Famil Mehdini duymaq
üçün...
O, yazıb-yaratmadı,
yaradıb-yazdı
(Əvvəli ötən saylarda)
...Elə nəticə çıxmasın ki, mənim həmişə cibim dolu olub. Hər kim müraciət etsə, dərhal, necə deyərlər, başına pul yağdırmışam. Xeyir, əvvəla bədxərc olmamışam, papiros çəkməmişəm. Həmişə cibimdə qəpik-quruşum olub. Borcu boğazımdan kəsib vermişəm. İkincisi də pulum olanda yalan danışa bilməmişəm. Heç vaxt da qaytarıb geri almamışam. özümün borcum olanda isə onu qaytarana kimi rahat olmamışam.
...Mən həmişə öz-özümə düşünmüşəm: görəsən həyatda həqiqi dostluq varmı? Bu sualı özümə təsadüfi verməmişəm. çünki o qədər bir-birinə dost deyən, can deyib, can eşidən adamlar olub ki, sonralar bir-birindən uzaqlaşıb, araları soyuyub. Hətta bir-birinə qənim kəsilibdir. Yaxud adamlar görmüşəm ki, aralarında ünsiyyət olub, biri digərinə dost sözünü işlətməyib. Ancaq dar ayaqda bir-birinə əsl fədakarlıq nümunəsi göstəriblər. Ona görə də dostluqla, yoldaşlığın, insanlıq ünsiyyətinin sərhədləri mənə o qədər aydın olmayıb. Bəli, mən kitablarda, roman və povestlərdə, nağıl və dastanlarda dostluq haqqında, dost haqqında çox oxumuşam. Müdriklərdən, ağıllı adamlardan bu haqda çox eşitmişəm. Amma etiraf edim ki, yaşadığım zamanda, mühitdə bunun həqiqi nümunəsini çox az, nadir hallarda görmüşəm.
...Mən həyatda
"dost" sözünü son dərəcə xəsisliklə,
yüz dəfə ölçüb, bir dəfə biçə-biçə
işlətmişəm. Bu bir az da təhsil-tərbiyəmdən
gəlir.
...Ən böyük, müqəddəs mənəvi keyfiyyət olan dostluq da uzun illər yalan, elmi əsası olmayan, bayağı siyasət üstündə qərar tutmuşdur. Hətta K.Marksla F.Engelsin dostluğu bütün sosializm dünyasına nümunə göstərilirdi. Hər şeydə dostluq tərəzi ilə çəkilməli, metrlə ölçülməli idi. Mən Azərbaycan yazıçılarının qurultaylarında Mərkəzi Komitənin birinci katiblərinin dilindən eşitmişəm ki, bədii əsərlərdə obrazlar yaradılarkən onların milliyyət müxtəlifliyinə fikir verilməlidir. Respublikada elə vəzifələr vardı ki, orada mütləq rus və başqa millətlərdən olanlar oturmalıydılar. Deputat seçkilərində, hara isə nümayəndələr göndərilməsində, partiya sıralarına qəbulda bunlar mütləq nəzərdə tutulurdu. Bunlar təbii surətdə olsaydı bəlkə də çoxlarının ürəyindən xəbər verərdi. Bəla burasındadır ki, bu "dostluqlar" süni surətdə yaradılırdı. Beşillik plan kimi dostluq da planlaşdırılırdı. Əsl dostlara, qardaşlara zərbələr, şapalaqlar hesabına olurdu. özümüzün təhqir edilməyimiz, alçaldılmağımız hesabına olurdu. Azərbaycanda yüksək vəzifə tutmuş, milli mədəniyyətə, ədəbiyyat və incəsənətə ağır zərbələr vurmuş, onu "beynəlmiləlləşdirmiş" Kirovun heykəli dağ başına qaldırılır, bütün sapıntılarına, səhvlərinə, aldanışlarına baxmayaraq millətin, xalqın bağrından qopub ayrılan, onun yolunda ürəyini partladan Nəriman Nərimanovun adı xalq düşməni siyahısına salınırdı. Məmməd Əmin Rəsulzadə, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev kimi millətsevərlərin adlarının tariximizdən silinməsinə cəhd göstərilirdi.
...Bizim bütün mənəvi keyfiyyətlərimiz uzun illər hakim kəsilmiş cəmiyyətin, quruluşun siyasəti fonunda formalaşmışdır. Elm-siyasət. Ədəbiyyat-siyasət. İncəsənət-siyasət. Xalq maarifi-siyasət. Hətta mədəni-məişət-siyasət. Mənəviyyat-siyasət. Daha hansı həqiqi dostluqdan, səmimiyyətdən, vətənpərvərlikdən, fədakarlıqdan söhbət gedə bilər?! Buna görə də onların heç birinin tamlığına, bütövlüyünə, sözün həqiqi mənasında təbiiliyinə inanmaq mümkün deyildir. Bu sözlər həqiqi, təbii dostluğa da aiddir. Əlbəttə, mən bu nemətin mövcudluğuna qətiyyən şəkk-şübhə etmirəm. Ancaq bu, zamanın, mühitin dostluğudur. Başqa cür də ola bilməz. Allahı danan, peyğəmbərə inanmayan, "Quran"dan xəbərsiz olan, əsl kökünü, ulu keçmişini tanıyıb-bilməyən, ayda bir dəyişə-dəyişə ölkəsinin, xalqının tarixi yazılan insandan həqiqi, klassik mənada dostluq gözləmək olmaz. Allah eləsin, mən səhv etmiş olum.
...Xüsusilə son bir neçə onillikdə dostluq sözü çox ucuzlaşmışdır. Dostluq bir çox halda əlbir olub dövlətdən, xalqdan nəsə qoparmaq, dəstələr, qruplar yaradıb imkanlı vəzifələri, stolları ələ keçirmək, cürbə-cür fırıldaqlarla məşğul olmaq simvoluna çevrilmişdir. Bu hələ harasıdır? Rüşvət verənlərlə rüşvət alanların, vəzifəli şəxslə onların əllərinin altında işləyənlərin, hətta bir-birinin ailə namusunu ləkələyənlərin, bir-birinin var-dövlətini oğurlayanların, bir-birini "dolandıranların" və başqalarının qəribə dostluqları yaranmışdır. Qurdla quzunun, tülkü ilə toyuğun, pişiklə siçanın, fillə pələngin dostluğuna heç cür inana bilmirəm. Təəssüf ki, bu sayaq dostluq bu günkü həyatımızda da mövcuddur.
...Mən dost, yoldaş seçərkən həmişə atamın nəsihətlərinə əməl etmişəm. Onun vaxtilə dediyi sözləri sırğa eləyib qulaqlarımdan asmışam. Əsl-nəsilli adamlarla ünsiyyətdə olmağı üstün tutmuşam. Bir adamla çörək kəsməzdən əvvəl yaxşı-yaxşı ölçüb-biçmişəm. Götür-qoy etmişəm ki, görüm onunla mənimki tutar, ya yox. Hər şeydən əvvəl aramızda məslək, əqidə, insanlıq, allahsevərlik yaxınlığına fikir vermişəm. Əslində dost, yoldaş seçməyi heç vaxt qarşıma məqsəd qoymamışam. Bu, bir növ, necə deyərlər, əlaqələr, ünsiyyətlər prosesində yaranıb. Mini, on mini gedib, biri ürəyimdə yurd-yuva salıb. Madam ki, təbii şəkildə ürəyimdə yuva salıb, çalışmışam ki, həmişə ürəyimdə qalsın. Onlarda heç vaxt nöqsan axtarmamışam. Əksinə, güzəştə getməyə səy göstərmişəm. Güzəştimiz qarşılıqlı olub. Təmənnalı əlaqələrə nifrət etmişəm. Xoşbəxtlikdən qismətimə çıxan adamlar da məni başa düşüblər. Eyiblərimi heç vaxt üzümə vurmayıblar. Yaş fərqimizdən, təhsil və savadımızdan, rütbəmizdən, maddi imkanımızdan, sənətimizdən, peşəmizdən asılı olmayaraq bir-birimizi başa düşmüşük. Aramızda pərdə olub. Açıq-saçıq zarafatlar eləməmişik. Rəsmi böyük-kiçiklik olmasa da, mən bunu gözləməyə çalışmışam.
...Əlbəttə, qələm yoldaşlarımla, dostlarımla əlaqələrim daha çox yaradıcılıq telləri ilə bağlı idi. Ancaq bununla belə biz bir-birimizin həyatına, taleyinə də biganə qalmamışıq. Əli Vəliyev, Mirzə İbrahimov, Süleyman Vəliyev, Bayram Bayramov, Məmməd Rahim, Nəbi Xəzri, Sabir Əhmədli, Cəmil Əlibəyov, Əlfi Qasımov, Qabil, çingiz Hüseynov, Xəlil Rza, Nəriman Həsənzadə, Tofiq Mütəllibov, Şükür Xanlarov, Məmməd Araz, Şahmar Əkbərzadə, Ənvər Rza və başqa yazıçı və şairlərlə sıx əlaqəmiz olubdur. Xüsusilə çətin məqamlarda, dar gündə onların köməyini hiss etmişəm. Haradasa, mən də onlara kömək əlimi uzatmışam. Bir-birimizə arxa-dayaq olmuşuq. Dərd-sərimizi bölüşmüşük. Bizi birləşdirən tellər daha möhkəm olduğundan küsəndə də, inciyəndə də, necə deyərlər, dərhal hər şeyi vurub dağıtmamışıq.
...Mənim üçün qiymət verməyin əsas meyarı vətənə, xalqa, millətə təmənnasız xidmətdir.
...Tələbəlik illərimdən indiyə qədər istirahət gününün, istirahətin nə demək olduğunu bilmirəm. Məni buna vadar edən ancaq yaradıcılığım olub. Bu mənada yaradıcılıq məni elə xəstələndirib ki, bu gün də sağalmamışam. Bütün istirahət günlərimdə (müəyyən hadisələrlə bağlı günlər istisna olmaqla) yazı masası arxasında olmuşam. ömrümdə bir bayram gününü bayram kimi keçirməmişəm. Novruz bayramından başqa bir dəfə də olsun bayram süfrəsi açıb məclis düzəltməmişəm. Tək-tək halları (bunları bir əlin barmaqları ilə saymaq olar) çıxmaqla, bir dostun, yoldaşın bayram məclisində iştirakım olmayıb. çox nadir hallarda ad günlərində, daha çox isə toy məclisində iştirakı vacib saymışam. Yas məclislərindən isə mümkün qədər qalmamışam.
...Bir dəfə də olsun özümə ad günü keçirməmişəm. Olsa-olsa evdə həmişəkindən bir az fərqlənən ailə süfrəsi açılıb. Qırx yaşım, əlli yaşım da başqa yaşlarımdan fərqlənməyib. Qarşıdan altmış yaşım gəlir. Şübhəsiz, hətta bu altmış illiyimin qeyd olunmasına da razılıq verməyəcəyəm. Bir də ona görə ki, vətən düşmən əlində, xalqım, millətim qan içində, gözü yaşlı, bir milyondan çox həmyerlilərim küçələrdə ac-susuz. Yubiley mənim nəyimə, harama yaraşır. ümumiyyətlə, mən belə şeylərə pis baxmışam.
...Mən çox vaxt dostlardan, yoldaşlardan, məclislərdən qaçmışam. Bunun bir səbəbi də o olub ki, içkiyə meylim olmayıb. ömrümdə təklikdə dilimə içki vurmamışam. Məclis xatirinə az-maz içmişəm. Yeyib-içməyə vaxt sərf etməyi əsla sevməmişəm. Evimə gələn dost və yoldaşlarım da çox az olub: bir-iki nəfər. Ailəyə çox adamın (kişinin) gəlib-getməsini, oturub-durmasını məqsədəuyğun bilməmişəm.
...Yeri gəlmişkən bir cəhəti qeyd etmək istəyirəm: lap gənc illərimdən mənim yaxınlıq etdiyim, ünsiyyətdə olduğum adamların bir çoxu yaşlılar, ağsaqqallar olub, yaxud məndən xeyli yaşlı olublar.
...Kiçicik kömək, yaxşılıq gördüyüm adamların əməyini heç vaxt unutmamışam. İndi də hörmətlərini saxlayiram.
...İnsanda üç keyfiyyəti daha çox sevmışəm: məhəbbət, səmimiyyət, mərdlik. üç şeyə daha çox nifrət eləmışəm: yaltaqlıq, riyakarlıq, yerlibazlıq.
...Həm elmi pedaqoji fəaliyyətimdə, həm də umumiyyətlə muhitimdə insanda sevdiyim keyfiyyətləri varlığımda yaşatmaga çalışmışam. Tələbəyə münasibətdə həmişə öz tələbəlik illərimi gözümün qabağına gətirmişəm.
...Mən həmişə
çalışmışam tələbələrim mənə
inansınlar. ürəklərini açsınlar. Dərd-sərlərini
desinlər. Mən tələbələrimin halını
soruşanda gözlərinin yaşardıqlarını
çox görmüşəm. Əgər belə isə bir
quru sözlə onların könlünü niyə
oxşamayaq!? Elə tələbələrim olub ki,
ata-analarına demədikləri sirlərini açıb mənə
deyiblər. Onlar inanıblar ki, mən əlimdən gələni
əsirgəməyəcəm.
...Tələbərimlə səmimi münasibətlərimiz bu gün də davam edir. Ağıllı, qabiliyyətli, ədəb-ərkanlı tələbələrimlə fəxr edirəm. Onların yolunda hər cür cəfaya dözməyə hazıram.
...Bildirmək istəyirəm: təkcə Azərbaycan yox, keçmiş SSRİ-bəlkə də lap dünya Dövlət Təhlükəsizlik orqanlarının arxivlərində mənim kiminsə haqqında gizli, yaxud aşkar yazılı və ya şifahi formada deyilmiş bir kəlmə sözümü tapan olsa, başımı verməyə hazıram. Ancaq görünür, DTK-sı ilə bilavasitə əlaqədə olanlar iz itirmək üçün qara yaxmaqdan belə çəkinmirlər.
Mən həyatda
nə yazmışam, nə demişəmsə düz də
olsa, səhv də olsa, açıq-aşkar yazmışam,
demişəm. Bununla fəxr edirəm.
(Ardı var)
Famil Mehdi
Təzadlar.- 2010.- 9 yanvar.- S.10.