhz bu cür imkanlara, daha doğrusu, imkansızlığa malikdir. Bildiyimiz kimi, aşıq mahnılarının ifası müxtəlif boğaz qaynatmaları, uzun nəfəsli səslər, mürəkkəb xarakterli zəngulələr fioriturlar, fermatalar və digər texniki priyomlarla daha səciyyəvidir, o cümlədən də reçetativ tərzli sərbəst diksiyalar və vurğulu sfortsando intonasiyalara uyğun oxunuş tərzi ilə. Bəzi halda isə, aşıqların öz sözləri ilə desək, "hərbə-zorba"larla. çox maraqlıdır, görəsən, sırf kişi səsi üçün xarakterik olan bu səs işlətmələrinin, melodik priyomların, boğazların qadın aşıqları tərəfindən icrası, ümumiyyətlə, necə səslənər? Gülməlidir, deyilmi?

Müəyyən mənada Gəncəbasar bölgəsində bu məsələ öz həllini tapmışdır. Belə ki, bu bölgənin qadın aşıqlarının əksəriyyəti haqlı olaraq ənənəvi aşıq mahnılarına heç müraciət etmirlər. Onların reperturalarını əsasən öz zövqlərinə və səs xüsusiyyətlərinə uyğun sevgi-məhəbbət nəğmələri təşkil edir. Məsələn, "ölürəm səndən ötəri", "A Ceyranım", "Göy-gölə gəl" və s. Onu da qeyd etmək istərdim ki, xüsusilə son dövrlər Gəncəbasar bölgəsinin bir çox kişi aşıqları da bu yönümlü fəaliyyətləri ilə qadın aşıqlarından heç də geri qalmırlar. Məsələn, üzündən heç zaman, hətta "Yanıq Kərəmi", "Dilqəmi" kimi  qəmli havalar oxusa belə, gülüş, təbəssüm əskik olmayan aşıq İlham Aslanbəyli və digərləri kimi.

Yeri gəlmişkən, Gəncəbasar bölgəsində ənənəvi aşıq mahnılarına ən çox müraciət edən qadın aşığı aşıq Ulduzdur. Yəni aşıq Ulduzda bunun üçün kifayət qədər təcrübə və ustalıq bacarığı var. Ona görə də aşıq Ulduz bütün aşıq mahnılarını texniki cəhətcə tam düzgün və bütöv şəkildə ifadə edir. Lakin bədii-ruhi təsir və emosional obrazlı məzmun baxımından bu ifalar heç bir məna və melodik fikir bitkinliyi əks etdirmir. Təbii ki, bu da yuxarıda dediyimiz kimi, ümumən qadın səsindəki çatışmazlıqlarla bağlıdır. Yəni bu qüsurlar istər aşıq Ulduz, istərsə də digər qadın aşıqlarının iradələrindən asılı olmayan bir prosesin nəticəsidir. Sadəcə olaraq, bunu qadınların özləri və onlara himayədarlıq edən bir çox folklorşünas alimlər də etiraf etsələr, güman edirəm ki, aşıq sənətimizə daha çox fayda vermiş olarlar, nəinki televiziya ekranlarında bir-birilərini tərifləyərək, el arasında deyildiyi kimi, "üzgörənlik" eləməklə.

 

***

 

Solo-saz ifaçılığı və qadın aşıqlığından əlavə, Gəncəbasar mühitində "aşıqlığın" digər növləri də mövcuddur, sözün əsl mənasında, ağla sığmayan növləri. Məsələn, bir dəfə telekanalların birində belə bir dialoqun şahidi oldum. özünü tovuzlu kimi təqdim edən bir gənc sevimli aktyorumuz Arif Quliyevə öz sənəti haqqında danışırdı. Mən onun hansı sənət sahibi olduğunu ən qısa şəkildə bu cür yadda saxlaya bildim. Vokalist-instrumentalist-parodist-artist-aşıq. Sonradan öyrəndim ki, bu universal sənətkarın adı İlhamdır.

Çox təəssüflər olsun ki, Gəncəbasar bölgəsində aşıqlığın yeni növü tək bu deyil. Bir qədər gülməli də səslənsə, bu bölgədə ənənəvi aşıq sənətini əvəz edən saz-söz aşıqlığı, tamada aşıqlığı, şair aşıqlığı, hətta falçı-cindar aşıqlığı kimi digər yeni aşıqlıq növləri də mövcuddur. Özü də bunlar bu bölgədə daha dəbdə olan aşıqlıq növləridir, o cümlədən də aşıq H.Bozalqanlı,  aşıq Mirzə və aşıq Əkbər yurdu olan Tovuzda.

Gəncəbasar aşıq sənətində xüsusilə də aşıq musiqisi ifaçılığında yaşanan problemlərdən biri də yaşlı nəslə mənsub aşıqların sənət fəaliyyətləri ilə bağlıdır. Nə qədər ağrılı və çətin olsa da, bu məsələyə müəyyən qədər aydınlıq gətirməyi özümə borc bilirəm. Güman edirəm ki, bu, bütün oxucularımız üçün də maraqlı olar.

Tarixən yaşı altmışı, yetmişi ötmüş hər bir aşığa el arasında, adətən, ustad deyiblər. Bu tendensiya bu gün də davam edir. Təbii ki, belə də olmalıdır. Bu cəmiyyətdə həm sənətə, həm də sənətkara olan hörmətin ən bariz ifadəsidir. Lakin onu da etiraf etməliyik ki, bu müraciət forması, titul o qədər də real arqumentlərə əsaslanmır. Yəni bu ifadə daha çox rəmzi məna daşıyır. Əvvəla ona görə ki, ustadlıq gərək yaradıcılığın çiçəklənən vaxtı qazanılsın, qocalıqda yox. Digər tərəfdən, qocalıq əsl ustadların özlərinə də heç nə vermir, əksinə, olan imkanlarını da bir-bir əlindən alır. O cümlədən də yaddaşını, səsini, "barmaqlar"ını və nəhayət, psixoloji tarazlığını. Bu, ilahinin əlilə yazılmış bir qanundur. Bunu gərək sənətkarın özü və ona qəyyumluq edənlər hamıdan daha yaxşı bilsinlər. Əks halda, yetmiş, səksən yaşlarında saz götürüb səhnələrə, ekranlara çıxmaqla nə ustadlıq olur, nə sənət, nə də bu sənətin bir dəyəri. Yalnız özünü və sənəti biabır edib hörmətdən salmaqdan başqa. Dəqiq faktlara müraciət etmək istəməzdim, sadəcə, buna məcburam. özü də ürək ağrısı ilə.

 

***

 

Gəncəbasar bölgəsinin bu gün, necə deyərlər, ağız dolusu ustad adlandırılan aşıqlarından biri aşıq Şəhadət Gülməmmədovdur. Daha doğrusu, "Xəzər" studiyasının "Səyyad" verilişində evlənmək istədiyini və bu işdə bütün tamaşaçılardan ona yardımçı olmağı xahiş edən aşıq Şəhadət. Hələ beş-altı il öncə aşıq Şəhadətin yeddi "Kərəmi" havasından dördü yadından çıxmışdı. Görəsən, indi heç yadında qalanı varmı? çox çətin.

Gəncəbasar bölgəsinin digər bir "ustad" aşığı isə, daha çox sevdiyimiz aşıq Ədalət Nəsibovdur. Aşıq Ədalətin fikrincə, o, cəmi üç-dörd dəqiqəyə "liboy" aşığı bağlaya bilər. Çox təəccüblüdür, görəsən, nə ilə? Görəsən, o kəndirin, örkənin adı nədir ki, "ustad" onunla biçarə aşıqların hamısını belə asanlıqıla bağlayır?

Aşıq Ələsgər Tağıyevin sənət haqqındakı fikirləri isə daha maraqlıdır. Ustad"ın fikrincə, aşıq vəzifə sahibi deyil ki, yaşı çatanda da təqaüdə çıxsın. Aşığın yüz, yüz iyirmi yaşı olsa da elə aşıqdır ki, aşıqdır. Oxuya da bilər, çala da. Görəsən, böyük "ustad" insan yaşının yüz, yüz iyirmi həddi bir yana, onun elə öz yaşında, yəni səksən yaşda aşığın çalıb oxuması deyəndə nəyi nəzərdə tutur?

Fürsətdən istifadə edib bu gün də aşıq Ələsgər və digər "ustad"larla aşıq sənəti haqqında söhbətlər aparıb, məsləhətlər alan əziz dostum professor Məhərrəm Qasımlıdan bu sualın cavabını tapmaqda "ustad"a yardımçı olmağı xahiş edirəm. Axı Məhərrəm müəllimin aparıcısı olduğu verlişin bu cür "ustad" qonaqları çox olub. O cümlədən də hər birinin səksəndən artıq yaşı olan "ustad" Borçalı aşıqları, aşıq Məhəmməd Sadaxlı, aşıq Aslan Kosalı və digərləri. Əminəm ki, Məhərrəm müəllimin rəhbərliyi ilə bu ustadlar bir yerə toplaşıb fikirləşsələr, yəqin bu suala müvafiq bir cavab tapacaqlar. Əgər cavabı tapana qədər sualın özü yadlarından çıxmasa.

 

***

 

Son zamanlar hörmətli millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və təbii ki, himayədarlığı sayəsində Gəncəbasar bölgəsinin bir çox sənətkarlarının yaradıcılıqları ilə bağlı müxtəlif tədbirlər, yığıncaqlar keçirilir. Təbii ki, bunun aşıq sənətimizin təbliği və inkişafı istiqamətində böyük əhəmiyyəti var. Ona görə mən də fürsətdən istifadə edib ilk növbədə Qənirə xanıma öz təşəkkürümü bildirirəm. O cümlədən Qənirə xanımın timsalında bu sənətə qayğı göstərən bütün insanlara onu deməyi lazım bilirəm ki, bu gün Azərbaycan aşıq sənətində mövcud olan bütün problemlər yalnız aşıq musiqisi ifaçılığı ilə bağlıdır, o cümlədən də Gəncəbasar aşıq bölgəsində. Aşıq ədəbiyyatı haqqında kifayət qədər tədqiqatlar aparılıb. Bu sahə yetərincə öyrənilib, inkişaf edib. Hətta o qədər inkişaf edib ki, bu gün respublika əhalisinin kişili-qadınlı az qala yarıdan çoxunu artıq aşıq-şair hesab etmək olar. Ənənəvi aşıq musiqisi ifaçılığının peşəkar qaydada inkişafı istiqamətində isə demək olar ki, heç bir iş aparılmamışdır. Düzdür, bu kifayət qədər məsuliyyətli və çətin bir işdir. Lakin bu həm də ona görə çətindir ki, o, hələ öz həllini tapmamışdır. Daha doğrusu, mövcud olaraq qalır. Əminəm ki, qayğıkeş insanların himayədarlığı ilə bu məsələ öz həllini tapandan sonra biz bu problemlərin kiçikliyini, xeyirxah insanların isə bir daha böyüklüyünü görəcəyik.

 

 

Lətif HƏSƏNOV

 

Təzadlar.- 2010.- 4-7 sentyabr.- S.11.