Soraq...
(Memuar oçerk)
Ayna bibimizin söylədiklərindən məlum olur ki, ulu babamız Əli kişinin bağı, malı-mülkü olan nisbətən imkanlı bir şəxs olub. Böyük kəndin cənubunda, Kələnov kəndinin qənşərində Qışlaq Əşə deyilən özlərinə məxsus yeri binələyib öz kimsənəsiylə təsərrüfatda çalışıb və o, həm də çox yaşayıb.
Onun oğlu - bizim babamız böyük Nurəli də cütdə, xırmanda bərkiyib, o vaxtlar deyildiyi kimi, "atası kimi çörəkli adammış". Amma sən demə, xeyirlə şər qardaş imişlər və asanca insan övladının süfrəsi başında əyləşirmiş.
Həmin qəzavü-qədər babama da ürcah olub. Əmisi oğlu ilə şərikli şum sürən rəncbər babamız göz qoyur və görür ki, çubuqçu əmioğlu səbəbi oldu-olmadı, elə onun öküzünü vurur, irəli qaçmağa məcbur edir. Xatırlatma, tövsiyə kar eləmir. Qozbeli ancaq qəbir düzəldərmiş. Bir də Mərcan öküzü küncə qısnayanda rəncbərin ucu haça siləkəni əmioğlunun qulağından səda verir və o, şumdaca canını tapşırır...
Bu gün həmin hadisənin qəti tarixi məlum olmasa da, bəzi oxşarlıqlara görə, rus istilasının əvvəlinci illərinə düşdüyünü güman etmək olar... Babamızı Qələyə (Söz yox Qubaya, niyə ki, tatlar indinin özündə də Qubaya Qələ deyirlər) aparırlar. çox güman ki, rus hökmranlığı yeni-yeni tətbiq olunur: hakim var, tərcüməçi yoxdur. Rəis var, qazamat yoxdur. Dindiriş gedir, babamız rusca bilmir deyə, kəndlərimizə bələd Cühurun (indiki Qırmızı qəsəbə) sakini, alverçi İzronu tərcüməçi kimi danışdırırlar. Dəfələrlə məhkumun evində gecələmiş, din ayrılığına baxmayaraq, ünsiyyət, hörmət görmüş İzro rusca az bilsə də, dustağa məhəbbətini gizlədə bilmir.
- Tanıyıram, - deyir, - evində olmuşam, dinc adamdır, əlindən xata çıxıb çox-çox peşmandır...
Lap axırda İzro: - Bılo Sluçayno, - dedi, - satana (yəni şeytan işidir) - deyəndə rus:
- Çort vozmi, tı toje xitrıy, - deyib gülür.
Dindirişin axırında nə qoyub, nə götürürlər, babam Nurəli Əli oğluna 2 il iş kəsib göndərirlər yerli qazamata. Hə də, bayaq dediyimiz kimi, qazamatın rəisi var, qazamatsa yoxdur. Bu səbəbdən babama bir öküz arabası verib göndərirlər çaya.
- Söz yox, Qudyalçaya ki, daş gətirsin və türməni tiksinlər!
Babam baxır arabaya, baxır öküzlərə fikrə gedir. Axı o kişi təsərrüfatçıdır. Deyəsən, dustaq olduğunu unudub. Naçalnik yenə tərcüməçiyə çığırır ki, dustaq niyə getmir, arabanı aparmır?
Babam: - Bu arıq öküzlərlə mən nə vaxta gedib-gələrəm?! - deyir.
Dilmancdan babamızın cavabını eşidən rus: - A başı bəlalı, sənə 2 il kəsiblər. Bir il o yana get, bir il bu yana gəl! - deyir və şaqqa çəkib gülürmüş...
Yox, xasiyyətcə tünd, səbirsiz və tələskən babamız, deyəsən, türmənin tez tikilməsini və içəri girməyi istəyirmiş... Babamızın həbsxana cəzasını necə çəkdiyini yerli-yataqlı bilməsək də, evdə - ailədə düçar olduğu ağır itkilər işgəncənin ağırlığından xəbər verir.
Həbsdən evə buraxıldığı gün yoldaykən eşidir ki, o qəzavü-qədərli əhvalatdan azacıq əvvəl ev-eşiyə dayaq bildiyi oğlu da ölüb, oğlunun anası da. Kürəkəni dul qalmış gəlinini qızına günü aparıb. Kişi həmin adamla da xəbər göndərir ki, Aynaya deyin, ona orada daha yer yoxdur, çıxıb gəlsin evimizə.
Tifaqı pozulmuş babamız təzədən evlənməli olur. Lahıcdan aldığı təsərrüfata yetkin cavan qızla izdivacı uzun sürmür, keçirdiyi sarsıntılar işini görür...
Babamın təziyədarlığı bitməmiş axund gəlir ki, babamdan qalmış əmlakı "təqs" etsin. Yəni oğlu olmadığı üçün, kəbinli arvadı və qızları olduğu halda belə, varidatı bəzi dairələr arasında bölüşdürülməlidir...
Ayna bibi şirəyə yığılmış acgözlərin əməlindən gec xəbər tutur. Hövlanak axundun məclisinə girir: - Saxla, - deyir şər işini! Analığımızın gözləməsi var...
Axund qızarır, bozarır, şəriətə yatmayan sözlər deyir. Gec də olsa, bölgünü saxlayır. Ən mötəbər mamaçanı çağırtdırıb and içirdirlər. O, xəlvətdə qadınla məşqul olur, qayıdır və təkrarən əlini Qurana basıb and içir ki, var, oğlandır, özü də üçaylıq...
Xoş sifətlə getməyib axund. Bu işi uzatmaqla guya günaha batdığını tutacaq edib çox qırıldadıb. Arada kim nəyi məngirləyib, elə də ordan çıxıb...
Payızlı, qışlı zaman keçdi. Baharda göylərdən nur ələndi. Babamız Nurəlinin köç etdiyi o alatoran payız günündən altı ay sonra bir bahar günü sahib durdu balaca Nurəli atasının adına...
Uzaq keçmişdə yox, lap bu yaxınlarda alimlər həm inanıb və həm də sübut etmişlər ki, çağa ana bətnində dörd-beş aylıq olanda anasının ətraf mühitə münasibətindən xarakter qazanır. Söz yox, atasından altı ay sonra dünyaya gəlmiş atamız yetimliyin sərt üzünü görmüş, varını talayan, kömək əlini qısan yabançı əqrəbanı tanımış, bərkinmiş, heç kəsə yük olmamışdır. Yuxarıda dediyimiz kimi, Həlmə nənəmiz təsərrüfat işinə bələd qadın olub. Əkin biçib, çüt qoşub, dərz daşıyıb. Bununla belə, tamahkar, beliqırıq qonşulardan əziyyət görüb. İki dəfə evini yoluşdurublar, ələ gələni aparıblar. Bu evə gəlin gətirilmiş anamız evdarlığa qoyun dərisinin arasından başlayıb.
Atamız böyüklüyünü qorudu. çəkdiyi ağrını heç kəslə bölüşmədi. Nə məhvərindən qopmuş dünya, nə cızığından çıxan insan onu təəccübləndirirdi.
İnsanın mömini də, babisi də şeytan barmağında oynayan bir zamanda gileylənməyə dəyərdimi?
Gec də olsa, kişi yəqin etdi ki, Əşə qışlağının zamanı keçib. Əkinində hasilə gəlmiş bir mövsümün buğdasını verib böyük kənddə iki yolun arasında cəmi üç sot torpaq aldı. Girizgah qurub, ora yığışdı. "Palaza bürün, elnən sürün" inancına tapındı...
Biz dörd qardaş ata-anamızın zəhmətilə hasilə gəlmiş kiçik və həm də o halal evdə doğulduq, dünyaya göz açdıq. Gördüm və şahidi oldum. 1944-cü ilin sonu, ona görə inamla deyirəm ki, o il məni məktəbə yollayıblar, Yunis qardaşı müharibəyə. Həyətdə idik. Atam da orada idi. Mal tövləsi kimi quraşdırılmış evimizin alt mərtəbəsində köməkləşib təzə doğulmuş buzov üçün yer hazırlayırdıq. Doqqazın qabağında bir dilənçi dayandı. Baş-ayaq cır-cındır içində, ağlığı, qaralığı bilinməyən üz-gözünün tük basmış, qəzet kağızında büküb fısqırtdığı tənbəki tüstüsü görkəmini vahiməli və qorxunc etmişdi. "İki gündür acam" - deyirdi, bir yuxa çörək istəyirdi. Anamız o keçmiş qulduru tez tanımışdı: yabaya əl atdı, bel götürdü, dilənçini vurmaq, qovmaq istədi, qoymadılar. Atam: - Bəsdir, - deyə anama çımxırdı, - ona Allah qənim olub. Qarət etdikləri gözündən gəlir...
Atam sakit görünürdü. Ancaq o cındır topasını görməsinin (əlbəttə, dilənçini deyirəm) atama faşist gülləsindən ağır təsir etdiyini duyurdum. Atam həddi aşmadı, məndən böyüyə - Mirzəcana tapşırdı, gətirib dilənçiyə çörək versin.
Mirzəcan dilənçiyə öz növbəsində nəsə dedi, bilmədim. Ancaq ona əminəm ki, "Yenə gəl" deməzdi... Çörək verib ötürdüyünü isə yaxşı gördüm.
Yarasının közü qopmuş kimi anamız bütün günü sızladı, sakitləşə bilmədi. Təzəlikcə baş veribmiş kimi, o qarəti gözündən kənarlaşdırmır, o talanı sanki yenidən yaşayırdı...
İki quldur yoldaşı ilə bugünkü dilənçi necə fironluq edirmiş, üzərlərinə necə tüfəng qaldırırmış. Evdəkiləri bir yerə yığıb, əmlakı bir-birinə ötürür, eşiyə dartırlarmış. ötən günlərimizin acı ifadəsi bu yerə çatanda indiki dolanışığımıza görə şükür edib, təsəlli tapacaqdım. Həmişə astəgəl olan Qamış kəsə gəldi və:
- Nankoru cəzasız qoymusuz, - deyə açıq-aşkar etirazını bildirdi. Yaxşı ki, İbiş özünü yetirdi və Qamışın məzəmmətini gödəltdi:
- O qulduru o günündə - diləndiyi yerdə döymək, öldürmək, ona bəraət vermək, günahlarını üstündən götürmək demək olardı. Yaxşısı budur: qoy gözü görsün, əli çatsın; sızıldasın, keçmişi qətrə-qətrə gözündən gəlsin. Sağ ikən cəzasını çəksin...
Tat QÜDRƏT
Təzadlar.- 2011.- 12-14 aprel.- S.14.