Qəlbimdə bir kənd yaşar
Yaradıcılıq taleyin insana bəxş etdiyi əfsunlu bir nemətdir. Yaradıcılıq anlarının parlaq dəqiqələrini yaşamaq isə insan həyatının zinəti hesab oluna bilər. O yerdə ki yaradıcılıq eşqi, o yerdə ki sənət nəfəsi var, dünyaya, həyata sənətkar baxışı var, orada insan ürək dolusu nəfəs alır, həqiqi yaşamın gözəlliyini hiss edir, duyur. Gözəl bir şeir oxumaq, nəğmə dinləmək, təbiətin füsunkar bir guşəsini seyr etmək, insan surətinin qənirsiz gözəlliyinə heyran olmaq - bütün bunlar yaradıcılıq bəhrəsidir və insanı əsl insan olmağa səsləyən elementlərdir. İnsanı kamilləşdirən, bütövləşdirən, qəlbinə müqəddəs arzu və diləklər toxumu səpən yaradıcılıqdan danışanda, nədənsə, ilk növbədə poeziya, poetik aləm qəlbə hakim kəsilir. Hər gün oxuduğumuz yeni şeir, yeni poetik nəfəs bizi danışmağa, oxuduqlarımız haqqında fikir yürütməyə sövq edir.
Bu günlərdə Nailə İbrahimovanın "Ürəklə söhbət" kitabını vərəqləyirdim. Şeirlərin sadə və aydın bir dildə yazılması diqqətimi cəlb etdi. Beləcə, bədii nümunələri oxumağa başladım. Ayrı-ayrı poetik lövhələrin çox asanlıqla yaddaşımda özünə yer etməsi məni daha da ruhlandırdı. Nəticə də belə oldu ki, müəllifin poetik dünyasına münasibət bildirmək üçün elə yaddaşımda qalan həmin poetik lövhələrdən söhbət açmağa üstünlük verdim.
Məsələn, müəllifin "Külək" adlı şeirindən yadımda qalan bənd belədir:
Şıltaq, dəcəl əsmə sən,
Dost yolunu kəsmə sən.
Görüşünə gəlməzlər,
Qəlbdən-qəlbə əsməsən.
Göründüyü kimi, burada təbiət küləklərinin yaratdığı təlatümlər, ümumiyyətlə, küləyin təsviri şair qələmində o qədər də təbii boyalarla işləndiyi hiss olunmur. Bəs burda gözəl olan, oxucuda şairə ehtiram aşılayan hissin adı nədir?
Sanki şair burda təbiətə, təbiət elementinə öyüd-nəsihət vermək istəyir. Küləyin yaratdığı fəsadları, onun dağıdıcılıq enerjisini alt qatda gizlədərək özünün şair ideyasını külək obrazı vasitəsilə təlqin edir. "Qəlbdən-qəlbə əsməsən" - bax bu misra "Külək" şeirində bədii sənət uğuru kimi səslənir.
Nailə İbrahimovanın şair kimi gözəl xüsusiyyətinin bir səbəbi də odur ki, o, bütün şeirlərində, nəğmələrində özünü ifadə etməyi bacarır. Hər hansı bir fikri, ideyanı məhz başqası kimi yox, özü kimi deməyə üstünlük verir. Bu zaman təbii ki, orijinal düşüncələr, fərdi üslub, fərdi keyfiyyət üzə çıxır. Və biz həqiqi istedadı olduğu kimi görməkdə çətinlik çəkmirik. "Ürəklə söhbət" poetik toplusuna "ön söz" yazmış filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı da qeyd etdiyimiz məqamı xüsusi vurğulayır: "...Azərbaycan şeiri bütün mərhələlərdə həmişə uğurlarla, yeni-yeni nəfəslərin gəlişi ilə, orijinal düşüncələri özündə ifadə etməklə səciyyələnir. Bu gün də o ənənə yaşayır. N.İbrahimova da bütün şeirləri ilə həmin sıradadır. Ədəbiyyatda öz sözü, ruhu olan və onu yazıya gətirməyi bacaran yaradıcıdır. Bu cür yaradıcı tale isə hər kəsə nəsib olmur."
Professor Mahmud Allahmanlının fikirlərinə rəğmən deyə bilərik ki, günəşə həsr olunmuş yüzlərlə müəllifin şeirlərini oxumuşuq. Doğrudur, oxuduğumuz bu nümunələr içərisində mükəmməl sənət əsəri səviyyəsində yazılmışları da var, zəif poetik örnəklərin də olduğunu danmırıq.
Nailə xanım isə günəşlə bağlı düşüncələrini sırf özünəməxsus şairlik hissiyyatının gözlərilə baxıb deyir:
...Günəş çıxır...
Ruhum, qəlbim təzələşir,
Bütün aləm gözəlləşir,
Gözlərimdə işıq saçır,
Ürəyimdə çiçək açır,
Ürəyimdən Günəş baxır,
Ürəyimdən Günəş axır!
Bu yerdə bircə o qalır ki, şeirin müəllifinə ürəkdən alqış deyəsən. Məncə, bu şeirin əlavə təhlilinə ehtiyac qalmır. Çünki günəşin yaratdığı mənzərə və onun həyata verdiyi işıq haqqında söhbət getməsə də, şair başqa müstəvidən həmin mətləbə güzgü tutub.
"...Ürəyimdən Günəş baxır,
Ürəyimdən Günəş axır!"
- misralarında insanın ilahi səviyyəyə qaldırılması nəticəsində külli aləmə həyat enerjisi bəxş edən günəşin obrazı həqiqi poeziya səviyyəsində canlanıb.
Nailə İbrahimova Zəngəzur mahalının Qafan şəhərinin Şəhərcik qəsəbəsində doğulub. İxtisasca həkimdir. Azərbaycan ədəbiyyatında ixtisasca həkim olan şairlərimiz çoxdur. Ən maraqlısı isə həkim şairlərin xüsusi poetik istedada, şairlik hissiyyatına malik olmalarıdır. Görünür, onları poeziyaya bağlayan tellər başqalarından fərqlidir. Bəlkə də məsələ elə onların ilkin arzu və istəklərindən gəlib keçir. Onların həkimlik peşəsini seçməsində rol oynayan ilkin arzular, bu arzuların doğulmasında əhəmiyyətli olan insanın daxili dünyasından gələn səslər...
Hər halda, həkim şairlərdə nəsə fərqli bir düşüncənin olduğunu iddia etməkdə özümü haqlı sayıram. Bəlkə də onlarda psixoloqlardan da, pedaqoqlardan da, bioloqlardan da çox insanı duymaq və kəşf etmək, həm də gördüklərini, duyduqlarını daha kamil tərbiyə etmək bacarıqları var. "Ürəyindən at bu kini" deyən həkim şair kinin, küdurətin ürəkdə, insan qəlbində yaratdığı mənzərənin poetik tablosunu çəkir.
"Ürəyindən at bu
kini,
Kinli ürək
çat-çat olar.
Sən qəlbindən silməyəndə,
Qəm ürəkdə
qat-qat olar".
N.İbrahimova misal gətirdiyimiz
bu və ya digər şeirlərindən
göründüyü kimi, yaratdığı mövzunun təkcə
əsiri deyil, həm də ağasıdır. Çünki
onun qələmindən çıxan və
yaradıcılıq məhsulu olan sənət nümunələrində
şairin öz fərdiyyəti, onun xarakterinin müəyyən
cizgiləri də ifadə olunmuşdur.
Nailə xanımın
şeirlərini oxuduqca onun kövrək qəlbinin, zərif
duyğularının şahidinə çevrilirsən.
"Bu qəfil göz yaşları" şeiri kövrək
şairin qəlbinin aydınlığını da bir mənzərə
kimi göz önünə gətirir.
Axdı, dincəldi qəlbim,
Özünə gəldi qəlbim.
Sən demə,
sızlayırmış,
Ürəyimdən
axırmış,
Bu qəfil göz
yaşları.
Mənim çox sevdiyim tənqidçi-alim
Vaqif Yusifli də şairin könül dünyasını
sözün işığında belə tərənnüm
edir: "Bu, Nailə xanımın ikinci kitabıdır.
"Düşüncələr" kitabı yeddi il öncə
işıq üzü görüb. Həmin o birinci kitabı
vərəqləyirəm və ordakı bahar duyğulu
şeirlərin içindən "İlk bahar"ı
seçirəm:
Ağ buludlar göy
üzündən
Çəkiliblər ətək-ətək.
Nə aydındır bu
gün səhər
Mavi dəniz sularıtək.
Nailə xanım bu şeirdə
baharın gəlişini təsvir edir. Mən bu şeiri niyə
misal gətirdim? O səbəbdən ki, içində
baharlı duyğular yaşatmaq üçün gərək
onun gözəlliklərini də duyasan. "Gəl sinəmə
sıxım səni, ay bəzəkli yasəmənim" deyən
bir ürəyin sahibi olmalısan ki, şeirlərində də
sərt bir qayanın sinəsinə sıxılıb tək
bitən nərgiz, boynubükük bənövşə, sənə
məhəbbət qədər sevimli, qızılgül kimi zərif
olasan, kövrək olasan..."
Ancaq şair təkcə zərif
və kövrək duyğularla süslənmiş
misraları ilə yadda qalmır. Həm də cəmiyyətə
etiraz dolu sətirləri, yaltaqlara, nankorlara, rəzil adamlara,
haqqı nahaqdan ucuz tutanlara, xəbislərə, riyakarlara
münasibətilə də yadda qalır. Onun "Yaltaq",
"Pulgir müdir", "Haqq nahaqdan
aşağıda", "Alçaqsan yaman", "Xəbisliyin
üzə çıxır", "İkiüzlü"
və s. bu qəbildən olan şeirlərində şair cəmiyyəti
murdarlırqdan təmizləmək, onu həqiqi insan nəfəsi,
insan sifətilə doldurmaq niyyəti güdür. Yaltaq
obrazını yaratdığı şeirində müəllifin
canlı müşahidələri sanki ayaq tutub yeriyir.
...Əyilsə əyilər,
duranda durar,
Sanki ürəyi də onunla
vurar.
Gülər, gözlərindən
cin yağa-yağa,
Müdir oturanda o da oturar.
Stulun düzəldər, eynəyin
silər,
Qapıda gözləyər
işə gələndə,
Hamının qeybətin edər
gizlicə,
Yaxşı bir söz deməz
qoşa gələndə...
Bir az əvvəldə
şairin Zəngəzur mahalında doğulduğunu qeyd
etmişdik. "Ürəklə söhbət"in bədii
toplu kimi bir üstünlüyü də müəllifin
doğulduğu qoca Zəngəzur mahalının füsunkar
guşələrini özündə əks etdirən
fotoşəkillərlə bəzənməsidir. Bu fotoşəkillərdə
Qafan dağlarının əzəmətli
görünüşü, çəmən dağı və
Qır qalasından qeyri-adi bir mənzərə səhifəsi,
Açağu kəndindən bir görünüş,
Qafan-Oxçu yolu, Sur dərəsi və başqa
görüntülər qədim yurd yerlərimizə
bitib-tükənməz sevgi aşılayır. Bir vaxtlar Sur dərəsindən
hələ dünyanı dərk etmədiyim vədələrdə,
uşaqlıq çağlarımda mən də keçib
getmişəm. Uşaq olsam da, o vaxtlar Sur dərəsinin bənzərsiz
mənzərəsinin məni heyran qoyduğu indi də
yadımdadır. Dərədən qıjov köpüklənərək
axan çayın nəriltisi dağlara-daşlara
düşürdü. Çayın kənarındakı
üstü yaşıllıqla örtülmüş
böyük sal qayanın üzərində bir abidə
ucaldılmışdı. Nəhəng ayının
yırtıcı dişləri, çənələri
arasında sıxılmış xeyli uzaqdan görünə
biləcək qədər böyük açar vardı. O
vaxtlar bu abidənin hansı mənanı
daşıdığı haqqında
düşündüyüm elə bu dəqiqələrdə
də yadıma gəlir. Təbiətin qoynunda belə bir abidənin
ucaldılması təbii görünsə də,
ayının güclü çənələri arasında
sıxılmış açarın nəyə işarə
olması məni düşündürmüşdü... Ancaq
indi düşünürəm ki, bu vəhşi təbiətin,
bu qeyri-adi mənzərələrin əsl sahibi elə təbiətin
yaratdığı azad varlıqlardır. O varlığın
biri də çayın kənarındakı nəhəg
qayanın üzərində abidəsi ucaldılmış həmin
ayıdır.
Kitabda verilmiş Qafan mənzərələrinə
baxdıqca ürəyimin telləri titrədi. Bir vaxt
keçib getdiyim yerlərə bir daha dönmək isdətim...
Xəyallar məni uşaqlığıma, ilkin
yaddaşıma qaytarmaqla bərabər, həm də qəriblikdə
qalmış doğma yerlərimizə çəkdi. Qəlbim,
bağrım şan-şan oldu. Qərib ağrılarıma
Nailə İbrahimovanın "Mənim şəhərcik kəndim"
şeirini məlhəm kimi yenidən oxudum:
...Dağları uca,
qarlı,
Axan sular buz idi.
Düz ilqarlı
qızların
Hər biri ulduz idi.
Təəssüflər olsun
ki, indiki "ulduz"lar həmin qızlar deyil. İndiki
"ulduz"ların düz ilqarlı dağları
çoxdan əriyib, özlərinin mənəvi
dünyaları kimi. Bir anlıq fikirdən ayrılsam da,
misralar təzədən dilimdə səslənir:
O yaşıl meşələrin
Qoynunda hey gəzərdim,
Laləni, bənövşəni
Saçlarıma düzərdim.
Havası bir ətirdi,
Nəfəsimə çəkərdim.
Büllur bulaq suyundan
Doymazdım, hey içərdim.
İndi də meşələrdən
Dolanıb axır
çaylar.
Gözləyir yolumuzu,
Boylanıb baxır
dağlar.
Yollar uzanıb gedir,
Əlləri bizə
sarı.
Axı ordan başlayıb,
Bizim ömür yolları.
...Qəlbimdə bir kənd
yaşar,
Çox sevirəm onu mən:
Dönəydim doğma yurda,
Nə olaydı - yenidən.
Doğrusu, bu yazını
yazanda yazdıqlarıma nə ad verəcəyimi, hansı
başlığı seçəcəyimi heç
düşünməmişdim. İndi diqqətlə baxıb
görürəm ki, Nailə İbrahimovanın
yaradıcılığı haqqında düşüncələrimin
başlığı, deyəsən, sizə örnək kimi
misal gətirdiyim sonuncu şerin misraları
arasındadır... Qəlbimdə bir kənd yaşar. Axı
doğurdanda hər birimizin qəlbində bir kənd
yaşayır. Sadəcə, kimisi o yaddaşında yaşayan
kəndinə gedə bilir, kimisi isə gedə bilmir...
Fariz çOBANOĞLU
Təzadlar.- 2011.- 19-21 aprel.- S.14.