Qaçaq Nəbinin dostluq etdiyi nəsil - Rüstəmlilər

 

...Mahmudoba kəndi Şahbuz rayonunun ən qədim-qayım kəndlərindən biri hesab olunur. Bu kəndin salınma tarixi çox qədimlərə dayanır. Hələ 1973-cü ildə rus dilində çıxan tarixi oçerklərin birində Naxçıvanın ən qədim tarixi kökü olan kəndlərindən biri kimi bu kəndin də adı çəkilir. Çox təəssüflər olsun ki, zəngin tarixi faktları özündə gizlədən bu kənd haqqında hələ lazımı səviyyədə tarixi araşdırmalar aparılmayıb.

Hələ çox açılmamış sirləri özündə gizlədən bu kənddən gələcək tarixi həqiqətdən hələ də lazımınca bəhrələnə bilməmişik. Lakin çox sevindiricidir ki, əslən Mahmudobadan olan ayrı-ayrı ziyalıların, ağsaqqalların müxtəlif dövrlərdə qələmə aldıqları fikirləri həm Mahmudobalıların, həm də Mahmudobanın yaxın iki-üç əsrlik tarixinə güzgü tutmaqdadır.

Bu günlərdə əslən Mahmudobalı olan nəsil-nəcabətli ziyalı dostum Qadir Kərimov oxumaq üçün mənə bir dəftər təqdim edib ¸Sənin üçün maraqlı olacaq, inşallah, gələcəkdə kitab halına salarıq!,- dedi.

Yazı Mahmudobanın ağsaqqallarından hesab olunan, iman sahibi, qeyrətli ziyalı Kərbəlayi Qasıma məxsus idi. Yazını demək olar birnəfəsə oxudum. İnsaf naminə demək lazımdır ki, yazı mənə olduqca maraqlı gəldi.

Kərbəlayi Qasım bu yazını Mahmudobanın oturuşmuş nəsillərindən olan Rüstəmli tayfasının qocaman ağsaqqallarından olmuş, 1958-ci ildə 104 yaşında dünyasını dəyişmiş Abbas kişinin nəvə, nəticə və kötücələrinin dedikləri çox maraqlı faktlar əsasında yazmışdır.

Onu da deyim ki, Kərbəlayinin yazıya aldıqları Mahmudobada hamının bildiyi və təsdiq etdiyi həqiqətlərdəndir. Gəlin əvvəlcə Kərbəlayi Qasımın öz xatirəsində dediklərinə nəzər salaq:

-Mənim babam Rüstəm kişi Mahmudoba kəndinin xarabalığa çevrildiyi dövründən sonra bu yerlərin ilk sakinlərindən biri olub. Belə ki, babamın əsli Zəngəzur mahalının Uz kəndindən olub. 1800-cü ildə çar Rusiyasının Azərbaycanı işğalı zamanı gənc Rüstəm baş götürüb indiki Mahmudoba kəndinə gəlib. İlk baxışdan bu kənddə olan münbit torpaqlar, meşələr, sular xoşuna gəlir. özünə bir sığınacaq düzəldir. Rüstəmin inamında ən çox rol oynayan o olub ki, o haqqa bağlı olub.

Bu torpaqda köhnə məzar daşları, tarixi abidələr və əvvəllər bu yerlərin yaşayış yeri olması olmuşdur. Rüstəm qonşu Məzrə kəndindən olan Ağabəy kişinin Nənəxanım adlı abırlı-həyalı, ismətli qızı ilə ailə həyatı qurur. Rüstəmin Kərim, Alkərim, Məmmədyar və İbrahim adlı dörd övladı dünyaya gəlir. Rüstəm kişi övladlarını yaxşı təlim-tərbiyə etdikdən sonra hər birini evləndirir. ömrünün sonuna kimi onlara insan kimi yaxşı ad-san çıxarmalarını, Tanrıya bağlı olmalarını tövsiyyə və vəsiyyət edir.

Rüstəm kişinin vəfatından sonra onun övlatlarından çoxlu uşaqlar törəyir. Kərbəlayi Kərim və Məmmədyar isə "Hacı" titulu qazanır. Hacı Məmmədyarın iki oğlu və dörd qızı, Alkərimin üç oğlu, iki qızı, İbrahimin iki oğlu, iki qızı olur. O vaxt bu nəslə "Rüstəmlilər" deyirlər. Hazırda Mahmudoba kəndinin böyük bir hissəsi Rüstəm kişinin törəmələrindən ibarətdir. Eyni zamanda da qonşu Külüs, Uzunoba, Şıxmahmudlu və digər bir neçə kəndlərdə də Rüstəmli nəslindən olanlar yaşayırlar. Öz ata-babalarının layiqli davamçıları hər şeyi halallıqda görürlər. Təsadüfi deyil ki, o vaxtlar çar məmurlarının kəndlilərə qoyduğu ağır vergilərə Alkərim öz etirazını bildirib onlara qarşı çıxır. Bu hadisədən sonra onu ömürlük həps edirlər. Alkərimin haqq-ədalət uğurunda mübarizliyi bu gün də hər kəsə misal kimi göstərilməkdədir. Mahmudoba kəndinin günbəgün çoxalan insanlarının haqqa, ədalətə, dinə, hökumətə münasibəti də artmağa başlayır. Hər sözünü "Bissimillah"la başlayan Mahmudobalılar heç vaxt ibadətlərini kəsməyiblər. Keçən əsrin doxsanıncı illərində Hacı Kərim və onun qardaşları öz vəsaitləri hesabına kənddə məscid inşa etdiriblər. Çar Rusiyasının siyasəti nəticəsində İmam Zeynalabdinin adını daşıyan bu məsciddən uzun müddət ambar kimi istifadə olunub. Lakin Mahmudobalılar buna bir an belə məhəl qoymayaraq öz ibadətlərindən geri qalmayıblar.

 

Rüstəmli nəslinin nümayəndəsi Hacı Məhəmməd Qaçaq Nəbini necə xilas edib?

 

Kərbəlayi Qasım hamı üçün maraqlı ola biləcək bu hadisəni dünya görmüş el ağsaqqalı, hadisənin canlı şahidi olmuş Abbas kişinin söhbətləri əsasında onun dilindən belə qələmə alıb:

- Evimiz kəndin girəcəyində, yol qırağında yerləşirdi. Mən bir neçə nəfərlə oturub söhbət edirdim. Elə bu vaxt yaşı 35-40 arasında olan, qara və kal buynuzu kimi eşmə bığlı, başında quzu dərisindən alagül papağı olan bir nəfər bizə yaxınlaşaraq ədəblə salam verdi. Sonra soruşdu ki, bu yol kənarındakı ev kimindir? Cavab verdim ki, Hacı Məhəmmədindir, mən isə onun oğlu Abbasam... Həmin adam məni bir kənara çəkib dedi:

- Abbas, mən Qaçaq Nəbiyəm... Naxçıvan qazamatından qaçmışam. Tez Hacı Məhəmmədə deynən, mənə bir at versin ki, təqib edən piristav və onun silahlı dəstəsindən canımı qurtarım...

Sən demə, atam Nəbini tanıyırmış...Atam Nəbi ilə mehriban görüşüb onu evə dəvət etdi... Nəbi təşəkkür etdi. Mən isə hazır vəziyyətdə olan köhlən atımızı irəli çəkib üzəngisini basdım. Qaçaq Nəbi qızıl quş kimi atın üstünə sıçradı. Ata bir qamçı vurub yola düşəndə bir daha minnətdarlığını bildirib, qayıtdı ki, Hacı, bilmirəm xəcalətindən necə çıxacağam...

Arası 15 dəqiqə keçməmişdi ki, sayı 30-dan çox bir dəstə atlı piristav kəndə doluşdu. Əllərinə düşən ilk adam mən oldum. Onlar Nəbini soruşdular. Mən isə bir saat əvvəl Nəbinin buradan keçdiyini dedim...Əlacları kəsilmiş dəstə rəhbəri Nəbi gedən tərəfə bir qatar patron boşaldaraq geri qayıtdı... Hacının Nəbiyə kömək etməsini bir sirr kimi kənd camaatı özlərində saxladılar. Aradan bir müddət keçəndən sonra Nəbi öz başının dəstəsi ilə atam Hacı Məhəmmədin qonağı oldu. Atam onların gəlişi münasibəti ilə iki öyəc kəsdirdi. Yaxşı bir ziyafət verdi. Qaçaq Nəbi qayıtdı ki, ay Hacı, sənin mənə verdiyin at atışma zamanı öldü. Uşaqlar bunun əvəzində sənə yaxşı bir Qarabağ atı gətirib... Atam qayıtdı ki, ay Nəbi, mən atı sənin kimi igidə bağışlamışam. Biz verdiyimiz bəxşeyişi geri almırıq. Nəbi gülümsəyib dedi: "Mən kişiyə mənsub hər nə qədər müsbət keyfiyyət varsa, onu səndə gördüm. Səninlə həmişə varam". Bu söz-söhbətdən sonra kimsə içəri daxil olub dedi ki, çuğullar Nəbinin yerini piristava deyib. Onlar da bütün nə qədər heyyətləri varsa, silahlandırıb kəndi nəzarətə alıblar. Atam Hacı Məhəmməd dərhal gizli çıxış yolunu Nəbiyə göstərdi... Bir azdan Nəbinin dəstəsinin atdığı güllələrin səsi kazakları qorxuya saldı. Onlar Nəbinin qorxusundan kimsəyə bir söz demədən çıxıb getdilər. Lakin Nəbinin dəstəsi kəndin kənarında kazaklara xeyli itki verdirdi... Xeyli sayda ölən və yaralananlar oldu. Nəbi yenidən kəndə qayıdıb yığışan camaahata tapşırdı ki, hər kim Rüstəmli nəslindən xəbərçilik edərsə, onu öz əllərimlə gülləliyəcəyəm...

 

Nəbi getdi, başqa xatirələr qaldı

 

Abbas kişi deyir:

-Rüstəmlilərə mənsub olan olan Mahmudoba kəndindəki "Danzıl" adlanan 30 hektarlıq yararlı münbit torpağı ələ keçirmək üçün Naxçıvan xanları çox çalışırlar. Lakin ömrü boyu bu sahəni Rüstəmlilər nəsli əkib-biçdiyindən hökumətə vergi də ödəyirmişlər. Rüstəmlilərin hər vəchlə məhv edilməsi barədə Naxçıvan xanları kəllə sındırırlar. Dəfələrlə xalq qəhrəmanı Qaçaq Nəbiylə bu nəslin dostluğunu əldə bayraq tutub hökumətə şikayət edərək daimi onları incidirmişlər. Artıq hər cür istədiklərinə çata bilməyəcəklərini görən xanlar bu nəslin üzdə olanlarını məhv etmək üçün plan cızırlar. Bunun üçün ağır cinayətlər törədib Naxçıvan həbsxanasında cəza çəkən, Keçili kənd sakinləri- Teymur, Yunis və digərlərini həbsxanadan qaçırdırlar. Sonra isə onlara pul verib tapşırırlar ki, Rüstəmli nəslində kim varsa, böyükdən kiçiyə qədər güllələsinlər. Bu muzdlu qatillər 19-cu əsrin sonlarında kəndə gələrək Hacı Kərimin evinə basqın edirlər. Onlar vəhşicəsinə Hacı Kərimi və 3 oğlunu, qardaşı oğlu Rüstəm və onun nökərini qətlə yetirirlər. Güllə səsini eşidən Kərbəlayi Həmzə qardaşı Hacı Kərimin son nəfəsində özünü ona çatdırır. Hacı Kərim qardaşına deyir ki, siz gizlənin, bu qatillər sizi də öldürəcəklər...Bunu deyib gözlərini əbədi yumur...Kərbəlayi Həmzə yerdə qalan 3 qardaşının ailələrini bu qatillərdən gizlədib ölümün pəncəsindən qoparır. Qatillər isə yerdə qalanları tapa bilmədiklərinə təəssüflənib atlarını minib geri qayıdırlar. çar hökuməti bu qanlı cinayətə heç bir diqqət yetirmir. Amma rəsmilər biganəliklə deyirlər ki, hadisəni qazamatdan qaçanlar törətdiyindən başqa bir ölkəyə (İrana) qaçıblar. Onları isə tutmağa imkanımız yoxdur və s. Bütün bu hadisələrdən xəbər tutan Qaçaq Nəbi Mahmudobaya gələrək dostunun və namərd gülləsiylə qətlə yetirilənlərin hüznündə iştirak edir. Orada söz verir ki, bu müdhiş gecənin qatillərini tapıb güllələcək... Bundan bir müddət sonra Nəbi dəstəsiylə Arazın o tayına adlayır. O, çoxsaylı dostlarının köməyi ilə qətli törədən qatilləri tapıb xalqın gözü qarşısında güllələyir. Nəbinin İranda qatilləri güllələməsi xəbəri bütün hər tərəfə yayılır. Naxçıvan xanları, çar çinovlikləri qorxuya düşərək Rüstəmli nəslinin yerdə qalanlarıyla mülayim davranmağa başlayırlar... 

...Rüstəmli nəsli və bu nəsilin keşməkeşli, lakin şərəfli və maraqlı tarixi haqqında daha geniş məlumatlarla Kərbəlayi Qasımın qələmə aldığı "Bir nəsilin tarixindən" kitabında tanış ola biləcəksiniz...Rüstəmlilər bu gün də öz nəsillərinin ad-sanını uc tuturlar. Nəzərinizə çatdırmaq istərdim ki, hal-hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işləyən general Rafiq Abbasov da Rüstəmlilər nəslinin nümayəndələrindəndir.

 

 

Həmid Ormanlı

 

Təzadlar.- 2011.- 2-5 aprel.- S.15.