Famil Mehdini duymaq
üçün...
O, yazıb-yaratmadı,
yaradıb-yazdı
Hər bir övlad atasını dünyanın ən güclü, qüdrətli, mehriban insanı sayır. Xüsusilə bu hisslər körpəlik və uşaqlıq dövrünə aiddir. Yetkinlik və gənclik dövründə ataya verilən qiymət cilalanır, hamarlanır, reallaşır. Bəzən bu reallıqlar rəng olaraq qaralır, dad olaraq acılaşır. Əfsuslar olsun ki, son on-on beş ildə ataların övladları qarşısında valideyn borcunu yerinə yetirmək imkanları məhdudlaşıb. Həm maddi tərəfdən, ondan da vacib mənəvi cəhətdən ataların öhdəsinə düşən vəzifələrinin həyata keçirilməsi çətin bir məsələyə çevrilib. Bu da insan cəmiyyəti yaranandan bəri nəsillər arasında mövcud olan ziddiyyətləri daha da dərinləşdirir.
Taleyimdən ən böyük razılığım budur ki, mənim atam Famil Mehdidir, mən Famil Mehdi ocağında böyümüşəm, boya-başa çatmışam. Bütün ömrü boyu özünün həyat tərzi ilə onun haqqında uşaqlıq təəssüratlarımı təsdiqləyib və gözümdə ucala-ucala gedib. Həyatdan köçməsindən altı il keçməsinə baxmayaraq, bu günlərdə, onun haqqında yazılanlar, deyilənlər Famil Mehdinin necə bir zirvəyə yüksəldiyini bir daha təsdiqləyir.
Bir sual ortaya
şıxır: O buna necə nail olub? Bu suala cavabı mən
anadan olmasının 75 illiyinə dərc edilmiş "Famil
Mehdi zirvəsi..." kitabında tapdım. ürəyimdən
bir arzu keçdi -atamın bəzi fikirlərini seçim və
oxucularla bölüşüm. çünki buradakı həyat
həqiqətlərinin bir çoxunu bugünkü cəmiyyətimizdə
itirmişik. çünki hamımızın bu müdrik
fikirlərdən bəhrələnmək ehtiyacımız
var. çünki bu seçmələr insanı
ucalığa aparan çətin və məşəqqətli
həyat yoluna işıq saçır...
...Mən heç vaxt
yaradıcılığa çörək ağacı kimi
baxmamışam.
...Həmişə daxili
ehtiyacla, ürəyimin sifarişi ilə yazmışam.
ürəyi isə həmişə haqsızlığa, ədalətsizliyə,
zülmə, əsarətə, insan hüquqlarının
tapdalanmasına qəzəb, nifrət hissi ilə
döyünüb. Yaltaqlığı,
ikiüzlülüyü, laqeydliyi, lovğalığı,
zülmkarlığı, yerlibazlığı, dəstəbazlığı,
qohumbazlığı görməyə gözüm
olmayıb, şeirlərimdə, poemalarımda tənqid atəşinə
tutmağa çalışmışam.
...Yaradıcılığımda
nəyə nail olmuşam, deyə bilmərəm. Ancaq onu bilirəm
ki, bütün təzyiqlərə, hücumlara baxmayaraq
ürəyimin sözünü deməyə müəyyən
dərəcədə nail olmuşam. Mətbuat, söz
azadlığının nə olduğunu bilmirəm.
Yazdıqlarımı dava-dalaş ilə dərc etdirmişəm.
Hamısını da alayarımçıq. Hər halda belə
vəziyyətdə ürəyimin sözünü demişəm.
Müstəqillik, azadlıq dövründə təzyiqlərə
daha çox məruz qalıram.
...Yaradıcı adamın həyatı,
taleyi ailəsindən, ailədə münasibətdən
çox asılıdır. Əlbəttə, bu, birinci
növbədə ailənin qadınına, Mirzə Cəlil
demişkən, uşaqların anasına daha çox aiddir.
...Həyata göz
açandan taleyimin bağlı olduğu muhitdə qanun pərdəsi
altında böyük qanunsuzluqlar, haqsızlıq və ədalətsizliklər
görmüşəm. Mənim mühitim sözün əsl
mənasında qorxular, səksəkələr mühiti olub.
Belə muhitdə insan azadlığından, hüquq
toxunulmazlığından söhbət gedə bilməz.
...Əsl ədəbiyyat həyatı,
xalqın, xalqların formalaşması mübarizəsinin, təfəkkürünün
aparıcı meyllərini əks etdirir. Ona görə də
siyasətdən təcrid oluna bilməz. Nizami, Firdovsi,
Şekspir, Tolstoy kimi dahilərin əsərləri də bu və
ya digər formada dövrun, zamanın siyasəti ilə
bağlıdır. Yəni bir günlük, beş
günlük saxta siyasətdən uzaq bəşəri siyasətlə.
Bu mənada siyasətlə ədəbiyyatı birləşdirən
incə tellər çox aydın seçilir. Ədəbiyyatımızın
günün "otklikinə" çevrilməsi isə mənəvi
faciədir. Sovet dövründə yaranan bu sayaq əsərlərin
dövr dəyişən kimi ölməsi təbii haldır.
Təəssüf ki, belə meyllər indiki zamanda da hiss
olunur. Bütün bunlarla yanaşı, yazıçı hər
şeydən əvvəl öz xalqının, daha sonra isə
xalqların övladıdır. Bu mənada ədəbiyyat,
xüsusən poeziya günün, günlərin, beləliklə,
zamanın ən sərt sözünü deməlidir.
Dövrün elə cəhətləri qələmə
alınmalıdır ki, bu gün üçün də, gələcək
üçün də gərəkli olsun. Bu gün də,
sabah da o sözdən hərə öz payını
götürsün. Mən ədəbiyyatda, xüsusilə də
poeziyada bəşəri siyasətin tərəfdarıyam. Həqiqi
yaradıcı şəxs yaşadığı dövrun
qlobal hadisələrindən kənarda qala bilməz.
...Mən yeganə adamlardanam
ki, nə medal almışam, nə orden, nə rütbə.
Yuxarılar həmişə mənim adımın
üstünə qara xətt çəkiblər. Bunun da səbəbi
odur ki, mən həyata həmişə açıq gözlə
baxmışam. Yuxarıların pis sifətlərini ifşa
etmişəm. Əlbəttə, mən hamısına pis
demirəm. Mən taleyimdən yüz faiz razıyam ki, o
adların heç biri olmayıb. Mənim bir şeirim var.
"Nə yaxşı, mükafat almadım, Allah." Sovet
dövründən bunu görmüşük. Ad verib
öldürmək, müqəvva kimi tribunalara
çıxarmaq. Mən o müqəvvaçılığı
istəmirəm. ...O adlar hamısı formal şeylərdir.
Bizim ən böyük
adımız Vətən, ən böyük partiyamız Vətən,
ən böyük idealımız Vətən, ən
böyük məsləyimiz, ordenimiz, medalımız xalq
olmalıdır. Və onu daim sinəmizdə
yaşatmalıyıq.
...Ən böyük arzum -
torpaqlarımız azad edilsin, Azərbaycanda demokratik fikrə,
azad sözə geniş yer verilsin. Fikir azadlığı
olmayan yerdə heç bir yaxşı şey gözləmək
olmaz...Müstəqilliyimizin əldə olunması, onun
möhkəmləndirilməsi- ən böyük arzum budur.
Bundan böyük arzu ola bilməz.
...Bəzən xalq
ziyalılarımızdan çox umur. Amma ziyalını
ziyalı edən cəmiyyət olmalıdır.
Ziyalının yerini müəyyən edib, onu eşitmək
lazımdır. Əgər ziyalının ağlı,
düşüncəsi çəmiyyəti idarə edənlərə
gərək deyilsə, o, nə etməlidir? Bu, sovet
dövründən qalma ən böyük bəladır.
Yadınızdadırsa, həmin dövrlərdə yüz
ağıllı fikirləşəndən sonra bir rayon katibi
nə desəydi, hamı dönüb onu təsdiqləyərdi.
Qarabağ məsələsi
ilə bağlı bu on ildə, hələ bir dəfə də
olsun, ziyalıları bir yerə yığıb məsləhətləşməyiblər
ki, biz bu bəladan necə qurtula bilərik? Heç o ərazidən
olan ziyalıları da yığıb soruşmayıblar. Elə
mənim özümü də çağırıb dinləməyiblər.
Yığırlar
yaltaqları, ikiüzlüləri. Onlar da yuxarıları
aldadır, eyni zamanda, aşağıları yaltaqlığa
çəkirlər. Qaçqınların yanına
Bakıdan bir adam gedəndə, deyirlər, əla
yaşayırıq, amma öz aralarında danışanda
haray çəkirlər ki, qırılıb-batırıq.
...Ziyalıların
bölünüb parçalanması sovet təcrübəsindən
irəli gəlir. O vaxtlar 5-10 ziyalıya orden, medal veriblər,
sağlarında-sollarında oturdaraq özləri haqda
şeirlər, mədhiyyələr yazdırıblar. Həmin
ənənə indi də davam edir:
Amma həmişə də məddahlığı
yuxarıda oturan böyüklər yaradıb. İndikilər
isə bunu yüksək səviyyədə həyata
keçirirlər. Ziyalı görür ki, prezidentin
sözünü təsdiqləyəndə, tərif söyləyib
məddahlıq edəndə, onun ordenini çox məmnuniyyətlə
alıb döşünə taxanda özü,
oğlu-qızı, hətta, bütün qohum-əqrəbası
üçün də şərait yaranır.
...Adını ziyalı qoyan
adam əyilməməlidir, tapdanmamalıdır,
yaltaqlanmamalıdır, 5-10 ziyalının
yaltaqlığı bütün xalqın mənəviyyatını
pozur. O çadırlardakı qaçqınlar görəndə
ki, "dünya şöhrətli ziyalı"
ikiüzlülük edir, əyilir, yaltaqlanır, zavallı
qaçqın da fikirləşir ki, "mənim qabaqda gedənim
elə yaltaqlanırsa, mən niyə yaltaqlanmayım?!"
...Xalq ağıllı
sözə, ziyalı fikrinə həmişə ehtiyac hiss edib.
Bu günsə, belə bir çətin məqamda
ziyalılarımız xalqın arxalana biləcəyi ən
böyük qüvvədir, xalqla bir yerdə olmağı
onlardan zaman özü tələb edir.
...Şair nəinki xalqın
mübarizəsinə qaynayıb-qarışmalı, həm də
bu mübarizənin önündə getməlidir. Şair xalqın
faciəsindən kənarda qalırsa, xalqın danlağı
təbii görünməlidir.
...Şair xalqın dərdindən
yazırsa, elə yazmalıdır ki, dərdini
yazdığı adamları silkələyə bilsin. Şair
sərrast atıcı kimi hədəfi düzgün görməli,
dəqiq nişan almalı və istədiyi nöqtəyə
vurmağı bacarmalıdır. Lap loru dildə desək,
donuzu donuz gülləsi ilə vurmaq lazımdır. Biz niyə
bu gün M.Ə.Sabiri sevə-sevə oxuyuruq? çünki
Sabir zamanın, dövrün ən böyük faciə səbəbkarlarına,
millət üçün əsl bəlaya çevrilənlərə
qorxub çəkinmədən dəqiq atəş
açıb. Ona görə də o, M.Ə.Sabir olub.
...Xalq öz
ziyalısından umur. çünki həmişə xalq
ağır gündə öz ziyalısına söykənib
və xalq elə bilir ki, ziyalı hər şeyi deyə bilir,
hər şeyə qadirdir. Lakin bu, belə deyil. ...televiziya kimi
geniş auditoriyadan xalqa söz demək imkanından məhrumuq.
Amma ...qəzetləri də hamı ala bilmir.
"Azadlıq" radiosunu vəzifədə oturanlar bəyənmirlər,
söyürlər. Qoy kim nə deyir desin, ancaq mən bu fikirdəyəm
ki, ziyalı üçün yeganə tribuna bu gün
"Azadlıq" radiostansiyasıdır. Gələcəkdə
Azərbaycanda Azadlıq hərəkatının tarixi
yazılanda mütləq orda "Azadlıq" radiosunun xidmətləri
qeyd olunacaq.
...Beləcə susa-susa bir
vaxtlar Zəngəzuru, Göyçəni itirdik, indi də
Qarabağın taleyi həll olunur. Sonra da başqa ərazilərimizə
göz dikəcəklər və beləcə biz bir xalq kimi məhv
ola bilərik.
...Füzulidən olan bir
şəhid anasının sözlərini xatırlayıram:
"Mən o biri oğlumu da qurban verməyə hazıram, təki
o torpağa qayıdım. ürəyimdə övlad
dağı da var, Vətən dağı da. Vətən
dağı övlad dağından ucadır." Nə qədər
ki, biz bunu dərk etməmişik, torpağın üstündə
gəzməyə haqqımız yoxdur....Cəmiyyət həyatının
bütün dövrlərində ziyalılar aparıcı rol
oynayıb və həmişə onun yeri, ön səngərdə
olub. Ancaq bu, Azərbaycanda bütün ziyalılara aid deyil.
çox təəssüf ki, müasir ziyalılarımız
Azərbausan ziyalılarının demokratik, mübariz ənənələrini
çox zəif şəkildə davam etdirirlər. Hətta,
bəzilərində bu fəaliyyət heç hiss olunmur. Bu mənada
xalq öz gileyində, töhmətində tamamilə
haqlıdır. Azərbaycan xalqı hazırda
özünün ən mürəkkəb, çətin
dövrünü yaşayır. Yeri gələndə
ziyalılar sözlərini deməyi bacarmalı, əməli
fəaliyyət göstərməlidirlər. Bu gün Azərbaycan
ziyalısı, ayrı-ayrı istisnaları nəzərə
almasaq, ağzına su alıb gözləmə mövqeyində
dayanıb. Əslində "ziyalı susub" demək də
düzgün olmazdı. çünki o, yeri gələndə
danışır, ancaq millətin, xalqın xeyrinə yox,
öz xeyrinə, qohum-əqrəbasının,
bacı-qardaşının xeyrinə, bir də
qarşısında baş əydikləri məmurların
xeurinə.
Televiziyada nümayiş
etdirilən dövlət tədbirlərində, qəzetlərdə,
hətta, görkəmli, istedadlı ziyalılar da mədhiyyəçiliklə,
boş təriflərlə məşğul olursa, xalq bunu necə
bağışlasın? O, rüşvətxorluq,
yerlibazlıq, mənəm-mənəmlik, hərkə-hərkəlik
dənizində boğulur. Ona kömək üçün əl
uzatmaq lazımdır. Bu köməyi ziyalıdan ummaqla xalq tamamilə
haqlıdır. Əgər ziyalı, ancaq özünü və
orden-medal, fəxri adlar haqqında düşünürsə,
təbii ki, xalqın iradları düzgündür.
Bütün bu deyilənlərlə
yanaşı, Azərbaycan ziyalısının
hamısının eyni arşınla ölçməyin əleyhinəyəm.
Son illərdə daim xalqla birlikdə olan, xalqla qoşa əzab-əziyyətlərə
qatlaşan, bir tikə çörəyə möhtac olan,
ancaq öz mənliyini qoruyub saxlayan, əyilməyən
ziyalılar var. Ziyalılar haqqında danışanda bir qədər
insafla danışmaq lazımdır.
(Ardı var)
Famil Mehdi
Təzadlar.-2010.- 12 yanvar.- S.10.