Dağların toyuna gedən şair

 

Köhnə adətimdi, harda kitab mağazası görürəm, ora baş çəkməmiş geri dönən deyiləm. Tələbə vaxtlarından belə adət etmişəm. Köhnə, yaxud təzə, gündə 3-4 dənə kitab almasam, elə bil nəsə itirmişəm. Necə deyərlər, mənim də xobbim köhnə kitabları tapıb oxumaqdı. Çünki nə vardısa o köhnə kitablarda qaldı...

Hər bir şairin çap olunan ilk kitabı, əlbəttə, onun üçün əzizdir. Çünki bütün şairlər ilk kitablarına ürəklərinin yağını yedirdirlər. Çoxdan axtardığım bir kitabın izinə düşdümbu kitabı Saray qəsəbəsində köhnə bir kitab mağazasında tapdım.

İstedadlı şair-təbib Paşa Qəlbinurun ilk kitabı 1984-cü ildə "Ay bir əlçim buluddur" adı altında "Yazıçı" nəşriyyatında buraxılıb. Kitabı vərəqlədikcə hiss edirsən ki, doğrudan da şair bu kitabına ürəyinin yağını yedirdib:

 

Fərəh də daşanda, qəm də daşanda,

Dəm verir gözlərin yaşına dünya.

Kim ürək yerinə bir daş asanda,

Fırlanır özüyçün boşuna dünya.

 

Paşa Qəlbinur 1952-ci ildə Şəmkir rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Bir qədər sonra Seçenov adına Birinci Moskva Tibb İnstitutunun aspiranturasına daxil olub. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edib alimlik dərəcəsi alıb. İllər keçəndən sonra isə o, daha da irəliyə gedərək professor səviyyəsinə qədər yüksəlib. Bütün saydığım bu mənəvi keyfiyyətlər Paşa Qəlbinurun parlaq istedadının bəhrəsidir.

Paşa Qəlbinurun şeirlərində milli kolorit, dil zənginliyi, üslub təzəliyi, poetik düşüncənin özünəməxsusluğu diqqəti özünə çəkir:

 

Təpələr - qız döşü, düzəngah - sinə,

Cüyürlər bulaqdan əmər dağları.

Dağlara çən düşür, çən düşür yenə -

Sürüşüb üstümə gəlir yaylığı.

 

Div gözlü dərələr div nağıllıdı -

Qaçıb bir ağaca çıxmağım gəlir.

Qayalar kamallı, çay ağıllıdı -

Yaxını gəzirəm, uzağım gəlir...

 

Paşa Qəlbinurun poeziyası şeirdən şeirə keçən insanlığın, ağlın, kamalın, idrakın, mənəviyyatın poeziyasıdı. Şair təkcə öz dərdlərimizi dilə gətirmir, eləcə dünya xalqlarının dərdinə şərik olur, bu dərdi şeirlərinin dilinə çevirir:

 

İki min ildir!

Min-min yerdən güllələnib,

Sinəsi parım-parça paçalanıb,

Daşlarında laxtalanıb qara qan!

Qana qan! - deyib

Oğullarına söykənib Vyetnam!

 

Yağışdan sonra gələn torpağın ətri qədər təravətlidi Paşa Qəlbinurun şeirləri. Milli poetik yaddaşa söykənir onun poeziyası. Paşa Qəlbinurun mövzu axtarışları da təzə-tər ovqatla bağlıdır. Adilikdə qeyri-adilik axtarışları şairin yaradıcılığına forma məzmun vəhdəti gətirir. Burada onu da qeyd etmək yerinə düşər ki, Paşa Qəlbinurun elmi axtarışları poetik axtarışlara sanki bir qapı açır. Poetik axtarışların gətirdiyi ab-hava onun şeirlərini aforizmə çevirir. Məsələn, yaradıcılığı boyu işlətdiyi ifadələr bir cümlə etibarı ilə aforizm kimi səslənir: "Çörək kimi ətirlənib bişir söz", "Min illik gecəymiş - min illik şərab!", "Səni quzu kimi yalayam gərək", "Balıqlar daşlara sürtər üzünü", "Mən İlhamı gözlərimlə görmüşəm", "Ay bir əlçim buluddu" s. mətnlər, sözlər aforizm kimi səslənir oxucunun yaddaşında qalır.

Şeirlərinin dil kimi şəxsiyyəti sadədir, insanidir, insanları qiymətləndirəndir, özünü hamının dərdinə-sərinə şərik bilir. Şair təkcə öz yaradıcılığı ilə məşğul olmur, həm mənsub olduğu ədəbi poetik nəslin bütün tədbirlərində yaxından iştirak edir, öz tövsiyələrini onlardan əsirgəmir. Əgər xatırlayırsızsa gənclərin "Ədəbi Birlik"lərində Paşa Qəlbinur həmişə iştirak edirdi şeir müzakirələrində öz düşüncəsi ilə həmişə fərqlənirdi. O, öz həmyaşıdlarının yaradıcılığını da diqqətlə izləyirdi ədəbi kriteriyalardan onların yaradıcılığına ədəbi qiymət verirdi. Xüsusən, 80-ci illərdə şair paytaxtda keçirilən yaradıcılıq gecələrində, ədəbi birliklərdə müntəzəm olaraq yaxından iştirak edirdi. Bu Paşa Qəlbinurun ədəbiyyatımıza olan ulu bir möhtəşəm sevgisindən irəli gəlirdi. Bu illərdə həm şair yaradıcılıqla bərabər, həmişə həkimlik sənətini unutmamış neçə-neçə insana təzədən işıqlı həyat bəxş etmişdir. Onun əvəzsiz dəyərli göz həkimi kimi fəaliyyəti neçə-neçə insanın həyatına əbədi səadət, işıq gətirmişdir.

Payızın saralıb, solan vaxtı Paşanın şeirlərini oxuduqca adam təzədən dağlar üçün darıxmağa başlayır. çox şairlərimiz dağlara üz tutub şeir yazıb. Abbas Tufarqanlıdan Aşıq Ələsgərə kimi. Ancaq Paşa Qəlbinur dağlara tamam fərqli bir şeir yazıb. Onun "Dağlar" şeirini oxuyanda üzü dağlara tərəf getmək istəyirsən:

 

Şimşək el qaydası güllələr çaxar,

İldırım saçına şölələr taxar,

Bənövşə kolundan utancaq baxar,

Qəlbinur gəlibdi toyuna dağlar.

 

 

Vəli Səmədli

 

Təzadlar.- 2010.- 30 sentyabr.- S.15.