Əməl və niyyətləri
danışan insan
Bəşəriyyət onun mövqeyini müdafiə etməyə
borcludur
Azərbaycanda ən az danışanlardan biri möhtərəm Mehriban xanım Əliyevadır. Şəfqət və insaniyyət dilində onun əməlləri, niyyətləri danışır. Bu dil millilikdən bəşəriliyə, ordan da məkan və zaman üstünə ucalıb. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri olması bu mövqeyin təzahürlərindən biridir. Bu gerçəyin altında da, üstündə də Heydər Əliyev Fondunun rəhbərinin saysız-hesabsız savabları zəncirvari xeyirxahlıq silsiləsi yaradır. Sözü gedən möhtərəm xanım fəryad səslərinin ucaldığı əksər yerlərdə Allahın izni ilə imdad vasitəli Seçkindir.
Allahın
kimi kimin yardımına göndərəcəyi, İlahi mərhəmətini
kimin vasitəsilə təcəlli etdirəcəyi bilinməz!
Yaxşılıq
Yaxşılıq
işıq kimidir, yayılması işığı azaltmaz.
Yaxşılıq azalma deyil, çoxalma halıyla gerçəkləşir.
Yaxşılıq ruhi sahədə onu edən sahibinə
qayıdır və təbii ki, mislini Allah bilər.
Yaxşılıq yerdən göyə, kainata yayılan ruhi
enerji kütləsidir. Bu enerji itmir, dağılmır. Həm
hədəfə yönəlir, həm də nəticəsi
sahibinə dönür. Maddi-mənəvi
yaxşılığı səfərbər edib köməyə
ehtiyacı olan insanlığa yaymaq ülviyyətdir, gözəllikdir.
Yaxşılıqlar dəstəkləndikcə ruhi olaraq
transfer edilir, nüsxələnib artır. Yəni demək
mümkünsə, "donuq" vəziyyətdən
ruhları genişmiqyaslı yaxşı hərəkətlərə
yönəldir.
Fədakarlıq
Allah ən böyük yardımını ən fədakar insana edir. Buna görə də insanlar fədakarlıqlarını inkişaf etdirməlidir. Bunu arzulayanlar öz həyatlarında sınaqdan keçirib, yaxşılıqlarını, fədakarlığını öz mövqeyinə məxsus tərzdə vərdişə çevirə bilərlər. çünki hər kəs mənəvi gücünə uyğun bir mərtəbədə özünə yer alır.
İnsana verilən gücü Allahın istəmədiyi yerdə işlətdikdə, o gücü Allah hər hansı cəza ilə istəyəndə geri alır. İnsana verilən nemətin borcu, qarşılığı Allaha şükür etməkdir. Bu borc mütləq ödənməlidir ki, məhrumiyyətlər olmasın.
Kimisə tənqid etmək fikrim yoxdur, hadisələrə çözüm, anlayış aramağı üstün tutanların sırasındayam. Bu gerçəkdir ki, insana təşəkkür etməyən Allaha da şükür etmiş olmaz. Açıq deyək: Azərbaycan şükür və təşəkkür böhranı keçirir. Demək istəmirəm ki, problemlərimizə, dərdlərimizə uzunmüddətli səbrlə boyun əyib, səhərdən axşama şükür və təşəkkür edək. Xeyr, hər şey məqamına görədir. Biz betərin-betərindən qurtulmaq üçün şükrə və təşəkkürə möhtacıq. Mövzunu daha anlaşıqlı etmək üçün bir haşiyə:
Sufilər kosmik həyat yaşayır
Sezgi, məqam, hal və
halüstü hal...
- Sezgi düşüncələrdən
fərqli hazır gələn (görünən, duyulan) bilik,
məlumat, müjdə və ya informasiyalardır. Əhlinə
düşüncənin durdurulduğu səssizlikdə
(düşüncənin dayandığı səssizlik nəzərdə
tutulur) gəlir.
- Məqamı insan öz
iradəsi ilə yaradır və özünü istədiyi məqama
sala bilir. Çünki insan faili muxtardır. Yəni İlahi
iradədən aşağı müstəqil iradə
sahibidir.
- Hal isə insan iradəsindən
xaric, məkan-zamanüstü hadisədir. Amma halüstü
hallar da mövcuddur ki, bu durumlar haldan da üstündür.
Bunlarda kəramətlərin, yəqinliyin yüksək dərəcələri
olur. Dilə gətirilməz, açıqlanmaz. Çünki
nəfsə ağır gedər, halüstü hallar və sözü
gedən mənəvi nemətlər kəsilə bilər. Yetər
ki, əhli fərqinə vara bilsin. Bu yazı müəllifi
sufi deyil, sadəcə, şair yaradılışında
doğuma görə bəzi anlar kosmik həyat
yaşayır...
Biz əqli şüurumuzu
yetərincə işlətmirik. Ruhi şüurumuzdan isə
olduqca cüzi sərf edib, ruhun möhtəşəmliyindən
bəhrələnə bilmirik.
Ruh əminlik durumudur, indini
yaşayır. Ruhumuzu işlədə bilməsək, indi
işlətmədiyimizi gələcəyə saxlaya bilmərik.
Gələcək isə hələ gəlməyib. Ruha nə
etmək istədiyimizi israrla deməliyik ki, onu etməyə yönəlsin.
İstəyə güclü istəklə bağlanmaq
vacibdir. Çünki gücü yalnız
çalışmaq deyil, daha güclü istək bildirir,
gerçəkləşdirir. Güclü insanın ruhuna mənfi
enerji hakim ola bilmir. Bu başqa mövzudur ki, ruhən
güclü insan istədiyi hədəfi Allahın izni ilə
mənfi enerji ilə vura bilir. Güclü ruhu olan kainata
fövqəladə güc yaymağı bacarır. Bu gizli bir
mövzudur. Elm elə bir nemətdir ki, onu yaymaq savabdır,
yaymamaq haram. Amma bu da məqamına görədir ki, cahilə
elm öyrətmək onun əlinə silah vermək kimidir.
Dünyanı vəhşilik bürüyür
Hər kəs öz fitrətində
hansı keyfiyyətlərin, bacarığın olduğunu
ağlı kəsəndən tanıya-tanıya
yaşayır. Kimisi o fitrəti inkişaf etdirib təkmilləşdirir,
kimisi də yox.
Amma fitrilik itmir, dərinliklərdə
gizlənir. Zaman-zaman insandan qeyri-ixtiyari olaraq özünü
büruzə verir. İnsanı yaradan Allah adlanan varlıq əzəli-əbədidir.
Yəni fitrəti yaradan, həmin fitrətdən istifadə
iznini də verir. Yetər ki, niyyət çirkin olmasın.
Sual doğur: Allah qəzəblənib qəhr edirsə, insan nəyə
görə nifrətə layiq hədəflərə məhz
nifrət etməməlidir? Nifrət cəza olmasaydı, sevgilər
də olmaz, yaşamaq mənasızlaşardı. Tam əminəm
ki, ən güclü sevgi ən güclü nifrət hissinə
sahiblərdə olur. Və təbii ki, məqamına görə
nifrət də sevgi kimi olduqca güclü silahlardır. Biri
öldürür, biri yaşadır.
Azərbaycanda mədəniyyətlərarası
dialoq:
Bu beynəlxalq tədbirin məhz
Azərbaycanda keçirilməsi misilsizliyi ilə yerin,
göyün nəzərini cəlb etməmiş deyil. Möhtərəm
Mehriban xanımın möhtəşəm
çıxışının dini, siyasi, mədəni, mənəvi,
ruhani, fəlsəfi baxımdan bütün dünyada
açıqlanmasına, təhlilinə və ibrətlər
alınmasına çox böyük ehtiyac var. Bu
çıxış bəşəriyyətə
ünvanlanan və vaxtında edilmiş çıxış
idi. Bu çıxış Azərbaycanın dünyadakı
mövqeyində xalqımızın böyük qəlbini,
dövlətimizin humanist iradəsini, istəyini ortaya qoydu.
"Qurani-Kərim" onu sevməyənləri
yandırır
Azərbaycan islam dininə məxsusluğu
ilə tolerant (bütün dinlərə xoşgörü ilə
baxan) insanlar məkanıdır. 1400 ildir ki, "Qurani-Kərim"i
yandırırlar. Niyə? Çünki dünya haqqı-ədaləti
bərpa etmək, humanizm atmosferində yaşamaq niyyətində
deyil. 14 əsr Quranı yandırsalar da, bu müqəddəs
kitabın nəinki heç bir ayəsi, surəsi hətta hərfi
də yanmayıb. Çünki İlahi möcüzəni
yandırmaq mümkün olan niyyət, ya əməl deyil.
özünün hansısa dinə mənsub olduğunu bəyan
edən birinin "Qurani-Kərim"i yandırması həmin
insanın və onu dəstəkləyənlərin
daşıyıcıları olduqları dinə qarşı
hörmətsizliyi, xəbisliyidir. Hər hansı dinə məxsus
olan səmavi kitabların, o cümlədən "Qurani-Kərim"in
yandırılması Allaha deyil, məhz şeytana xidmətin
ifadəsidir. Şeytana xidmət isə insanın
şeytanlaşmasıdır. Bir az da açıqlayıb deyək
ki, "Qurani-Kərim"i yandıran icraçılar da, təşkilatçılar
da bəşəriyyəti iblisçiliyə sürükləyirlər.
Bunun əyani sübutuna ən azı Salman Rüştinin mənfur
kitabından şahid ola-ola gəlirik. Əfqanıstan öz
etirazını daha kəskin bildirdi. Azərbaycan isə bu
etirazı kubarcasına və qətiyyətlə ərz elədi.
Mehriban xanım Əliyevanın uzaqgörən
düşüncələrini, tezislərini nəinki
islam-türk dünyası, həmçinin haqqsevər bəşəriyyət
haqlı olaraq müdafiə etməlidir. Bunu bəşəriyyətin
indiki və gələcək taleyi tələb edir.
İslamiyyət
çalxalanır, bəs Azərbayan?
Demokratiya pərdəsi
altında islam-ərəb ölkələrindəki hadisələrə,
qırğınlara çoxvariantlı təhlillər verirlər.
Amma görünən o ki, Malta görüşündə
Qorbaçovun xəyanətindən sonra dünya bir
qütblü idarə etməyə meyllənib. Dünya
tarazlığı çoxdan pozulub. İslam dünyası
böyük sarsıntılara məruz qalaraq sınaqlara
çəkilir və tələfatlar səngiməyəcək.
İslamiyyətin həm damarlarından, həm də sərvətli
torpaqlarından böyük qan alınacaq. Bu islamın
çöküşünəmi gətirəcək? Xeyr! Sadəcə,
baltanı kökündən vurmaq istəyirlər. Ümidsizlik
yaymaq şeytan əməlinə bənzəyər. Hər
halda, Allahın nə edəcəyini özündən
başqa kimsə bilməz!
O da var ki, Yeni Dünya Düzənində
nə qədər dəqiq hesablamalar aparılsa da, İlahi
Hesablama Mərkəzi göylərə məxsusdur.
Azərbaycanımıza gəldikdə
bizlər tarixin alt qatlarından gəlib formalaşan bir xalq
kimi dünyada baş verən prosesləri diqqətlə izləyib
ölkədaxili sabitliyi xarici təzyiqlərin və içərimizdəki
müəyyən ambisiyaların güdazına verməməliyik.
Dövlətçiliyimizi qorumalıyıq ki,
xalqımızın və itirilmiş torpaqlarımızın
taleyini də düşünə bilək, çarə tapaq.
Başqa alternativimiz yoxsa, əleyhdarlarımız və dərdlərimiz
çoxsa, bizlər neyləməliyik? Allah Azərbaycanımızı
və bu dövləti sevənləri qorusun!
Bəşəriyyət
Yaponiyadakı təbii fəlakətin mahiyyətində gizlənən
böyük xəbərdarlıqdan ibrət almalıdır.
Bu ibrətdən bizə də pay düşür.
Gerçək sevgi içinə
heç bir mənafenin qarışmadığı sevgidir. Biz
vətənimizi, dövlətimizi, xalqımızı vəzifə,
kreslo xatirinə deyil, göydə, kainatda Allah, dünyada, yerdə
Azərbaycan xatirinə sevməliyik. Vətən, dövlət,
xalq sevgisini müxtəlif çətirlər, bəhanələr
altında hegemon dövlətlərin apardığı proseslərin
hərracına çıxarmaq qətiyyən doğru deyil. İndi
dünya başqa dünyadır, gerçəkliklər,
reallıqlar mütləq nəzərə
alınmalıdır. AZƏRBAYCAN DÖVLƏTİNDƏN GÜZƏŞT
ALMAQ OLAR, AMMA ƏRƏBLƏRİ YAMSILAMAQ ƏKS EFFEKT YARADA
BİLƏR.
Bu arzulanmazdır,
çünki bura Azərbaycandır.
Nizami HEYDƏR
Təzadlar.- 2011.- 12-14 aprel.- S.5.