Şahmar Əkbərzadə: "Mənim ulu dünyama ölüm üzükə bilməz!"

 

Böyük şairin məzarı önündə düşüncələrdən

 

İnsanın insana bəslədiyi xalis sevgi öncə əziz Allah-Təala üçün olur. Məzar insanın olsa da, içi , çölü Allaha aid olduğuna görə məzarlıq haqqında vəsflər, xoş duyğular da əslində Haqq-Təalaya yönələn mədhdir. Yəni mədh olunan ilahi gözəllikdir. Məzarlıqdakı səssizliyin çox özəl, fövqəladə dili var. Məhəmməd peyğəmbər (s.ə.v.v.) buyurub: "Məzarlığa gir, orada susmuş söyləyənləri dinlə!"

 

Cahil cahələtini alimə baxıb anlaya bilərsə, alim sonsuzluğa baxır. Məzarıstanda da sonsuzluğa gedən yol var. çünki fiziki ölümlə həyat bitmir.

Şairin, yazıçının böyüklüyü dünyasını dəyişəndən sonra elə həmin böyüklüyünü itirməməsindədir.

Dünyasını dəyişənlər üçün dua, sağlar üçün hədiyyə kimidir. Əlində nurdan bir boşqab, üzərində nurdan bir dəsmal olan mələk dünyasını dəyişənin yanına gəlib, əmanəti verərək deyir: "Sənə filankəsdən bir hədiyyədir".

Bununla dünyasını dəyişən sevinir.

Mövlanənin mürşidi Şəms Təbrizli (Allah onlardan razı olsun!) deyir: "Axirətim üçün bircə dəfə yaxşılıq edən kimsə, dünyamla əlaqəli bir çox yamanlıqlarda bulunmuş olarsa, axirətimlə bağlı olan yaxşılığına baxar, ona minnətdarlıqla məhəbbət duyaram!"

Əsl qələm əhli Haqq-Təalaya Allah dostları kimi yaxın olduqlarına görə onların şəfqət yardımları vəfatları ilə tükənməz, əksinə, mənəvi baxımdan himmət yardımlar davam edər. Unutmayaq ki, bu dünyanın iki üzü axirətə baxır sevgiyə layiqdir. üçüncü üz isə fanidir. Ona görə hətta bu dünyaya da neqativ düşüncələrlə, mənfi baxışlarla baxmaq yanlışdır. Dünya Allahındır Allahın yaratdıqlarında qüsur olmaz.

 

Allaha həmdimiz var, Rəsuluna salavat,

İnsan gəldi-gedərdir, qələm qalır salamat.

 

Salam olsun mənanı sözlərə yığanlara,

Axirət səfərinə üzü çıxanlara!

 

Dayanıb axirətlə bu dünya arasında,

Məzarlar körpülərdir ibrətlər sırasında.

 

Bir məzar qarşısında əhli-qələmi andım,

Çünki anmazdan öncə Andırana inandım.

 

Şairlər, yazıçılar günəş misallıdırlar,

Zülmətləri qələmlə onlar aydınladırlar.

 

Köçsələr dünyadan mənəvilərdir, ölməz!

Bunu təqdir eyləyən Təkdir, Gözəgörünməz!

 

Nizami, ya Füzuli min diridən diridir,

Şahmar da Şəhriyardan, Bəxtiyardan biridir.

Şahmar Əkbərzadənin məzarının önündə,

Sükutun yedəyində yalqızam yaz günündə.

 

Məzar fəzilət ilə yayır dərin anlayış,

Bu işdə zəhmətləri olanlara min alqış!

 

Dizlərim yerə düşüb, başım sinə daşında,

Sevgi içimdən daşıb, duzlanıb göz yaşımda.

 

Lal səssizlik deyir ki, gəlmisən diz çökməyə,

Allahın xatirinə şair qəhrin çəkməyə.

 

Sıxıntı rahatlığın zəmini, təməlidir,

Ağrılar da nemətin müjdəli əməlidir.

 

Orda mənəvi halın əməllərlə nəticə,

Olduğun dərk eylədim bir daha yetərincə.

 

Şairin məzarını küləklər yalayırdı,

Bu təmasın hikmətin vıyıltıyla yayırdı.

 

Hadisəyə uyğundur səbəblərlə nəticə,

Sevgi-sevgi doğurur kainatda iç-içə.

 

Min bir halın anlamı gizlidir xoşnəzərdə,

Anlayışlı anlayar, sezə bilən sezər .

 

Xırdalan məzarlığı fərqli düşüncəsində,

Şairə yer ayırıb qələmi zirvəsində.

 

Baxıram baş daşında əlli doqquz ilə ,

Daşda oyulu qalan o xarıbülbülə .

 

Daşın altı qranit, üstü mərmər idi,

Bu şəkilsiz başdaşı daşlaşmış Şahmar idi...

 

Bunu bəyan edirdi üzərində ad-soyad,

Ey qələm bu imzadan yazılmayanı yarat!

 

Hər zamanın öz hökmü, hər hökmün zamanı var,

Yurdu əsir şairin misraları qan ağlar..

 

Dahidən yazmaq olmaz adicə bir qələmlə,

Qulunu tək buraxma, Allahım, bu ələmlə!

 

Şairliyi Xırdalan görk edib o məzarda,

Rəva görmə oxucu qala çox intizarda.

 

Şairlik sənət deyil, ki, mən sənətkar,

Mən Səni gözləyirəm, məni ulu Şahmar.

 

Ya Rəbb, böyük şairdən dərin yazdır, yaratdır,

İstəsən sonra məni cəhənnəminə atdır!

 

Şərt deyil bu İlahi, tövbə, əstəğfürullah!

Böyük şairə sevgi, Sənə səcdədir, vallah!

 

Şairin böyüklüyün anlayıb anladan kəs,

Cəhənnəmdə Allah eşqini bada verməz.

 

Qarabağ şairinin məzarın Xırdalanda

Ziyarət məni sıxdı didərgin anlamında.

 

Burda cismi qovuşub əbədilik torpağa,

Qarabağ həsrətindən gəlib vətən olmağa.

 

Şahmar Əkbərzadənin qəbrində mənaya bax:

Sinə daşı, başdaşı - Aran, Dağlıq Qarabağ!

 

Bu yamanca ibrətdir anlayana, duyana,

Bizləri Yaradanın Adıyla oxuyana!

 

Özümdən necə deyim, rahat yat, əziz ustad?

Qarabağsız pak ruhun ola bilərmi rahat?

 

Yenə pənah Allaha, şükür xalqımız var.

Üstəlik, o yerlərə dönməyə haqqımız var.

 

"Əlvida" deməyirəm, yenə görüşəcəyik,

Dərdimiz o qədərdir, hələ bölüşəcəyik.

 

Qarşıdan yetmiş illik möhtəşəm anım gəlir.

Ruhunun hüzuruna Azərbaycanım gəlir.

 

Qonaqlar da olacaq, qardaş-dost ellərindən,

Şərq Səni anacaqdır gözəl şeirlərindən...

 

 

Nizami Heydər,

Bakı-Xırdalan-Bakı.

 

Təzadlar.- 2011.- 2-5 aprel.- S.15.