Sən elə aləmə apardın məni...
Dahilərin fikrinə
görə, iki dünya var: "Biri bu fani dünya, o biri isə
baqi dünya. Yəni üqba..."
Bu dünyada nə var, nə
yox, az-çox məlumatımız var. O biri dünya, Haqq
dünyası barədə müqəddəs kitabımız
olan "Qurani-Kərim"də bizə kifayət qədər
məlumat verilir, hərçənd ki, bunu oxuyub dərk etmək
ariflərin, idrakı dərin olanların işidir. Amma gəlin
etiraf edək, bu iki dünyanın arasında elə bir aləm
var ki, hər birimiz təkrar-təkrar o aləmə
qayıtmaq arzusundayıq. Bu bizim gənclik, uşaqlıq aləmimizdir.
O aləmi xəyal köhləninin qanadlarında gəzirik.
O aləmi seyr edəndə
uşaqlaşır, kövrəlirik. O aləmi xatırlayanda
yaddaşımızın cığırına
düşüb uşaqlığımıza tərəf yol
alırıq. Bu cığırda, bu yolda
acılı-şirinli nə varsa onu yenidən yaşamaq istəyirik.
Nə yaxşı ki, bu anları yenidən yaşamağa bizə
kömək edənlər də olur.
Bu günlərdə
böyük həvəs və diqqətlə oxuduğum və
oxumaqla doymadığım bir kitabın adını çəkmək
yerinə düşərdi - "Ömrün səhifələri".
Kitabı oxuduqca ötən
illərı, uşaqlıq aləmimi, gənclik illərimi
xatırladım.
Kitabın müəllifi
Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin
Qorunması" İctimai Birliyin sədri, neft kralı Ağa
Musa Nağıyevin layiqli davamçısı və varisi
Hacı Dilarə xanım Nağıyevadır. Onu da qeyd edək
ki, bu, müəllifin ikinci kitabıdır. 2007-ci ildə
Ağa Musa Nağıyevin həyat və fəaliyyətinə
həsr olunmuş "Xalq üçün ömrünü
şam kimi əridən..." adlı sənədli xatirələr
və faktlar kitabından sonra, elmi iş üzərində
işlədiyi bir vaxtda yeni bir kitab yazmaq çox çətin
bir iş olsa da, müəllif bu çətin işin öhdəsindən
şərəflə gəldi.
Ağa Musa
Nağıyevə həsr olunmuş "Xalq üçün
ömrünü şam kimi əridən" adlı
kitabın üz qabığının arxa tərəfindən
müəllif bu nəslin şəcərəsini verib. Həmin
şəcərəyə diqqətlə baxanda bir daha əmin
oldum ki, bu nəsil həmişə Allahın nəzarəti
altında olub. Bu qeyri-adi bir tapıntı diqqətimi çəkdiyi
üçün onu oxucuların da nəzərinə
çatdırmağı lazım bildim. Çox qəribədir
- Ağa Musa Nağıyevin nəslindən kim dünyadan
köçübsə, həmin il bu nəsildə başqa
bir insan doğulub.
1900-cü ildə
Ağa Musanın qızı ümmül Banu ölür, Mirzə
Əsədullayevin qızı ümmül Banu doğulur.
1934-cü ildə
Ağa Musanın həyat yoldaşı ümma Səlmə
ölür, Fərəcin oğlu Ağaəli doğulur.
1940-cı ildə
Ağa Tağının oğlu Murad ölür, Fərəcin
qızı Dilarə doğulur.
1953-cü ildə
Ağaəlinin oğlu Zeynalabdin ölür, Solmazın
qızı Gülşən doğulur.
1973-cü ildə
Ağa Musanın varisi Fərəc ölür, çingizin
qızı Fərəh və Raufun qızı Samirə
doğulur.
Bu, Tanrının
möcüzəsidir. Bu Allahın iltifatıdır.
Dilarə
Nağıyevanın "Ömrün səhifələri"
kitabında da çox maraqlı məqamlar var.
Kitabı oxuduqca
doğrudan da insan gah şaxtaya düşən zərif
çiçək kimi titrəyib-üşüyür, gah da
yayın qızmar istisinə düşən buz kimi əriyir.
Kitab oxucunun ruhunu cismindən
ayırıb uzaq bir aləmə aparır. Elə bir aləmə
ki, orada arzular çin olur, röyalar gerçəkləşir.
Sanki xəyalında
yaratdığın səadətə çatırsan.
Kitabı birnəfəsə
oxudum desəm, düz olmaz. Kitabı aramla, duya-duya, dərk edə-edə.
Oxuduqca Dilarə Ağamusanın (O, özünə bu təxəllüsü
götürüb) maraqlı və keşməkeşli həyat
yolu, zəngin daxili aləmi, valideynlərinə və
dostlarına olan ehtiramı göz önündə
canlanır.
Oxucu müəllifi təkcə
xeyriyyəçi və aktiv bir xanım kimi deyil, eyni zamanda
gözəl bir ana, ömür-gün yoldaşına
ehtibarlı dost, sirdaş, bacı-qardaşları
üçün hər şeydən keçməyi bacaran, təvazökar
və eyni zamanda özünə qarşı tələbkar
bir insan kimi tanıyır.
Onun
yaradıcılığı çoxşaxəlidir. Dilarə
xanım həm tarixi, həm sənədli, həm də
publisist yazıları ilə oxucularını heyrətdə
qoymağı bacarır.
"Xalq
üçün ömrünü şam kimi əridən..."
adlı kitabında Bakının keçmişi,
arxitekturası, Ağa Musa Nağıyevin həyatı və
xeyriyyəçiliyindən bəhs olunursa, "Ömrün səhifələri"
kitabında Hacı Dilarə xanım özü barədə
verdiyi maraqlı məlumatlarla yanaşı, babası Ağa
Musa, atası Fərəc Nağıyevlərin, eyni zamanda Azərbaycanın
digər dəyərli oğul və qızları barədə
qələmə aldığı məqalələri ilə
də oxucunu tanış edir. Xeyirxahlığı və səmimiyyəti
ilə insanların qəlbində özünə yer tutan
Rövşən Mustafayevin barəsində olan yazı oxucunu
çox mətləblərdən hali edir.
Müəllifin
ömür-gün yoldaşı - Muxtar müəllimə həsr
etdiyi elegiyanı oxuduqca insan göz yaşını saxlaya
bilmir. Belə mətin və fədakar xanımın təmiz
və ülvi məhəbbətinə yaxşı mənada həsəd
aparmaq olar.
Anasına,
qardaşlarına ünvanladığı yazıları
oxuduqca qəlbinin genişliyinə heyrət edirsən. Axı
bu qədər sevgi necə sığır bu zərif
qadın qəlbinə? Hələ orada dostlar, rəfiqələr
üçün də yer qalır. Onun diqqətindən
keç kim kənarda qalmır.
Bu məqamda bir haşiyə
çıxmaq istəyirəm.
İki il əvvəl
Dilarə xanım İİR getmişdi. Təsadüfən
orada mağazada Ömər Xəyyamın məzarının
kiçik maketini görən bu həssas xanım fikirləşmədən
onu alıb, hədiyyə kimi mənə gətirdi. Mən bu
gözlənilməz hədiyyəni görəndə onun qəlbinin
gözəlliyinə yenidən vuruldum. Azərbaycandan uzaqda
olan bir insan mənim Ömər Xəyyama olan sevgimi bildiyi
üçün mənə belə diqqət yetiribsə,
bunun dəyəri qiymətsizdir.
Hörmətli qələm
dostuma, ictimaiyyətçi, xeyriyyəçi, kölgəsindən
də sevgi yağan Dilarə xanıma yeni
yaradıcılıq uğurları və yorulmaz fəaliyyətində
tükənməz enerji arzulayıram.
Sən elə aləmə
apardın məni...
Unutdum orada qəmi,
möhnəti.
Sən elə aləmə
apardın məni...
Tapdım o aləmdə
mən səadəti.
Sən elə aləmə
apardın məni...
Xəyali məhəbbət
həqiqət oldu.
Sən elə aləmə
apardın məni...
O aləm mənimçün
bir cənnət oldu.
Sən elə aləmə
apardın məni...
Orda çiçək
açdı qönçə arzular.
Sən elə aləmə
apardın məni...
Orda çin
olurmuş demə, yuxular!!!
Gülarə MUNİS,
AYB və AJB üzvü
Təzadlar.- 2011.- 5-7 aprel.-
S.14.