Eldən gələn yol eldən başlanar

 

Görkəmli alim Xudu Məmmədovun 27 il əvvəl yazdığı bu məqaləsini dəyərli şair Zəlimxan Yaqubun 60 illik yubileyinə töhfə bilirik.

Maddi yönlü "arzulara" çatan kimi cavabsız bir sonra sualı ilə üzləşir, bir "arzu" da köhnəlirsən. Belə "arzular" insan yüksəlişinə başlanğıc ola bilmir, çox olsa, onlar istəkdir, vasitədir, məqsəd olmur. Elmi işçilik həyatımızdan bir misal gətirmək istəyirəm. Laboratoriyanın qiymətli elmi avadanlıqla "bəzənməsinin" məqsədə çevrilməsi və belə bir "bəzəyin" elmi iş göstəricisi olması çoxlarını düşündürmüş olar. Bir də görürsən ki, elmi imkanından çox hər cür başqa imkanı olan birisi oxşar arzuya düşür. Günlərin bir günü "arzu" aşağısı, yuxarısı göstərilmiş yeşiklərdə institutun həyətina tökülür. Laboratoriya elmi-fantastik fılmlərdəki kimi bəzənir. Sonra? Qiymətli servizə layiq qonaq axtanlar kimi elmi avadanlığa aid sual axtarılır. Bu axtarış o qədər uzun çəkir ki, avadanlığın özü hesabdan silinənə qədər ancaq tozu silinir. Bu hal bəzi evlərdəki büllur qab yüklü pianoların köynəyinin tozu silinəndən-silinənə soyundurulduğunu yada salır. Beləcə, vasitə, imkan məqsəddən qabağa düşüb göz dağına çevrilir.

Bir sözlə, hər istək arzu ola bilməz. Arzu konkret bir şeyə çatmaqdan çox, hədəfı çox uzaq nağıla bənzər bir uçuş üçündür. Arzu - fıkirləşmədən irəlilədiyimiz bir cığırdır. Hava quşun qanadları üçün söykək olub, ona uçuş imkanı verdiyi kimi, həyatda poeziya da arzularımızın qanadlarının söykəyidir. Buna görədir ki, poeziya həmişə qorunub, qiymətləndirilib, xalq şairləri başqa şairlərdən çox əzizləyib. Uğurlu poeziya zamana şərəf, gələcəyə işıq olub. Elə buna görə də poetik mühitimizdəki yeniliklərə marağımızı, buradakı uğurlu hadisələri gücümüz çatdığı qədər qiymətləndirmək cəhdim oxuculara qəribə görünməməlidir.

Bu payız Qarabağda bir toy gördüm. Toy başqa toylar kimi, toyluğu ilə birlikdə həm də dərsi çox yaddaqalan bir məktəb idi. Bütün burada gördüklərim və eşitdiklərim içərisində məni ən çox düşündürən gənc şair Zəlimxan Yaqubla toy məclisindəkilər arasında gedən söhbət oldu. Bir də inandım ki, arzu - auditoriya, yığıncaq, deyilənə münasibəti sözsüz də bildirir. Mən Zəlimxan Yaqubla çox rastlaşmışam və hər dəfə tamaşaçıların onu təşkil olunmamış bır sevinclə qarşıladığını görmüşəm. O da toya bizim kimi qonaq gəlmişdi. Onun gəlişi xoşbəxtlərin toyunu elimizdə torpağımızın, poeziyamızın bu gününü, dünənini toy ruhunda işıqlandıran bir toplanışa çevirdi. Zəlimxana ömründə kök görməmiş bir saz da tapılmışdı. Onun belə vəziyyəti mənim üçün təzə idi. Dilimizi başa düşməyən, saz musiqisini birinci dəfə eşidən qonağımız olsaydı, sazlı-sözlü söhbətini heyranlıqla dinləyənlərin gözlərindən hər şeyi başa düşərdi. Mənə qəribə görünən nə Zəlimxanın saz çalması, nə də oxuması idi. Bir də Borçalıda dünyaya göz açmış, böyümüş bir adamın, həm də şair olanın saz çalması, aşıq kimi söyləməsi kimi heyrətiəndirə bilər. Hamıya xoş gələn onun dilə gətirdikləri, vulkan odu, vulkan intizamsızlığı, döndərmələrinin gözlənilməzliyi, elə, el sənətinə, poeziyamıza bənzərsiz vurğunluğu idi. Sanki bir şeirində dediyi istəyi elə bil bu gün yerinə yetirməyə çalışırdı:

 

Yorulmayan ürək ola, baş ola,

Can sirdaşım torpaq ola, daş ola.

Arzuların sayı qədər yaş ola,

Ömür verəm xidmətinə bu xalqın!

 

Zəlimxanın adına "böyük şair ol! İlham ömür yolçun olsun! Elimizi ellərə tanıt!" arzuları çox təkrar olunurdu. Sonuncu arzunun yaradıcılara deyildiyini çox eşitmişəm. İstər-istəməz hər dəfə fikirləşirsən, ellər bizi tanıdığı qədər özümüz də özümüzü tanıyırıqmı?

Nə "hə", nə də "yox" deməyə ürəyim gəlmir. Ancaq onu bilirəm ki, bizi dünyaya tanıdanlar qədər də özümüzə tanıdanlara böyük ehtiyacımız var. Hər dəfə Zəlimxan Qurbaninin, Xəstə Qasımın, Tufarqanlı Abbasın, Alının, Ələsgərin, Şəmşirin canlı səsinə çevriləndə hamını özüm kimi heyrət edən görmüşəm. Niyə biz bu söhbətləri birinci dəfə eşidir kimi heyrətlənirik. Mən, əlbəttə, istəməzdim ki, onlar adiləşsin, tükənib hamıya birdəfəlik məlum olan söhbətə çevrilsin. Əksinə, mən istəyirərn ki, bu tükənməzlərin bir həqiqət olduğuna yeni dəlillərlə inandırsınlar. İnsan üçün elin, el sənətinin onun gözündə adiləşməsi talesizliyə bərabər bir şeydir. Vətən bütün nişanlarına görə vətənlilərin gözündə tükənməz olmalıdır. Bunun belə olduğunu Vətəndə ola-ola Vətən həsrəti duyanlar lap yaxşı bilir. İstər-istəməz fikirləşirsən bir anlığa belə bizim duyğularımızın pəncərəsini bu tükənməzliyə açanlara nə qədər borcluyuq. Kim olur-olsun: rəssam, zəhmət adamı, şair, son günlərini yaşayan abidəni bizə qaytaran arxeoloq, müğənni, bizim ömrümüzdə onların nə qədər payları var. Ola bilsin ki, poeziya bizi xoşbəxt olmadığımız halda xoşbəxt edə bilməsin. Ancaq o, olanımızı bizə göstərir, onların gözümüzdə tez adiləşməsinə imkan vermir.

Şairin beynində ulduz yoxdursa, onu göydə də görə bilmir. Biz adi adamlar da beləyik. İllərlə yanımızda olanı görmək, qiymətləndirmək üçün haradansa, kimdənsə bizə bir ilham enməlidir. Elə Zəlimxan kimilərinin gücü də bundadır:

 

Küsmə təbiətin şıltaqlığından,

Duman bu yerlərdən getmir, getməsin.

Torpaq yanımızda, su yanımızda,

Əlimiz bir yana yetmir, yetməsin.

 

Bu sadə sözlərlə hamının başa düşəcəyi bir şəkildə əl çatana əsaslanmağın bütün hallarda doğru yol olduğuna fikir yönəldilir. Söz yox ki, bu arzumuz yaşamağa, vəziyyətlə razılaşmağa çağırış deyil. Elə bir vəziyyət düşünmək mümkün deyildir ki, insan öz fiziki və intellektual imkanına çıxış yolu tapa bilməsin. Əlbəttə, zamana görə, vəziyyətə görə tək torpağımın, suyumun yanında olum, onların sonsuz qulluğa, sonsuz oyuna ehtiyacı var. Arzu keçilməzliklə rastlaşdıqda saysız səmtlərə səpələnir və onların içərisində əvvəlkindən də aydın görünüşü tapılır. Bəxtiyar müəllimin dediyi kimi:

 

Yeni arzulara aparır bizi,

Arzunun özündən doğan arzular.

 

Səmimi olmayan sözlərlə, dolaşıq fıkirlərlə insanı özünə qaytarmaq, öz halal xoşbəxtliyi ilə barışdırmaq mümkün deyildir. Halal xoşbəxtlik o xoşbəxtlikdir ki, hər dəfə dünyanın ardınca fırlanmadığının kədərindən, əsassız xoşbəxtliklərin nəşəsindən ayrılarkən yanında görürsən.

 

Dəli yellər haray salıb əssə də,

Qar qalanıb qapımızı kəssə də,

Könül bəzən təbiətdən küssə də,

Dünya yenə gözəldir ki, gözəldi.

 

İnsan özündən çıxanda onu sadə ana sözlərindən, torpaq və el çağırışından başqa nə özünə qaytara bilər.

 

Zəlimxan yaz tapar qışın içində,

Tək arzu tükənib ömür bitməsin.

Ürəyimdə od yurdunun odu var,

Odu dövlət, odu sərvət, odu var.

Bu istəyin bir müqəddəs adı var,

Məhəbbətdir, məhəbbətdir, məhəbbət!

 

Poeziyanın ən ali məqsədi insanın ən gözəl ölçüsü olan bu müqəddəs odu yöndəmində üfürüb alışdırmaqdır. Məhəbbətin öz dili var, öz ifadə forması var. Adi baxımdan bu dil çox məntiqsiz olur və adi məntiqlə deyilmiş məhəbbət sözləri komediyalarda gülüş doğurmaq üçün istifadə edilir.

Necə olursa (doğrusu, bu necə olursaya mənim fərziyyə şəklində olsa da, bir cavabım yoxdur) şair məhəbbətinin səmimiliyinə inandırır və onun dedikləri artıq məhəbbət dilində məhəbbət məntiqi ilə oxunur. Belə halda şeir oxucuya məntiqi görünür.

Zəlimxan "Yolum eldən başlanıb" kitabını təzəcə bağışlamışdı. Avtomaşınla Qarabağa getməli oldum. Havanın qarışıqlığını hiss edib Kürdəmir yolunu seçdim. Bu səfərdə Zəlimxanın şeirlər kitabı bizə yol yoldaşı oldu. Mən Zəlimxanın şeirlərini yoldaşlarıma oxudum. Şeirlər mənim oxumağımdan da bir şey itirmədi və Kürdəmir yolu kimi bir yerdə yersiz görünmədi. Musiqini istədiyiniz yerdə eşidib təsirlənə bilərsiniz, şeir belə deyil. Şeirin qəbul olunması üçün mühit poetik olmalıdır. Ancaq mühiti musiqi kimi poetikləşdirən şeirlər də olur. Bir sözlə, Kürdəmir yolu, bu səfər çox ürəyə yatan oldu. Belə də olmalı idi. Axı Zəlimxanın şeirlərində çox üz tutulan Vətən mütləq ölçülərə təsvir olunmayıb.

Bala, ana, ata sevimli məhəbbətin mütləq göstəriciləri olmadığı kimi Vətən məhəbbətinin də yüksək göstəriciləri yoxdur. Zəlimxanın və bizim başqa uğurlu şairlərimizin əsərlərində dağların vəsfi, aranda dağ həsrəti, aranın vəsfi isə dağda aran həsrəti kimi səslənir. Bununla da Vətən anlayışı üçün bütünlük gözəlcə gözlənilmiş olur.

İlham aləmi, gerçəkli şair olanların həmişə, şair təbiətli adamların arabir, qalanlarının isə bu haqda elə-belə təsəvvürü olan yerdir.

Zəlimxan həmişə bu aləmdədir: hər yerdə, bütün vəziyyətlərdə. Onun elə bir sözü yoxdur ki, özü demiş, "mayalı, özüllü" ilhamdan gəlməsin. Haqlı olaraq bu özülsüzlüyü şair kimi yoxluğuna bərabər tutur.

 

Dodaqlarda gül açıb,

Dillərlə oxunmasa,

Sözüm ürəkdən gəlib,

Xalıtək toxunmasa,

Yersiz işləmiş olsam,

Bir naxışı, ilməni,

Onda ölmüş bil məni!

 

Şeir onun anlamaq və anlatmaq yoludur. Mənim dediklərim, sadəcə, bir oxucu düşüncələridir. Gücüm çatsaydı mən onun şeirlərini araşdırar, ona sənətkarlıq məsləhətləri də verərdim. İnanıram ki, Zəlimxan belə məsləhətləri bir minnətdarlıqla qəbul edərdi. Belə oxucu yazılarını bir neçə kəlmə ilə də demək olar. Sənin şair səsini eşitdik, inandıq, özünə inan, tənqidçi sözündən sarsılma, onu nəzərə al! Başqalarının fikrinə ehtiyacı olmayanın fikrinə ehtiyac olacağına inanıram. Tənqid olmasa, oxucu əks-sədası olmasa yazıçı öz formasını necə tapa bilər? Mən deyərdim kı, Zəlimxan üçün xeyirxah tənqidin lap vaxtıdır.

Zəlimxana şeirini oxutdurmaq üçün yalvarmaq lazım gəlmir. O, danışığı xoşa gəldiyini hiss edən adam kimi, fikirlərini, şeirlərini bütünlükdə yada salmaqla deməkdən çəkinmir.

 

 

(Ardı var)

 

Təzadlar.- 2010.- 9 yanvar.- S.9.