Ağır daşlar altında

 

(Əvvəli ötən saylarımızda) 

 

Yer üzünə zaman-zaman göndərilən Tanrı elçiləri məhz bu həqiqətləri min illər boyu hey cahillərə xatırladıb, xatırladıb... Sən ki cahil deyilsən, qürurunu itirmə! Olduğun kimi qal. Sözünü, sənətini, saflığını qoru. Yaradıcı insan üçün özü olmaqdan başqa həyat yoxdur! Əsil sənətkar özgə zəncirinə yox, öz ürəyinin işığına bağlanar. ürək işığı - Tanrı vəhyidir, vəhy alanlar dəyərlidir... Dəyərini O bilir, sən də bil. Bunlara inan və bu inamla yaşa, yarat. Yaşadıqca, yaratdıqca yalnız qəlbinin səsini dinlə... Yalnız Tapındığını tanı..."

Şair sanki yüz ildi demək istədiklərini nəhayət, deyib dincəldi, dərindən nəfəs aldı:

"Bu da belə... - dedi. - Odur, zəng çalınır, vaxtdır. Mən daha gedirəm. çox uzaqlara,  əbədi Söz mülkünə. Yaradanın dərgahında Yaradıcılar arasında olacam, qalacam... Məni görmək istəsən kitablarıma bax, yazdıqlarımı oxu, sözlərimi xatırla... Ancaq getməzdən öncə sənə Əbədiyyət yolunu göstərib gedəcəm..."

Heyrətləndim: "Əbədiyyət?!"

Söz sinəsindən qopar-qopmaz şairin ruhu bir anda məni sardı, aldı apardı. Kainatın dibində, ulduzlar arasında, sonsuzluq girdabında həzz dolu bir uçuş keçdik. Xeyli uçduq, uçduq, uçduq...  Sonra Məmməd Arazın çox sevdiyi sıldırım qayalardan birinin ən uca zirvəsində toxdayıb durduq. Baxdım ki, buralar eynən Cıdır düzüdür. Ətrafsa qaranlıq dağlar, dərələr, vahiməli mənzərələr...

Şair əlini qayalıqdan aşağı uzadıb: "Bax, - dedi.- Olacaqlar ordadır..."

Baxdım. Dərin dibsiz uçurumda, qaynar sulu çaylar arasında, od püskürən, atəş saçan yarğanlar qoynunda, isti qum-çınqıllı yollarda, başlarında Ağır Daşlar aparan insanlar keçib gedirdi. Hardansa uzaqlardan aramsız zəng səsi gəlirdi. Düşündüm ki, bu yəqin onlar üçün çalınan əcəl zəngidir.

"Ora haradı, ustad? Onlar kimdi qolu bağlı aparırlar?" - dedim və hiss etdim ki, heyrətdən gözlərim böyüyür. 

"Ora Əbədiyyət yoludur, dostum... Axıra gedən, bəşərin son durağına aparan yoldur... Onlar isə haqqında danışdıqlarımızdır. Ağır Vətən Daşlarını sevməyənlərdi. Demişdim sənə görəcəksən. İndi bax və gör!"

"Baxıram, ustad. Hamısı ordadır... Başları aşağı, qolları bağlı... Bir cərgədə, bir zəncirdə...  Aman, Tanrım! Odur - oğru, quldur, dələduz... Odur - günahsızdan qisas alan məkrli qansız... Dünya mənim deyən lüt firon odur... Odur - əyri, xəlvət iş görən, o da ordadır... Vətəni satan, Xalqı aldadan, Milləti oynadan miskin ordadır... Qapana tapınan kirli önlüklü, tərəziyə barmaq basan kifir üzlü, gözə kül üfürən imtiyazlı, qəzetlərə çirkli pullar bükən üz qarası... O da ordadır!.. İnam oğurlayan, baş aldadan, adam soyan dələduz, hiyləgər dəllal - odur... Ordadır hamısı, ordadır bütün kinli kafirlər, məkrli kiçiklər ordadır, ustad!.. Axirət yolunda, son duraq üstə... Hamısı Ağır Daşlar  altında... Amma bəs axı... Bu necə olur... Onlar həm də yerdədirlər, bizimlə yaşayırlar, meydan sulayır, at oynadırlar, kimlərəsə qənim kəsilir, kimlərisə aldadır, satır, soyur, talayır, pul oğurlayır, gözlərə kül üfürür, yalan deyir, pislik edir, kin saxlayır, məkr göstərir, ara qarışdırırlar..."

Mənim çaşqınlığımı görən müdrik Şair amiranə və ciddiyyətlə:

"Gələcəklər! - dedi.-  Gətirəcəklər hamısını bura beləcə lüt, qolu bağlı! Hər şeyin, hər kəsin bir əvvəli-sonu var dedim sənə! Son budur! O körpüdən keçəcəklər tək-tək ... Tanrı dərgahına axırıncı haqq-hesaba gedəcəklər bir-bir... Məşhəri görəcəklər... özləri bilmir hələ. Onçu yerdə meydan sulayır, at oynadır, kiməsə qənim kəsilir, kimisə aldadır, satır, soyur, talayır, pul oğurlayır, gözə kül üfürür, yalan deyir, pislik edir, kin saxlayır, məkr göstərir, ara qarışdırırlar... Zamanları yetincə gələcəklər, gətiriləcəklər..."

Əbədiyyət qarşısında heyrətdən donub qalmışdım. Mən gələcəyi görürdüm. Tanrı qatında qərar tutmuş ulu Sənətkar göstərirdi mənə bəşər övladının gələcəyini. Yazdıqlarının, yaratdıqlarının  sübutu kimi. Haqq dünyasında haqlı o idi, ona qənim kəsilənlər haqsız. 

 

Əcəl zəngi hey çalır, çalırdı...

 

Məmməd Arazla biz də Cıdır düzündəki sal qaya üstə bir-birimizə sığınaraq gələcəyə baxır, hey   baxırdıq... Yerdəki adamların gələcəyini görürdük, dünyadakı bütün pislərin, pisliklərin taleyini bilirdik.  "Nə miskin görkəmdədir onlar, ustad!" - dedim və bütün bədənim ürpəndi.

Şair gələcəyə baxa-baxa qətiyyətlə, inamla, məni inandıraraq cavab verdi: "Və bu fantastik əsər deyil, dostum, sənətkar yaratmayıb. Yaradan yaradıb bu müdhiş lövhəni. Bax, gör. Mütləq həqiqət budur! Tanrının hökmü, haqqın dərgahıdır! İnan!"

Mən gözümü uçurumdan çəkmədən eyni qətiyyətlə: "İnanıram, ustad! "- dedim.

Heyrət, həyəcan içində nəfəsim kəsilə-kəsilə seyr etdiyim dəhşət dolu mənzərədən heç cür ayrıla bilmirdim. 

Əcəl zəngi isə get-gedə daha gur çalınır, beynim az qalırdı çatlasın...

 

***

 

...Zəng səsi ara vermirdi.

"Sudan gələn sürməli qız" heykəlli gecə lampasının altında durub hər saniyəmi izləyən balaca zəngli saat elə bil çox uzağa getdiyimi görüb həyəcan siqnalı çalırdı. Aramsız cingildəməklə şirin röyamı dağıtmaq, məni geri qaytarmaq istəyirdi. Əslində mən saatın bu xeyirxah təklifinə etiraz etmirdim. Ancaq nə illah edirdim qaranlıq, vahiməli Cıdır düzündən qayıda bilmirdim. Sanki ordakı havasızlıqdan bədənim sıxılır, nəfəsim çıxmırdı. Ha cəhd göstərirdim, ciyərlərimə hava getmirdi, boğulurdum. Artıq nəfəsim tam kəsilmiş,  bədənim gərilmişdi. Düşünürdüm ki, bu - sondur...

Və son anda möcüzə baş verdi: hardansa gələn siqnal əvvəlcə beynimə çarpıldı, sonra  ürəyimə sancıldı, elektrik kimi bütün bədənimdən keçdi və mən qəflətən sıçrayıb yerimdən dik atıldım. Var gücümlə yataqdan qalxıb oturdum. Nəfəsim qayıtdı... Gözlərim açıldım... ürəyim gup-gup vurur, başım bərk ağrıyırdı. Dərindən nəfəs ala-ala ciyərlərimə çoxlu hava çəkdim.

Özümə gələndə birinci xilaskarımın, gecə lampasının altında keşiyimi çəkən balaca zəngli saatın başından basdım. Beynimi dələn zil səsi dərhal kəsildi. Səhər saat 6 tamam idi. Demək gecə  kitab oxuya-oxuya yuxuya getmişdim. Bütün yuxu boyunca davam edən nurlu söhbətimiz isə sanki bir an çəkmişdi. O an bitmiş, Məmməd Araz qeybə çəkilib getmişdi. Mən yenə İti Bazarında Atından Baha dünya ilə baş-başa qalmışdım...  

Dahi Söz ustadının pak ruhu isə indi yəqin haralardasa çox uzaqlarda, əbədi Söz mülkündə, Sənət azmanları arasında asudə dolaşmaqda idi. Bəlkə də Tanrı dərgahına köhnəlmiş  dünyanın yeni  adamlarını sıxan, incidən, ağrıdan dərdlərdən danışmağa getmişdi: "Ya rəbbim, bu dünya sən quran deyil, fəzada yerini dəyiş dünyanın..." - deyib bizlər üçün dua edirdi...

 

***

 

...Gördüyüm dəhşətli yuxunu düşündüm. Sirli röyama yozum tapmağa, mənasını anlamağa  çalışdım. Yuxuda yaşadığım təntənəli-pafoslu ab-hava beynimdən getmirdi. Şairin dediklərini unutmamaq üçün əlimi gecə lampasının altında, saatın yanında həmişə cazibədar ağ sinəsi açıq yatan qeyd dəftərçəsinə uzatdım. Xətai Qılıncından göyərən Məmməd Araz Karandaşına bənzəməz sadə Qələmi götürüb yadımda qalanları yazmağa başladım...  

Və yaza-yaza köhnə söz meydanında təzə söz axtaranda böyük Söz sərrafı yadıma düşürdü. Onu bir də görmək istədim. Gecə yuxu aparanda əlimdən sürüşüb düşmüş kitabı götürüb açdım, qaldığım yerdən oxumağı davam etdirdim:

"Bir zərrənin işığına milyonlar şərik, Dünya sənin, Dünya mənim, Dünya heç kimin!.. Bu get-gəllər bazarına dəvədi dünya, bu ömür-gün naxışına həvədi dünya. Əbədiyə qəh-qəh çəkər əbədi dünya... Dünya sənin, Dünya mənim, Dünya heç kimin..."

 

 

Akif ƏLİ,

yazıçı-publisist

 

Təzadlar.- 2010.- 16 sentyabr.- S.10.