Rənglər dünyasının
Məcnunu
"Hər bir sənətkar haqqında danışarkən, nədənsə, ona hökmən istər özündən əvvəl yaşamış, istərsə də müasiri olduğu böyük sənətkarların təsirini qeyd edirlər. Doğrusunu deyim ki, əgər mənim barəmdə buna oxşar fikir söylənsə, onunla heç zaman razılaşa bilmərəm. Axı sənətkar adlanan kəsin hər şeydən əvvəl öz yönü və öz dəst-xəti olmalıdır"
Artıq tarixə dönmüş və arxada qalmış 2009-cu il həm də onunla əlamətdar olacaq ki, bu ildə YUNESKO-nun qərarı ilə dahi Azərbaycan rəssamı, rənglər dünyasının kralı Səttar Bəhlulzadənin 100 illik yubileyi bütün dünyada qeyd olunur.
Səttar Bəhlulzadə Bakının qədim Əmircan kəndində dünyaya göz açıb. Onun elə bir tablosu, elə bir əsəri yoxdu ki, orada Bakının, doğma Xəzərin pıçıltıları eşidilməsin. O, Bakını, Azərbaycan torpağını öz canından da çox sevirdi. Hər gün Bakının Əmircan kəndindən elektrik qatarı ilə Bakıya gələr, pay-piyada doğma şəhəri gəzib, ondan ləzzət alırdı. Heç bir dəbdəbəni, şan-şöhrəti sevmirdi Səttar Bəhlulzadə. Bakıya gəldiyim dövrdən həmişə bu dahi insan haqqında əfsanələr eşitməyə başlamışam. Mən neft mədənlərində işləyərkən iş yoldaşlarımın, demək olar ki, əksəriyyəti Bakının Əmircan kəndindən idi. Elə bir gün olmazdı ki, boş vaxtlarımızda Səttar Bəhlulzadədən danışmayaq. öz yerliləri həmişə onu insanların içərisində gəzən əsl dahi adlandırırdılar. Onun qeyri-adi hərəkətlərindən həmişə ağız dolusu danışırdılar. Danışdıqca da hiss edirdim ki, yerliləri onunla fəxr edirlər. İndi təkcə əmircanlılar deyil, bütün dünya Səttar Bəhlulzadə ilə fəxr edir. Dünya həmişə dahiləri layiqincə qiymətləndirməyi bacarıb.
Dünya səviyyəsində böyük ustada nə qədər məhəbbət var idisə, doğma torpağında onun istedadının paxıllığını çəkənlər də az deyildi. Onun az bir zamanda vətən sərhədini ildırım sürətilə keçən şan-şöhrəti bədxahlarının gözünü çıxartdı. Ən qəribəsi bu idi ki, həmin bədxahlar Azərbaycan mədəniyyətinin yuxarı eşalonlarında əyləşmişdilər. Səttar Bəhlulzadənin bir tablosuna belə dəyməyən bu məmurlar onun yaratdığı əsərlərn qiymətini hələ bilmirdilər. Bilərəkdən ölməz rəssama gözdağı göstərirmiş kimi psixoloji təsir göstərirdilər.
Vaxtilə Moskvada keçirilən mədəniyyət günlərində böyük sənətkarın çəkdiyi "Xəzər gözəli" (1960) əsəri sərgi iştirakçılarının dərin marağına səbəb olmuşdu. Həmin tədbirdə Qazaxıstandan olan sənət adamları da iştirak edirlərmiş. Onlar Səttar Bəhlulzadənin "Xəzər gözəli"nə baxdıqdan sonra əsərin izi ilə Bakıya gəlirlər. Rəssamı axtarıb tapdıqdan sonra həmin "Xəzər gözəli" tablosuna 25 min rubl və əlavə mükafat vermək istəyiblər. Ancaq ürəyi vətən, torpaq eşqi ilə döyünən böyük sənətkar bu təklifə razı olmur. Sonralar həmin əsərə "sapı özümüzdən olan baltalar" əsərin qiymətini nadancasına endirərək 600 rubl verib incəsənət muzeylərinin birinə alıblar. Bu idi vətən torpağında ölməz rəssama verilən qymət. çünki post-sovet məkanında da indikindən fərqli olaraq, mədəniyyət eşalonlarında duranlar "rusca düşünüb azərbaycanca sənətə, sənətkara qiymət verənlər idi". Ona görə də Azərbaycan mədəniyyəti, incəsənəti uzun bir dövr özünün tənəzzül dövrünü keçirmişdi. O zamanlar da əcnəbilər xarici ölkələrdən gələn qonaqlar, müxtəlif sənət adamları gəlib bizim dahilərimizə fərqli qiymət verib gedirdilər. Ancaq təəssüflər olsun ki, mədəniyyətimizə, incəsənətimizə asi olanlar bilərəkdən, qəssdən düşmən dəyirmanına su tökməklə məşğul idilər...
Səttar Bəhlulzadə öz sənətinin əsl Məcnunu idi. Azərbaycan torpağının, təbiətinin tərənnümü yaşadığı zaman içərisində bir an tərk etməmişdi onu. çox vaxt Bakıda tapılmayıb böyük sənətkar. Onun səsi-sorağı Azərbaycanın ən uzaq guşələrindən gəlib. Onun yaratdığı "Muğan gözəli", "Mavi qayalar", "Naxçıvan dağları", "Şahdağ", "Xəzər gözəli", "Kəpəzin göz yaşları" və s. əsərlərində doğma Azərbaycan torpağının əsrarəngiz əbədi gözəlliyi kamil sənətkar tərəfindən sənətkarlıqla təsvir olunur. Onun yaratdığı tablolar, əsərlər kamil sənətkarın yarımçıq qalmış ömrünün davamıdır.
Dünya şöhrətli Van Qoq, Levitan kimi Səttar Bəhlulzadə də mərhumiyyətli həyat, çətin günlər yaşamışdı. Lakin bu çətin həyatın isçərisində özünə əbədi ölməzlik vəsiqəsi qazanmışdır.
Səttar Bəhlulzadənin insani və mənəvi keyfiyyətlərindən biri də onun hədsiz dərəcədə səxavətli, əliaçıq bir şəxsiyyət olması idi. O, sənətini başa düşən, incəsənətə qiymət verməyi bacaran insanlara qiymətli əsərlərini təmənnasız hədiyyə edirdi. Onun dünya malında gözü yox idi. Tərki-dünya dərvişlər kimi bir həyat sürmüşdür. İnsanları, həyatı, təbiəti çox sevdiyindən tərki-dünya bir şəxsiyyət idi. Azərbaycan təbiətini qarış-qarış gəzmişdi. Quba, Şuşa, Şamaxı, Kəlbəcər, Gədəbəy, Gəncə, Naxçıvan, Masallı, Lənkəran onun ən çox üz tutduğu müqəddəs yerlər idi. Əsrarəngiz Azərbaycan təbiəti onu sənətin, rəssamlığın əsl Məcnunu etmişdi. Əsərlərinin böyük bir hissəsini ətrafındakı sənətini dəyərləndirən adamlara bəxş etmişdi.
...Vaxtilə Polşada keçirilən Azərbaycan Mədəniyyət günlərində təşkil edilən sərgidə Səttarın da rəsm əsərləri nümayiş olunurmuş. Həmin sərgidə Səttar Bəhlulzadənin rəsm əsərləri hamının diqqətini çəkir və ona böyük məbləğdə pul verilir. Doğma vətənə, Azərbaycana dönərkən təyyarədə tanış olduğu bir qıza həmin pulun xeyli hissəsini bağışlayır. Sonralar həmin qız böyük sənətkarın pullarını qaytarmaq istədikdə Səttar Bəhlulzadə təvazökarlıq edərək özünəməxsus ağayana şəkildə bildirmişdir: "İmkan verməzsiniz ki, özümüzü milyonçu kimi bəxtəvər hesab edək", - deyərək köks ötürmüşdür. Səttar Bəhlulzadə bu səxavətliyi ilə ulu babaları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov kimi Bakı milyonçularının səxavətlilik, xeyriyyəçilik genetik yaddaşını bir missiya kimi öz üzərinə götürərək qan yaddaşında yaşadırdı.
Səttar Bəhlulzadə, onun sənəti haqqında çoxlu əsərlər yazılıb, ithaf olunub. Şair, millət vəkili Sabir Rüstəmxanlının hələ Sovet dönəmində yazdığı "Səttar Bəhlulzadə küçəsi haqqında şəhər sovetinə açıq məktub" şeiri böyük rəssamın sənətindən xəbərsiz olan, ona laqeydlik göstərən "sapı özümüzdən olan baltalara" qarşı yazılan əsl sənət əsəri idi. Həmin şeir çap olunandan sonra ölməz rəssama qarşı laqeydlik buzları əriməyə başladı...
Səttar Bəhlulzadənin 100 illik yubileyi ərəfəsində dahi, ölməz sənət korifeyini xatırladıqca, sevinirik ki, o, bəşər mədəniyyəti tarixində öz əbədi imzalarını qoyan Sezann, Van Qoq, Salvador Dali, Pikasso ilə bir sırada dayanır.
Vəli SƏMƏDLİ,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Təzadlar.- 2010.- 23 yanvar.-
S.6.