Səsin də sehri, sirri var
Sənət ucalığı
Ömrümün əzablı, əziyyətli
vaxtı idi. Xatirələr yadıma
düşmüşdü. Təzəcə huş
aparmışdı ki, yenə doğma diyarım yuxuma gəldi.
Gördüm ki, torpaq dil açıb gileylənir, sakinlərini
səsləyir. Amma onlar küsüblərmiş kimi susurlar,
cavab vermirlər. İnciyən torpaq etinasızlıqdan, yaxud
da çarəsizlikdən lal olur. Elə bu zaman düşmənlər
silahları, süngüləri ilə onu dəlmə-deşik
edirlər. Necə ki, balasına əzab veriləndə ana-ata
ağlayar, bax, torpağımızın bu fəryadından
yuxudan oyandım. Xeyli müddət güvənc çarəmi
necə tapım, bilmədim. Dəqiqələr ötüb
keçirdi, handan-hana bir ifaya ehtiyac duydum. Bu məşhur, dinləyicilərin
rəğbətini qazanmış Süleyman Abdullayevin səsiydi:
"Bəxt məni bu yerə
qonaq göndərdi,
Dağlar, dərələr,
salamat qal..."
Onun səsini ilk dəfə
on yaşım olanda eşitmişəm. O vaxtdan 52 il
keçir. İnsanın taleyi başqa canlılardan ona görə
seçilir ki, o keçmişini ömrünün sonuna qədər
unutmur. Nəyisə, kimisə yad edəndə, xatırlayanda
da qürur hissi keçirir, yaxud da nazilir, kövrəlir,
varlığından sanki cərəyan keçir. Az da olsa
dinclik tapır, gələcəyə inamla, ümidlə
baxır, tarım çəkilmiş əsəbiləri
yumşalır. Yaşım ərzində saatlarla göynəmişəm,
sızıldamışam, bəxtimdən, qismətimdən,
dost-tanışımdan küsmüşəm, ancaq Süleyman
Abdullayevin səsini eşidəndə sanki yenidən
dünyaya qayıtmışam, sevinmişəm, fərəhlənmişəm.
Beləcə, illərdən bəridir ki, sevimli
ifaçımızın səsinin sehrindən, sirrindən
dinclik, təskinlik tapmışam, tapıram da.
Muğam-mahnı sənətimizi
varlığı qədər sevən, ömrünün
ixtiyar çağını yaşayan Xan əmi ilə ötən
əsrin 75-ci ilində Şuşada görüşdük.
Söhbətləşdik, onun dediklərini, səsini, məsləhətlərini
dinlədim. O soruşdu:
- Ay oğul, sən hansı
obadansan?
Qüdrətli sənətkardan
gözləmədiyim suala birbaşa yox, eyhamla cavab verdim:
"Döysən Qarabağda körpə uşağı,
muğamat üstündə ağlar deyiblər".
- Hə, demək biz tərəfdənsən...
Aramızda sükut
yarandı. Handan-hana yenə soruşdu: - Muğamı çox
sevirsən, yoxsa mahnını? Dedim: hansı boyat xatirələrimi
oyadırsa, onu. Cavabımdan o xeyli müddət susdu. Onun 70
illik yubileyi münasibətilə televiziya verilişi
hazırlamaq üçün Şuşaya getmişdim. Nəhayət,
dilləndi: - Oğul, bizlər gəldi-gedərik. Dünya isə
daimidir. Soruşuram, hanı Dirili Qurbani, Aşıq Alı,
Aşıq Ələsgər? Cabbar Qaryağdıoğluna
qalmayan dünya kimə qalacaq?.. Xalqımızın
böyüklüyü ondadır ki, keçmişini unutmur, gələcəyinin
də qədrini bilir. Yadında saxla: Arif Babayev, İslam
Rzayev, Süleyman Abdullayev çox keçməyəcək
ki, milli musiqimizin korifeyləri kimi tanınacaqlar. Qədirbilən
xalqımız tarix boyu sözə-sənətə qiymət
verib, verəcək də!..
***
Süleyman Abdullayev doğma
Qarabağımızın tarixi şöhrəti, sakinləri
qanlı-qeyrətli olan Qoçəhmədli kəndində
dünyaya göz açıb. Əgər belə demək
mümkünsə, elə ilk tərbiyəçisi, ustadı
da ana-atası qədər əziz bildiyi təbiət olub.
Doğma yurd yerlərinin mülayim, həzin,
könülaçan havası çoxları kimi onun da
saçlarına tumar çəkib, üzünü
oxşayıb. Onunla 45 il əvvəl
görüşmüşdüm. Onda incə qəlbli, zərif
ürəkli, həssas duyumlu bəstəkar, şair, tar-gitara
ifaçısı, ən vacibi - alicənab, müdrik,
hazırcavab Bəhram Nəsibov ömrünün bəxtəvər
çağlarını yaşayırdı. Süleymanın
səsinin vurğunu idi. Şam necə ki, gilə-gilə,
damla-damla əriyər, Bəhram da onun səsindən qüvvə
tapar, həvəslənər, qüdrətlənərdi.
Ayların-illərin xoşbəxt çağları - ulu
öndər Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi birinci ərəfələriydi. Baxmayaraq ki, ətrafdan
erməni dığalarının murdar nəfəsi duyulur,
eybəcər səsləri eşidilirdi, amma
Qarabağımız cənnət ömrünü,
dövrünü yaşayırdı. Heç inanmırdı
ki, yenidən başına min bir bəlalar gələ bilər...
Belə şad-xürrəm günlərin birində mərhum
dostum Bəhramla onun maşınında üzüyuxarı -
Füzuliyə doğru gedirdik. Elə bil qismət payı kimi
o, radioqəbulediciyə səs verdi. Süleymanın səsi hər
ikimizi bihuş etdi. Onun "Ya rəbb, əhd etmişəm, bəxtim
üzümə gülsün..." misrası ilə
oxuduğu təsnif-muğam Bəhramı tir-tir titrətdi.
"Ə, belə də yanğılı, dərdli-qəmli
səs olar? Allahım, bu nə sevgidi, nə paydır ona vermisən"
- dedi. Bir fikrimi də xüsusi vurğulayıram ki, Bəhram
Nəsibov bəlkə də üzdə kiminsə
günahını, qəbahətini bağışlayardı,
ancaq bəd əməl sahibinin əvəzinə ürəyində
dərd çəkərdi. Sac üstündə qovurğa
kimi qovrulardı. Alicənablığından dərdini, nifrətini,
qəzəbini dilinə gətirmədiyi üçün də
ürəyi göynərtiyə dözmədi, saraldı,
soldu... Lakin sənət qədri bilənlərə onun sevgi-məhəbbəti
yenə də canlıymış kimi xatırlanır,
yaşayır.
Unudulmaz bəstəkar,
ifaçı, dostum Bəhram Nəsibovdan mənə çox
yadigarlar qalıb. Onların önəmlilərindən, vaciblərindən
biri də çağdaş dövrümüzün mahir
ifaçısı Süleyman Cümşüd oğlu
Abdullayevə məhəbbətimin ikiqat artması olub. Və
bu sevgi bu gün də yaşayır, inşaallah, hələ
çox yaşayacaq da.
Süleyman Abdullayevin
nümunə göstəriləsi bir cəhəti var:
heç vaxt kiminsə diqqətini çəkmək
üçün "çox sağ ol" ifadəsinə
görə yox, ilahi vergisini nümayiş etdirmək
üçün səhnəyə çıxıb. Elə
oxuyub ki, avazı həqiqətin reallığı kimi
canlanıb, yaddaşlarda qalıb. İyirmi beş il Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
(indi QSC-dir) çalışanda ondan xəbərsiz onun
qayğısına qaldım, mərhum dostum Bəhram Nəsibovun
məsləhətinə əməl etdim. Televiziyanın Musiqi
Verilişləri Baş redaksiyasının baş
redaktorları Telman Hacıyevdən, Elbrus Qasımovdan onun
ifalarının lentə alınmasına şərait
yaratmalarını xahiş etdim. Ruhları şad olsun,
sözümü yerə salmırdılar. Hazırda həmin
qurumun videoteka və foneteka fondunda saxlanılan təsvirlər,
səslər öz orijinallığı ilə
yaşayır, hələ çox illər səslənəcək,
yaşayacaq da. çünki Süleyman ömrü boyu əyilməyib,
sınmayıb, yaltaqlanmaq, yarınmaq nə olduğunu bilməyib,
bioqrafik məlumtını unutmayıb. Seyid Şuşinskidən
qayğı görüb. A.Zeynallı adına Musiqi Texnikumunu
özündən əvvəlkilərin adına layiq bitirib.
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əmək
fəaliyyətinə başlayıb. Daha sonra təhsilə
marağı onu hazırkı Azərbaycan İqtisad
Universitetinə aparıb. Ali təhsilini qiyabi yolla başa
vurub. ömrü boyu yalnız səsinə güvənib,
ifaçılıq məharətinə arxalanıb.
Unudulmaz müğənni,
xalq artisti fəxri ada layiq görülmüş, ifaları ilə
əbədi şöhrət qazanmış Əbülfət
Əliyevdən eşitdiklərimi xatırlayıram:
"Süleymanın səsi Allah vergisidir. Onu dinləyənlər
elə bil təbii gözəlliyi gözləri önündə
canlandırır. Təəssüf ki... Elə bilir səsilə,
avazıyla istəyinə çatacaq. Əslində belədir.
Amma... Təbliğatın reallığı olmadan təsvirin
özü zəif görünər".
Ruhunuz şad olsun, Əbülfət
müəllim. Xatirələrdə qalan fikrinizin mən də
şahidi oldum. Ona - Süleyman müəllimə zəng edib
görüşməyimizi xahiş etdim.
Görüşdük. O, mənə bioqrafik məlumatını
da verdi. Həmin qeydlərdə ancaq özünü təqdim
edib. Bəs oxuduğu mahnıların, muğamların
adlarını niyə çəkməyib? Ustad sənətkarımızın
bu cür etinasızlığına əsəbləşsəm
də, yazımı başa çatdırmağı
özümə mənəvi borc bildim. Bax, elə burdaca
yadıma xalq şairi Hüseyn Arifin bu müdrik kəlamı
düşdü:
"Nə verər, nə
verər bu əllər sənə,
Sənin qiymətini təbiət
verib".
Süleyman müəllim,
çoxlarının Dədə Süleyman dediyi ustad, mənə
təqdim etdiyiniz bioqrafik məlumatda oxuduğunuz bir
mahnının, təsnifin, muğamın adına rast gəlmədim.
Heyif... Bəlkə arxayın olmusunuz ki, ifalarınız dillər
əzbəridir, ona görə onları
xatırlatmamasınız, yada salmamısınız?! Hər
variantda, bu vacib idi... Həmin "Tərcümeyi-hal"dan bəzi
cümlələrini olduğu kimi oxucuların diqqətinə
çatdırıram: "Dünyanın çox ölkələrində
olmuşam, rəngarəng konsert proqramları ilə
çıxışlar etmişəm. Dinindən, dilindən,
irqindən asılı olmayaraq dinləyicilər
ifalarımı alqışlarla qarşılayıblar.
Melodiyalarımın ritmi altında qol götürüb
oynayanları da görmüşəm. ömrüm boyu sənətimdən
təmənna ummamışam. Tez-tez toylara dəvət
almışam. Sahibinin güzəranı zəif olanda,
onların verdikləri ödənişdən imtina etmişəm.
Evimə, ailəmə gətirəcəyim azdan-çoxdan
qazancımı yoxsullara, kasıblara paylamışam. Heç
vaxt, heç zaman - nə həyatda, nə səhnədə,
nə də televiziya ekranlarında sinəmə döyüb,
səs ucaldıb, qürur hissi keçirib deməmişəm
ki, mən oxuyanam, müğənniyəm. Xalqımız
böyük, müdrik, duyumlu, düşüncəli, sevən
və nifrət etməyi bacaran xalqdır. Əyrini düzdən
çox yaxşı seçir... Məgər Dirili Qurbani xalq
aşığı fəxri ad almışdı? Onun qiymətini
quruluş, idarəçilik yox, xalq vermişdi. Məşhur
müğənni Ağabala Abdullayev mahnı, təsnif,
muğam oxuyanda səmada uçan quşlar da qanad saxlardı.
Əvəzində o, deməliydi ki, mənə fəxri ad
verin? Xalq artisti tanıyıram ki, yolda-irizdə görənlər
ona salam da vermirlər. Niyə? çünki əməlləri,
amalları iyrəndiricidir, sənətə ləkədir...
Lovğalıq olmasın, küçəyə
çıxanda, xeyir-şər məclislərində "Necəsən,
Dədə Süleyman?" - deyə, o qədər
soruşurlar ki, vallah, az qala taqətim kəsilsin. Dövlətimiz
tərəfindən gördüyüm qayğı bəsimdir.
Sözə, sənətə, sənətkara daim diqqət
yetirən, milli musiqimizin lazımınca qədir-qiymətini
bilən, onun şərəflə yaşamasına var
gücü ilə çalışan ulu öndər Heydər
Əliyevin qayğısı ilə neçə-neçə
sənət adamları kimi mən də Prezidentin fəxri təqaüdçüsüyəm.
Son illər milli musiqimizə
maraq, diqqət, qayğı daha da artıb. Bu xeyirxah, müqəddəs
işin səbəbkarı da geniş qəlbli, təmiz
ürəkli, amallı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır.
Neçə-neçə muğam festivalları
keçirilib, gələcəyin mahir ifaçıları
seçilib. Hazırda bütün dünya
muğamlarımızı həvəslə dinləyir, maraqla
qarşılayır. Mehriban xanımın təşəbbüsü
ilə "Qarabağ xanəndələri" fotoalbomu, disklər
sənətsevərlərin istifadəsinə verilib. Məhz
onun qayğısı sayəsində mən də Heydər Əliyev
adına fondun təqaüdünə layiq
görülmüşəm. Adi bir vətəndaşa,
ifaçıya bundan da artıq hörmət olarmı? Taleyimdən,
bəxtimdən çox razıyam. Səsimi Yaradanımız
verib. Onun saflığı, yaddaqalımlığı
üçün isə çox cəfalar çəkmişəm.
Bax, beləcə gəlib çatmışam
ömrümün ixtiyar çağına. Həm sevinirəm,
həm də qüssələnirəm... Yaşlı adamlar
uşaqlardan daha kövrək, incik olurlar. ömrümün bu
vədəsində doğma el-obama gedə bilmirəm,
ata-anamın məzarlarına həsrət, nisgilli
qalmışam. Neyləyim, necə edim?! Allah şeytana -
işğalçı düşmənə lənət eləsin...
Əvvəllər
"stansı Horadiz" adlanan, indi Füzuli rayonunun mərkəzi
olan, möhtərəm prezidentimizin sərəncamı ilə
şəhər statusu alan Horadizə qədər gedirəm. Yox,
daha irəliləmək, Qoçəhmədli kəndinə
çatmaq olmur... özümdən asılı olmayaraq deyirəm:
İlahi, məni ata-anamın, qohum-əqrəbamın
uyuduğu torpağa həsrət qoyma. ürəyində
nisgil aparanın o dünyada da ruhu göynəyər..,"
***
Süleyman Abdullayevi nə
klassik, nə də müasir ifaçıların heç
birinə bənzətmək niyyətindən uzağam. Onun
öz avazı, oxumaq qabiliyyəti, səs tembri,
vurğuları, qammaları, pəsti, zili var. Elə bu cəhətlərinə
görə də ona valeh, vurğun olmuşam. Hamıya bəlli
olan günəbaxan bitkisi (tum) var: Sübh tezdən, ta şər
qarışana, qaranlıq düşənə qədər
Günəşə doğru boylanar, sanki onun yolunu izləyər...
Dədə Süleymanın da üzü həmişə
yüksəkliyə, ənginliyə, ulu Tanrıyadır.
Vaxt-bivaxt elə hey hündürdən, astadan deyir: "Ya rəbbim,
gəzməyə qürbət ölkə, ölməyə vətən
yaxşıdır..."
Ürəyimdən keçənləri,
sevgimi, məhəbbətimi birnəfəsə
yazdığımdan yamanca yoruldum. İnanıram ki,
maqnitofonda səsləndirəcəyim Süleyman Abdullayevin
şirin, dadlı-duzlu, könüloxşayan səsi
yorğunluğumu canımdan çıxaracaq. Axı səsin
də sehri, qüdrəti, sirri var...
Telman MEHDİXANLI
Təzadlar.- 2010.- 4-7 sentyabr.- S.5.