Milli dəyərlərimizin daşıyıcısı
Düşmənimiz dostumuzdan çox ikən,
Türkün
türklə ədavətə haqqı yox!
Bəxtiyar Vahabzadənin əziz
xatirəsinə
...Millətlər əsrlərlə yerişdirdikləri böyük insanlar ölçüsündə böyük olmuş, yetişdirdikləri bu insanları unutmadıqları, onları gələcəyə, yeni nəsillərə, bir örnək olaraq tanıtdıqları zaman milli varlıqlarını qoruyub davam etdirər, milli dəyərlərilə fəxr edərlər.
Azərbaycan türkü dünyaya göz açdığı gündən öz milli varlığını təmsil edəcək böyük insanlar yetişdirmiş, onlarla fəxr etmiş və qürur duymuşdur.
Bunlar gerçəklik, subuta
ehtiyacı olmayan bir həqiqətdir. Bu həqiqəti millətimizin
dostları ilə yanaşı, onu istəməyən
yabançı tarixçi, ədəbiyyatçı alimlər
belə təsdiq etmək məcburiyyətində
qalmışlar.
Fikrində, əqidəsində,
məsləkində , yaradıcılığında milli dəyərlərimizin
daşıyıcısı kimi Azərbaycan türk
böyükləri arasında yer almağa haqq qazananlardan biri
də xalq şairi Bəxtiyar Vahabzadədir.
Bəxtiyar şeiri
düşüncəmizi, duyğumuzu dəyişdirmək, onu
yüksək bəşəri duruma gətirmək kimi estetik
gücə malikdir. Onun şeirlərini oxuyanda öz dar
çərçivəmizi aşır, zamanla birləşirik.
"Antenna" şeirində oxuyuruq:
Bilməkdən bezmədikmi?
Gəlin, duyaq bir az da...
Bal kimi röyalara
Uyaq, uyaq bir az da.
Qəlbimizin başına
Dəmirdən yox amandır?-
Duyğumuzun telindən
Bir antenna qoyaq biz.
Uzaqları bilirik
Yaxınları duyaq biz!
Görkəmli alman şairi
Götenin belə bir kəlamı var:
"Yalnız o adamlar
yaşamağa və azadlığa layiqdir ki, onun uğrunda hər
gün döyüşə gedirlər".
Bəxtiyar Vahabzadə
özünü dərk etdiyi gündən məsləki, əqidəsi
uğrunda divanəsi olduğu Vətəni Azərbaycan
uğrunda döyüşə getmişdir:
Haqq ədalət gücdəmidir?
Zorun, gücün var deyə
sənə qul olmalıyam?
Məqsədinə
çatmaq üçün yoxsa ayaqların altında yol
olmalıyam?
Yoxsa sənin havan çatmır,
havamı da sənə verib özüm boğulmalıyam!
Senzuranın, yəni
qadağaların pambıqla baş kəsən zamanlarında
sözünü demək üçün üzünü Kərküklüyə,
Mərakeşliyə, İraqlıya, hamıya tutub hələ
1959-cu ildə deyirdi:
Şərəfdir ölmək
də azadlıq üçün
Bu məslək dəyməzmi
bütün dinlərə?
Deyirəm, eşq olsun
dünən və bugün
Azadlıq yolunda can verənlərə!
Dözməmək
azadlıq,
Dözmək əsarət.
Bir günlük azadlıq
bir ömrə dəyər!
Bəxtiyar bunları bilir,
duyur, görürdü. Bunları intuisiya ilə deyə bilməzdi.
Axı millətin Azadlıq, İstiqlal Bəyannaməsini
özü yazırdı. O, bizə inam verir, bizi
yaşadırdı.
Şair millətin sevgi və
ehtirama layiq olduğunu, bunlara ehtiyacı olduğunu və ona hər
şeydən əvvəl sabahına inamının
olmasını duyur. "bütün ömrü boyu ciyəri
ilə yox, ancaq inamı ilə nəfəs aldığını"
car çəkir, düşməninə üzünü tutub
deyirdi:
Demə ki, dəryayam, dərindir
təkim,
Vallah quruyursan sən
damla-damla.
İnamdır əqidəm,
gücüm, məsləkim,
Qələbə mənimdir
bu inamımla!
Şair hamıdan çox
bilirdi ki, birlik və bərabərlikdən qüvvət,
güc doğar.
O, günün ayaq səslərini
əllisində, altmışında eşidib, görən
şairlərdən olmayıb. Hələ 1960-cı ildə
yazdığı "Günün ayaq səsləri"
seirində əsrlərlə qul olanlardan öz səslərini
ucaltmasını tələb etmişdir:
Görürəm mən,
görürəm cahangirlik bir azdan
Zamanın əllərilə
asılacaq boğazdan.
Eşidirik biz bunu
günün ayaq səsində,
Görürük Şərqdən
doğan günəşin cilvəsində.
Hələ 1995-ci ildə Bəxtiyar müəllimlə bir
söhbət zamanı mən dövlətimə, xalqıma ərkimlə
bir söz demişdim ki, "Şair, sənin 70 illiyin hadisəyə
çevrilməli, İstiqlal bayramı səviyyəsinə
çatmalıdır. çünki bu yolun ən mötəbər
yolçusu sən olmusan." Hətta belə dedim ki, 1995-ci
il "Bəxtiyar ili" elan olunmalıdır. Onun gözləri
doldu və hıçqırıqlı səslə dedi:
"Ay Yaşar, mən nə ərklə, nə ürəklə
özümə yubiley eləyim,
sevinim? Minlərlə şəhid balalarının ruhu məni
qınamazmı? Axı ürəkdən sevinə bilirəm
ki, yubiley haqqında fikirləşim də?"
Bu söhbəti yada salmaqda məqsədim
Bəxtiyarın o böyük ürəyi
qarşısında baş əymək və hamımıza
cox əziz olan şəhidlərimizin xatirəsini bir daha yad
etməkdir.
Vətən
oğullarının Vətən qarşısında ən
şərəfli vəzifəsi mənsub olduğu milləti
sevmək, onun azadlığı və yüksəlməsi
üçün çalışmaq, gərək olduğu
zaman onun uğrunda canını verməkdir.
Bütün dünyanın
azad xalqlarının milli mücadiləsi İstiqlal
savaşı bu imanla başlayıb, bu inamla da başa
çatıb.
Bu iman, bu inam yolunda
ölümə Bəxtiyarın
həmişə bəşəri münasibəti olub:
Ölsəm də, ancaq bilim
Niyə öldüm, mən,
niyə?
Heç olmasa həyatım
Dəysin bircə gülləyə.
Yox!... Neçin
öldüyünü
Bilən zaman bir insan
Ölüm özü
utanır
Aldığı
qurbanından.
Bəxtiyar həmişə
bircə şeydən qorxurdu və deyirdi:
Ölüm-ona nə var ki,
qorxulu gəlmir mənə,
Qorxuram həyatımı
ucuz satam düşmənə.
Düzdür biz cox ucuz
ölümlər vermişik.Lakin torpaqlarımızın bir hissəsini
versək də namusla ölməyi də öyrənmişik.
Ey ölümləri ilə
Vətən torpağını, qəhrəmanlıqları
ilə Azərbaycanımızı şərəfləndirən
şəhid balalarımız! Ruhunuz şad olsun. Bəxtiyar
müəllim demişkən:
Ey vətən yolunda ölən
ərənlər,
Siz ey təmənnasız, qəsdsiz,
qərəzsiz
Canını bizlərə
qurban verənlər,
Eşq olsun Sizə!
Eşq olsun o polad iradənizə!
Görünür bu
qaydadır,
Könüllərin atəşi
qaranlığı yarmasa.
Torpaq övlad qanıyla
alışıb qızarmasa,
Vətən üfüqlərində
qızarmazmış dan yeri.
Qanla suvarılmalı azadliq
çiçəkləri!
Biz türklərin bu günə
qədər və bundan sonra da ən cox dəyər-qiymət
verəcəkləri əxlaq Vətən əxlaqı
olmuş və olacaqdır. Bu gün biz Azərbaycan türklərinə
bu daha çox lazımdır, çünki siyasi düşmənləri
çox olan millətlər üçün Bətən əxlaqı
ən böyük istinahgahdır. Bəxtiyar bizə Vətən
əxlaqından dərs verib, bunu bizə belə
çatdırırdı:
Dünya quru bir səs,
Qəm çəkməyə
dəyməz,
Yüz-yüz itən olsun
Min-min də bitən var.
Şükr eyləyəlim
ki,
Bizlərdən həm əvvəl
Həm sonra Vətən var.
Bəxtiyar ancaq Azərbaycanın
deyil, bütün türk dünyasının, bəşəriyyətin
dərdlərini düşünür, bu yolda məsləkini
kökləyir və türk övladlarına şərəf,
şanımızın, torpaqlarımızın yad əlində
tapdandığı ocağımızın, pirimizin
dağıdıldığı bir dövrdə türkün
türklə ədavətə haqqı
olmadığını bizə başa salırdı:
Nə çox imiş bu
torpağa göz dikən,
Baxa-baxa gözümüzə
mil çəkən.
Düşmənimiz
dostumuzdan çox ikən
Türkün türklə ədavətə
haqqı yox.
Hər gün neçə
şəhid verən millətin
Bir-birilə ədavətə
haqqı yox.
Bütün türk
dünyasında özünə məxsus layiqli yeri olan Bəxtiyarımızın
bu sahədə bəşəri qayəsi belədir:
Türkük, bizi
düşmənlərimiz
yüz yerə bölmüş,
Birləşməliyik
gec-tezi qardaşlarımızla.
XX yüz il türk
dünyasının, türk düşüncə tərzinin
mənəvi atası olan Ziya Göyalp öz məfkurəsini
şeirlə belə mənalandırmışdır:
Mən aşiq bir qəlbəm,
cananım odur,
Bu fani dünyada Rəhmanım
odur.
Mən xəstə bir ruham,
Loğmanım odur,
Əlində
könlümün öz əlacı var.
Ziya Göyalp
dünyasından bəhrələnən, türkün
estafetini qəbul edən Bəxtiyar isə öz məfkurəsini
belə formulə etmişdir:
Bəzən nalə çəkib
tökər göz yaşı
Həmişə
özümlə durar yanaşı.
Özümün hakimi,
sözümün başı,
Eşqimin, arzumun qulu fikirlər.
Müasir adamın təfəkkürü
getdikcə daha çox fəlsəfi məzmun
daşıyır. Bəxtiyar
poeziyası hər şeydən əvvəl həyatın
ziddiyyətlərini görmək, hadisələrin rəngarəngliyi
arxasında onların daxili mahiyyətini seçmək, bir
sözlə, diolektikcəsinə məntiqə uyğun olaraq
düşünmək, duymaq bacarığına malik
olmağı öyrədir:
Tutuşmuşam, çaxmaq
yoxdur alışmağa
Qaynayıram, təpərim
yox, nə coşmağa, nə daşmağa
Ürəyimin sözlərini
oba-oba danışmağa,
Dədə Qorqud
timsalında ozan ola
Bir qəribə yuxu
gördüm, istəyimcə yozan ola.
Bəxtiyar möcüzə
səviyyəsinə qalxmış ən ali
yaradıcılıq dünyasının adamıdır.
"Bir duyğuda beş duyğu" şeirində görməyənə
hər kəsin gözünə görünməyəni
görməyə, eşitməyənə təkcə
könül deyəni eşitməyə
çalışmağı təlqin edir və deyir:
Karsansa rəngləri
eşit səs kimi,
Korsansa səsləri rəngə
çevir, gör.
Sanma bu dünyanı bir qəfəs
kimi,
Rəngdən səsi
eşit, səsdən rəng götür.
Şeirin möcüzəsinə
baxın:
Hər gün bir təzə
dərd çıxdı qarşıma,
Bir gecə yatmadım
köhnə dərdlə mən.
Və yaxud:
İçimdədir gecə-gündüz,
ağ-qara
öz ağımdan öz
qarama elçiyəm.
Bəxtiyarın şeir
dünyasına baş vurdunsa həyat sənin
üçün can sıxıcı mənasız ola bilməz.
çünki Bəxtiyar ürəyinə
yığdığı dünyanın qiymətli hər
şeyinin, həyatdakı bütün yenini və köhnəni,
bütün ümidləri, itkiləri, bəşəriyyətin
qələbələrini, onun bütün zəkasını,
ağrı-acısını oxucusu ilə
bölüşür, onu sevir, ona ürək- dirək verir,
onu yaşadır.
Sən yoxsansa... mən bir
heçəm, hədərəm,
Sənin üçün bir
taleyəm, qədərəm.
Sevgim qədər, məhəbbətim
qədərəm,
Mən özümün
inkarıyam, aman hey!
Bəxtiyar şeiri artıq
şeirlikdən çıxaraq atalar sözünə
çevrilmiş və millətin qəlbinə, təfəkkürünə
yazılmışdır.
Dağlar-əzəmətilə,
Bağlar-naz, nemətilə,
Sular-hərəkətiləözüdür.
Qoca söz-söhbətilə,
Cavan şücaətilə,
Qız da öz ismətilə
özüdür...
Yalan-quduzmağıyla,
İnam
öz-susmağıyla,
Şübhə də
yozmağıyla özüdür.
Haqsızlığa
qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindən
biridir. O, nifrəti, kini ilə ədalətsiz adamları lənətləyir
və onların şərəfsiz mövqeyini
qamçılayır. "Gəldi bir əyyamı"
şeirində Bəxtiyar mövcud haqsızlıqdan cana
yığıldığını açıq-aşkar
göstərir və deyir:
Haqsıza döndərdi bu
gün haqq bizi;
Zora nə qanun var, nə
haqq, nə yasaq,
Bəxt öz
qanımızda boğacaq bizi,-
Bu "bic əyyamına"
uyğunlaşmasaq.
Şair, əsəbləşmə.
Bilirəm bunu yandığından deyirsən. Ancaq
özün bizlərə dönə-dönə demisən ki,
əgər bu millət uyğunlaşmağı bacarsaydı çoxdan
assimliasiyaya uğrayıb Dədə Qorqud dilini də itirərdi.
Olayım yurda dayaq
Bəd əməllərdən
uzaq.
Çəkəlim namusunu
Ulu türk
adımızın.
Bizə örnəkdi bu
gün
Yolu əcdadımızın
Ulu tanrım, bizi sən
Qoru şərdən,
çilədən
Amin, ilahi amin!
Bəxtiyar öz sevimli oxucularının, əslində
millətinin məhəbbətinə ləyaqətini təsdiq
etmək üçün ziddiyyətlər içində
keçən həyatının bütün cəfalarına
çəkinmədən tab gətirmiş, heç bir zaman
sarsılmamışdır. Elə buna görədir ki,
şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq
qəlblərə girdi. öz şeirilə bu gün ona
üz tutub deyirəm:
Amalını sən
şeirin üçün sevməlisən, yox!
Şeirin sənin amalın
üçündür.
Şeirin sənin amalına
yol, fikrinə yöndür!
Alqış sənə ey
fikrinə qul, qəlbinə rəhbər,
Eşqində də, əzmində
də şeirində də əsgər.
Bəxtiyar
yaradıcılığının bütün dövrlərində
yəni cavan olanda da, orta yaşda da, ahıl vaxtında da
qocalığa həm sataşmış, həm də onu əzizləmişdir:
Demə qocalığın
min qəmi varmış,
Dolaşıq fikirlər
beynimi sarmış.
Qocadan yuxu da qorxub
qaçarmış.
Qayıt, yuxum, qayit, dincliyim,
qayit,
Cavanlığım
qayıt, gəncliyim qayıt!
Cavanlıq min sözlü,
min səsli quşdur,
Əlindən
çıxdısa tuta bilməzsən
Qocalıq qiymətli bir zər
qumaşdır,
Bahadır, müftə də
sata bilməzsən!
Heç vaxt unudulmayan Bəxtiyar
qardaşım!
Hər adama, hər şairə,
hər ataya və nəhayət, hər babaya belə
qocalıq qismət olmamışdır.Sən müqəddəs,
xətir- hörmətli, sayğılı və əziz
qocalıq ömrünü də gördün.
Bizləri yetim və nisgilli
qoyub getdin.Nisgilin Bütöv Azərbaycan və Qarabağ dərdi
idi.
Allahım, Sən hər
şeyə qadirsən. Bəxtiyarımızın və Bizlərin
hamımızı bu nisgildən tezliklə qurtar.
Allah sənə rəhmət
eləsin!
Yaşar Əliyev,
fəlsəfə elmləri namizədi,
hüquqşünas
Təzadlar.- 2010.- 30 yanvar.- S.6.