Unudulmuş qələbə
"Makarov" tapancasının
ağzına həmişə bir parton qoyar, maqazininə də
8 parton yerləşdirirdim
(Əvvəli ötən sayda)
20 Yanvardan sonra vəziyyət dəyişmişdi. Xanlar rayonunda 4 erməni kəndi qalmışdı - Kamo, Azad, Martunaşen və çaykənd. Kamo və Azad kəndlərinin sakinlərindən bir neçəsi ilə əlaqə yaratdım və dəfələrlə gizli görüş keçirdik. Kənd sakinləri köçməyə hazır idilər. Demək olar ki, 80 faizi Stavropol vilayətinə, bir qismi isə Ermənistana köçmək istəyirdi. Yalvarırdılar ki, onları çaykənddəki Yerevan ermənilərindən bircə həftə qoruyaq, evlərə görə bir az pul verib köçürək.
Plan hazırlayıb respublika
rəhbərliyinə məlumat verdik. Həsən Həsənov
artıq Nazirlər Sovetinin sədri idi. Lazım olan pulun
ayrılacağına söz verib məsələni tez həll
etməyi tapşırdı.
1990-cı il martın əvvəlləri
idi. Hacıkəndə qar yağırdı. Kamo kəndinə
gedib keçmiş partkom, mühasib və başqa bir sakinlə
kənd kitabxanasının yanında gizli
görüşdük (Təhlükə böyük idi. Hər
zaman çaykəndlilər peyda olub öldürə bilərdilər.).
Onlar çaykənd yolu kəsiləcəyi halda 3 gün
içində kəndin köçürülməsinin
mümkün olduğunu dedilər və yalvardılar ki,
işi tez həll edək.
Rayon mərkəzinə gəlib
rəhbərliyi məlumatlandırdım və hazırlıq
planı üzərində işləməyə
başladıq. Səhərisi gün xəbər gəldi ki,
SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovun xüsusi
komissiyası Xanlara gəlir və çaykənd, Kamo, Azad kəndlərinə
baş çəkəcək.
Komissiya gəldi. Rəhbəri
vaxtilə Bakıda "Stavka"nın (SSRİ Silahlı
Qüvvələrinin Cənub İstiqaməti
Komandanlığı - red.) komandanı olmuş general
Şirinkin idi. Gəncənin komendantı general Korobko, bir
neçə zabit və əsgər komissiyanı
müşayiət edirdi. Komissiya üzvləri rayon milis
şöbəsində toplaşdılar və dedilər ki,
Yerevandan da general Surkov vertolyotla gəlir, birlikdə o kəndlərdə
görüş keçirəcəyik. Məqsəd də
budur ki, guya biz o kəndləri zorla
köçürürük, komissiya onları dinləmək,
şikayətlərinə qulaq asmaq istəyir. Şirinkin dedi
ki, məlumata görə, o kəndlərdə aclıq
başlayıb, ərzaq qıtlığı var.
Komissiya üzvləri yerli
hakimiyyət orqanlarından heç kimi görüşə
aparmayacaqlarını da açıqladı. Təəccübləndik.
Mən DTK-nın mayoru olduğumu və mütləq onlarla gedəcəyimi
dedim. DTK-nın adı onlarda başqa bir şübhə
doğurmadı və məni də özləri ilə
götürdülər. Milis rəisinin maşını ilə
mən də Kamo kəndinə getdim.
Kəndin klubunda qələbəlik
idi. Kamo və Azad kəndlərinin sakinlərindən çox
çaykəndlilər, Yerevandan gələnlər və
general Surkovun dəstəsi
yığışmışdı. Klubun səhnəsində
dayanan komissiya üzvləri kəndliləri növbə ilə
dinləyirdilər. Hamı Azərbaycan rəhbərliyindən
şikayət edir, zorla köçürülmələrindən
danışır, acından öldüklərini deyirdilər.
Sərxoş vəziyyətdə
bir xeyli gənc də vardı. General Şirinkin
sözarası dedi ki, heç ac adama oxşamırlar,
hamısı yaxşı yeyib-içib gəlib.
Azərbaycanlı bircə mən
idim. Bu vaxt bir qadın Mingəçevirdən qaçıb gəldiyini
söylədi və əlini mənə tuşladı ki, bu
adam Mingəçevirdə oğlumu qətlə yetirib, BTR-in
üstündə elə bu paltoda idi, oğlumu o
öldürüb. Şantaj idı. Ermənilər himə bənd
idi, söyə-söyə səhnəyə yaxınlaşmağa
başladılar. Danışmaq istəyəndə bir gün əvvəl
mənə köçmək üçün yalvaran ermənilərdən
biri əlini dodaqlarına aparıb yalvarışla
üzümə baxdı. Başa düşdüm ki,
onları köçməyin təşəbbüskarı
kimi göstərsəm, işlər tamam korlana bilər.
Bu vaxt Makiç adlı
arıq, uzun müəllim qabağa çıxıb
bütün günahların səbəbkarının mən
olduğumu, hər gün kəndə gəlib əhalini
köçməyə məcbur etdiyimi söylədi.
çaykənd erməniləri bir an içində səhnəyə
daha da yaxınlaşdılar. Məni bu
qarışıqlıqda öldürəcəklərini hiss
etdim. Əlimi pistoletə aparıb fikirləşirdim ki, ən
azı 9 erməni öldürəcəm.
"Makarov"
tapancasının ağzına həmişə bir parton qoyar,
maqazininə də 8 parton yerləşdirirdim. Əlim
döşümün üstündə idi. Bu vaxt general Korobko
əli ilə kürəyimə vurub gülümsəyərək
"Uspokoysya, molodoy çelovek, vsyo budet normalno" söylədi.
Bunu deyib klubdan çıxdı. Fikirləşdim ki, hər dəqiqə
üstümə atılacaq adamlarla məni baş-başa
qoyub bu hara getdi?
Bir dəqiqədən sonra
general iki avtomatlı zabitlə içəri girdi. Yanıma gəldilər.
General məni zabitlərə göstərib: "Na neqo
nastroyenı, bereqite yeqo, i uvedite". Yanaqları soyuqdan
qıpqırmızı olmuş zabit mənə
"çıxaq" dedi. Ona dedim ki, mən bu camaatın
arası ilə keçsəm, hərə mənə bir zərbə
vuracaq, mən ən axırıncı çıxacam. General
razılaşdı. Zabit də çox nümayişkaranə
şəkildə avtomatı mənə yaxınlaşmaq istəyənlərə
tuşladı.
Komissiya üzvləri
heç kimin köçürülməyəcəyini, burada
rahat yaşayacaqlarını deyib üzücü iclası
yekunlaşdırdılar.
Mən avtomatlıların
müşayiəti ilə bayıra çıxdım, ermənilər
isə əl çəkmir, ən azı döymək, xətər
yetirmək istəyirdilər. Bayırda çaykənd sovetin
sədri Gürcüyana üzümü tutub dedim: "Qrant,
bunlar hamısı sənin işindir, sənnən
görüşəcəyik". Bir xeyli dalımca gəlib
heç bir günahının olmadığını,
aranı Yerevandan gələnlərin
qarışdırdığını dedi. Uzaqdan rəisin
sürücüsü Ələddinə əlimlə işarə
etdim ki, maşını işə sal. O, arxamca gələn
erməni sürüsünü görüb işi anladı,
maşını işə saldı, qapını
açıb oturmağımla "Volqa" yerindən sürətlə
tərpəndi. Komissiya üzvləri hərbçilərin
maşını ilə geri qayıdası oldular.
SSRİ Nazirlər Sovetinin sədri
Rıjkovun ermənilərə simpatiyası güclü idi.
Ermənilərin təhriki ilə xüsusi komissiya göndərilməsi,
Yerevandan SSRİ Ali Sovetinə deputat seçilmiş general
Surkovun çaykəndə ezam olunması adi məsələ
deyildi. çaykənd erməniləri üçün
xüsusi önəm daşıyırdı.
Komissiyanın üzvləri
rayon partiya komitəsində deyil, Xanlardakı sovet ordusunun
briqadasında görüşün yekunlarını
müzakirə etdilər. Gördüklərini Moskvada
danışacaqlarını söylədilər. Ermənilərdən
heç də xoş təəssürat aparmırdılar.
Səhərisi gün Gəncə
Şəhər Daxili İşlər İdarəsinin rəisi,
rəhmətlik Zahid Dünyamalıyev, şəhər icraiyyə
komitəsinin sədri Nizami Xəlilov və mən Xanların
milis şöbəsində görüşdük. Onsuz da az
qala hər gün görüşürdük, amma bu dəfə
konkret plan cızdıq. Kamo və Azadı köçürmək
üçün bizə iki zirehli hərbi maşın və əsgərlər
lazım idi ki, çaykənddən Kamo və Azada gələn
yolu bir neçə günlük bağlasın, həmin
müddətdə kəndləri köçürək.
Hərbi aerodromda briqada yerləşirdi.
Briqada komandirinin yanına getməyi və nə yolla olur-olsun
onun bu işdə bizə kömək etməyə razı
salmağı qərara aldıq. Konyak zavodundan 20 litr konyak
götürdüm. Fikirləşdik ki, hətta lazım gəlsə,
pul təklif edərik.
Komandir bir polkovnik idi. Bizi
yaxşı qarşıladı. Konyakları hədiyyə
kimi verdik və fikrimizi ona çatdırdıq. Zahid müəllim
onu arxa otağa keçirib söhbət etdi. Məsələni
uzatmadan sabaha iki BTR və əsgərlər verib yolu kəsməyə
razı oldu. Komandir qızının evlənəcəyini,
ona mebel və soyuducu almağımızı xahiş etdi. Bu,
asan məsələ idi, istəkləri dərhal yerinə
yetirildi. Komandir də iki gündən sonra BTR-ləri və əsgərləri
ilə çaykəndin yolunu kəsdi.
Biz isə artıq
hazırlıq görmüşdük. Həsən Həsənovun
göstərişi ilə Rusiyanın Mineralnı Vodı
şəhərinə xüsusi TU-134 təyyarə
ayrıldı. Gəncə Nəqliyyat İdarəsi Rustavi
avtobazasından gürcülərin idarə etdiyi yük
maşınlarını cəlb etdi ki, Ermənistana
köçmək istəyənləri aparsın. Həsən
Həsənovun göstərişi ilə rayon bankına bir
xeyli nağd pul göndərildi. Pasport qeydiyyat idarəsinin
işçiləri erməniləri qeydiyyatdan
çıxarmaq üçün tam səfərbər oldular.
Martın 5-dən başlayaraq kəndlərdə bütün
köçürmə prosedurları hazır idi.
Bir həftənin içində
4 milyon rubl ödəməklə hər iki kəndin əhalisinin
köçürülməsini problemsiz başa
çatdırdıq. Pulun yarısını xüsusi qəbzlə
ödəyirdik ki, qalanını Stavropol vilayətində ala
bilsinlər. Beləliklə, martın 15-də hər iki kənd
köçürüldü. çaykəndlilərin
ara-sıra gecə atəşləri, təxribatları
boşa çıxdı.
Rus əsgərlər gedəndən
sonra milis işçilərindən ibarət postlar təşkil
etdik. Tezliklə kəndi qaçqınlarla məskunlaşdırmalıydıq.
Göyçədən gələn qaçqınlar
arasında hər iki kəndin evlərini püşkatma yolu ilə,
ədalətlə bölüşdürdük. Bu komissiyada mən
də vardım.
Qarşıdan Novruz
bayramı gəlirdi. Çaykəndlilərə kəndlərdə
məskunlaşmanı nümayiş etdirmək lazım idi. Təəssüf
ki, paylanmış evlərin qapısına hərə bir
qıfıl vurub, hələ köçməyə risk
etmirdi. Axır çərşənbə rayonun prokuroru Rauf Səmədovla
Kamo və Azad kəndinə gəldik. Gecə bir neçə
yerdə tonqal yandırdıq, məqsədimiz o idi ki,
çaykəndlilər kəndlərin məskunlaşdığına
inansınlar.
Qarşıda çaykənd
vardı. Düz bir il qalırdı çaykəndin azad edilməsinə.
Bu bir ildə çaykənd ətrafa xeyli zərər
vuracaqdı. Baxmayaraq ki, onun çəmbəri tamam
daralmış, kənd bir növ mühasirə vəziyyətinə
düşmüşdü. Təəssüf ki,
vertolyotların qarşısını almaq hələ
imkanımız xaricində idi. Hava yolu çaykəndin xarici
aləmlə yeganə əlaqəsi olduğundan Kamo və
Azad kəndləri köçürüləndən sonra
vertolyotların uçuşu intensivləşmişdi.
Martunaşendə əməliyyat
mənbəyim vardı, çox çətinliklə Kuşi
Armavır kəndinin kənarında
görüşümüz baş tutdu. Məlumata görə,
çaykəndə Yerevandan Tatul Krpeyan adlı cavan bir dəstə
başçısı gəlmişdi. Həddindən
artıq əzazil olduğunu, yerli çaykəndlilərin qəti
şəkildə vertolyotla köçməsini, gediş-gəlişini
qadağan etmişdi. İtaət etməyəni həbslə
hədələyir və adamları, görk olsun deyə bir
neçə gün həbs edib kənara buraxmırdı.
Daşnaksütun
Partiyasının üzvü olduğunu, Zori Balayanla
yaxından tanışlığını, ixtisasca
tarixçi olduğunu öyrənmişdik. Hərdən məktəbdə
uşaqlara erməni tarixindən danışır, azərbaycanlılara
nifrət aşılayırdı. Dəstəsində 20-dən
çox adam vardı. Yerli cavanlar da məcburən onun
başına yığılmışdı.
"Ded" ləqəbli
Simon Açıqgözyan da sonradan gəlib Tatulun dəstəsinə
qoşulmuşdu və dəstə üzvləri arasında
xüsusi nüfuza malik idi. Kəndin 8 yerində daimi post qoyub,
səngər qazmışdılar. Pulemyot, avtomat, hətta
AQS-lə (qumbaraatan) silahlanmış dəstə gecələr
Hacıkənd-Toğana-Göygöl yolunu tam nəzarətə
götürür, keçən maşınlara atəş
açırdı.
Bu bir il ərzində Tatulun
dəstəsi əməliyyat keçirməyə getmiş
Xanlar Rayon Milis Şöbəsinin və Səfərəliyev
bölməsinin 5 əməkdaşını pusquya salıb
öldürdü. Quşçu kəndinin sovxoz direktoru
Gürzalı Əliyev və sürücüsünü də
xəyanətlə qətlə yetirdilər. Todan kəndinin 2
sakinini öldürüb, 2-sini ağır yaraladılar.
1991-ci ilin martında Kəlbəcərdən
gələn bir ailəni Toğana kəndinin
yaxınlığında atəşə tutub
yaralamışdılar. Gəncəyə Toğanadan məlumat
gəldi ki, yaralılar xəstəxanaya çatmasalar, vəziyyətləri
ağır olacaq. Hacıkənddə müvəqqəti
dislokasiya olunan sovet ordusunun zirehli maşınları vardı.
Gecə saat 10-da mən və digər əməkdaşlarımız
Vahid Hüseynov, Rafael Mirzəyev BTR-in komandiri ilə
danışıq apardıq. Etiraz etdilər ki, dumandır,
yolu tanımırıq. Piyada BTR-in qarşısına
düşüb dedim ki, məni görürsənsə gəl,
yolun ortası ilə gedəcəyəm. Bir kilometr piyada
getdim, BTR arxamca gəlirdi. Təhlükəli hissəyə
çatmağa az qalmış komandir məni səslədi və
özlərinin gedəcəklərini bildirdi.
BTR getdi, bir saatdan sonra
köhnə UAZ-da kəlbəcərliləri müşayiət
edərək döndü, yaralılar Gəncədəki 3
saylı xəstəxanaya çatdırıldı.
(Ardı var)
("Media forum")
İlham İSMAYIL,
Təhlükəsizlik Araşdırmaları
Mərkəzinin rəhbəri
Təzadlar.- 2011.- 12-14 aprel.- S.12.