Səməndər
işığı, yaxud dost həsrəti
Onun haqqında düşünmək, bildiklərimi, gördüklərimi xatırlamaq həm şərəfdir, həm də çətindir. Acılı-şirinli xatirələrimi yazmaq isə sanki məngənədir: məni sıxır, zillət verir. Ağlamaq istəyirəm, bəlkə qəm yüküm bir az yüngülləşdi. Bacarmıram. Çünki şirin səsiylə, ifadəli baxışlarıyla, boyu-buxunuyla canlıymış kimi dayanır qənşərimdə. Elə ürəkdən gülür, ifadəli gözləriylə üzümə elə baxır, qalıram məəttəl. Bəzən şirin xəyal da acı həqiqəti unutdurur. Neyləyə, nə edə bilərəm, onsuz darıxıram, yadıma düşəndə tüstüm təpəmdən çıxır. Amma Tanrının alın yazısını, qismət payını pozmağa qüdrətim, imkanım çatmır. Vaxt-bivaxt haraylasam, çağırsam da səsim-ünüm ona yetmir. Bəs neyləyim? Axı qardaşdan irəli bildiyim insanın əbədi ayrılığına inanmıram! Yaxşı deyiblər: ağlamaqla, sıtqamaqla, hətta od tutub yanmaqla gedən qayıtmaz. Bilirəm, Səməndər də daha gələn deyil. Bircə güvənc yerim var: sənət qədri bilənlərə ərməğan etdiyim bu nisgilli yazım bəlkə təskinliyim oldu.
İlk tanışlıq. Əlli il əvvəl, paytaxtımızın çayxanalarının birində sonralar populyar rollar ifaçısı olan respublikanın xalq artisti Rasim Balayevlə yanaşı əyləşmişdik. Hər ikimiz taleyimizdən gileylənirdik ki, niyə əmimiz-dayımız yoxdur? Niyə işsizlik, avaraçılıq bizi sıxır? Düzdür, Rasim nisbətən ümidlə yaşayır, gələcəyə inamla baxırdı. Mən: "Ay Rasim, həyatdan yaman bezmişəm. Daha dözə bilmirəm" - demişdim ki, üzünü ilk dəfə gördüyüm, hündürboy, enlikürək bir adamdan hənirti eşitdim: "Ə, acqarına nə qədər çay hörtlətmək olar?"
Sağa-sola boylandım, müraciət bizə idi. Həmin şəxsin də Səməndər Rzayev olduğunu bildim, tanış olduq. İkimizdən də daha çox o, danışır, deyib-gülürdü. Qəfildən soruşdu: "Ə, sən də Ağsudansan?" Cavabımı baxışlarımdan oxuyub: "Nə yaxşı ki, ordan deyilsən. Ağsuluların taleyi o səmtə gedən yolun döngələri kimi enişli-yoxuşludur. Üzü aşağı düşəndə sevinirsən, üzü yuxarı qalxanda ağırlaşırsan..." - dedi.
Onun bu fikrinin məntiqini sonralar anladım. Yəni
üstüörtülü məsləhət verirdi ki, ömür yolu enişli-yoxuşludur,
gərək ehtiyatlı, diqqətli olasan. İnsan
taleyindən gileyləndikcə daha da dözülməz dərdə
düçar olur. Sabahlar barədə düşünməklə
yanaşı, gərək bu günündən gələcəyə
inamla baxmağı da bacarasan. Bəlkə elə bu fikrin təsdiqi
kimi ilk tanıdığım şirin ləhcəli, cüssəli
Səməndər yenidən dilləndi:
- Ə, bu çayın
pulunu kim verəcək? Görürəm, ikiniz də qəpiyə
güllə atırsınız. Sən öl, pulu mən verəcəm.
Yaxın günlərdə də bəxtiniz üzünüzə
güləcək. Amma heç vaxt Tanrınıza təpik
atmayın!..
İllərdən bəridir
onun İlahi dərgahına etiqadını, sevgisini unuda bilmirəm.
Həmin görüşdən bir neçə gün sonra məni
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsinə (indi QSC-dir) işə qəbul etdilər.
Rasim Balayev isə mərhum Həsən Seyidbəyli tərəfindən
"Nəsimi" filmində baş rola dəvət aldı.
Səməndərli günlərim.
Dünya şöhrətli teatr xadiminin fikridir: "Həyat səhnədir,
biz onun aktyorlarıyıq". Yaşamaq, özünün
milli dəyərlərini peşənlə, əməlinlə
sübut etmək üçün çox cəfalarla üzləşirsən.
Bəzən sınırsan, əyilirsən, küsürsən,
inildəyirsən. Yaxud yalandan gülürsən. Özünü
dünyanın ən bəxtəvər canlısı hesab
edirsən. Amma... Bu da məşhur bir kəlamdır: "Zəmanə
məni məcbur etdi it kimi hürəm, vəhşi kimi
ulayam". Xalq artisti, milli teatrımızda xarakterik
rolların bənzərsiz ifaçısı, mərhum Ağasadıq
Gəraybəylidən dəfələrlə eşitmişəm:
"Aktyor peşəsi səhnə üçündür,
evi, ailəsi üçün yox!"
Səməndər bu
baxımdan, örnək olası sənətkar idi.
Qıymazdı balasının ayağına daş dəysin,
ömür-gün yoldaşının üstünə
milçək qonsun. Vücuduyla, şəxsiyyətiylə
çoxlarına nümunə idi. Bir də görərdin
gülür, inanın, o gülüş deyildi: sifətini
turşutmadan çəkdiyi nalə, hönkürtü idi.
Taleyindən, bəxtindən narazı kimi yox. Zamanın
haqsızlığına, ədalətsizliyinə
qarşı ironik gülüşü ilə münasibət
bildirərdi. Anlayanlar onu sinələrinə sıxardı,
biveclər isə elə belə baxıb keçərdilər.
Bəxti, aktyorluğu ona pay vermişdi ki, ətrafındakılar,
peşə-sənət dostları ondan ibrət
götürsün, baxsın, öyrənsin. Onun Akademik Milli
Dram Teatrının səhnəsində oynadığı
rolların adlarını saymaq, sadalamaq istəmirəm.
Maraqlananlar bilirlər. Lakin burasını mütləq qeyd etməliyəm:
səhnə Səməndərin yaraşığı,
sağlam əqidəsinin təsviri, tərənnümü
idi. Həyatda deyə bilmədiyini - şikayətini,
incikliyini, küsüb-barışmağını səhnədə
nümayiş etdirərdi. Bəzən yaratdığı
obrazın fikir məkanından kənara çıxa bilmirdi.
Belə vəziyyətdə baxışlarıyla, sifət
mimikalarıyla, əl-qol jestləriylə məqsədini
tamaşaçılara çatdırardı.
Dövrün əksər
teatrşünasları ən oxunaqlı qəzet-jurnallarda Səməndərin
ünvanına səmimi fikirlər yazar, yaratdığı
obrazların bənzərsizliyindən əhatəli məqalələrlə
çıxış edərdilər. Onlardan birini - məşhur
pedaqoq, rejissor, aktyor Mehdi Məmmədovun bu qeydləri
heç yadımdan çıxmır: "Səməndər
Rzayev obrazlar qalereyası yaradır. Peşəkar teatr xadimi
olmağıma baxmayaraq, bəzən onun potensial gücünə,
qabiliyyətinə qibtə edirəm". Bir daha
xatırladıram: bu dəyərli qiymət ömrü boyu əyilməyən,
bütöv xarakter sahibi, unudulmaz Mehdi Məmmədova mənsubdur.
Doğrudan da zər qədrini zərgər bilərmiş. Hər
ikisinin ruhu şad olsun.
Milli Teatrımızın tərəqqisinə,
tanınmasına can yandıranlardan biri də xalq artisti, sevilən
pedaqoq, bənzərsiz rejissor mərhum Tofiq Kazımov olub. Onun
sevdiyi, əzizlədiyi tələbələri arasında Səməndər
Rzayev də vardı. O, Səməndərin xatirini qədərsiz
istəyirdi. Elə ilk dəfə quruluş verdiyi tamaşada
gənc aktyoru səhnəyə çıxardan da Tofiq müəllim
olmuşdur.
Səsin də rəngi,
dadı olarmış... O səsi Yaradanımız Səməndərə
var-dövlət, rahat mənzil, villa əvəzinə pay
vermişdi. Doğrudur, o, bu vergidən qürrələnərdi.
Lakin yerli-yersiz öyünməzdi, başını dik tutub
lovğa-lovğa gəzməzdi. Dövlət radiosunda
hazırlanan, dinləyicilərin hər sayını maraqla,
intizarla gözlədikləri "Bulaq" xalq
yaradıcılığı verilişinin efirdə ilk dəfə
səslənməsindən yarım əsrdən çox vaxt
keçir. Və onun ilk yaradıcılarından biri Səməndər
Rzayev də artıq aramızda yoxdur. Amma nə veriliş
unudulur, nə də onun aparıcıları. Mərhum aktyor
oxuduğu bayatını, qoşmanı, yaxud hansısa bir rəvayəti
elə həzin, kövrək, şirin səsləndirərdi,
sözlə təsvir olunan mənzərə, obraz göz
önündə canlanardı. Səməndərin səsi
eşidənləri ovsunlayardı, xoş arzulara doğru
aparardı. çünki o səsdə həzinlik, sərtlik
vardı. Ana laylası qədər şirin, ata zəhmi qədər
qürurlu, qətiyyətli!
Məşhur "Kral
Lir" bədii filminin dublyaj olunub dilimizdə səslənmə
prosesini xatırlayıram. Lent əsərində əsas qəhrəmanın
- Kral Lirin kadr arxasında "ifaçısı" Səməndər
idi. Səslənmə başa çatdı. Filmə
baxış keçirmək üçün Pribaltikadan
nümayəndələr dəvət olunmuşdu. Bizim dildə
bircə söz bilməyən, milliyyətcə latış
olan rejissor Yan Puq əməlli-başlı mat
qalmışdı. Handan-hana dilləndi: "Afərin! Bu səs
obrazın xarakterini bütövlükdə açır"
- deyib, Səməndəri yenicə çəkilişini
bitirdiyi filmin səsləndirilməsi üçün Riqa
şəhərinə dəvət etdi, onun yüksək
qonorar alacağına vəd verdi. Amma Səməndər getmədi.
"Ağ paltara qara yamaq yaraşmaz. Mən ana vətənimi
dünyanın naz-nemətinə dəyişmərəm"
- dedi. Ruhun şad olsun dostum, sən təpədən-dırnağınacan
azərbaycanlıydı!
Görüş var, göz
gülür... İyirmi beş il hazırda QSC-i adlanan teleradio
şirkətində "Ədəbi-dram" verilişləri
baş redaksiyasının əməkdaşı olmuşam.
İşimlə əlaqədar həftənin ən azı
beş günü Səməndərlə görüşərdik.
O, ilk anda soyuqqanlı adam təsiri bağışlayardı. Əgər:
"Ə, bu mənəm ey, Səməndərəm..." -
deyirdisə, demək sənin gileyini gözlərindən
duyurdu. çox qəribə, qeyri-adi tonda
pıçıldayardı: "Bu dünya qalmayıb ulu
şahlara, zalımdan-zülümdən var ola bilməz..."
Onunla xeyli televiziya
tamaşalarını, verilişlərini birgə
hazırlamışdıq (indi onlardan bir çoxu videotekada
saxlanılır). Həmişə telestudiyada çəkilişlərə
gecikərdi. Ona irad tutardıq. Ovsunlu gülüşüylə
çəkiliş qrupunu timlisə salardı. Mikrofon, kamera
önündə mövzuya uyğun elə emosional, bilgili
danışardı, onu qınamağımıza görə
utanardıq.
Aktyorlar arasında mərhum
Lütvəli Abdullayevdən sonra ən mərhəmətli,
xeyirxah, özgəsinin kədərini ürəyində hiss
edən, hətta tanımadıqlarının belə
qayğılarına şərik çıxan Səməndər
Rzayev olub. Təmənna ummazdı. Kim ona yaxınlaşıb
"Kömək et, filan məmur məni get-gələ
salıb" - deyərdisə, o adamla həmin ünvana gedərdi.
Onun işini yoluna qoyardı. Rütbəsindən, vəzifəsindən
asılı olmayaraq mərhumun xatirini hamı çox istəyirdi.
Ondan qalan yadigarlar. Estafet kimi
əldən-ələ keçən belə unikal yadigarlardan
ilkini onun səsidir. İkincisi, bənzərsiz ifa qabiliyyətidir.
Barmaqla sayılası mümkün olmayan səhnə əsərlərində
əsas rollarda oynayıb. 25-dən artıq bədii filmlərə
çəkilib. 30-dan çox teletamaşalarda əsas obrazlar
yaradıb. Xeyli əcnəbi bədii filmlərin dublyajında
iştirak edib. Bunlar Səməndər zəhmətinin, sənətsevərliyinin
ucalığı, şöhrət zirvəsidir.
Yoxluğun etirafı. Sonuncu
yarım sərlövhəni düşünəndə yenə
əzaba qatlaşdım. Məcburiyyət qarşısında
qalıb inandım, yazdım ki, daha xalqımızın
sevimlisi, teatr - söz sənətimizin iftixarı, respublikanın
əməkdar artisti, Dövlət mükafatı
laureatı Səməndər
Rzayev aramızda yoxdur. Küskün, incik, gileyli-gileyli
qımıldanırdım ki, yadıma Həzrəti Məhəmməd
Peyğəmbərin (ə.s.) kəlamı düşdü:
"Bu iş bir haqq əmri
olmasaydı, vədə tamam olmasaydı, sonra gələnlər
əvvəl gələnlərə qarışmağa məhkum
olmasaydı, sənin ölümünə daha çox
yanardıq".
...Daha Səməndər
işığı parlamır. Yüksəldiyi sənət
ucalığı boş qalıb. Onun anım
gününü qeyd edirik. Gücümüz, imkanımız
müqəddəs ruhuna dualar oxumağa çatır. Təskinliyimiz
isə budur ki, Milli Teatrımız yaşadıqca Səməndər
Rzayev də dönə-dönə xatırlanıb, yad
olunacaq.
Telman MEHDİXANLI
Təzadlar.-2010.- 25 sentyabr.- S.15.