İnsan ucalığı, sənət zirvəsi

 

Adil Rza oğlu İsgəndərov bütöv xarakterə malik şəxsiyyət idi. Ömrü boyu kiminsə önündə əyilməyib, yalandan gülməyib, vədlər verməyib, sözünü, amalını, əqidəsini dəyişməyib. Son nəfəsində daxilində güc, qüvvə toplayıb, tək bircə bu fikri deyib: "Süleyman peyğəmbərə qalmayan dünya mənə də qalmadı". Onu yaxından tanıyanlar bilirlər ki, mərhum alicənablığına, qayğıkeşliyinə, mərhəmətinə, uzaqgörənliyinə, azərbaycanlı olduğundan fəxr etdiyinə görə müqəddəs xisləti duyğularla, amallarla ömür yaşayıb.

O, Gəncə şəhərində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumunu, Mokvada A.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdi. 34 il Akademik Dram Teatrda rejissor, baş rejissor, direktor işləmişdi. Səkkiz ildən artıq "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışmışdı. çoxlu tamaşalara quruluş vermiş, indi də dönə-dönə xatırlanan səhnə, kino obrazları yaratmışdı. Quruluş verdiyi məşhur "Əhməd haradadır?" filmi onun şöhrətini daha da artırmışdı. Əlli ildən artıq İncəsənət İnstitutunda dərs demişdi. Sabiq SSRİ-nin xalq artisti, dövlət mükafatı laureatı, neçə-neçə fəxri adlar, ordenmedallar almışdı. Ən vacibiheç zaman unudulmayan şöhrət, titul qazanmışdı: xeyirxah insan!

Yeniyetmə Adil 10-12 yaşlarında teatra sonsuz maraq göstərərdi. Gəncə Pioner evində uşaqlar üçün hazırlanan tamaşalarda fəal iştirak edərdi. Orta məktəbin sonuncu sinfində oxuyanda təşəbbüs göstərir: "Qaçaq Kərəm"ə "quruluş" verir. Həmin tamaşaya baxan unudulmaz yazıçı-dramaturq Cəfər Cabbarlı gənclərin işini bəyənir, Adillə yaxından tanış olur, onu Bakı Teatr Texnikumunda təhsil almağa dəvət edir. Bəzən xırda bir diqqət, qayğı insanın taleyində fərəhli hadisəyə çevrilir. Adil İsgəndərovun həyatında olduğu kimi. O, texnikumda nüfuz qazanır, istedadı, teatr sənətinə sonsuz sevgisi, marağı ilə tanınır. Təhsilini başa vuran ili Moskvada Teatr Sənəti İnstitutuna daxil olur. Eyni zamanda Vaxtanov adına teatrda işləyir. İnstitutu bitirib Bakıya qayıdanda onu - 26 yaşlı gənci Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin edirlər. Əlbəttə, istedadına, qabiliyyətinə, səhnəyə sonsuz sevgisinə, ən vacibi, teatrsevərlər, aktyorlar tərəfindən alqışlarla qarşılandığına görə. Milli teatrımızın fədailərindən biri Aleksandr Tuqanov həmin vaxtlar Akademik Dram Teatrın bədii rəhbəri idi. Adil İsgəndərovun təşkilatçılığını, istedadını görəndən sonra könüllü olaraq ərizə yazıb işdən çıxır. Həmin vəzifəni gənc rejissora etibar edirlər.

28 yaşında Adil müəllim teatr sənətinin ən böyük, ən unudulmaz, tarixə qızıl hərflərlə yazılmış uğur qazanır. Xalq şairi Səməd Vurğunun "Vaqif" pyesinə verdiyi quruluş orijinallığı ilə sevilir. Respublika rəhbərliyi onun əməyini yüksək qiymətləndirir. Ona xalq artisti fəxri ad dövlət mükafatı verirlər. Əsərin müəllifi Səməd Vurğundan yadigar qalıb bu müqəddəs fikir: "Vaqifi Tanrı yaratdı, mən yaşatdım, Adil ona ikinci ömür verdi".

Vaqif obrazının bənzərsiz yaradıcısı Ələsgər Ələkbərov demişdir: "Adil İsgəndərov teatrı varlığı qədər sevir. Verdiyi mizanlar ifaçıların, tamaşaçıların canına sarı yağ təki yaylır. O, qədər yumşaq təbiətliysə, bir o qədər sərt adamdır. Dilinə yalan gəlməz. Rol bölgüsündə təkcə aktyorun boy-buxununu yox, həm səs tembrini, göz ifadələrini, sifət cizgilərini nəzərə alır. Adil əsl məktəbdir. Fəxr edirəm ki, mən həmin məktəbdə bilmədiyimi öyrənmişəm". A.İsgəndərovun quruluşunda "Vaqif" tamaşası 1000 dəfədən artıq oynanılıb. Dünya teatr tarixində belə hadisəyə çətin ki, rast gəlmək olar.

Əsərdən-əsərə daha da şöhrət, tamaşaçı məhəbbəti qazanan rejissor bir-birinin ardınca "Həyat", "Fərhad Şirin", "Xanlar", "Od gəlini" tamaşalarına quruluş vermişdi. Onun "Otello"sunna baxmaq üçün dünyanın çox ölkələrindən Bakıya gəlmişdilər. Məşhur rus sənətşünası Aleksandr İvanov həmin səhnə əsərindən aldığı təəssürat barədə yazmışdı: "...Quruluşçu rejissor Adil İsgəndərov teatr aləmində əsl inqilab edib. Mən Azərbaycan dilini bilmirəm. Lakin ifalar o qədər maraqlı, həyat həqiqətinə uyğundur ki, sanki onların (aktyorların) dediklərini öz dilimdə eşidirdim. "Otello"ya qarşı bu cür sevgini, diqqəti, peşəkarlığı heç bir teatrda görməmişəm".

Bu gün - yəqin gələcəkdə - Adil İsgəndərovun tarixi şəxsiyyət kimi xatırlanmasına başlıca səbəb onun yüksək səviyyədə insani keyfiyyətlərə, xarakterə malik olmasıdır. İkinci Dünya müharibəsi illərində doğmaları cəbhəyə gedən ailələrin qonağı olmuş, "qara kağız" alanlara təskinlik vermiş, fərəhlənənlərin sevinclərinə qoşulmuşdu. O, yaradıcılığında əsl məktəb yaratmışdı. Aktyorlar, rejissorlar onun qayğısını görmüşdü. Teatr sənəti üzrə İncəsənət İnstitutunu vaxtilə bitirənlərin əksəriyyətinə dərs vermişdi. Tələbələrinə deməzdi ki, bu jesti, nüansı mənim kimi et. Deyərdi ki, rolun xarakterinə uyğun davran, oyun göstər. Əgər bacarmırsansa, sənətdən kənarlaş. Aktyor bəzən ifasına görə səhnədə əyilir, yalvarır. Lakin həyat səhnə deyil. Gərək elə yaşayasan ki, sonralar peşmançılıq hissi keçirməyəsən. Son sözü isə belə olardı: "Yadınızda saxlayın, yaşamaq - yanmaqdır. Xəcalətli, utana-utana ömür sürməkdənsə, birdəfəlik ölmək daha yaxşıdır. Abır-həyasını gözləyənlər, sənətə sevgisi olanlar dünyalarını dəyişəndən sonra da unudulmurlar, ehtiramla xatırlanıb, yad olunurlar".

Respublikanın xalq artisti, tanınmış teatr rejissoru Ağakişi Kazımov demiş, "Ruhun şad olsun, Adil İsgəndərov".

Unudulmaz sənətkar illərlə könül açdığı, sevib-seçdiyi teatr sənətində çalışdı. Bəlkə özünün istəyi olmadan ötən əsrin altmışıncı illərində onu C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə təyin etmişdilər. O, bu sahədə yeni era yaratmış, baş ucalığı qazanmışdı. Neçə-neçə kinoaktyorların yetişməsinə, formalaşmasına var gücü ilə çalışmışdı. Xalq artisti, mərhum Lütvi Məmmədbəyov deyərdi: "Adil müəllimin sənətə yeni gələnlərin bircə dəfə gözlərinə baxmağı kifayət idi ki, onlara ya "" desin, yaxud da "yox"..."

Rasim Oacaqov, Tofiq Tağızadə, Arif Babayev, Rasim İsmayılov bir çox başqaları onun yetirmələri olmuşdu.

Kinostudiyanın direktoru işləyərkən Adil müəllimin arzularından biri "Vaqif" əsəri əsasında ikiseriyalı bədii film çəkmək olmuşdu. Amma niyyəti baş tutmamışdı. Çünki əsas qəhrəmanın ifaçısı - Ələsgər Ələkbərov dünyasını dəyişmişdi. O, son nəfəsinə qədər həmin filmin çəkilişinin həsrəti, nisgili ilə yaşadı.

A.İsgəndərov təkrarolunmaz, bənzərsiz kinoaktyor idi. Onun min bir həvəslə yaratdığı "O olmasın, bu olsun"da Qoçu, "Qara daşlar"da Xəlilov, "Uzaq sahillərdə" Rosselini, "Romeo mənim qonşumdur"da Quliyev, "Qanun naminə"də Kamilov, "Axırıncı aşırım"da Kərbəlayı, "Dərviş Parisi partladır"da Hətəmxan ağa, "Arxadan vurulan zərbə"də Dadaş obrazları kino sənətimizin tarixinə əbədi yazılıb. O, oynadığı rolların taleyini yaşayanda, yəni çəkiliş zamanlarında təkcə qiyafələrini dəyişməyib, həm insan psixologiyasının mahir bilicisi kimi kamera önündə istedad qabiliyyətini ustalıqla, məharətlə seyrçilərə çatdıra bilmışdır.

İstedadlı aktyor, rejissor "Əhməd haradadır?"ın ssenarisini oxuduqdan sonra ona quruluş verməyə razı olur. O, xatirələrində yazıb: "Mən kəndlə şəhər arasında doğmalığı, illərlə görüşməyən dostların təsadüfən rastlaşanda sevinc-fərəhlərini incə ştrixlərlə verməyə çalışdım". Bu səbəbdən "Əhməd haradadır?" bədii, tammetrajlı film milli dəyərlərimizin, mentalitetimizin təsviri, tərənnümü kimi baxılır yaddaşlarda qalıb. "Əhməd haradadır?" ekran əsərində Adil müəllim orijinal dəst-xəttə üstünlük vermişdi: Zəmanəsinin sevilən aktyorları Əlağa Ağayev Lütvəli Abdullayevin satirik, gülüş jestlərindən kifayət qədər bəhrələnmiş onların ifalarını iri planda tamaşaçılara çatdırmışdı.

Adil müəllimin vaxtilə dərs dediyi yetirmələri bu gün teatrımızın, kinomuzun inkişafında var gücləri ilə çalışır, istedadlı aktyor, rejissor kimi tanınırlar. "Əhməd haradadır?" filmində sürücü Əhmədi oynayan Elxan Qasımov müəllimin, qayğıkeşin, ustadın ehtiramla, ata məhəbbəti, hörməti ilə xatırlayaraq dedi: "Ustad sənətkar ilk baxışda qaya kimi sərt görünərdi. Əslində isə ipək kimi yumşaq xarakterə malik insan idi. Tələbələrini balası qədər istəyərdi. Hər birimizin qayğımıza qalardı. Nəyə ehtiyacımız olub-olmadığını soruşardı. Biz ona güvənər, arxalanar, adını qürur hissi ilə çəkər, ardınca inamla gedərdik. Qəfil əcəl onun da, biz yetirmələrinin arzusunu ürəyimizdə qoydu. 68 yaşında həyatdan köçdü. Dünya kimə qalmışdı ki, ona da qalaydı?!."

Bir qərinədən artıqdır ki, görkəmli aktyor, rejissor, unudulmaz pedaqoq, sədaqətli dost, səmimi insan Adil Rza oğlu İsgəndərov haqq dünyasına qovuşub. Amma nailiyyətləri, xidmətləri, qayğıları unudulmur, dönə-dönə xatırlanır, yad olunur. Çünki o, şərəfli ömür yaşamış, halal, gərgin zəhməti ilə sənət zirvəsinə ucalmışdı.

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2010.- 16 sentyabr.- S.11.