"Əgər xalq hakimiyyətdən narazıdırsa,
sözünü seçkidə deməlidir"
"Altay" Strateji Araşdırmalar Mərkəzinin
başqanı, tanınmış analitik-yazar Elçin
Bayramlının "Təzadlar" qəzetinə müsahibəsi
Elçin Bayramlı: "Başqa dövlətlərin
və onlara yaxın qüvvələrin ölkəmizə
müdaxiləsi yolverilməzdir"
- Elçin bəy,
dünya mediasında belə fikir formalaşdırılır
ki, ərəb ölkələrində cərəyan edən
siyasi proseslər bu ölkələri azadlığa
çıxaracaq. Yəni belə bir fikir var ki, qeyri-demokratik,
diktator rəhbərlərin getməsi demokratikləşmənin
önünü açacaq. Sizcə, etiraz aksiyalarına zəmin
yaradan səbəblər bu idi, yoxsa bəzi ekspertlərin
dediyi kimi, beynəlxalq güclər ərəb ölkələrinin
yeni siyasi simasını formalaşdırırlar?
- Suala cavab vermək
üçün öncə son dönəmlərdə
dünyada yaşanan proseslərə qısaca nəzər
salmalıyıq. Məlum olduğu kimi, son illərdə
ABŞ, Avropa və Rusiyanın Yaxın Şərqdə və
post-sovet məkanında nüfuz savaşı daha da
qızışıb. Bunu əslində, Sovet İttifaqı
ilə ABŞ-ın, geniş planda isə imperializmlə
sosializmin soyuq savaş dövrünün yeni müstəvidə
2-ci mərhələsi adlandırmaq olar.
Düzdür, sistemlər
dəyişib, formasiyalar dəyişib, amma tərəflər
dəyişməyib. Qərb imperializminin dəstəyi ilə
SSRİ-nin içdən parçalanması dünyada qüvvələr
balansında böyük dəyişikliklər etdi. Daha
doğrusu, Qərbin dünyanın ən böyük dövlətini
etnik münaqişələri qızışdırmaqla
parçalaması bir qütblü dünyanın
yaranmasına rəvac verdi.
SSRİ-nin dağılması ilə bağlı ortalıqda çoxsaylı versiyalar və fərqli fikirlər dolaşsa da, gerçək səbəb başqadır. II Dünya savaşında faşist Almaniyası üzərində demək olar ki, təkbaşına qələbə qazanan Sovet İttifaqı qüdrətli hərbi, iqtisadi, siyasi nüfuza malik idi. üstəlik, sosialist dövlətlərin üzv olduğu Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) NATO-ya, Qərb imperializminə "nəfəs almağa" imkan vermirdi. Yəni ABŞ və Avropa dünya ölkələrinə burnunu rahatca soxa bilmirdi.
Bu superdövləti xarici müdaxilə ilə dağıtmaq mümkünsüz idi. Daxildən dağıtmaq üçün dini, siyasi şərait yox idi. Son variant etnik zəmində parçalanma idi. Beləliklə, əvvəllər Türkiyəyə qarşı istifadə olunması üçün süni yaradılmış erməni lobbisinin fəaliyyətini daha da gücləndirib SSRİ-yə yönəltdilər və Qarabağ problemini yaratdılar.
Erməni təcavüzünə qarşılıq verən Azərbaycan xalqı Elçibəyin başçılığı ilə milli müqavimət hərəkatı başlatdı. Bu, SSRİ-də millətlərarası zəmində ilk irimiqyaslı savaş idi. Az sonra İttifaq rəhbərliyi tərəfindən qarşısı alına bilməyən bu tendensiya SSRİ-nin digər bölgələrində də etnik münaqişələrin yaranmasına gətirib çıxardı. Nəticədə tarixdə ilk və ən böyük sosialist dövləti parçalandı.
Bundan sonra Rusiya başqa olmaqla, bütün respublikalar ağır duruma düşdü və Qərbdən aslı vəziyyətə gəldi. Xarici kreditlərə möhtac qalan Rusiyaya "yardım əli"ini uzadan ABŞ və Avropa onu dünyadakı nüfuz sahələrindən tədriclə məhrum etdi və dünya ölkələri üzərində ABŞ-ın, qismən də Avropanın hüdudsuz hakimiyyəti başladı. Artıq Qərb imperializminin qarşısında dayanacaq bir qüvvə yox idi.
Son illərdə ABŞ-ın dünya ölkələrinə, xüsusən də Yaxın Şərq ölkələrinə hətta BMT-nin qərarlarına belə əhəmiyyət vermədən vəhşicəsinə hərbi müdaxiləsi geniş vüsət alıb. İraq, Əfqanıstan, Somali və sair ölkələr "demokratiya"nın zorla ixracından sonrakı durum məlumdur.
Bu ölkələrdə vəziyyət əvvəlkindən də xeyli dərəcədə pisləşib. Özü də bu pisləşmə həmin ölkələrin on minlərlə qurban verməsindən, daha doğrusu, dinc insanların NATO əsgərləri tərəfindən vəhşicəsinə məhv edilməsindən sonra baş verib. ABŞ-ın demokratiya maskası arxasında gizlənən gerçək sifətini görmək bəlkə çətindir, amma mümkündür.
- Son vaxtlar Yaxın Şərq ölkələrində baş verən iğtişaş və inqilablar fonunda Azərbaycanda da analoji proseslərin başlamasına cəhdlər edilir. Dünyada və ölkədə gedən bu proseslər hardan qaynaqlanır və burada sosial sifariş faktoru varmı?
- Son aylarda ərəb ölkələrində baş verən iğtişaş və inqilabların Vaşinqtondan təşkil və idarə olunduğu ortadadır. ABŞ dünya ölkələrinə qarşı Türkiyə türkcəsi ilə desək, "geniş çaplı operasyon" başladıb. Burada məqsəd həmin ölkələrə demokratiya gətirmək, iqtisadi, sosial yüksəlişinə təkan vermək deyil. Əsas məqsəd o dövlətlərdə özlərinə yaxın hakimiyyət formalaşdırmaq, ölkələri sümürmək, xalqın sərvətlərini Qərbə axıtmaqdan ibarətdir. "Parçala, hökm et" siyasəti yəni.
Eyni mərkəzdən verilən sifarişlə Azərbaycanda da proses başladıldı. Öncə etnik zəmində, sonra dini zəmində qarşıdurma yaratmağa cəhd edildi. Lakin həm hakimiyyətin düşünülmüş daxili siyasəti, həm də xalqın dəstək verməməsi sonucu cəhdlər iflasa uğradı. Və sonuncu plan işə salındı - siyasi qarşıdurmalarla iğtişaş yaratmaq, mümkün olsa, dövlət çevrilişi etmək. Lakin Azərbaycanda müxalif düşərgə tam parçalanmış, zəifləmiş, sosial bazasını itirmiş və maliyyə imkanları sıfıra bərabər duruma gəlib. O üzdən də etiraz aksiyalarına 1-2 yüz nəfərdən artıq insan qatılmadı.
Düşünürəm ki, Azərbaycan kifayət qədər ağır zamanları yaşayıb, o üzdən xalq ölkədə yeni iğtişaşların və çevrilişləri həzm etmək durumunda deyil. Artıq siyasi mübarizənin sivil müstəvidə - seçkilər yolu ilə aparılma dövrüdür. Əgər xalq hakmiyyətdən narazıdırsa, o zaman öz sözünü seçkidə deməlidir. Başqa dövlətlərin və onlara yaxın qüvvələrin ölkəmizə müdaxiləsi yolverilməzdir.
- Bəzi siyasi dairələr Azərbaycanda güclü etiraz aksiyalarının keçiriləcəyini proqnozlaşdırırlar. Cəmiyyətdə yeni gərginliyin yaranması gözlənilirmi?
- Belə düşünmürəm. Azərbaycanda müxalifətin real imkanlarını hər kəs bilir. Hətta bir neçə iri müxalifət partiyası birgə icazəli mitinq keçirmək istədikdə belə, bir neçə yüz nəfərdən artəq tərəfdar yığa bilmirlər. Sözsüz ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da zaman-zaman etiaz aksiyaları keçirilir və keçiriləcək. Lakin bu aksiyalar sosial sifariş əsasında keçirilməli və ölkəni xaosa sürükləyəcək məqsəd güdməməlidir.
Fikrimcə, aksiyalar olacaq, amma həmin aksiyalarda kütləvilik olacağı inandırıcı deyil. Uzağı, 200-300 nəfərlik mitinqlər ola bilər ki, bu da bir neçə partiyanın birgə keçirdiyi aksiya üçün gülünc rəqəm olardı.
Ənənəvi müxalifət hətta ölkənin ən ağır durumda olduğu, xalqın ağır problemlər içində olduğu bir vaxtda belə kütləvi nümayişlər təşkil edə bilmirdi. İndi isə Azərbaycan həqiqətən də böyük uğurlar əldə edib. Mən Dövlət Statistika Komitəsinn rəqəmlərini nəzərdə tutmuram. Beynəlxaql təşkilatların hesabatlarına görə, post-sovet məkanında ən sürətlə inkişaf edən, sosial, iqtisadi, hərbi, mədəni və s. sahələrdə böyük hədəflərə çatan Azərbaycan Qafqaz iqtisadiyatının 74 faizini formalaşdırır.
Ölkədə sabiltik var və müxalifətin hakimiyyətə qarşı ən güclü arqumenti olan korrupsiyaya qarşı mübarizə gücləndirilib. Tam əminəm ki, əgər hakimiyyət bu problemin də kökünü kəsə bilsə, o zaman istənilən ən şəffaf seçkidə əhalinin azı 90 faz səsini qazanaraq çox uzun müddətə hakimiyyətdə qala bilər.
- Bir necə il öncə də etiraz aksiyaları keçirilib, amma aksiyalar nəticəsiz başa çatıb. Bizim cəmiyyətdə narazıların olması şübhəsizdir. Nədən, bu gün onlar müxalifətin tərəfinə keçmir və ya onları dəstəkləmirlər?
- Şübhəsiz, hər bir cəmiyyətdə narazıların olması faktdır. Bizdə də belə insanlar az deyil. Dünyada elə bir ölkə yoxdur ki, orada bütün insanlar yüksək səviyyədə yaşaya bilsinlər, heç bir problem olmasın. Hətta dünya əhalisinin 5 faizini təşkil etməsinə baxmayaraq, istismarçı siyasət nəticəsində kağız (dollar) ixrac edib dünya sərvətlərinin 40 faizə qədərini istehlak edən ABŞ-da belə milyonlarla narazı insanlar var.
Ölkəmizdə heç bir problemin olmadığını söyləmək həyasızlıq olardı. Problemlər də var, ağır durumda yaşayan insanlarımız da. Lakin unutmaq lazım deyil ki, zamanla problemlər aradan qalxır. Cəmi 5-6 il öncə ilə indiki durumu müqayisə edin və fərqə baxın.
Bizim dövlət büdcəsinin 3 milyardı, yəni Emənistanın büdcəsi qədər vəsaiti ordu quruculuğuna xərclənir. Hələ orduya yönələn qeyri-rəsmi xərclər də olmamış deyil. Təsəvvür edin, müharibənin vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün nə qədər böyük vəsaitlər xərclənib.
Yüz minlərlə qaçqın üçün qəsəbələrin salınmasına, dağılmış yaşayış məntəqələrinin bərpasına sərf olunan vəsaitlə yoxsulluğu sıfıra salmaq mümkün olardı. Sovetlərin dağılması ilə minlərlə zavod-fabrikin, sosial-mədəni obyektlərin bərpasına, yenilərinin tikilməsinə, bərbad infrastrukturun yenilənməsinə nə qədər maliyyə gedir.
Çətin dövrlərdə xaricdən aldığımız kredilər və borclar bəzilərinin yadından çıxıb. Amma indi onları qaytramaq vaxtı gəlib. Əgər bu boyda nəhəng xərclər olmasaydı, indi ölkədə vəziyyət indikindən 10 dəfə yaxşı idi.
- Qarşıda narazı sosial bazanın siyasiləşməsi mümkündürmü?
- Belə düşünmək üçün heç bir əsas yoxdur. Görünən odur ki, Azərbaycan dünyada yaranmış əlverişli şəraitdən həddən çox yararlanır. Ölkəmizdə neft istehsalı sürətlə artır və bu artım neftin qiymətinin astronomuk həddə yüksəlməsi ilə müşayiət olunur.
Qısaca desək, hazırda biz nefti nəzərdə tutduğumuzdan 2 dəfə baha satırıq. Bu o deməkdir ki, cari ildə neftin qiyməti ekspertlərin proqnoz etdiyi kimi, bu civarda qalsa, o zaman 15 milyardlıq dövlət büdcəsinin daha 5 milyard artması realdır. üstəlik, 32 milyarda çatan strateji ehtiyatların da xeyli artacağı gözlənilir.
Bundan
başqa, təkcə neftin hesabına uğur
qazanılmır. Qeyri-neft sektorunda da ciddi irəliləyiş var. Son illərdə
neftdənkənar sektorlara yatırılan milyardlarla
dollarlıq investisiya öz bəhrəsini verməyə
başlayır və bu tendensiya getdikcə artacaq.
Son vaxtlar
hökumətin sosial müdafiəni gücləndirməyə
çalışması, aqrar sektorda dövlət dəstəyini
gücləndirməsi və korrupsiyaya qarşı savaş
başlaması həmin narazı kütlənin də
narahatlıqlarını azalda bilər.
Ümumiyyətlə, ölkə
prezidenti və hökumət siyasi və sosial islahatları
daha da gücləndirsə və nöqsanları aradan
qaldıra bilsə, o zaman bu proses narazıların xeyrinə gətirib
çıxara bilər.
Təbii, əgər
ölkədə sosial durum getdikcə pisləşərsə,
o zaman narazı təbəqənin sıraları sürətlə
arta bilər və hakimiyyətə qarşı böyük
müxalif elektorat yarana bilər. Amma belə bir prosesin
baş verəcəyi inandırıcı deyil. Bütün analizlər göstərir ki, ölkəmizdə
əhalinin sosial durumu getdikcə yaxşılaşacaq,
dövlət isə getdikcə daha da möhkəmlənəcək.
Bu yalançı optimizm deyil, son illərdə
gedən proseslərin məntiqi analizindən çıxan nəticədir.
Elnur Eltürk,
"Təzadlar" qəzetinin xüsusi müxbiri
Təzadlar.- 2011.- 12-14 aprel.- S.10.