Şairliyin yükü
ağır
German: "Azərbaycan
Yazıçılar Birliyinin bugünkü idarə heyəti "ağsaqqallar
şurası"nı xatırladır və tam fəaliyyətsizdir"
Bir şair var
- adı Germandır. Şan-şöhrətdən uzaq,
dünya malına laqeyd, vətənini əbədi, ülvi
bir məhəbbətlə sevən səmimi bir insandır.
Beş kitabı oxuculara artıq
tanışdır. Daha doqquz kitabı
çapa hazırdır. Qismət olsa,
yaxın vaxtlarda işıq üzü görəcək.
Kitablarının hamısına orijinal adlar
seçib. "656 nömrəli qatar",
"Könlüm sevgi zindanı", "Ruhum Ağdamda
qaldı", "Əzizbəyov küçəsi, ev
57" və "Bu il də tut yemədik". Mən
Germanın bütün kitablarını oxumuşam. Mövzuların müxtəlifliyinə baxmayaraq,
yazılarının hamısında səmimiyyət, sevgi və
dövrün tələbinə uyğun reallıq və
aktuallıq var. O, həm də geniş
dünyagörüşünə malik olan maraqlı
müsahibdir. Biz onunla xeyli söhbət
etdik və maraqlı bir müsahibə alındı.
- Kitablarınızın
adlarından başlayaq. Əvvəlcədən
düşünülmüş adlardır, yoxsa...
- Əsla. 656
Ağdam-Bakı qatarının nömrəsidir. Həmin kitabda eyni adlı kiçik bir yazı da var.
Digər kitablarımın da adları kitabların
mövzularına uyğun seçilib. Ömür
vəfa eləsə, Ağdamı azad edə bilsək, bir
kitabımın da adını Bakı-Ağdam qatarının
nömrəsinə uyğun - "655 nömrəli
-
İnşallah. Vətənə həsr etdiyiniz şeirlərdə
döyüşkənlik, vətənpərvərlik,
torpağa bağlılıq çox yüksək səviyyədədir.
Həmin şeirlərinizi oxuyanda adama elə gəlir
ki, siz döyüşkən, əsəbi, zəhmli bir
insansınız. Məhəbbət
mövzulu şeirləriniz isə oxucuda sizin haqqınızda
tamamilə başqa fikir yaradır.
- Məhəbbət
"Şur"du, "Bayatı şiraz"dı. Vətənpərvərlik isə "Cahargah".
"Cahargah" muğamında
döyüşkənlik, nərə, hayqırtı var,
"Şur"da, "Bayatı şiraz"da isə həzinlik.
Kim öz sevgilisinə onu sevdiyini
qışqıra-qışqıra deyir?
- Bu yerdə bir neçə
bənd sevgi şeiri yerinə düşər, məncə...
- Məmnuniyyətlə.
Bu yağan
yağışın hər damlasında
Mənim ürəyimin
odu, közü var.
Qəlbimdə
çırpınan ülvi sevginin
Mən səni
sevirəm - deyən sözü var.
Bu yağış
yağaydı, yağaydı belə,
Mən də
hey - sevirəm - deyəydim, gülüm.
çevrilib çəməndə
çiçəyə, gülə,
Sənin qədəminə
gələydim, gülüm.
- Nə gözəl. Birin də
deyin də.
- Sən uca Tanrının
pak mələyisən,
Mələklər
çiçəkdir, amma ki, solmur.
Sənin əllərindən
tutmaq istədim,
Heyif, mələklərin
əlləri olmur.
Hər iki şeiri ixtisarla
dedim.
- Gözəl şeirlərdi.
German müəllim, sizin lirik şeirlərinizi oxuyarkən təbii
bir sual yaranır: bu şeirlərin hamısı eyni adama həsr
edilib?
German müəllimin
üzündə təbəssüm yaranır, Allah bilir xəyalı
haralara uçur. Amma bu çox çəkmir. O, ciddi görkəm
alaraq sualıma cavab verir:
- Əlbəttə,
yox. Bu şeirlərin ünvanı çox olmasa da,
müxtəlifdir. Yalnız bir dəfə
həqiqətən sevmək olar - deyənlər biganələrdir.
Bu mənim sözlərimdir. Fəzlullah Nəimi isə deyir ki, nəfsini əqlinə
tabe etdirməyi bacaran insan kamil insandır. Mən sevgilərimi ilahiləşdirməyi
bacarmışam, yəni maddi aləmdən ayırıb
göylərə qaldırmışam. Mən ifadəmə
görə üzr istəyirəm, çox adam
sevgi ilə seksi qarışdırır. Mənim
isə sevgilərimdə umacağım olmayıb. Yəni mən Allahın yaratdığı gözəlliyi
sevmişəm və şeirlərimi də gözəlliyə
həsr etmişəm. Bir gözələ həsr etdiyim
şerin iki bəndini desəm, fikrimə bir az
da aydınlıq gətirərəm.
Ağ atlı
oğlanı gözləyən gözəl,
Daha ağ
atları yoxdu dünyanın.
Kişilik bazarı
kasadlaşıbdır,
Namərdi,
naqisi çoxdu dünyanın.
Qoru ismətini, bəxtin
güləcək,
Balıq bilməsə də,
Xaliq biləcək,
Ağ atlı
oğlan da bir gün gələcək,
Sirri,
mözüzəsi çoxdu dünyanın.
- Nə gözəl, nə
ibrətamiz şeirdi. Ələlxüsus da
indiki dövr üçün çox aktualdır. Yeri gəlmişkən bir sual da verim, niyə bir
çox gənclərimiz bu qədər laqeyd, dar
düşüncəli, milli adət-ənənələrimizə
biganədirlər? Abır-həya da dəbdən
düşüb sanki.
German müəllimin
qaşlarının arası düyünlənir, gözləri
məchul bir nöqtəyə zillənir. Bəlkə də o xəyalən
otuz il əvvələ, gənclik illərinə
qayıdır və o zamankı gəncliklə bugünkü
gəncliyi müqayisə edir. Hannan-hana dərindən köks
ötürüb sözə başlayır:
- Bu, cəmiyyətdə gedən
proseslərin, səviyyəsiz təhsilin və televiziya
kanallarında göstərilən əxlaqsız
proqramların nəticəsidir. Ancaq qətiyyətlə
deyə bilərəm ki, deyilənləri bütün gənclərimizə
aid etmək olmaz. Həyalı, ismətli,
namuslu, qeyrətli, ədəbli, mərifətli, qanacaqlı,
dərslərinə və işlərinə məsuliyyətlə,
özündən böyüklərə hörmətlə
yanaşan gənclərimiz də çoxdur. Bu fikrimə
bir bənd şer də əlavə etmək istəyirəm:
Sakit bir otaqda tənha bir
gözəl
Sığınıb
Allahın səxavətinə,
Əl açıb
Tanrıya dua eyləyir,
Yol gedir beləcə
səadətinə.
- Fikirlərinizlə tamamilə
razıyam. Belə başa düşdüm ki,
bu şeiri həsr etdiyiniz xanım dindardır. Ümumiyyətlə, gənclərimizin kütləvi
şəkildə dinə gəlməsinə necə
baxırsınız?
- "Lailahəilləllah"
adlı poemanı yazdıqdan sonra bu sualı mənə
tez-tez verirlər və mən də çalışıram
ki, bu sualın cavabını məntiqlə verim. Birincisi
yaşından asılı olmayaraq dinə dəb xatirinə gəlməyin
birmənalı şəkildə əleyhinəyəm. İkincisi, imanını formalaşdırmadan dinə
gəlmək mənasız bir şeydir. Üçüncüsü,
danışdıqları ilə əməlləri
üst-üstə düşməyən insanın ibadətlərinin
qəbul olunacağına inanmıram. Və ən nəhayət,
özünü dərk etməyən insanın Allahı dərk
etməyə can atması gülünc bir şeydir.
Haqq sözün
çoxları gətirmir dilə,
Qanqal da deyirik tər
qönçə gülə,
Uymuşuq fitnəyə, fəsada,
felə,
Çıxart içimizdən
şeytanı, Allah,
Lailahəilləllah,
Muhəmmədənrəsulullah,
Əmirəlmöminin
Əliyyən vəliyullah.
- Ümumiyyətlə,
şair olmaq çətin işdir?
- Yox, çətin deyil, amma
məsuliyyətlidir. Bilirsiniz, niyə çətin
deyil? Çünki şairlər Allah tərəfindən
seçilmişlərdir. Bəzi "təqvim"
şeirlərini çıxmaq şərtilə qalan şeirlər
Tanrının mesajlarıdır, biz köçürüb
oxuculara çatdırırıq. Amma elə
şeirlər var ki, Allah göndərir, bizim cürətimiz
çatmır dilimizə gətirək.
Şairliyin yükü
ağır,
Çağır, Tanrım,
məni çağır,
Vallah, mən yetim, mən
fağır,
Boğuluram
söz içində.
- Yeni kitablarınız barədə
də bir qədər məlumat verərsinizmi?
-
İnşallah, yeni çıxacaq kitablarım səkiz cilddən
ibarət "Yeddi gözəl, yeddi muğam, yeddi rəng"
adlı şeirlər toplusu və öz həyatımdan
götürülmüş "Buludlardan yuxarıda"
adlandırdığım sırf sevgi romanıdır.
- Ədəbiyyatımızın
bugünkü vəziyyəti sizi qane edirmi?
- Azərbaycan ədəbiyyatının
heç vaxt bugünkü qədər məhsuldar, eyni zamanda
acınacaqlı dövrü olmayıb. Yazanlarımız
çoxdur, özü də yaxşı yazanlarımız.
Amma hamının tanıdığı bir
neçə nəfər var. Zəlimxan Yaqub, Çingiz
Abdullayev, Baba Vəziroğlu və qismən də olsa, Ramiz
Rövşən. Mən bu insanların
yaratdıqlarını şübhə altına almıram.
Əsla. Amma başqa yazanlar
da var axı. Bəs niyə onları
geniş oxucu kütləsi tanımır? Çünki
Azərbaycan Yazıçılar Birliyinin bugünkü idarə
heyəti "ağsaqqallar şurası"nı
xatırladır və tam fəaliyyətsizdir. Ədəbi tənqid
də yoxdur, çünki heç kim
heç kimin kitabını oxumur. Belə şəraitdə
sağlam ədəbiyyatın yaranması çətin məsələdir.
- German müəllim, yeni
yazdığınız, çap olunmamış şeirlərinizdən
verərsiniz bu yazıya əlavə edib, oxuculara təqdim edək?
- Əlbəttə,
verərəm.
Yazdıqlarımın hamısı oxucular
üçün deyil?
- Həm müsahibə, həm
də şeirlər üçün çox sağ olun.
- Siz də sağ olun.
İblisin bic övladı
Ağaran saçına boya
yaxırsa,
Tükü töküləndə
parik taxırsa,
Ara qarışdırıb,
evlər yıxırsa,
O şair iblisin bic
övladıdır.
Şeirində zamanın
söhbəti yoxsa,
Ağlayan millətin möhnəti
yoxsa,
Əzilən xalqının
zilləti yoxsa,
O şair iblisin bic
övladıdır.
Vaxtsız xəzan vuran
güldən yazmırsa,
Didərgin obadan, eldən
yazmırsa,
Məhv olub, qeyb olan dildən
yazmırsa,
O şair iblisin bic
övladıdır.
Şair ad qazanar namusla, arla,
Şair sözün deyər
şəstlə, vüqarla,
Şair öyünürsə
dövlətlə, varla,
O şair iblisin bic
övladıdır.
German qul olmadı heç
vaxt iblisə,
Yamanlıq etmədi, vallah,
heç kəsə,
Şair bircə kəlmə
haqqsız söz desə,
O şair iblisin bic övladıdır.
Allahdan aşağı
Nə var Allahdan yuxarı,
Nə var
torpaqdan aşağı?
Ramiz Rövşən
Allahdan çox
aşağıyam,
Torpaqdan bir az
yuxarı.
Haqqın nadinc
uşağıyam,
Gedirəm həyat
axarı.
Gücü, qüdrəti
olmayan
İnsanda iman
görürəm.
Milyonlara hökm edənin
İçində
şeytan görürəm.
Seçilməyir cavan, qoca,
Hamı eyni həvəsdədir.
Varlı divan tutur aca,
Sanki
şüurlar xəstədir.
Həya, ismət gedib əldən,
Namus
lüt-üryan dolanır.
Ucuz olub bir cüt güldən,
Qızlıq də
satın alınır.
Evə qazanc verən arvad
Qışqırıb,
meydan sulayır.
Kişininsə halı bərbad,
İt kimi
quyruq bulayır.
Hökm eləyir pulu olan,
Haqq nazilir,
üzülür də.
Addımbaşı döngə,
dalan,
Sərxoş
gözlər süzülür də.
Vaxtsız solan güllər
gördüm,
Şeyda
bülbül sorağında.
Od püskürən
çöllər gördüm,
Bir dəryanın
qırağında.
Tanrı hakim kainata,
Mən
heç düşmərəm gümana.
Lap az
qalıb qiyamətə,
İnsanlar, gəlin
imana.
Allahdan çox
aşağıyam,
Torpaqdan bir az
yuxarı.
Haqqın nadinc
uşağıyam,
Gedirəm həyat
axarı.
Necə unudum səni
Səni gördüyüm
gün qanım qaynadı,
Bir çüt ala gözün
sanki aynadı,
Bu fələk bizimlə oyun
oynadı,
Bəs necə
unudm indi mən səni?
Sən getdin, elə bil
Günəşim söndü,
Dünya gözlərimdə
zülmətə döndü,
Vüqarım zirvədən
dərəyə endi,
Bəs necə
unudum indi mən səni?
Sənin gedişinlə
gülşənim soldu,
Dönüb gül-çiçəksiz
bir səhra oldu,
Ürəyim kövrəldi,
gözlərim doldu,
Bəs necə
unudum indi mən səni?
Bilirdim bu eşqin
qışı, qarı var,
Bitib-tükənməyən
intizarı var,
Germanın dözümü,
etibarı var,
Bəs necə
unudum indi mən səni?
Sən unut məni
Gözümün
yaşını silməyəcəyəm,
Ürəkdən
danışıb, gülməyəcəyəm,
Mən səni unuda bilməyəcəyəm,
Unuda bilirsən,
sən unut məni.
Mənə bəxş
etdiyin qəmdi, kədərdi,
Demirəm bu sevda boşdu, hədərdi,
Sənə olan sevgim
dünya qədərdi,
Unuda bilirsən,
sən unut məni.
Hər səhər Günəşlə
oyanacağam,
Gəlib yollarında
dayanacağam,
Səni ömrüm boyu mən
anacağam,
Unuda bilirsən,
sən unut məni.
Könlüm dağ
çayıdır, gurlayar, çağlar,
Həsrətin sinəmi əbədi
dağlar,
German xəyalınla
gözünü bağlar,
Unuda bilirsən,
sən unut məni.
Söhbətləşdi: Zeynəb CƏFƏRLİ
Təzadlar.- 2011.- 2-5 aprel.- S.15.