Yurd həsrəti onu bu dünyadan apardı

 

Şahmarın haqqında xatirə yazmaq, keçmiş zamanda danışmaq çətindir. Amma buna məcburuq. Gümanımız onunla bağlı gördüklərimizi, eşitdiklərimizi xatırlamağa çatır. O, heç vədə kədərini üzündə, baxışlarında bildirməzdi. İşıqlı təfəkkürüylə, yaraşıqlı qamətiylə, həssas qəlbiylə seçildiyi kimi, həm də publisistik yazılarıyla, bədii yaradıcılığıyla tanınardı. Misralarında yurd yerlərimizin əlvan mənzərələrini göz önündə canlandırardı. çöhrəsindən sevinc, dodaqlarından təbəssüm əskik olmazdı. Amma ötən əsrin sonlarından, ermənilər yenidən quduzlaşandan onun da eyni açılmadı. Hiss olunurdu ki, şam kimi əriyir...

Haqqında söz açdığımız Şahmar Əkbərzadə Qarabağın göz güldürüb, könül açan çəmənli kəndində dünyaya göz açmışdı. Uşaqlığı ağır günlərə düşmüşdü. İkinci Dünya müharibəsinin vahiməsi, bundan da betər zəruri ehtiyac onu da sıxmış, çətinliklərə məruz qoymuşdu. Əzab-əziyyətlərə baxmayaraq, təhsil almağa maraq göstərmişdi.

Orta məktəbi başa vurub Şuşa Pedaqoji Texnikumunda oxumuşdu. Təhsilini bitirdikdən sonra bir müddət doğma obalarında müəllim işləmişdi. 1960-cı ildə Bakıya gəlib, Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutuna qəbul olundu.

Hazırcavab tələbə kimi tanındı, müəllimlərinin hörmətini, oxucularının rəğbətini qazandı. Həmin dövrdə onun "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş "Könlüm keçir Qarabağdan" məqaləsində oxuyuruq: "Hər bir canlının yurd-yuvası olur. Elə quş var ki, yuvasına  naməhrəm nəfəs toxunanda küsür, əziz bildiyi ünvana qayıtmır. İnsan da belədir. Gərək onu küsdürüb, incitməyəsən... Ulu babalarımızın çox böyük qəbahəti onda olub ki, anamız qədər sevdiyimiz torpağımıza ermənilərin gəlməsinə razılıq veriblər. Bəlkə də bu heç onların qəbahəti deyil, zamanın, quruluşun hökmü qarşısında aciz qalıblar..."

Hələ ömrünün gənc çağlarında el-oba qədri bilər, vətən sevgisini daim uca tutardı.

Ş.Əkbərzadənin qismətində mətbuatda işləmək, yazmaq-yaratmaq varmış. Xeyli müddət "Azərbaycan gəncləri", "Xalq qəzeti" redaksiyalarında çalışdı. İşıq üzü görən kitablarına, dərc olunan məqalələrinə görə onu Yazıçılar, Jurnalistlər İttifaqlarına qəbul etdilər. "Araz", "Qızıl qələm" mükafatları laureatı oldu. ömrünün son gününə kimi "Mədəniyyət" qəzetinin baş redaktoru vəzifəsində çalışdı.

1986-ci ildə "Azərbaycan gəncləri" qəzetində dünya şöhrətli yazıçı Çingiz Aytmatovun "Əlvida, Gülsarı" (dilimizə çevirən xalq yazıçısı Ə.Əylislidir) povesti haqqında ətraflı, analitik təhlilli silsilə məqalələr yazmışdı. Şair-publisist əsərin baş qəhrəmanının - atın obrazını inandırıcı, bədii boyalarla yaratdığı üçün görkəmli qələm sahibinə Azərbaycan oxucuları adından dərin hörmətini, minnətdarlığını bildirmişdi. Müəyyən vaxt keçəndən sonra xalq şairi Bəxtiyar Vahabzadə dostu çingiz Aytmatovun həmin məqalədən razılıq məktubunu gənc həmkarına vermişdi. çingiz Aytmatov yazmışdı: "Mən sizi görməmişəm, yaxından tanımıram. Lakin yaradıcılığıma verdiyiniz dəyərli qiyməti bütün oxucularımın ümumi fikri, qənaəti kimi qəbul etdim. Sizi heç zaman unutmaram. Qismət olsa görüşərik..."

Mülayim xasiyyətinə, can deyib-can eşitməsinə görə Şahmarın xatirini istəyənlər çox idi. Onun isə üç sadiq, sədaqətli dostu vardı: xalq şairi Bəxtiyar Vahabzadə, unudulmaz elm xadimi Xudu Məmmədov, bir də dünya şöhrətli şair-yazıçı, ictimai-siyasi xadim Oljas Süleymenov, Bəxtiyar Vahabzadə təxminən otuz il əvvəl yazıb: "Hər dəfə Şahmarı görəndə, səsini eşidəndə gözlərim önündə külli Qarabağ canlanır. Seyidin, Xanın avazları yaddaşımda oyanır..."

Xudu müəllim isə 1977-ci ildə "Elm və həyat" jurnalında dərc olunan müsahibəsində demişdi: "Şahmar kimin qarşısına çıxırsa, o, daxilən durulanır, sanki şüurunda  işıq yanır..."

Üçüncü dostu ilə əlaqədar bir mənzərəni üstündən illər keçməsinə baxmayaraq, dünən olubmuş kimi xatırlayırıq.

...On altı il əvvəl yanvar ayının 23-ü idi. Sovet ordusu Bakıda qanlı faciə törətmişdi. Bu xəbəri eşidən, hələ 1966-cı ildə sovet rejiminin iç üzünü "Az i Ya" publisistik kitabı ilə dünyaya tanıtdıran Oljas Süleymenov dərdimizə şərik çıxmaq üçün Azərbaycana gəlmişdi. Şahmarla Şəhidlər Xiyabanının qənşərində görüşdülər. Hər ikisinin göz yaşları qurumaq bilmirdi. Minlərlə insanların ağı-fəryadı, nalə-harayı yalan oldu.

Oljasla Şahmarın hönkürtüsü gerçək! Handan-hana qazax xalqının məşhur oğlu dedi: "Əziz qardaşım, daha bəsdir, ağlama. Məgər bilmirsən ki, azadlıq, müstəqillik üçün mütləq qan tökülməlidir?! Xalqınız yanvarın 20-dən müstəqillik tarixinin bünövrəsini qoydu".

Şahmarın qələmindən çıxan hər misra, hər cümlə sanki od olub gözləri, könülləri yandırardı. "Qürbətin sarayından vətəndə qəbir gözəl" misrası ilə başlayan şeiri də ədəbi hadisə kimi qarşılandı. Şair vətən torpağının hər qarışını müqəddəs varlıq kimi təsvir, tərənnüm edərdi. Dost və qardaş Türkiyə Cümhuriyyətində məşhur ziyalı, Şahmara "qardaş" deyə müraciət edən İrfan ünvər Nəsrəddinoğlu yazıb: "Onun yaradıcılığını dəyərləndirənlərin başında ustadımız Bəxtiyar Vahabzadə dayanır. Ədəbiyyata gəlişi də ilk dəfə onun xeyir-duası ilə olub. Ünlü azəri şairləri Nəbi Xəzrinin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Məmməd Aslanın və başqalarının Şahmar yaradıcılığına verdiyi qiymət onun poeziyasının yaşarlığına tutarlı zəmanətdir. İncə, kövrək qəlbli qardaşım  müdriklərin etimadını layiqincə doğruldub".

Ötən əsrin sonlarında "Mədəniyyət" qəzeti işıq üzü gördü. Onun ilk redaktoru Şahmar Əkbərzadə oldu. Hər nömrəsi böyük maraqla qarşılanardı. Həm də bu elə bir ərəfəydi ki, ermənilər gördükləri yaxşılığı, xeyirxahlığı unudub üstümüzə od ələyirdi. çarəsiz qalmış yerli sakinlər ata-baba yurd yerlərindən baş götürüb qaçmağa məcbur olmuşdular. O günlərdə Şahmarın "Həsrət qoxlayıram çiçək yerinə" şeiri çoxlarının dilində  səslənirdi:

 

...Axıb Arazlandı qızıl qanımız,

Zorla qürbətləndi xanimanımız,

Yada ətir saçdı gülüstanımız,

Mən həsrət qoxladım çiçək yerinə.

 

Şahmar Əkbərzadə bənzərsiz publisistik yazılar müəllifi idi. Nədən, kimdən yazırdısa həmin mənzərə, portret canlıymış kimi göz önündən keçərdi. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin haqqındakı oçerki bu gün də çoxlarının yaddaşında yaşayır. O, 1990-ci ilin əvvəllərində ermənilərin tarixi abidələrimizin, mədəniyyət ocaqlarımızın yaman günə qoyacaqları barədə həyəcan təbili çalırdı. Təəssüf ki, bu haray-həşir o zamankı respublika rəhbərlərinə çatmırdı. Nəticədə Şahmar məyus olurdu, sarsılırdı, ürəyinə ağrı düşürdü.

Şahmarın son dərəcə sədaqətli ailə başçısı idi. Həyat yoldaşı Mələk xanım deyir: "İllərdən bəridir o müdhiş günün ağrı-acısını yaşayıram. Göz yaşım qurumur. Bilirəm, o, bizdən həmişəlik ayrılıb. Amma buna iananmıram. Hənirti eşidəndə diksinirəm... Elə bilirsiniz Şahmar haqq dünyasında dinclik tapıb? İnanmıram! Onun ruhu gah bizimlədir, gah da Qarabağın səmasında dolanır". 

Oğlu Əkbər isə yazıb: "Daha nə sərhədçilər, nə də tikanlı məftillər sənin yolunu kəsə biləcək, ata. Sən bəyaz bir göyərçin kimi istədiyin zaman Təbrizə, Qarabağa, Göyçəyə uça biləcəksən. Daha Zeynalınla (Məmmədov), Xudunla, gecə-gündüz dərdlərini çəkdiyin şəhidlərinlə görüşmək üçün xəyallara, xatirələrə ehtiyac qalmadı... Bəs biz - intizarını çəkənlər neyləsin?.. Sən mənim üçün həmişəyaşarsan! ölümsüzlüyün mübarək olsun, ata!"

Şahmarın ilk şeirlərindən biri "Mərkəzi poçtxana"dır. Oxuyuruq: "...Xəbər ver, cənuba köçən durnalar, bu gecə qəlbimdə gecələsinlər". Sonuncu şeiri isə "Əkbəroğlu"dur. Ağır, sarsıntılı olsa da, onun özünə müraciətlə yazdığı bu misralarını xatırlamaya bilmirik:

 

Qiymətli nə var ki, tər-təmiz addan,

Möhnətə tab gətir, əzaba qatlan,

Çox da bərk yapışma namərd həyatdan,

Vaxtında dünyadan köç, Əkbəroğlu!..

 

Qələm dostumuz, həmkarımız Şahmar ailəsindən, dostlarından, oxucularından həmişəlik ayrıldı. Lakin o, unudulmayıb. Adına Beynəlxalq Mədəni Əlaqəlar Vəqfinin internet saytı açılıb. Ad günü, altmış beş yaşının tamamı münasibətiylə həmin ünvana məktublar, teleqramlar gəlir. Onların əksəriyyətində tez-tez vurğulanır: bu dünyada Şahmar da vardı...

 

 

Telman MEHDİXANLI

 

P.S. Şahmarın "ölüb-dirilək" şeirini ixtisarla diqqətinizə çatdırırıq.

 

 

Dəli könül yar sinəmi, çıx yeri,

Geri dönmür ötən günün heç biri.

Dur tərpənək lalələnir dan yeri.

Sübhün qız çağında ölüb-dirilək.

 

Bülbüllərin cəh-cəhini dinləyək,

Turac görsək "düt-düt"ünü dinləyək,

İsaq-Musaq quşlarıtək inləyək,

Nəğmə qucağında ölüb-dirilək.

 

Qızıl dan yerindən od-alov içək,

Yanar duyğulara qızıl don biçək,

Ərdəbildən aşıb Təbrizə keçək,

Gülüstan bağında ölüb-dirilək.

 

Qartal xəyalımız gəlsin tüğyana,

Göylərin qoynunda çıxsın cövlana,

Adlayaq Culfadan Nəqşi-cahana,

Qızlar bulağında ölüb-dirilək.

 

Təpər toplamağa son verək daha,

Savaş meydanına yan verək daha,

Əsir torpaqlara can verək daha,

Vətən torpağında ölüb-dirilək.

 

 

Təzadlar.- 2010.- 21 sentyabr.- S.11.