Bir yazaq,
bir yadda...
(Oçerk)
Tarix kitablarında İkinci Dünya müharibəsi kimi nəqşlənən
və irili-xırdalı
bütün dünya xalqlarının dilində
min cür dürlü
kitab şəklinə
düşmüş 1941-45-ci illər savaşının
yarası sağalmaz.
Kəsə deyim ki, məqsədim
tarix quraşdırmaq
yox, öz soy-kökümə mənən
duyduğum borcu gücüm yetən tərzdə azaltmaqdır. Kiçik
və lakin ibrətamiz bir hekayədə deyildiyi kimi, qaranquş od almış
xırmana dimdiyindən
bir damcı su atır və
adamların təəccübünə
"bu, mənim sizə köməyim, həmrəyliyimdir" - deyir.
Ötən yazımdakı müharibə
mövzusuna əlavə
olaraq etiraf edim ki, kəndçilərimiz
"9 may"ı da bayram etdilər. Meşədən bir-iki qucaq təzəcə
açılmış fıstıq
budaqları gətirib,
məktəbin eyvanını
bəzədilər, hündürdən
qırmızı bayraq
asdılar. Zurna-qaval gətirdilər.
Kimin idi, bilmədim, bacaran olmadı; çalınmadı. Məmmədağa müəllimə bir qarmon gətirdilər.
Sinifdəki stulunu da apardılar eşiyə.
Qurcalatdı o müəllim,
həm də özü qurcalandı: çiyinlərini çəkdi,
qollarını dartışdırdı.
Uşaqların zümzüməsinəmi qoşuldu, uşaqlarmı
ona xor oldu
- "Tərəkəmə"yə bənzər səs-səda
yarandı və biz uşaqlar da iki-bir, üç-bir qoşulub atılıb-düşdük
- oynadıq, bir sözlə, Qələbə
gününü bayram
etdik.
Öyrəşmişdik bir-birimizə,
üst-başımız, cır-cındırlarımız
bir elə seçilmirdi başqalarından...
Böyüklərimizin keçmişimiz barədə
maraqlı soraqları
olub. Söyləyiblər, öyünüblər. İftixar duyublar öz sərgüzəştlərindən. Gəl gör, yazı-pozuya qurşandıqca sanki keyləşmişik, bəzi
seriallar kimi işıldayıb, sönüb.
Kökümüzün rişələri bir qulağımızdan girib, o birindən çıxıb. İndi
kökümüzü açıb-aşkarlamağa
tutacağımız yoxdur...
Elə kəndimizdə
"Sər sebilə"dən,
"Mövlud bağı"
deyilən yerdən, Qasım qışlaqda keçən əsrin
70-ci illərində qorxunc
döngəni hamarlayıb,
qaraj yeri düzəldənlər müəmmalı
əşyaları elmi
araşdırmalara versəydilər...
Və mən heç də bu izə
düşə biləcək
gələcək tarixçilərimizi
"hər şey it-bata düşdü" deyib, məyus etmək istəməzdim.
Bir söz: dəvə nalbəndə
baxan kimi baxmışıq dünənimizə.
Əgər təşəbbüs sayılsa, ibtidai baxışla açardım
düyünçəmi.
Yadımdadır, çoxrəqəmlilər
üzərində əməliyyatı
öyrədərkən deyirdilər,
məsələn: 7+4 bərabərdir
on bir və lazımdır ki, bir yazıb, bir onluğu yadda saxlayaq və sonra onluqların,
yüzlüklərin... əməliyyatına
davam edək.
Meyarım belədir:
atam, ailəmiz və mən çoxrəqəmlilər sırasında
təkliyi təmsil edirik, kəndçilərimiz
və cümlə tatlar onluğu, tarixin məhək daşı azsaylı xalqlar birliyi yüzillikləri və nəhayət, vahid Azərbaycan minlikləri və milyonların daşıyıcısı olur.
Bu baxışla dədəmdən,
ailəmizdən söz
açarkən, doğma
kəndimizin çöl-bayırını
vəsf edərkən
dünyaya kəndimizin
pəncərəsindən baxıram.
Deməli, aşağıda silkinmə,
yuxarı dairələrdə
- yüzlük və
min illiklərdə özünüdərki
gücləndirir və
keçmişimiz örnək,
unudulmaz olur. Bəri
başdan deyim ki, atam bütöv
adam idi,
sağlamdı. Dilini farağat
saxlayan kimsəni acılamayan, mənən gözütox, səbrli,
son dərəcə dözümlü
və həm də "qədər",
qismətə inamlı
idi.
"Oğul xələf olsa, neylər ata malını?!
Oğul naxələf olsa, neylər ata malını?!"
- beyti o kişinin dilinin əzbəri idi. Çox təəssüf edirəm ki, niyə sağlığında
o vaxt ağlıma gəlməyib və niyə soruşmamışam
ki, ay ata, bu sözlər kimindir? Onu bilirəm ki,
Xaltanlı Tağını
görmüşdü atam,
onun məclisində çox olmuşdu, uzaq-yaxın kəndlər
haqqında onun vəsfi-hallarını öz
təbirincə deyirdi.
Ayna bibimiz deyirdi ki, bir məclisdə
cavan yaşında atamı dilə tutub, xahiş ediblər ki, oxusun... və o da oxuyub. Bibimiz elə günahı yenə özündə görür və deyirdi ki, oxumaq
səsinə mağara
gedib və qardaşının gözünə
görünüb. Qardaş da
böyük bacısından
utanıb, oxumayıb.
Ayna bibimizin övladı olmayıb. Amma helmi olub - işgüzar...
Dağ-daşın gül-çiçəyini birər-birər tanıyan
təsirli məlhəmlər
hazırlayıb, sınıqçılıq
edən olub, uşaq tutub, mamaçılıq edib, kənd-kəsəyin harayına
yetib. Öz dibinə işıq
salmaz bir şam olub Ayna
bibi.
Nə qədər ki, o, sağ idi, kəndçilərimizin
Türkiyəyə mühacirətinin
canlı şahidi - ensiklopediyası idi. Mühacirət keçən əsrin əvvəllərində Tiflis-Bakı
dəmir yolu istifadəyə veriləndən
sonra başlayıb, Bakı-Dərbənd dəmir
yolunun açılışı
zamanı başa çatıb.
Tat QÜDRƏT
Təzadlar.- 2011.- 5-7 aprel.- S.14.