QAR AĞACI QƏBRİSTANI

 

Orda Qarahacı qəbristanında

Ruqiyyə adında bir dostum yatır.

Mən gedə bilmirəm, mənim adımnan,

Buludlar ağlayır, yağışlar yağır.

Orda bir ağac var qara ağacdır,

Budağı qaradır,yarpağı qara.

Orda qönçələr də qara gül açır.

Orda çiçəklərin qan bağrı yara

Bizi gözləməkdən yol da saralıb

Biz ki, o yollara yolçu deyilik.

Ağdamın, Şuşanın adınnan durub

Utanmaz-utanmaz sağlıq deyirik.

Deyirəm yağının əlində olan

Qəbirlər salamat dururmu indi.

Didərgin ruhlardır əsirdə qalan

Gözləri yolları yorurmu indi.

Görəsən sağdımı doğma qəbirlər

Əsir başdaşları yola baxırmı.

Görən necədilər, gündədilər

Tikanı, kol-kosu dizə çıxırmı.

 

Hər daşın üstündə bir adam şəkli

Ordan oğlan baxır, bir qız boylanır.

Ordan qaşlarını çatıb dağ kimi

Papaqlı dağ kişi yalqız boylanır.

 

Xanım nənələrin zümzüməsidir

Hər gün qəbristanı başına alır.

O ağa nəfəsi, seyid səsidir

Belə haray salır, belə hay salır.

Hər qəbrin başında bir didərgin ruh

Elə məlul-məlul boynunu burub.

Bizsiz darıxıbdı bu gor, bu gorgah,

Bizi küləklərdən, yellərdən sorub.

Baş alıb uzanır bu qəbristan

ölü-nə diri, doğma doğmadır.

Dünyada qənirsiz çoxdu gülüstan

Mənim gülüstanım elə buradır.

Keçmişim, dünənim orda uyuyur

Ulu əcdadların məskənidir o.

Mənim ölülərim darda uyuyur

Didərgin ruhların Vətənidir o.

Bir gün bezəcəklər şimşək tək çaxıb

Yağının üstünə ruhlar gedəcək.

Bizim yerimizə ayağa qalxıb

Ruhlar bu Vətəni xilas edəcək.

 

 

AĞDAM-QARA DAM

 

Çörəyinnən yedik, suyunnan içdik,

Keçmişi unutduq Ağdam-qara dam.

Bir can qorxusuyla varınnan keçdik,

Sırsıra  bağlayıb olduq qar adam.

Qaraldı torpağın, qaraldı göyün

Qaralan tüstüdən asılı qaldın

Mən durub baxanın biriyəm neynim?

Sərhəddə xəndəyə qısılı qaldım

Sənli keçirtdiyim günə qayıtdım.

Neçə həyətləri dolaşdım bir-bir

İllərdi mürgülü ana qayıtdım.

Bütün ağaclara dırmaşdım bir-bir

O səkidən keçdim, o yoldan keçdim.

Qoşa minarənin yanında durdum

Duru kəhrizlərin suyunnan içdim.

Yarpağı da duydum, daşı da duydum

Qaçdım gen dərədən, Uzundərədən,

Bir uşaq tozuma çata bilmədi

Ötdüm neçə doğma bucaqdan, yerdən.

At çapdım uçrumda atam bilmədi

Başım daşa dəydi ayıldım birdən.

Gördüm lələ köçüb, yurdu ağlayır

Yurdunu sevənlər əriyib dərddən.

Hamının gözündə dərdi ağlayır

Gördüm doğma yerlər alışır, yanır

Başımın üstünnən güllələr keçir

Sütül yurd qoruyur, səddə dayanır.

Hər güllə özünə bir sütül seçir

Xəndəyə sığınıb hönkürürəm mən,

Bu aciz halına odlanır adam.            

Orda tüstü qalxır doğma yerlərdən

Tüstüdə qaralır Ağdam-qara dam.

 

 

Esmira Məhiqızı

 

Təzadlar.- 2010.- 18 sentyabr.- S.11.