Şahmar Əkbərzadənin sözü qaldı dünyada...

 

Axirətdən izinlə görürsünüz bizləri,

Ey dahi şairlərin ruhiləşmiş gözləri!

 

İran böyük Azərbaycan şairi, rəhmətlik Şahmar Əkbərzadənin bir əsərini yenicə çap edib. Həmin kitabın nəşrində zəhməti olanlara, xüsusən də böyük Şəhriyarın oğlu hörmətli Hadiyə və dostu Məhəmməd Qəzaiyə minnətdarlıq duyğularımızı yetirir, İrana təşəkkürlə, Allaha şükürlərimizi, həmd-sənamızı zikr edirik.

Şahmar Əkbərzadə bir çox dillərdə oxunur. Farsca oxuyanların da gözlərinə sağlıq! Əsərin cildində böyük şairimizin başı üzərində göy qurşağının verilməsi ilə söz ustadımızın hələ sovet ateizmi dövründən əziz Allaha bağlılığını anlatdığınızı anladıq. Qadir Allah sizi də, bizi də çəkildiyimiz böyük sınaqlardan ləyaqətlə çıxarsın. Amin! 

 

İranın hər nəyi varsa, yenə İranlığı var,

Millət- ümmətlə dolu azəribaycanlığı var!

 

Onu tanımaq, yolunu izləmək, sevdiklərini sevmək, ondan qalan əmanətləri sevməkdir həm də. Onu sevmək sadəcə sayğılı anımlarla sərhədlənə bilməz. Ona sevgini haqq edib, bu sevgini yaymaq, xəyallarda canlandırmaqdır əsas olan. Və təbii ki, sevgidə ölçü Allah xatirinə sevməkdir.

Şairlik şeir yazanların ümumi adıdır. Bu ümumiliyin içində isə xüsusilik mövcuddur. Öz şairliyinə aid olan xüsusilik. Bu xüsusilikdə öz taleyinin, ömrünün əsəri olmaqlıq var. Şahmar Əkbərzadənin ən böyük əsərinin adı elə Şahmar Əkbərzadədir. 10 illər deyil, 100 illər keçsə və yeni şair Şahmar Əkbərzadələr doğulsa da, yaşasa da onların heç biri orijinal yox, nüsxələr olacaq. Yəni ümumi axında olanlar xüsusilərin yolunda yeriyə bilməz. Azərbaycan şairlərində bir-birinə oxşarlıq, bənzəyiş var. çox seyrək ustadlar da var ki, onlar özlüklərində tam fərqlidir.

Azərbaycan poeziyası ustad Şahmarı nə qədər ucaldıbsa, böyük şairimiz də borclu qalmadan şeiriyyət aləmində yeni bir Şahmar zirvəsi ucaldıb. Təbiətdə Azərbaycan dağları da var, zirvələri də... Azərbaycan ərazisi bütünlüklə dağlardan ibarət olmadığı kimi, çağdaş poeziyamızda da öz zirvələrinin fatehləri mövcuddur. Allah və bilənlər bilir. Bizlər bir-biri ilə tarixin alt qatlarından  şeirlə danışan nadir - tək millətik. Şeirimizin dərinliyinin səbəblərindən biri də budur.

İstedadlı şairlər (istedadsız şair olmaq mümkün deyil) kitabdan, məktəbdən, təhsildən öryənir. Dahilər isə həm həyatdan - təbiətdən, həm də özlərindən öyrənir. Ş.Əkbərzadə yeniyetmə və gəncliyində istedadlı olub. Sonralar isə o, dahilik qrupuna aid sayseçmə şairlər sırasında mövqe tutub. Bunu əsərlərinin istedadlılıqdan-dahiyanəliyə doğru keçid mərhələsi göstərir.

İstəməklə istəyə çatmaq arasında uyğunluq olmalıdır. Uyğunsuzluq keçmir. İstəyən istəyinə haqq qazanmalıdır. Qeyri-adi bir şeyi adiliklə istəmək olmaz. Duyub hiss etməyən dilə gətirməz. İnsan Allahın simvoludur. Böyüklükdəki ecazkarlıq ruhun üzə çıxan qüdrəti ilə sıx bağlıdır. Şairdə elə hallar var ki, onlar baş-gözləri ilə görünmür. Qəlbən duyulub, zehinlə qavranıla bilir. Bu, məkan və zamanüstünə mənəvi inanma, bağlanma özəlliyindən gəlir. Əks halda, daxili aləmə nüfuzetmə alınmır. çünki araya yüksək məziyyətlərdən məhrumluq girir.

İcadlar, tapıntılar, yeniliklər eyni şeyə baxıb fərqli düşünənlər tərəfindən edilir. Nə qədər fərqli tərəfdən baxılıb, fərqli düşünülürsə, o qədər də yeniliketmə və görmə imkanları artır. Lazımsızı öyrənmək, oxumaq lazımsızdır. Gərəklini öyrənəndə isə ilham artır və irəlilədikcə ilham, təb coşqu halından vərdiş halına keçə bilir. Böyük şair fitri özəlliklərini tam müəyyənləşdirib, onları daha da inkişaf etdirərək üzə çıxarandan sonra ilahi qanunauyğunluqlar dövriyyəyə girib, hesaba qarışır. çünki israrlı çalışmalar bu zəhməti səmimi dua hökmünə keçirib, qəbuluna imkan yaradır.

Şair öz böyüklüyünə əmin olduğu nisbətdə böyük olur. çünki kainat öz köməyini hər kəsə əminliyi miqdarında göndərir. Uzun yolu getmək üçün vasitə gərəkdir. Bu mənada, əsl şair özündən yola çıxır. Böyük şairin özünə inamında bilik, şahidlik və içə transfer (mənimsəmə) üçlüyü mövcuddur. çox inananın uğur ehtimalı da böyük olur. çünki inanc nə qədər güclü isə: a) ruha o qədər güc verilir; b) az əməklə çox iş görülür; v) ətraf aləm köməyə gəlir. q)nəsiblənmə ölçüsü istəyə, inama görə təyin edilir. İnananın təxmini, sezgisi, fəhmi də artaraq yaradıcılığında daha mühüm müstəsnalıqlar yaradır.

Fərəh - gözəlliklər içində doğulanların deyil, çirkinliklərin gözəl tərəflərini kəşf edə bilənlərindir. Böyük düşünməyən düşüncəsini, böyük görməyən baxışını dəyişməlidir. Əziyyətdən zövq çıxarmaq, itkidən qazanc götürməkdir böyük düşünüb, böyük görmək. Bu böyüklərin yoludur, bütün sahələrdə.

Böyük şair öncə böyük düşünür, coşqunu artırır, hədəfi təyin edir, böyük istəklə işə başlayır və tamamlayır. Böyük şairin ruhunu bəsləyən biliyin çoxluğu deyil, keyfiyyəti və işə yararlığıdır. Şair qəlbini, dilini, gözünü, beynini, ruhunu... yaradıcılığa aid hər şeyini müştərək çalışdırır. O, vasitə və şəraitin necəliyindən asılı olmayaraq əsərlərində məqsədə daha yaxşı çatdıran yeni üsullar tapır. Qarşısına olduqca böyük və ciddi tələblər qoyur. Bu tələblər də onları yerinə yetirməyə böyük təhriklər yaradır.

Fəaliyyətini genişləndirib mürəkkəbləşdirən şairin qabiliyyətləri də genişlənir və müxtəlifləşir. Vəhdət bədiiliyin əsas şərtlərindəndir. Şairin bütün yaradıcılığı da məhz vəhdətə bağlıdır. Fərqli müəlliflər eyni mövzunu fərqli şəkildə işləyə bilir. Böyük şairlər isə tam bənzərsiz və misilsiz. Onların yaradıcılığında janr, intonasiya, lakonizm, lirizm və s. yalnız təkrarsız səciyyə daşıyır. Elə şairlərin malik olduğu bütün ədəbi - həyati keyfiyyətlər cəmi onun yarıdıcılığına olduqca böyük gərgin əmək gətirir. Belə gərginliyə isə adi şairlər heç cür yiyələnə və davam gətirə bilməz. Böyük şairlərdə isə inanc da böyük olur ki, öz güclərinin fərqinə varsınlar. Onlara parlaq bir hikmətlə kəşf və kəramət lütfləri bəyan edilir. Həmin şair bilir ki, o, bildiyini Allahın bildirməsi ilə bilir. Buna görə də sözün bir vasitə olduğunu bilərəkdən onun təqdimində qeyri-adiliyə bağlanır. Qabiliyyət - onu qabiliyyətlə istəyib ala bilənə verilirsə, böyük şairlərdə bu şərt daha üstün tələblər doğurur.

Xalqımızın dili onun ruhudur, ruhu isə dili. Buna görə də dil mədəniyyətin forması sayılır. İnsan kimi şair də nə sosioloji, nə psixoloji, nə iqtisadi, nə də başqa bir elmi varlıqdır. O, bütün bunların fövqündə olan bambaşqa bir yaradılışdır. Şair öz dili ilə sözü hikmətlər tacına çevirəndir. Biri qal - yəni söz, digəri hal olaraq iki dil var. Qal dilinin kəlmələri sözlərdir. Hal dilinin kəlmələri isə hallar və halüstü hallar. Söz ustası bunları gözəl bilir.

Şeirimizdə əruz adlanan bir vəzn var. Əruzun bir mənası da dağ yolu, məqsədə aparan çətin yol anlamındadır. Bax, əsl şairlər hansı vəzndə yazmalarından asılı olmayaraq, dağ yolu ilə gedib zirvəyə qalxırlar. Dilin kəsərini, dəqiqliyini, təsir qüvvəsini qorumaq, şairin xüsusi vəzifəsidir. Bu vəzifə ilə şair xalqının qəlb gözəlliyini əsərlərinə gətirir, bəşəri və ilahi duyğular aşılayır. Ustad şairin dili fikrin, hissiyyatın, mənanın ən incə çalarlarını ifa edir və söz fondunu genişləndirir.

Məna anlamağa bağlıdır. Ağıl, könül, xəyal, təcrübələr, dəyərlər, sezgilər, duyğular, ilham və s. mənanın yaranmasında mühüm rol oynadığını nəzərə alsaq, şairin nələr çəkdiyini və şəxsiyyətindəki kimliyi anlamış olarıq. Mənaları anlamaq üçün həm təcrübə, həm də mənəviyyatdan agah olmaq lazımdır.

Böyük şair bilir ki, söz ağızdan, duyğu ürəkdən gəlir. Ona görə də duyğularını kainata ruhu ilə elə yayır ki, bu güc fırtınalar kimi əsib, sahibinə köməkliklər gətirir. Çünki kainata saf sevgi yayan - kainatdan onun qarşılığını alar. İnsan (şair) öz-özünə yaradılmayıb ki, onun həyatına fərqli təsir göstərən güclər olmaya. Mələklər, ruhani varlıqlar və ən üstə İlahi İradə mövcuddur. Yeri gəlmişkən:

 

Azərbaycan şeirinin dahiləri az deyil.

Bu gerçəklik də əksər millətlərə xas deyil.

Öncə Rəbbin lütvüdür, genetik miras deyil,

"Ol!" sözü hökmün edib, yoxdan var yaranmağa,

Dahilər xəlq edilir qaranlığı yarmağa!

 

Adilər necə duysun qeyri-adilikləri?

Gördükləri qədərdir onların bildikləri,

Məntiqi təsdiqləyir misranın dedikləri,

Allah öz rəvasını - rəva görmür danmağa,

Nəticə israrlıdır, səbəbdə aranmağa!

 

İstedadla dahilik fərqli dərəcələrdir.

İstedadlar xeylidir, dahi bir neçələrdir,

Şairi dahi edən sirri düşüncələrdir,

Onlar çox bağlıdır, çox qəlbən ilhamlanmağa,

Kəşf ilə, yeniliklə yol alıb, yollanmağa!

 

Şərin öz dahisi var, xeyirin öz dahisi,

Kainat qanunudur ziddlər mübarizəsi,

İradələr üstündə var Allah iradəsi.

Dahilər görəvlidir dahicə davranmağa.

Hər kəs olduğu kimi gedir sorğulanmağa!

 

Getdi əbədiyyətə, izi qaldı dünyada.

Nəfsi yoxuydu deyək: gözü qaldı dünyada.

Şahmar Əkbərzadənin sözü qaldı dünyada.

İnsanlıq borclu qalır insanlığı  anmağa,

Dahilər haqq qazanır daim xatırlanmağa! **

Qorxaqlar ruhi həbsxana həyatı yaşayır.

 

Ən yaxşı işi görə bilməməyin səbəblərindən biri təcrübəsizlikdirsə, digəri o işə haqq edilən ciddiyyətin verilməməsidir. Bir şairin böyüklüyü fiziki sağlığında yetərincə etiraf edilməyib, amma əsərləri o böyüklüyü ərz edirsə, bu barədə söz demək insaf əhlinin vicdanına buraxılır. Sonrası sonranın işidir.

Unutmamalı: Fövqəladə əsərlər və kəşflər bir şeyə bağlandıqdan sonra maraqsız olan hər şeydən əlaqəni kəsən şüurlara verilir. Uğursuzluq bacarmamaqda deyil, bacara bilməməyi zənn etməkdədir. Allahın mələyi olmağa çalışın ki, böyük şair ola biləsiniz. Şairin yazdığı sözlərin hamısı özünün olmur. Onlar ilahi ilhamlardır. Bunu duyan dahiləşir və anlayır ki, görəvləndirilib. Ona görə də dahilərin yaradıcılıqlarında onlar hər şeyi diqqət zənginliyi ilə diqqət mərkəzlərinə çəkir, zehni səma yoluna çıxa bilirlər.

Dahilər özlərinə dahi deməz. Onlar, sadəcə, öz içinə sığmadığına görə öz içini öz içindəki qəfəsdən azad eiməyə çalışır və bunu bacarırlar.

Hər kəs içini çölə sızdırır. Zahirə əksolma batindən gəlir. Şairdə dahilik olmasa, qeyri-adilik onun əsərlərinə hardan keçə bilər?

10 ildir ki, böyük şairmiz dünyamızdan çıxıb Allahın rəhmətinə gedib. Qarşıdan 70 illik möhtəşəm yubileyi gəlir. Onu islam və xristian dünyasının azmanları görüb, tanıyıblar. Bəs bizdə necə? Düşünürük ki, Allah böyükdür.

Hər kəs kimi olmaq çox çətindir və çox əzablıdır. Nəyi bilməsəm də onu bilirəm ki, hamımız əziz Allahın cızdığı "trayektoriyada" var olub, yox oluruq fiziki mənada... ömür sərmayəsinə böyük məna yükləyən sənətkar şairlərin isə əsərləri  qalır. Şairi, əsl yazıçını sevəni Allah da sevər.

Dahidən yazmaq istəyənlər dağları çiynində daşımağa hazır olmalıdır. Böyük diləklər böyük uğurlara, kiçik arzular kiçik uğurlara izn verir. Almağa hazır olmadığınız sizə verilməz.

 

DAĞ MAĞARALARININ İÇ QAYALARINDAN MÜMİYA NECƏ SIZIRSA, ŞAİR QƏLBİNƏ DƏ ELƏCƏ ŞEİR SIZIR.

 

"Qurani-Kərim" buyurur: "GÖZƏL SÖZ ONA YÜKSƏLİR" (fatir surəsi 10).

Gedənlərə rəhmət də, qalanlara möhlət də Allahdandır.

 

 

 

Sayğılarla: Nizami Heydər

 

Təzadlar.- 2010.- 23 sentyabr.- S.8.