Tanınmış alim, dəyərli ziyalı

 

Yüksək əxlaqi keyfiyyətləri ilə yanaşı, Alış Qasımov həm də xalqa, dövlətə təmənnasız xidməti ilə fərqlənir.

Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir. Ədalətə, haqqa, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən, həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb. Yaşadığı zaman və məkandan asılı olmayaraq, daxilindəki işığa doğru üz tutan, bütün varlığı ilə düzgünlüyə, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.

Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucağılığına qovuşmuş insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirib. Xalqımız cəmiyyətdə qanunçuluğun zəfəri yolunda əzmlə çalışmış belə ziyalılarla daim qürur duyub, onları qoruyub, zamanın sərt təlatümlərindən hifz edib. Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, yüksək tədqiqatçılıq məharəti, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə cəmiyyətdə rəğbət qazanmış belə ziyalılardan biri də Alış Məmiş oğlu Qasımovdur. Şərəfli ömür yolunun 50-ci pilləsinə - kamillik və müdriklik zirvəsinə yetişən alimin həyatının geridə qalan mənalı illəri ilə qürur duymağa tam haqqı çatır. Onu yaxından tanıyanlar da birmənalı təsdiq edər ki, BDU-nun hüquq fakültəsinin professoru olan bu ziyalı həyatının ən qaynar illərini məhz elmin, ali təhsilin inkişafına sərf edib, cəmiyyətin tərəqqisi, mənəvi yüksəlişi naminə hüquqşünas kadr hazırlığı prosesində yaxından iştirak edib. Alış Qasımov dövlətin qüdrətini, cəmiyyətin azadlığını və firavanlığını, sosial ədalətin bütün səviyyələrdə təntənəsini insanların yüksək biliklərə yiyələnməsində, maariflənməsində görüb. Hüquq elminin zirvəsinə yüksəlmiş dəyərli alim qanunçuluğun, hüquq qaydalarının təmini naminə dövlətə, xalqa bağlı olan, habelə yüksək mənəvi keyfiyyətləri ilə seçilən hüquqşünas kadr hazırlığı prosesinə sanballı töhfələrini verib.

Hər bir kamil şəxsiyyət onu əhatə edən cəmiyyətdən də əvvəl məhz ailədə yetişir, formalaşır, gələcək həyat yolunu düzgün müəyyənləşdirə bilir. İnsan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu torpağın da rolu az deyil. Müdriklərimiz əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. 1960-cı il yanvarın 10-da Beyləqan rayonunun Milabad qəsəbəsində fəhlə ailəsində anadan olmuş Alış Qasımovun mənsub olduğu halal ailə, əhatə olunduğu saf mühit onu daim haqqa, ədalətə tapınmağa, mübariz olmağa, ömrü ləyaqətlə yaşamağa sövq edib. Cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ilk növbədə halallığa tapınan valideynlərinin böyük rolu olub. Ailəsini dolandırmaq üçün halal zəhmətə qatlaşan atası Məmiş kişi el arasında mərdliyi, sözünə bütövlüyü, insani keyfiyyətləri ilə tanınıb. Erkən yaşlarından əsl azərbaycanlı adət-ənənələri, dəyərləri üzərində qərar tutan saf ailə mühitində aldığı düzgün tərbiyə yüksək daxili keyfiyyətləri ilə çuğlaşaraq Alış Qasımovu şərəfli ömür yoluna hazırlayıb. Həyatının ən çətin, keşməkeşli anlarında belə haqdan dönməyib, düzgünlüyü və mənəvi təmizliyi uca tutub. Hələ uşaqlıq dövründən məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu yaxından tanıyanlarda xoş hisslər doğurur.

1967-ci ildə doğulub boya-başa çatdığı Milabad qəsəbə məktəbinin birinci sinfinə daxil olan Alış Qasımov özünün istedadı, çalışqanlığı, biliklərə yiyələnmək həvəsi ilə müəllimlərinin rəğbətini qazanıb. Yaşa dolduqca, həyatın ziddiyyətləri, bəzən də haqsızlıqları ədalət axtarışında olan bütün fədakar insanlar kimi onu da dünyanın əbədi sualları ilə üz-üzə qoyub. Bu sualların cavabını humanitar elmlərdə axtaran gənc Alışın gələcək həyat yolu, peşə seçimi də məhz onun saf və təmiz düşüncələrindən qaynaqlanıb. Ədalət adlı ucalığa qovuşmaq ümidilə ədalət ilahəsi Femidanın vurğununa çevrilən yeniyetmənin gələcəyə yönəlmiş arzu yolunun bələdçisi isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almaq istəyi olub.

1977-ci ildə orta məktəbi bitirdikdən sonra arzularının dalınca Bakıya üz tutub, dolanışığını, güzəranını təmin etmək üçün Bakı mebel hissələri kombinatında iki il fəhlə kimi çalışıb. 1979-cu ildən 1981-ci ilədək sovet ordusu sıralarında xidməti borcunu şərəflə yerinə yetirib. Əsgəri xidmətdən sonra işləmək üçün yenidən həmin kombinata qayıtsa da, yüksək daxili inam və əzmkarlıqla qəbul imtahanlarına hazırlaşıb, məqsədə aparan yolun məhz yüksək bilik və savadla bağlı olduğunu düzgün dərk edib. Gecəli-gündüzlü zəhməti hədər getməyib - Alış Qasımov 1982-ci ildə o zamankı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Tələbəlik illərində də zəhmətə qatlaşan, peşəsinin sirlərinə dərindən yiyələnməyə, yaxşı hüquqşünas olmağa çalışan gənc Alış öz müəllimlərinin sevimlisinə çevrilib. 1988-ci ildə həmin fakültəni hüquqşünaslıq ixtisası üzrə bitirdikdən sonra bir müddət Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsində işləyib.

1989-cu ilin fevralından Alış Qasımovun taleyi məzunu olduğu Bakı Dövlət Universiteti ilə bağlanıb. Dəyərli alim son 20 ildə ömrünü gənc nəslin yüksək ali hüquq təhsili almasına, təlim-tərbiyəsinə, maariflənməsinə həsr edib. Bu müddətdə baş metodist, müəllim, baş müəllim, dekan müavini, nəhayət, kafedra müdiri kimi çalışıb. Alış müəllim elmə səmimi bağlı alim olduğunu da əməli işi ilə sübuta yetirib. 1991-1994-cü illərdə universitetin hüquq fakültəsinin "Mülki proses, əmək və ekologiya hüququ" kafedrasının aspirantı olub, "Əmək və bəzi mülki hüquq münasibətlərindən əmələ gələn əvəzli və əvəzsiz əmlak səlahiyyətlərinin qarşılıqlı əlaqə sistemi" mövzusunda namizədlik dissertasiyası üzərində səylə işləyib. Nəhayət, gərgin əməyinin, yuxusuz gecələrinin nəticəsi kimi 1994-cü ilin aprelində həmin mövzu üzrə vaxtından əvvəl uğurla müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini alıb. 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, həmin kafedranın dosenti elmi adına layiq görülüb. Elmi tədqiqatlarını davam etdirən Alış Qasımov 2003-cü ilin iyununda "Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi məsuliyyət" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 2004-cü ildə isə universitetin professoru seçilib.

Alimlik erudisiyası, intellektual səviyyəsi ilə elmi ictimaiyyətin etimadını qazanan Alış Qasımov ictimai fəallığı, idarəçilik və təşkilatçılıq fəaliyyəti ilə də seçilir. İstər dekan müavini kimi çalışdığı illərdə, istərsə də bizim günlərdə "Mülki proses, əmək və ekologiya hüququ" kafedrasının müdiri kimi daim tələbələrin xeyirxahı, qayğıkeşi olub. Onlarla səmimi, xoş münasibət yaradıb, istedadlı gəncləri daim önə çəkməyə çalışıb. Tanınmış alim auditoriyanı ələ almaq məharəti, yüksək elmi səviyyəsi, ünsiyyət bacarığı, təmkini, mədəniyyəti, tələbkarlığı, sadəliyi ilə tələbələrinin dərin rəğbətini qazanıb. İndiyədək çoxlu sayda hüquqşünas alimin yetişməsində böyük xidmətləri olan, qəlbinin hərarətindən, gözünün nurundan onlara pay verən dəyərli ziyalı bu gün də elmi kadr hazırlığında öz sözünü deyir. Yalnız bir faktı demək kifayətdir ki, professor Alış Qasımov hazırda 10 aspirant və dissertantın elmi rəhbəridir. Bir neçə aspirant və dissertant artıq namizədlik dissertasiyası müdafiə etmişlər. Professor Alış Qasımov təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınan əməkşünas alimlərimizdəndir. Təsadüfi deyil ki, onun Moskvada üç monoqrafiyası çap olunmuş və Rusiyanın görkəmli hüquqşünas alimləri tərəfindən rəydən keçirilərək yüksək qiymətləndirilmişdir.

Səylə ərsəyə gətirdiyi 200-dən çox elmi və publisistik məqalə, onlarla kitab və monoqrafiya Alış Qasımovun yüksək tədqiqatçılıq məharətini, elmə sanballı töhfə vermək niyyətini də qabarıq təcəssüm etdirir. Görkəmli alim Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Dövlət və hüquq" bölməsinin katibi olmaqla yanaşı, Ali Məhkəmənin Elmi-Metodik Şurasının, "Qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik", "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri", Azərbaycan Respublikası Ali Məhkəməsinin bülleteni jurnallarının redaksiya heyətlərinin, habelə universitetin hüquq fakültəsinin elmi şurasının üzvüdür. İxtisası üzrə yüksək təcrübəyə malik olduğundan dəfələrlə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin eksperti qismində çıxış edib, bu mötəbər məhkəmə orqanında rəy və təkliflərini söyləyib.

Ədalətin keşiyində dayanan milli hüquqşünas kadrların hazırlanması işinə daim ciddiliklə yanaşan professor Alış Qasımov qısa müddətdə rəhbərlik etdiyi "Mülki proses, əmək və ekologiya hüququ" kafedrasının da nüfuzunu yüksəldib. Kafedra əməkdaşları professorun rəhbərliyi altında son illərdə hüquq elminin inkişafına xidmət edən onlarla kitab, elmi məqalə və monoqrafiya ərsəyə gətiriblər. Məhz buna görə də Alış müəllim həmkarları, tanışları arasında peşəkar və işgüzar nüfuza malik hüquqşünas kimi tanınır. 50 illik ömür üçün kifayət qədər sanballı, möhtəşəm olan həyat uğurlarının əsasında isə dəyərli alimin şəxsi keyfiyyətləri - yüksək intellekti, mənəvi təmizliyi, daim üzərində işləməsi, hüquqi biliklərini artırması, ədalətə və qanuna sadiqliyi durur. İnsan kimi alicənab, humanist xarakterə malik olması, sadəliyi, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti onun ziyalı aurasını daha da cəlbedici edir. Yaxından tanıyanlar Alış müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər.

Siyasi baxışlarında hər zaman sabit və prinsipial olan Alış müəllim Yeni Azərbaycan Partiyasının layiqli üzvü kimi daim ümummilli liderin siyasi kursunu müdafiə edib. Eyni zamanda Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə layiqli töhfəsini verməyə çalışıb. Bu siyasi kursun xalqın taleyindəki misilsiz rolunu özünəməxsus siyasi fəhmlə düzgün müəyyənləşdirib. Ulu öndərin vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin alovlu təbliğatçısına çevrilib. Onun ümummilli liderimizin fəaliyyətini əks etdirən "Taleyi tarixə dönən şəxsiyyət" kitabı buna bariz nümunə ola bilər. Professor Alış Qasımovun müxtəlif mətbuat orqanlarında, əsasən də "Azərbaycan" qəzetində müntəzəm dərc olunan publisistik-siyasi məqalələri özünün məzmun-ideya siqləti, elmi sanbalı, aktuallığı, mövcud reallıqlara vətənpərvər ziyalı yanaşması ilə diqqəti çəkir. Bu məqalələrdə eyni zamanda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin vətənpərvər fəaliyyəti dolğun təcəssümünü tapır. Alış müəllim respublika Prezidentinin çoxşaxəli fəaliyyətini əks etdirən çox dəyərli bir əsər ərsəyə gətirmişdir. "Şəxsiyyət ucalığı" adlanan bu kitab yaxın günlərdə oxucuların istifadəsinə veriləcək.

Etiraf etməliyik ki, bu gün ziyalı adına iddialı olan elm xadimləri sırasında ölkə üçün müstəsna əhəmiyyətli ictimai, siyasi, iqtisadi hadisələrə ehtiyatlı yanaşanların, gözləmə mövqeyi tutanların sayı heç də az deyil. Hüquq elmləri doktoru, professor Alış Qasımovun cəmiyyət üçün taleyüklü əhəmiyyət kəsb edən hadisə və proseslərə obyektiv, vicdanlı və cəsarətli yanaşması isə onun milli ideallara necə bağlı ziyalı olduğunu, ictimai fəallığını, təşəbbüskarlığını sübuta yetirir. Yüksək peşəkarlıqla qələmə aldığı kitablarla, məqalələrlə tanışlıq zamanı onun həm də siyasi proseslərin inkişaf məcrasını düzgün dəyərləndirə və dərin fəlsəfi-analitik təhlil süzgəcindən keçirən, Azərbaycanın qazandığı uğurlara qəlbən, ruhən sevinən vətənpərvər ziyalı olduğunu göstərir. Bu məqamda əsl ziyalı üçün səciyyəvi olan daha bir keyfiyyətin - siyasi baxışları aydın, dürüst və əsaslandırılmış şəkildə ifadə etmək bacarığının Alış Qasımovda qabarıq sezildiyini də xüsusi vurğulamaq lazımdır. Ulu öndər Heydər Əliyev siyasi kursunun Azərbaycan üçün strateji əhəmiyyətini, alternativsizliyini məqalələrində də dönə-dönə vurğulayan, konkret fakt və hadisələr fonunda əsaslandıran Alış müəllim həm də sabit, dəyişməz mövqeyi olan məslək, əqidə adamıdır.

Təqdirəlayiq məqam həm də bundan ibarətdir ki, tanınmış alim praktik tədrislə kifayətlənməyi məqbul saymayaraq cəmiyyətin hüquqi cəhətdən yetkinləşməsi, ölkənin polis, məhkəmə, ədliyyə, prokurorluq sistemində həyata keçirilən mütərəqqi ruhlu islahatların vətəndaşlara adekvat şəkildə çatdırılmasına çalışır. Cəmiyyətin hüquqi maarifləndirilməsi prosesində yaxından iştirak edən tanınmış alim ayrı-ayrı məqalələrində Azərbaycanın qısa dövr ərzində keçdiyi demokratik inkişaf mərhələsinin mahiyyətini, ölkəmizdə liberal dəyərlərin təminatını sürətləndirən proseslərin inkişaf dinamikasını, iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsi olan modernləşmə xəttinin əsas xüsusiyyətlərini açıb göstərməyə çalışır. Hərçənd bu məqamda professor Alış Qasımovun mövzu çevrəsinin sırf hüquqi məsələlərlə məhdudlaşmadığını, onun diplomatiya, iqtisadiyyat, daxili siyasət və digər mövzularda da maraqlı yazılarının müəllifi olduğunu xüsusi qeyd etmək lazım gəlir. ümumiyyətlə, hansı mövzuda yazmasına rəğmən, imzasının sanbalını qoruyan Alış müəllim məqalələrinin ictimai maraq doğurmasına, yeniliyinə və aktuallığına da xüsusi diqqət yetirir.

Yüksək əxlaqi keyfiyyətləri ilə yanaşı, Alış Qasımov həm də xalqa, dövlətə təmənnasız xidməti ilə fərqlənir. Fəqət, həyat amalı ilə seçilən Alış müəllimin müəyyən xidmətlərinin obyektiv dəyərləndirilməsi cəmiyyətin özündə yetişən sosial ehtiyacdır ki, bu da müxtəlif fəxri adlar formasında sahibinə ünvanlanır. çünki Alış Qasımov elm və ali təhsil işçisi kimi üzərinə düşən vəzifələrin öhdəsindən hər zaman müvəffəqiyyətlə gəlib, ictimaiyyətin hörmətini qazanıb, qüsursuz işləyib. Bakı Dövlət Universitetinin 90 illiyi ərəfəsində dövlət başçısı cənab İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamı əsasında "Tərəqqi" medalına layiq görülən müəllimlər sırasında olması onun fəaliyyətinə ən yüksək səviyyədə verilən qiymətin bariz nümunəsidir.

Əsl insan üçün ən xarakterik keyfiyyətlərdən biri də məhz əzmlə işləmək, əldə olunan nəticələrlə arxayınlaşmamaq, bütün dövrlərdə cəmiyyətə fayda verməyə çalışmaqdır. Bu mənada, 50 illik yubileyi tamam olan Alış Qasımovu həm də təşəbbüskar, yeniliklərə can atan, elmi tədqiqatlardan ruh alan dəyərli alimlərdən saymaq olar. Görkəmli alim bu gün də Vətəni, xalqı naminə yorulmadan çalışır, elmimizin, təhsilimizin mütərəqqi ruhda inkişafına öz töhfəsini verir. İnanırıq ki, elmə səmimi bağlı olan Alış Qasımov bundan sonrakı fəaliyyətində daha böyük zirvələri fəth edə biləcəkdir.

"Təzadlar" olaraq görkəmli alim, hüquq elmi sahəsində dəyərli elmi axtarışların və tədqiqat işlərinin müəllifi olan Alış Qasımovu 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir,  ona möhkəm can sağlığı və elmi uğurlar diləyirik. Alış Qasımovun alimliyi kimi ali insani keyfiyyətləri də çoxlarına nümunədir!

Tanrı dayağında olsun ki, o da alim olaraq xalqımızın elmi inkişafının dayağında və keşiyində dura bilsin!

 

 

İbrahim İSMAYILOV

 

Təzadlar.- 2010.- 12 yanvar.- S.12.