Qadın zorakılığı
Ailədə
şiddət görən qadınlar üçün
sığınacaqların yaradılması vacibdirmi?
Qadınlara qarşı
zorakılıq tarix boyu kişilərlə zəif cinslər
arasında aparılan bərabər bölgülərin ədalətsizliyi
nəticəsində yaranır. Müasir dövr də daxil
olmaqla, bütün dövrlərdə kişilər əksər
hallarda öz mövqelərindən, eləcə də, onlara
verilən güc və səlahiyyətlərdən
qadınlara qarşı sui-istifadə ediblər. Zəif məxluqlara
qarşı yönəldilən ədalətsizliyin isə əsasən,
ailədaxilində baş verməsi faktı bu gün artıq
dünya ictimaiyyətinin gündəmində duran əsas
aktual məsələlərdəndir.
Dünyada 60 faiz
qadın ərləri tərəfindən döyülür
Bir sıra mütəxəssislərin
gəldikləri qənaətə görə, dünyada
qadınların 60 faizi öz ailələri tərəfindən
zorakılığa məruz qalır. Məsələn,
ABŞ-da hər il 1900-ə yaxın qadın zorlanmaya məruz
qalır, hər 15 saniyədən bir isə bir zərif məxluq
ərləri tərəfindən döyülür. Avstraliyada
qətl hadisələrinin 54
faizi ailə daxilində baş verir və bu cinayətlərin
90 faizinin qurbanı qadınlar və uşaqlar olur.
Böyük Britaniyada da
hər dörd qadından biri fiziki zorakılığa məruz
qalır. Doğrudur, göstərilən statistika əsasən,
4 il bundan əvvəlki mənzərəni əks etdirsə də,
həmin ölkələrdə məsələ bu gün də
aktuallığını itirməyib.
Bütün hallarda
qadınlara qarşı zorakılıq insan hüquqlarının
və qadınların əsas azadlıqlarının
pozulmasıdır.
Qadınlara
qarşı zorakılıq problemi müxtəlif vəziyyətlərdə
dünyanın bütün ölkələrində
mövcuddur. Bütün dövrlərdə qadınlar fiziki,
psixoloji, iqtisadi, seksual, hüquqi zorakılığa məruz
qalır. Hətta yaxın dövrlərədək demək
olar ki, qadınlar üçün heç bir hüquqi və
tibbi müdafiə xidmətləri fəaliyyət göstərmirdi.
Heç bir profilaktik proqramlar yox idi. Problemin daha
yaxşı dərk edilməsi üçün çox az tədqiqat
aparılmışdı. Yəqin ki, qadınlara qarşı
zorakılığın belə inkişaf etməsinə əsas
səbəblərdən biri də problemə belə laqeyid
münasibət və qanunlardakı boşluqların
olmasıdır.
Qadınlar nədən qorxurlar?
Qurbanların əksəriyyəti belə şəraitdə əsasən, susurlar. Yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən qaçırlar. çox az hallarda qurbanlar bu barədə polisə müraciət edir, məhkəmələrdə cinayət işləri açılır. çünki onları bu yoldan çəkindirən bir sıra səbəblər var.
Birincisi, yaxınlarından, qohumlarından, iş yoldaşların utanırlar. Bundan başqa, ya bir sıra hallarda ailədə aldıqları tərbiyə, adət-ənənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir, ya heç kəsin ona inanmayacağını, ya boşandıqdan sonra küçələrdə səfalət içində qala biləcəyini və sair bu kimi məsələlər qadınların qarşısında duran əsas mneaələrdir. Bəllidir ki, bir çox qadınlar ailələrini "dağıtdıqlarına" görə ata evi tərəfindən qəbul edilmir.
Regionlarda isə qadınlar ümumiyyətlə, məhkəməyə müraciət etməkdən çəkinir. Onlar düşünür ki, bu milli adət-ənənəyə uyğun deyildir.
Sadalananlarla mübarizə aparmaq üçün BMT tərəfindən bir sıra beynəlxalq sənədlər qəbul edilib. Və Azərbaycan dövləti də bu sənədlərə qoşulub.
Təəssüf ki, Azərbaycan da deyilən problemdən kənarda deyil.
Belə ki, hər yerdə olduğu kimi Azərbaycanda da istər milli, istər də dini qaydalara əsasən, qadınlar onlara inanmayacaqlarından və ya təkrarən zorakılığa məruz qalacaqlarından qorxaraq müxtəlif instansiyalara o cümlədən, polisə müraciət etməkdən çəkinir, başlarına gələn problemləri ətrafdakılara danışmaqdan utanırlar. Bu, xüsusilə də regionlarda aktual problem olaraq qalır. Məhz bu səbəbdən də ölkədə bu sahənin dəqiq statistikasını vermək mümkün olmur. Tədqiqatlar göstərir ki, qadınlar əsasən öz evlərində, ərləri və ya ən yaxın adamları tərəfindən öldürülür, zorlanır, şantaj və hədə-qorxulara və digər fiziki, psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır. Ailədaxili zorakılıq hallarında daha qorxulu və həyacanlı məqam budur ki, ailədə məişət və digər zəminlərdə baş verən münaqişələrin, cinayətlərin 60-70 faizi azyaşlı və ya yeniyetmə uşaqların gözləri qarşısında baş verir. Bu isə təbii ki, onların gələcək həyatlarında istər cəmiyyət, istərsə də onların yaxınları üçün izsiz ötüşmür.
Dünya
parktikasında qadın sığınacağı var. Bəs, ondan
bizdə niyə yoxdur?
Ailədə
şiddət görən qadınların və
uşaqların müdafiəsi üçün dünyada bir
sıra təcrübələr mövcuddur. Onların arasında ən effektlisi
qadın sığınacaqlarının
yaradılmasıdır. Qeyd edək ki, həmin
sığınacaqlar şəhər bələdiyyəsi və
QHT-lərin iri layihələri hesabına maliyyələşir.
Orada psixoloq, hüquqşünas və sosioloqlar
həmin qadın və uşaqlarla işləyir. Ailədə zorakılıq görən
qadınların həmin sığınacaqlara müraciəti
isə tam məxfi saxlanılır.
Azərbaycanda
da sığınacaq mövcudur. Lakin bu məkanlar insan
alverinin qurbanı olanlara xidmət edir. Beynəlxalq
təcrübədən fərqli olaraq, Dİ-nin nəzarətində
olan bu məkanlara yerləşdirilən qadınlar istintaq
başa çatandan sonra sərbəst buraxılırlar.
Onların sonrakı taleyi, həyatlarına dair
təhlükəsizlik təəssüf ki, təmin edilmir.
Qərb ölkələrində isə
sözügedən insanların reabilitasiyası
aparılır, psixoloqla və hüquqşünasla təmin
edilir.
Azərbaycan cəmiyyətinin fərqli mövqeyi
Azərbaycanda ailədə
şiddət görən qadınların və
uşaqların sayı digər ölkələrdən az deyil, bəlkə də əksinə, bəzi
ölkələri üstələyir. Ona
görə də, ailədaxili zoraklıqla üzləşənlər
üçün də sığınacaqların
yaradılmasına böyük ehtiyac var. Lakin bəzi mütəxəssislər
hesab edir ki, cəmiyyətimiz buna hazır deyil. Fikirlərini də onunla əsaslandırırlar ki,
Azərbaycan qadınlarında komplekslər çox olur, ətrafın
onun haqqında nə düşünəcəyinə
böyük diqqət yetirir. Belə ki, təzyiq
görmüş qadın özünü müdafiə etmək
üçün sığınacağı seçərək
bir neçə gün və ya bir neçə ay evindən
uzaqlaşarsa, sonradan cəmiyyətin, ata-anasının onu qəbul
etməyəcəyini düşünür. Bir sözlə, milli xüsusiyyətlərdən gələn
bəzi məsələlər sığınacağın
yaradılmasının reallaşması üçün maneədir.
Lakin digər cəbhədə
duranlar bunun əksini düşünür. Onlar sovet
dövründən misal gətirərək, belə
sığınacaqların mövcudluğuna toxunurlar. Qeyd edək ki, ikinci tərəfin önə çəkdiyinə
də nisbətən sığınacaq demək olar. Belə ki, sovet dövründə bu məkanlara əsasən,
yetim uşaqlar yerləşdirilirdi. Tənha
qadınlar isə onlara bir növ dayəlik etmək
üçün oraya sığınırdı. Lakin müstəqillikdən sonra sözügedən
məkanlar ləğv edildi.
Digər
mövqedə duranlar isə, belə fikir söyləyirlər
ki, şiddətə qarşı qanunvericilikdə cinayət
işi nəzərdə tutulduğundan
sığınacağa ehtiyac yoxdur. Sadəcə olaraq,
qadınlar arasında maarifləndirmə iişin gücləndirmək
yetərlidir. Onlar fikirləşir ki, əgər
qadın hüququnu bilərsə, özünü müdafiə
etmək üçün polis bölməsinə müraciət
edəcək.
Lakin zaman
göstərir ki, maarifləndirmə işi nə qədər
gücülü aparılsa da, bununla bağlı nə qədər
qanunlar çıxsa da ailədaxili zorakılıqların
qarşısı alınmır. Əksinə, ildən-ilə
daha da artır. Ona görə də,
dünyada ən çox qəbul edilən təcrübə
sığınacaqların təşkilidir.
Vəfa Saleh: "Azərbaycanda mini
sığınacaqlara ehtiyac var"
"Təmiz
Dünya" İctimai Birliyinin eksperti Vəfa Saleh təşkilatlarının
bir neçə dəfə Dİ-ə mini
sığınacaqların yaradılması ilə
üçün müraciət etdiklərini bildirdi. Onun sözlərinə
görə, "Təmiz Dünya" İB-nin nəzdində
həm insan alverinin qurbanları, həm də ailədə
zorakılıq görmüş qadınlar üçün
sığınacaq mövcuddur: "ABŞ-da
hüquq-mühafizə orqanlarının nəzdində bu
cür sığınaqların olduğunun şahidi
olmuşam. Qadınlar bir müddət orada
saxlanılır. Onlara psixoloji yardımlar
göstərilir. Həyat
yoldaşını çağırıb,
danışıqlar aparılır. Əgər
hər iki tərəfi yola gətirə bilirlərsə,
barışdırırlar. Mümkün
olmadıqda hüquqi müstəvidə həll edirlər.
Azərbaycanda da belə mini
sığınacaqların yaradılması üçün
bizim təşkitlat bir neçə dəfə Dİ-ə
müraciət edib. Bizim təklifimizdə
o da bildirilirdi ki, burada tək qadınlar deyil, uşaqlar da
sığınsınlar. Hazırda bizim təşkilat
bu vəzifəni müəyyən qədər öhdəsindən
gəlməyə çalışır. Artıq
üç ildir ki, ailədaxili zoraklıqla üzləşmiş
qadınlara yardım edib, sığınacaq veririk. 50-ə yaxın bu tipli insana yardım göstərmişik.
İndi də onları nəzarətdə
saxlayırıq ki, ətrafda problemlərlə üzləşməsinlər.
Bayramlarda isti geyimlərlə, ərzaqla təmin
edirik".
V.Saleh onu da bildirdi ki, bu
cür sığınacaqların saxlanması
üçün böyük vəsaitlər də lazım gəlmir:
"Bir otağın ayrılıb, müəyyən şəraitin
yaradalıması böyük vəsait aparmır. Əsas olan odur ki, bununla bağlı ilkin addım
atılsın. İlkin addımlardan sonra hər
şey öz qaydasına düşəcək. Əgər müraciət edənlərin sayı
artarsa, o zaman maliyyə problemləri çıxa bilər.
Onda bələdiyyələrin, sahibkarların
yardımından istifadə etmək olar".
V.Saleh müəyyən
təşkilatların bu vəzifənin öz üzərinə
götürdüyünü desə də, ümumilikdə
istər dövlət, istərsə də ictimaiyyət səviyyəsində
sistemli qurulmadığından şikayət etdi.
Mətanət Müslümqızı: "Bununla ailələrin
dağılmasının qarşısı alına bilinər"
Qadın Krizis Mərkəzinin
sədri Mətanət Müslümqızı ailədaxili
zorakılığın Azərbaycanda aktual olduğunu dilə
gətirdi: "Sosial durumun aşağı düşməsi
ailələrdə problemləri artırıb. Bir
çox ailələrdə əsas ağırlıq
qadınların üzərinə düşüb. Bütün bunlar isə ərlə-arvad
arasındakı münasibətlərdə gərginlik
yaradır. Ona görə də, ailə
daxilində baş verən zoraklıqların həlli
yollarının tapılması üçün problemi
ictimailəşdirmək lazımdır. Bu
yöndə, əri tərəfindən şiddətə məruz
qalan qadınlar üçün sığınacaqların
açılması ilk addımlardan biri olar".
Onun sözlərinə görə, cəmiyyət və ictimaiyyət arasında insan alverinin qurbanlarının sığınacığı ilə ailədə zorakılıq görən qadınların sığındığı məkanı qarışıq salırlar: "Ailədə şiddət görənlər üçün yaradılan sığınacaqların digər sığınacaqlara qətiyyət dəxli yoxdur. Əgər belə məkanlar yaradılarsa, ailələrin dağılmasının qarşısını xeyli dərəcədə ala bilər. Bundan başqa, qadınların çox ciddi ehtiyacı olduğu həssas məsələlərlə bağlı psixoloqlar yardım edər. Məsələn, biz bu yaxınlarda Estoniyanın Tartu şəhərində olanda artıq 5 ildir ki, fəaliyyət göstərən bu tipli sığınacağın şahidi olduq. Ora beynəlxalq təşkilatların təşəbbüsülə yaradılsa da, hazırda bələdiyyələrin büdcəsilə maliyyələşir. Həmin qadınlara psixoloji, hüquqi, maddi yardım göstərilir. ünvanları isə gizlin saxlanılır. Burada polisin də böyük rolu var. Hüquq-mühafizə orqanlarında qaynar-xətt fəaliyyət göstərir. Əgər şiddət görmüş qadın istərsə polis vasitəsilə həmin sığınacağa yerləşdirilir. iyə Azərbaycanda bunu tətbiq etməyək? ölkədə yetim qalan uşaqların, dağılan ailələrin sayı ildən-ilə artır. Bunun qarşısını almaqda hər birimiz maraqlı olmalıyıq. Təəssüf ki, bəzi QHT-ləri çıxmaq şərtilə, böyük əksəriyyəti laqeyd yanaşırlar. Əgər cəmiyyətdə hər hansı problem mövcuddursa hökumət də, cəmiyyətdə, ictimaiyyətdə buna böyük diqqət ayırmalıdır. Məsələn, Estoniyada bu işi görmək üçün tanınmış QHT-lər bir araya gəldilər, beynəlxalq təşkilatlardan böyük miqdarda qrantlar aldılar. Amma gəlin görək, bizdə genderlə bağlı QHT-lər bir araya gələ bilələrmi ki, böyük donorlar da ala bilsinlər? İkincisi, həmin ölkədə hökumətin problemə yanaşı tərzi başqadır. Vətəndaş cəmiyyətinə yardım edir, birgə iş qururlar. Bəs bizdə, dövlət qurumları QHT-lərə qapılarını açırlar? Hər şeyə ikili yanaşılır. Hökumət, müstəqil və müxalifət deyən münasibət bəsləyirlər. Ona görə də, bizdə sistemlilik pozulur, pərakəndəlik yaranır. Uzun illər bu sahədə təcrübəsi olan QHT-lər bir araya gəlib konsepsiya hazırlamalıdırlar. Bu konsepsiyanı hökumətə və beynəlxalq qurumlara təqdim etməlidirlər".
Elmidar
Təzadlar.- 2010.- 9 yanvar.- S.11.