UNUDULMUŞ QƏLƏBƏ
1957-ci ildə Tərtərdə doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bərdədə komsomol orqanlarında çalışıb. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunda təhsil alıb. Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. Polkovnik-leytenant, Qarabağ müharibəsi veteranıdır. DTK-nın (MTN) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, Şəmkir və Göyçay bölmələrinin rəisi, Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olub.
...Stanislav Rostotski sevdiyim
kinorejissorlardan biridir. "Bazar ertəsinədək gözləyək",
"Sakit üfüqlərdə" kimi məşhur filmlərin
müəllifidir. İkinci Dünya müharibəsindən 27
il sonra çəkilmiş "Sakit üfüqlərdə"
filmində müharibənin gurultusu, tankı, topu yoxdur.
Böyük müharibənin gedişində döyüş
tapşırığını yerinə yetirən
qızlardan ibarət döyüşçülərin
xarakteri, faciəli taleləri əks olunub.
Tapşırıq yerinə
yetirilir. Qızların həyatı bahasına. Filmin sonunda məşhur
Levitanın səsi ilə informasiya səslənir:
"İkinci Ukrayna Ordusu və Birinci Belorusiya Ordusu
düşmən üzərinə genişmiqyaslı
hücuma keçmiş və qələbə
qazanmışdır. Bəzi bölgələrdə isə
yerli əhəmiyyətli döyüşlər
keçirilmişdir".
"Yerli əhəmiyyətli
döyüşlər". Bəzən kiçik
görünən, miqyası az olan işlər, böyük əhəmiyyət
daşıyan hadisələrin, uğurun açarı olur.
Dünya müharibələrində də.
Bu filmin başqa bir epizoduna
da qayıdacağam, amma sonda...
Ermənistan-Azərbaycan
müharibəsinin ağır, vacib döyüşləri, təbii
ki, Qarabağda olub. Amma Qarabağın sərhədlərindən
kənarda da - Qazaxdan Naxçıvana qədər - elə
hadisələr, döyüşlər olub ki, az əhəmiyyət
daşımır.
Diqqətinizə
çatdıracağım olaylar nə xatirədir, nə də
memuar. Bu, Azərbaycan tarixinin bir parçasıdır. Düz
20 il bundan əvvəl, 1991-ci ilin aprelin 30-da Azərbaycanın
bir kəndi - çaykənd ermənilərdən azad edildi.
Ölkədə ermənilərin
yaşadığı kəndlər az deyildi. Elə Xanlar
rayonunda da ermənilərin kompakt yaşadığı 8 kənd
vardı. Amma heç biri Çaykənd qədər əhəmiyyətli
olmayıb. Çaykəndin azad edilməsi SSRİ-nin rəhbəri
Mixail Qorbaçov, SSRİ müdafiə naziri, SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycanın
rəhbəri Ayaz Mütəllibov səviyyəsində
müzakirə olunmuş, respublika rəhbərlərinin
hamısı Xanlara (indiki Göygöl) gəlmiş və
1991-ci ilin aprelin 30-da başlamış əməliyyat
mayın 4-də tamamlanmışdı. Bu günlərin hər
biri tarixi hadisələrlə doludur. İlk gündən
sonunadək iştirakçısı və şahidi
olduğum bu hadisələr tariximizin qələbə səhifəsidir.
Az yada salınan, danışılmayan, unudulmuş qələbə...
Çaykəndin azad edilməsinə
qədər onun ətrafında baş verən hadisələr
və kəndin tarixi haqqında məlumat verməyi zəruri
heçab edirəm.
Ermənilər bu kəndə
1896-cı ildə Türkiyədən köçüblər.
Sultan Əbdülhəmidin dövründə Anadoluda
yaşayan ermənilər və türklər arasında ilk
ciddi qarşıdurmalar baş verən zaman çar
Rusiyasına sığınan erməniləri Gəncə ətrafında
yerləşdirirlər. çaykənddə, Martunaşendə
(Qarabulaq) tikilən kilsələrin üzərində də
1896-cı il yazılmışdı.
Çaykənd erməniləri
də söhbət zamanı babalarının Türkiyədən
köçdüyünü söyləyirdilər. Çaykənd
Kürəkçay boyu, çayın hər iki sahilində
salınıb. Bir tərəfi meşəli dağlar, bir tərəfi
Kamo və Azad kəndləridir. Gəncə-Göygöl
yolundan keçəndə kənd çox aşağıda,
dərədə olduğundan görünmür. çaykənd
sonradan Murovdan çəkilmiş Kəlbəcər-Gəncə
yolunun, Toğanadan, Göygöl, Maral göldən gələn
yolun, keçmiş Şaumyan rayonundan (Ağcakənd) Gəncəyə
gələn dağ yolunun üstündə yerləşmiş
strateji əhəmiyyətli, 1000-dən çox evi olan bir kənddir.
Tarixçilərdən eşitdiyimə görə, 1918-ci ildə
Azərbaycana gələn türk ordusu çaykənddə
döyüşməyi riskli sayıb, kəndi bir müddət
mühasirədə saxlasa da, ora girməyib.
Çaykəndlilər
qatı millətçilər idi. Yerevan erməniləri
üçün də bu kənd xüsusi əhəmiyyət
kəsb edirdi. SSRİ zamanında çaykənd-Yerevan avtobusu
işləyirdi. Başqa erməni kəndləri çaykəndi
özlərinə dayaq bilirdilər. Buna görə də
Qarabağ hadisələri başlayan kimi çaykənd Gəncəbasarda
yeganə erməni kəndi idi ki, Yerevandan emissarlar məhz bura
gəlirdilər.
İlk gələn İqor
Muradyan idi. Əməliyyat məlumatlarına görə,
Muradyan emissarların başçısı idi. 1988-ci ilin may
ayında Muradyanın çıxışları, təbliğatı
barədə əməliyyat məlumatları ilə
yanaşı rəsmi iki şikayət ərizəsi aldım.
Ərizənin birini Mixaylovka kəndinin sakini, miliyyətcə
rus olan şəxs, digərini çaykənd sovetinin sədri
Qrant Gürcüyan imzalamışdı. Sonralar, çaykənd
köçürüləndə Gürcüyan yalan,
böhtan dolu açıqlamalar verdi.
Həmin iki ərizənin əsasında
Moskvadan gəlmiş milis generalı Pankratovun rəhbərlik
etdiyi dəstə ilə kəndə girib Muradyanı həbs
etdik və o, təyyarə ilə Moskvaya aparıldı.
Qısa bir müddətdən sonra Muradyanı azad etdilər.
Hadisələr 1989-cu ildən
kəskinləşməyə başladı. Ermənistandan gələn
qaçqınlarla Xanlarda yaşayan ermənilər arasında
danışıqlar gedir, qarşılıqlı
köçmələr razılaşdırılırdı.
Qarabağ hadisələri başlayandan ötən 2 il ərzində
Mirzik, Zurnabad, Qarakeşiş, Əbləh, Kuşi Armavir
(indiki Quşçu) kəndləri və Xanlar şəhərinin
erməni sakinləri sakit şəkildə Ermənistana
köçdülər. Ermənistandan gələn
qaçqın azərbaycanlılar isə həmin kəndlərə
yerləşdirildi.
Kamo, Azad kəndlərinin
köçürülməsi, çaykənd və
Martunaşenin azad edilməsi isə xüsusi hadisələrlə
müşayiət olunduğundan və tarixi baxımdan əhəmiyyətli
olduğu üçün təfərrüata varmaq zəruridir.
1990-cı ilin ilk günləri
respublikada hədsiz gərginlik vardı, episentr isə nə
Bakı, nə Qarabağ idi. Xanların Çaykənd,
Şaumyan (kənd) rayonunun Todan kəndləri ətrafında
baş verən silahlı toqquşmalar Gəncədə və
Xanlarda vəziyyəti hədsiz dramatikləşdirmişdi.
Yanvarın 10-da Şaumyan rayonunun rəhbərliyi Todan kəndində
mühasirəyə düşüb əsir alındı.
Birinci katib Ağacanyan başda olmaqla 22 nəfər
Xanların milis şöbəsinə gətirildi.
Ağacanyanı AXC fəalları Bakıya apardılar, sonra
o, kiminləsə dəyişdirildi. Yalnız rayon prokuroru
Stepanov əldən çıxaraq əsir düşməmişdi.
Paralel olaraq çaykənddə
Yerevandan gələn yaraqlılar 3 azərbaycanlını əsir
götürmüşdülər. Biri milis nəfəri, biri
Göygöl dövlət qoruğunun işçisi, biri isə
Toğana sakini idi. Respublikanın hər yerindən Xanlar
rayonuna kömək etmək üçün gənclər
yığışıb gəlmişdilər.
Yanvarın 12-də Xanlar və
Şaumyanın sərhədindəki strateji əhəmiyyətli
Todan kəndində ilk atışmalar, döyüş oldu. Gəncədən
Todana köməyə getmiş könüllülərdən
3 nəfər - Rüzgar Qasımov, Bəxtiyar Əliyev,
Abasqulu Məmmədov - şəhid oldu. Gəncədə təntənəli
dəfn mərasimi keçirildi.
Yanvarın 13-də Çaykənddən
3 əsir azərbaycanlı ilə Şaumyan rəhbərliyindən
3 nəfəri dəyişmək qərarına gəldik.
Hacıkənd yolu tamam bağlanmışdı, yola
yaraqlı ermənilər nəzarət edirdi. Qərara
alındı ki, Daşkəsən ərazisinə keçib
çıraqlı kəndindən Kəlbəcərin ərazisinə,
oradan da Toğanaya enmək olar. Yanvar ayında Murovun,
Qoşqarın ətrafında piyada hərəkət etmək
çətindir, o ki qala "Niva" maşınları ilə.
Əsirləri kimin dəyişəcəyi sual
yaratmışdı. Onların qohumlarından iki nəfər
getməyə hazır idi. Milis şöbəsindən Rəşid
və sahə müvəkkili Mətləb, Hacıkənd qəsəbə
sovetinin sədri Nəsrəddin, Rayon İcraiyyə Komitəsinin
sədri Asəf Məmmədov da getməyə razı oldu.
Əsir düşən Arzu
adlı milis işçisinin atası İlham şöbənin
dəhlizində birdən yerə əyilib dizlərimi
qucaqladı. Ağlaya-ağlaya "Mən atayam, amma oğlumu
xilas etməyə gedə bilmirəm. Sənə yalvarıram,
sən getməsən, heç kim getməyəcək, get mənim
balamı gətir". Onu ayağa qaldırıb gedəcəyimi
dedim və 10 dəqiqəyə yola düşdük.
Artıq hava qaralırdı.
Şaumyan Rayon Xalq Nəzarəti Komitəsinin sədrini,
Manaşid kəndinin kolxoz sədrini və rayon Aqrar Sənaye
Birliyinin sədri Meqriyan Şaqen Znaveroviçi mənim əyləşdiyim
"Niva"ya götürüb yola çıxdıq.
Şaqen Şaumyanda erməni millətçilərinin
başında dururdu, xüsusi nüfuza sahib idi. Onunla sonralar,
1991-ci ildə Şəfəqdə də rastlaşdıq.
Ağcakənd azad ediləndə Şaqen
öldürüldü. Ona Ermənistanın Milli Qəhrəmanı
adı verildi. Erməni fədailəri
siyahısındadır.
DTK-da hara gedirdiksə, rəhbərliyi
məlumatlandırır, icazə veriləndə gedirdik. Bu dəfə
rəisimizə - rəhmətlik Rəhman Mikayılova
heç nə demədim. Bilirdim ki, icazə verməyəcək.
Ağlayan atanı heç cür çarəsiz qoymaq
olmazdı. Mən gedəcəyim halda milis işçilərinin
də gedəcəyini düşünüb icazə almadan əsirləri
dəyişməyə yollandıq.
Tüləllər kəndini
keçib çıraqlıya çatdıq, çox
yüksək bir yoxuş vardı. "Niva"lar qarda
heç cür yoxuşu qalxa bilmədi. Bir saatdan sonra KrAZ
markalı yük maşını gəldi. Hava tamam
qaralmışdı. Erməni əsirləri də
götürüb KrAZ-a mindik. Ən təhlükəli yerlərdən
keçib 3 saatdan sonra Toğanaya çatdıq. Asəf
müəllimin qohumlarından birinin evində qalıb səhərin
açılmasını gözlədik.
Biz Toğanaya çatanda
SSRİ televiziyasının "Vremya" verilişi
başlamışdı və Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov
müsahibə verirdi ki, Bakıda bir neçə erməni ailəsinin
evi dağıdılıb. Kənddə heç bir rabitə əlaqəsi
yox idi. Həyat yoldaşımın və körpə Əsmərin
bütün gecəni gözü yolda qalacağını,
işdə narahatçılıq olduğunu təsəvvür
edirdim.
Sabaha qədər
yatmadıq, əlimizdəki cəmi 2 avtomatla həm
özümüzü, həm də əsir erməniləri
qoruyurduq.
Səhər açılanda
təxminən 4 saat danışıq getdi. Əsirləri
bir-bir dəyişdik. Sağ-salamat geri aldıq və yenə
axşama yaxın həmin çətin, buzlu-qarlı yollarla
Xanlara çatanda hamı bizi sevinclə qarşıladı. Bəziləri
öldürüldüyümüzü zənn etmişdilər.
Gəncəyə, iş
yerimə gəldim. Axşam 9 olardı. Rəis məni
gözləyirdi. DTK-dan Pərviz Hətəmzadə də
içəridə idi. Rəis əsəbi şəkildə:
- Hardasan? - soruşdu.
Danışdım.
- Niyə icazə almamışdın?
- Bilirdim ki, icazə verməyəcəksiz.
Mən o zaman getməyəcəkdim, onda da mənə qorxaq
kimi baxacaqdılar, həm öz nüfuzuma, həm də təşkilatımızın
adına xələl gələcəkdi. Getməyə bilməzdim.
Rəis heç nə demədi,
hətta üzündə məmnunluq hiss etdim.
- Yaxşı, get evə,
narahatdılar, amma sabah ətraflı arayış təqdim edərsən.
Səhərisi əsirlikdən
azad etdiklərimizlə söhbət etdim. Yerevandan gələn
ermənilər bir neçə dəfə cəhd ediblər
ki, onları ocaqda yandırsınlar. Yerli ermənilər hər
dəfə mane olublar. Yerevan ermənilərindən biri əsirlərə
deyib ki, qayıdanda Kirovabadda (Gəncə) bildirin Pzo çaykənddədir.
Neçə illərdən
sonra, ötən il internetdən oxudum ki, Pzo "vor zakon"
olub, bir müddət ABŞ-da yaşayıb və hansısa əməlinə
görə Yerevanda tutulub. Pzo qanunsuz silah alveri ilə də məşğul
imiş. Əsl adı Armen Qazaryandır.
Çaykənd ətrafla Ermənistandan
gələn vertolyotlarla əlaqə saxlayırdı.
Vertolyotlar Sevan gölünün sahilindən - Kamo şəhərindəki
bazadan qalxırdı. Rabitə isə yalnız radiostansiya
vasitəsilə idi. Ermənistanlı yaraqlılar müasir
silah-sursatla gəlirdilər. O zaman bizim avtomat silahlar
üçün burnumuzun ucu göynəyirdi. Hacıkənddən
Toğanaya gedən asfalt yola çaykənd erməniləri nəzarət
edirdi.
Əsirləri dəyişdiyimiz
günün səhərisi - yanvarın 14-də Hacıkəndin
üstündə, Beşulduz deyilən yerdə xeyli adam
toplaşmışdı. Əksəriyyət silahsız idi.
Bir xaos hökm sürürdü. Bu insanlara rəhbərlik etmək
də çətin idi. Müxtəlif bölgələrdən
gələnlər dəstə-dəstə toplaşıb
söhbət edirdilər.
Həmin yerdə dolu
buludlarını dağıdan topxana da vardı. Cavanlar
topxananı ələ keçirib çaykənd istiqamətinə
bir neçə atəş açdılar. Bu vaxt iki vertolyot
peyda olub başımızın üstündə dövrə
vurmağa başladı. Topun başında duran oğlan bu dəfə
vertolyotlara atəş açdı. Mərmi yan keçdi,
amma küləyi vertolyotu silkələdi və
aşağıdakılara elə gəldi ki, vertolyot vuruldu.
"Ura" deyib vertolyota doğru tüfənglərdən atəş
açanlar da oldu.
Vertolyotlar Gəncəyə
doğru uçdu. Hava çox aydın idi. Vertolyotlar
Gülüstan qəsəbəsinin üzərində bir
neçə dəfə fırlanandan sonra aerodroma tərəf
istiqamət aldılar. Fikirləşdim ki, bunlar bir plan
cızdılar, nəsə ola bilər. Toplaşanlara üz
tutub dağılmağı məsləhət gördüm.
Fikir verən olmadı. AXC Xanlar şöbəsinin sədri
Nadirov əynində qara yapıncı mənə
yaxınlaşıb dedi ki, səni düz başa düşməzlər,
elə bilərlər qəsdən edirsən.
Hacıkəndə enib
poçtdan şöbəyə zəng etməyi qərara
aldım. Cəmi 20 metr yerimişdim ki, meşənin
üstündən vertolyotlar peyda oldu. İnsanların gur
toplaşdığı yerə atəş açdılar.
Dikdə tikilmiş dayanacağın kafellərinin zərbədən
necə dağılıb havaya sovrulduğu hələ də
gözlərimin qarşısındadır. Poçta
qaçıb şöbəyə zəng etdim, rəis
müavini Qardaşovla danışıb hadisəni söylədim.
Bu vaxt poçtun yanında gözləyən iki təcili
yardım maşınına yaralı gətirdilər. Növbətçi
- Cəmşid həkim mənə baxıb yaralıları
xilas etməyin qeyri-mümkün olduğunu dedi.
Nəticə ağır
oldu. Gəncə sakini Neman Vəliyev, Xanlar şəhər
sakini Səbuhi Hacıyev iriçaplı pulemyot güllələrindən
ölmüşdülər.
Yanvarın 15-də dəfn mərasimi
oldu. Həmin gün axşam Hacıkənd ətrafına yenə
xeyli adam toplaşmışdı. Stepanakertdə dislokasiya
olunan hərbi hissədən bir BMP və bir BTR çaykəndə
gəlmişdi. Bir erməni bələdçi də
götürüb Hacıkəndə doğru hərəkət
etmişdilər. Hacıkəndin üstündə
qarşısını bizimkilər kəsib həm BTR-i, həm
də BMP-ni əllərindən almışdılar.
Zirehli maşınları
alanlara Bakıdan gəlmiş AXC funksionerləri Fəzail
Ağamalı və Fəhmin Hacıyev rəhbərlik
etmişdi. Hər iki zirehli maşının əsgər və
zabit heyətini əsir götürüb Xanların milis
şöbəsinə gətirdilər.
Komandirin soyadı Belov idi.
Onlarla görüşdüm, özümü təqdim etdim. Gəlişlərinin
səbəbini soruşdum. Çaykəndə kömək etməyə
gəldiklərini söylədilər, əslində isə
ermənilərin hiylə və yalanlarının qurbanı
olduqlarını etiraf etdilər.
Rus əsgər və zabitlərini
Xanlarda saxlamaq təhlükəli idi. Rusların
öldürdüyü Səbuhinin qohumları qisas almaq
üçün fürsət axtarırdılar. Gecə idi,
bir avtobus təşkil edib onları Gəncəyə gətirdim,
mənimlə Fəhmin Hacıyev də gəldi. Belov zirehli
texnikanı verməyi tələb edəndə başa
saldım ki, səni əsgərlərinlə birlikdə Gəncədəki
hərbi hissəyə təhvil verək, sonra maşın
axtarışına çıxarıq. BTR-i də, BMP-ni də
uşaqlar Hacıkənd meşəsində gizlətmişdilər.
Yeri gəlmişkən, Fəhmin
Hacıyevin avtobusa minəndə ayaqqabılarının
qış fəslinə uyğun olmadığını
gördüm və əsgərləri təhvil verəndən
sonra evə gedib ona isti çəkmə gətirdim. Sonralar Fəhmin
bəy həbsdən çıxıb gələndə ilk
görüşümüzdə dedi ki, ayaqqabılar o vaxt
dadına çatmışdı.
Həmin gecə ələ
keçirilən BTR və BMP ilə Kamo və Azad kəndlərinə
hücum oldu. Atışma zamanı bir neçə erməni
öldürüldü, səhərə yaxın zirehli
maşınlar yenə gizlədildi. Bu, Kamo və Azad kəndlərinə
ilk və son hücum oldu. Bunu xüsusi vurğulayıram. Bəzən
mətbuatda ayrı-ayrı adamların yazılarında Kamo və
Azad kəndləri uğrunda döyüşdüklərini, kəndi
azad etdiklərini oxuyanda təəccüb edirəm. Kamo və
Azad kəndləri döyüşlə azad edilməyib,
danışıqlar nəticəsində boşaldılıb.
Bu barədə sonra.
Yanvarın 16-da məni və
Xanlar Rayon Milis Şöbəsinin rəisi Cavanşir Babayevi Mərkəzi
Komitənin katibi Həsən Həsənov Gəncə Şəhər
Partiya Komitəsinin birinci katibi Süleyman Məmmədovun
otağına çağırdı. Həsən Həsənov
rayondakı vəziyyət barədə məlumat istədi. Əməliyyat
şəraitini, yaranmış vəziyyəti və
çıxış yollarını hərtərəfli məruzə
etdik.
Bu zaman maraqlı faktların
şahidi oldum. Həsən Həsənov bizim yanımızda
Mərkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko ilə
təxminən 20-25 dəqiqə telefonla danışdı.
Polyaniçko Həsənovu inandırmağa
çalışırdı ki, Bakıda fövqəladə vəziyyət
elan olunması üçün Mərkəzi Komitənin
büro üzvləri səs verməli və o da təcili
Bakıya gəlib büronun iclasında iştirak etməlidir.
Həsənov özünəməxsus
çılğınlıqla Polyaniçkoya sərt cavablar
verdi: "Viktor Petroviç, mən hər gün gənc
insanların dəfnində iştirak edirəm. Onları erməni
döyüşçülər, saqqallılar
öldürmür, şanlı sovet ordusu qətlə yetirir.
İndi siz mənə deyirsiz ki, Bakıda fövqəladə
vəziyyət elan olunsun, rəhbərliyi də həmin sovet
ordusuna tapşıraq? Mən bunun qəti əleyhinəyəm!
Bu saat Teymur Əliyeviçə (Mərkəzi Komitənin
ümumi şöbəsinin müdiri vəzifəsini tuturdu -
müəllif) də deyəcəm ki, mən o büroya gəlmirəm
və mənim adımın qarşısında "əleyhinə"
yazsınlar. İndi Ayaz Niyazoviçlə də (Nazirlər
Sovetinin sədri Ayaz Mütəllibov - müəllif)
danışacam".
Dəstəyi yerinə qoyub
üzümə bir müddət baxıb nəsə fikirləşdi,
sonra vəziyyətin yaxşılaşması
üçün təkliflər planı hazırlayıb ona
çatdırmağı tapşırdı. Bakıda vəziyyətin
ağır olduğu rəhbərlik səviyyəsində gərginlikdən
aydın görünürdü.
Xanlara qayıtdıq. Fəzail
Ağamalı AXC-nin nümayəndəsi kimi Xanlarda idi.
Yaxınlaşıb dedim ki, Bakıda vəziyyət gərgin
olacaq, AXC rəhbərliyini xəbərdar etmək gərəkdir.
Həsən Həsənovla Viktor Polyaniçkonun mübahisəsini
danışdım. Fəzail Ağamalı qayıtdı ki, mən
desəm inanmazlar, özünü təqdim et, Etibar Məmmədovla
birləşdirim, danış.
AXC liderlərindən olan
Etibar Məmmədovla telefonla danışdım, Bakıda
fövqəladə vəziyyətin tətbiq
olunacağını, şəhərin idarə
olunmasının orduya tapşırılacağını
söylədim. Etibar Məmmədov sözlərimə
üç dəfə "hə" deməklə kifayətləndi.
Həmin dövrdə Gəncədə
SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin
və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin
əməkdaşları ezamiyyətdə idilər. 16-sı
gecə şöbədə növbətçi idim. Saat
22:00-da Baş Kəşfiyyat İdarəsinin generalı
Aleksandrov mənə dedi ki, gecə saatlarına qədər
işləyəcək: "İstəsən, evə gedə
bilərsən". Mən təşəkkür edib ona mane
olmayacağımı, səhərə qədər
şöbədə qalmağımın vacib olduğunu
bildirdim.
Gecə saat 11 radələrində
oturduğu kabinetdən generalın gur səsini eşitdim. Qapı
örtülü olsa da, onun danışığı
aydın eşidilirdi. Əməliyyat telefonu ilə Moskva ilə
danışırdı. Telefonun o başındakını
inandırmaq üçün əlindən gələni
edirdi. Generalın bu sözləri indiki kimi yadımdadır:
"Yoldaş general, bu şəhərin rəhbərliyi də,
milisi də, hətta DTK işçiləri də qatı millətçilərdir
və bizə, sovet hakimiyyətinə nifrət edirlər. Bizim
verdiyimiz məsləhətlərə qulaq asan yoxdur. Hamı
Moskvanı, Mərkəzi Komitəni açıq
söyür. Hər gün vəziyyət gərginləşir.
Əgər qəti tədbirlər görülməsə,
bunların dərsi verilməsə, daha da
azğınlaşıb hakimiyyəti ələ keçirə
bilərlər. Ona görə də qərar qəbul etmək
lazımdır. Bu antisovet ünsürlərin payı şiddətlə
verilməlidir. Siz yüz faiz əmin ola bilərsiniz ki, əvvəl
göndərdiyim informasiyaların hamısı təsdiqlənir.
Yuxarının qarşısında qəti tələb qoyun
ki, ciddi güc göstərmək lazımdır".
Səhərin
açılmasını səbirsizliklə gözləyir, həm
də ehtiyat edirdim ki, generalın danışığına
gizlicə qulaq asmağımı rəhbərliyə desəm,
məni düzgün qəbul edəcəklərmi?
Şöbənin rəisi Rəhman
Mikayılov gələndə eşitdiklərimi ona
danışdım. çox qayğılandı, fikrə gedib
"Yaxşı, heç kimə bir söz demə,
ehtiyatlı ol! Görüm Bakıdan kimlə
danışıram" dedi.
Beləcə 20 Yanvara
doğru getdik. 20 Yanvar baş verdi. Qoşunların Bakıya
çağırılmasının təşəbbüskarı
isə başda Yevgeni Primakov olmaqla Moskvadan gəlmiş
emissarlar və Viktor Polyaniçko kimi yerli rəhbərlər
idi.
(Ardı var)
İlham İSMAYIL,
Təhlükəsizlik Araşdırmaları
Mərkəzinin rəhbəri
Təzadlar.- 2011.- 9-12 aprel.- S.12-13.