Ağır daşlar
altında
(Əvvəli ötən
sayımızda)
Xeyli düşünəndən sonra ehtiyatla, az qala qorxa-qorxa pıçıldadım: "ütü, maşa, iynə-sap... Daş, tərəzi, saxtakar... üz qarası, al-ver parası... Sabah, sabahın sabahı... döz, yaşa, yarat... Eh! Təsəllidir bu... yalnız təsəlli..."
"Yox, güc, qüvvət, inam, iradədir bu! - dedi dərhal Məmməd Araz.- Yaradanın sevdiklərinə payı bu bilgidir! çünki bilən güclüdür. Həqiqəti dərk edən, dünyanın gərdişini anlayan sənətkar heç nəyə baxmaz yaradar. Fitri yazar göydən gələn haqq Sözünü yazar. Həyat ağacı ötəri, sənət ağacı əbədidir - bilən bilir! Böyük sənət yaradan xırda tərif-təltifə, əbədiyyəti düşünən müvəqqəti şöhrətə uymaz. Bəşərə xidmət edər, çünki bəşəriyyətə qalan - yaradandır, yarıtmaz yox! Fatehlər qılıncı, padşahlar tacı bir sənətçiyə qibtəkar olar... Yaradan, yaşadan, ad qoyan az tapılır, tək-təkdir. Adsız-sansız boz çoxluq isə dünyadan selləmə gəlir-keçir-gedir..."
Mən susub dinləyirdim. Ustadın qaynar sinəsindən püskürən qızıl külçələr ruhuma yağ kimi yayılır, beynimə dolub yaddaşıma hopurdu. Dünyanın hər üzünü görmüş müdrik sənətkarın üsyankar ruhu başımın üstündə narahat-narahat dövrə vurduğu an mənim də fikrim dünyanı dolaşırdı:
"...Vüqarla yaşamış söz babaları, onu yaşatmasın, sənətkar niyə? ...Dünən əl çalındı bir sənətkara, bir kürsü qulunun rəngi dəyişdi... Şairin gözləri oyulanda da, kirpiyi qısmamış öz qürurunu. Təpədən dırnağa soyulanda da, vüqarı qoymamış "uf' deyə onu... Şöhrət azarına tutulanları şohrətin özü də sağalda bilmir... Biri unudulur yaxşıdır deyə, biri təriflənir arxivlər üçün!.. Oxucu imzası olmayan şöhrət - oğurluq alınmış sənəd kimidir."
"Düzdür, ustad, dedikləriniz min dəfə düzdür! - az qala qışqıra-qışqıra ucadan dedim. - Amma... Axı o şöhrət azarına tutulanlar həmin "Oğurluq Alınmış Sənədlərlə" sənətdə at oynadır, aqillər meydanını nadanlar sulayır, aralıq qarışır, meyarlar itir, yağla şorun qiyməti bir olur. Dəstələr bağlanır, siz-biz bölgüsü, sənin-mənim çəpəri çəkilir... Bu ədalətsizlikdir! Sənətə həqarətdir! Mənəvi süqutdur bu süqut... Heç kimə qoşulmayan, dəstəbazlıq etməyən, saxtakarlıq sevməyən, oğru olmayan, halal yükünü çəkən, Tanrı ətəyindən tutub düz yolunu gedən, vəhylə yazan-yaradan, sağlam ruhlu adam neyləsin? Kimə, nəyə inansın? Necə, nə cür yaşasın, ustad?!"
Məmməd Araz ahəngini pozmadı, danışdı aramla, ahəstə-ahəstə: "Bəli,bu da var... O da var... - dedi və bütün ruhu titrədi: - ...O zamanmı bitdi bizim dilimizin "sənin", "mənim" qabarı da? O zamanmı bitdi bizim dilimizin "haralısan" damarı da?.. Səninləyəm, ulu babam! Bu məsəli kimdi yazan? Hansı soysuz ata idi ataların imzasını çəkıb, ona möhür basan?!.. Hansınızsa xalqa gələn bir qəzadan öz başını yana əydi - Məndən ötdü!.. Məndən ötdü... Sevincə bax, qeyrətə bax! Bunu yazan xilqətə bax!.. Qulağımdan getmir bu səs, məndən ötdü deyənlərin qeyrətindən, namusunu yeyənlərin qeyrətindən! Məndən ötdü... Məndən ötdü!.. Səndən ötən mənə dəydi, məndən ötən sənə dəydi. Səndən, məndən ötən zərbə - Vətən, Vətən, sənə dəydi..."
Əzbər bildiyim bu Söz incilərini onu yaradanın öz dilindən eşitmək, onun nəfəsinin ahəngini duymaq qeyri-adi bir əhval, təntənə dolu bir yüksəklik gətirmişdi ruhuma:
"Dahiyanədir!
- dedim. - İdrakın bu
mərtəbəsi!.. Özü o qədər dərd,
qayğı gəzdirən adam hələ
mənə də qayğılısan deyir...
Mədəniyyətdə, mənəviyyatda
pislikləri, yanlışları görüb
qələmə almaq həm istedaddı,
həm cəsarət. Çünki dünənin saxtalıqlarını bugünün saxtakarlarına, dünənin
qaranlıqlarını bugünün qəlbiqaralarına
anlatmaq ən böyük
problemdir! "Naəhl olana mətləbi qandırmaq olurmu?!"
Yazıq dahi dad deyə-deyə
çərlədi getdi... Vətənin
canına daraşan "mikroblar"
isə getmədi. Bəs nə zaman təmizlənəcək?!
Kim bunu edəcək, ustad? Sənətkar bunu
bacaracaqmı? Sözlər iş görə
biləcəkmi? Biləndisə ulu Nizami Gəncəvinin Söz
xəzinəsi ortadadır. Sözə görə soyulan Nəsimi divanı var.
Böyük Mirzə Fətəlinin fədakarlığı, Həsən
bəyin Vətənə səpdiyi mədəniyyət
toxumları, Üzeyir, Əli, Cavid kimi bəy əfəndilərin əsərləri,
amal və əməl qardaşları Mirzə
Cəlillə Mirzə Ələkbərin köhnə dərdlərimizdən
qalaq-qalaq yazıları var...
O dərdlər isə durur, durur, durur hələ, ustad! Yazdığınız, dediyiniz
o pisliklər qurtarmır axı, Məmməd
Araz! Dünya dəyişsə
də, Vətənin qayaları, daşları belə abadlaşsa, düzəlsə də, əyrilər
düzəlmir, iblisə uyanlar oyanmır,
nadanlar mətləbi qanmır... Nə edək?..
İndi budur, Siz də dünyaya sonuncu sözünüzü
deyib, qardaş qələminizi
də özünüzlə aparıb getdiniz...
Namərd dünyası gələndə qılıncı
atıb qələmi tutmuşduq. Ancaq Xətainin qılıncından göyərən
Məmməd Araz karandaşı da bizi qurtara
bilmirsə əməli əyridən, əli əyridən... Söz daha
ağsaqqallıq eləyə bilmirsə... Nə edək? Necə
edək?.. Qələmi qırıb ataqmı? önlük
taxıb ellikcə qapana
tapınaqmı?!"
***
Həyəcan dolu sual yağışına
şairin ruhu öz ahəngində ahəstə və amiranə cavab verdi:
"...Qələmə
dəymə! Qələm mənim yol
yoldaşım, Qələm mənim oxum,
nizəm. Qələm mənim söz
qardaşım, Qələm mənim mübarizəm... Haqq Sözünü yazan Qələmdir. Qələmin
yazdığı orda, insanlar
arasında dəyər almaya bilər, burda Tanrı qatında isə həmişə
qiymətlidir. Fani dünyada
yerin nahaq sərvəti
göydən enən haqq Sözündən
üstün ola bilməz...
Heç bir mal sahibinə qalmaz, Söz isə həmişə sahibinindir.
Yeyilən yerdə qalar, deyilən - ruhla birgə ucalar. Odur ki əbədiyyətə
Sözlə, Sənətlə ucalmaq
şərəfdir... Tarixdə çox fironlar özünü allah sanıb, çalıb-çapıb, yeyib-qudurub, dünya mənimdir
deyib. Amma
dünyanın sahibi həmişə tək
bir Allah olub, gəldi-gedər fironlar
Onun qolu bağlı
qulları. Görəcəksən... Hamıya dözür
Allah, səbr edir ta zamanı yetənədək. Hamının,
hər şeyin əvvəli-sonu var, bunu O bilir!
Əvvəli orda, sonu
burdadır bəşərin. Dünya
yaradılanın yox, Yaradanındır. Əmələ
düz qiyməti verən kimsə deyil, Odur. İnsan
yerlə göy arasında bir
nəfs sınağıdır: ya quldur, ya ağa..."
(Ardı
var)
Akif ƏLİ,
yazıçı-publisist
Təzadlar.- 2010.- 4-7 sentyabr.- S.8.