İsnovlu
(Oçerk)
Kəndçilərimiz
"9 may"ı da bayram etdilər. Meşədən bir-iki
qucaq təzəcə açılmış fıstıq
budaqları gətirib, məktəbin eyvanını bəzədilər,
hündürdən qırmızı bayraq asdılar. Zurna-qaval
gətirdilər. Kimin idi, bilmədim, bacaran olmadı;
çalınmadı. Məmmədağa müəllimə
bir qarmon gətirdilər. Sinifdəki stulunu da apardılar
eşiyə. Qurcalatdı o müəllim, həm də
özü qurcalandı: çiyinlərini çəkdi,
qollarını dartışdırdı. Uşaqların
zümzüməsinəmi qoşuldu, uşaqlarmı ona xor
oldu - "Tərəkəmə"yə bənzər səs-səda
yarandı və biz uşaqlar da iki-bir, üç-bir
qoşulub atılıb-düşdük - oynadıq, bir sözlə, Qələbə
gününü bayram etdik.
Öyrəşmişdik bir-birimizə, üst-başımız, cır-cındırlarımız bir elə seçilmirdi başqalarından...
Bəli, müharibə dayandı. Ancaq aclıq və səfalət çox çəkəcək. Heç yerdən kolxozun anbarına - camaata çatacaq bir dən göndərməyəcəklər... Təkcə müəllimlərə - təkdən bir neft, sabun, qarabaşaq yarması, ya düyü kurpası və alma cemi göndərərdilər. Ayrılan kiçik payı 20-25 km uzaqlıqda Rustov kəndindən gedib almaq lazım idi. Yuxarılardan - hökumət səviyyəsində tələblər olsa da, aşağılarda onu sıxır, dəyişir, pasport almağa, kənara ayaq qoymağa icazə vermirdilər. Rəsmi məktublara cavab üçünsə, güya cəza kimi göndərirdilər yeniyetmələri "fizuya" FZO (fabrik-zavod təhsili kursları). Az sonra iş sürət aldı. Göndəriş, icazə kağızı olmasa da, gizli-qaçaq yolla gedirdilər peşə məktəblərinə. Çünki gedənlər yaxşı-yaman yedizdirilir, əyin-başları təzələnir, peşə öyrənir, ciblərində pul görürdülər...
İlkin cəza olaraq göndərilənlərin biri Muxtar Naseh oğlu olub - rəncbərin çubuqçusu. Nahar fasiləsi vaxtı yatıb, öküzlər qaçıb otlağa - vaxtında qoşulmayıb, şum gecikib. Səhlənkar kolxozçu kimi göndərilib FZO-ya - (Bizim Paşayev Malikin atası Nəcməddin kişinin dayısı oğlu). özünün çalışqanlığı ilə axşam kurslarına gedib, ali təhsil alıb. Qaz sənayesində istedadlı layihəçi - mühəndis kimi xətir-hörmət qazanıb.
Haşiyə: 50-ci illərin iknici yarısında - tələbəlik illərində onun qonağı olmuşam. Bayılın "20-ci sahə" deyilən yerində kapitalist Muxtarovlardan qalmış binalarda mənzil almışdı. Ailəli idi.Tamara adlı məktəbli qızı vardı. Kənddə qalmış bacısı Cəmiləni və qardaşı Yasini də çəkib gətirmişdi Bakıya... Eyvanda üzüdənizə oturub hekayətini danışırmış kimi tar çalırdı... Deyərdim ki, kənddən birdəfəlik üz döndərib gedən və barışmaz qalan ancaq Muxtar Naseh oğlunu tanıyıram.
Kəndçimiz Məzahir Qazıyev də fabrik-zavod kursunu (FZO-nu) bitirdikdən sonra axşam və qiyabi təhsil yolu ilə ali məktəbi bitirincə nəfəs dərməyib, Bakı gəmi təmiri tərsanəsində qaynaqçı, usta, növbə rəisi - mühəndis vəzifələrində etimad görmüş, etimad doğrultmuşdu. Mənzil almış, oğullu-nəvəli ailə başçısı olmuş - təkcə isnovlu olduğunu yadırğamamışdır.
Çoxsaylı görüşlərimizdə - kəndimizin çöl-bayırını, təpəciyini, yalını, yerli-yatağındaca xatırlayır; riqqətə gəlir, olub-keçənləri mühakimə edirdi. O, yetim olmayıb: əmisi, dayısı, qardaşı və anası vardı. Boy-buxununca, rəsm və rəftarlarınca mücrümdədirlər. Atasını da yaddaşımdan çıxarmamışam. Sovet sədri idi Zərqovada - müharibənin əvvəlində. Söz gəzdi ki, onu da apardılar cəbhəyə. Əlavə xəbərlərə inanmadım. Sensasiyası dedi-qodu inanc yeri deyil. Ancaq Məzahir kəs-kicini yox, rəncbəri ata bilirdi özünə:
- Aba çıxartdı məni məktəbdən - o vaxt kolxoz sədri olmuş əmisini deyirdi, - Müəllimə deyərəm, bir-iki gün aman verər. Get kotana, rəncbərə çubuqçu ol! Elə o "bir-iki gün" oldu, daha məktəbə getməyə macal tapmadım.
Belə başladı Məzahir, sonra kövrəldi: - Cındır pencək, cırıq şalvar, ayağımda da bekara çarığım vardı. Güyüldəyirdi qulaqlarım. Gah çubuğu sağ əlimə verib, sol əlimlə qulaqlarımı ovxalayırdım, gah da tərsinə. Birdən rəncbərin səsini eşitdim: "Quramıtdı saxla!" Riqal başa gəldi, dönən yerdə quramıtda saxladım. Rəncbər kotanın dəstəyini buraxıb sağ əli ilə sol qolunu ehtiyatla ovuşdurdu. Bilirdim, sol qolu yaralıdır, barmaqları da quru-qaxac... Tək əllə ağır kotana dözürdü, ufuldamırdı.
Koldan asdığı çantasından nəsə götürüb gəldi. Açanda gördüm yaylıqdır. Üz-üzə qatlayıb, üçkünc elədi, bağladı öz başına, papağını qoydu mənim başıma.
- Əsgər papağım evdədir, - dedi, - hələlik belə keçinək, səhər onu gətirərəm səninçün.
Nəmiş davasından gələn papağı örtdüm: başımı, qulaqlarımı, boynumu isitdi - xoşallandım. Rəncbər əmi çantasını tək açmazdı; süfrəsində məni yanında oturdardı: atalıq gördüm o kişinin üzündə...
Bayaqdan göz qoymuşam, Qamış nəyisə qurdalamaq istəyir. Narahat olma, deyirəm, yeri gələndə özüm deyəcəyəm.
Meyyarımız kəndimizdir. Kəndimiz də binayi-qədimdən tat tayfaları ilə türkdillilərin qovuşuq-maraq məkanıdır. Biz üzü qibləyə bütün Şeşparaya kimsənəyik.
Ulu nənəmiz Əsə (Aişə), anamızın anası Gülzaman, atamzın anası Həlimə nənə türkdillilərdən olmuşlar. Elə indinin özündə də kəsə desəm, çömçə tutanımız, qaynar qazanımız türkdillilərdəndir. Amma, di gəl, elə tatıq ki, varıq: vermərik tatın çuxasını bir başqasına. Tatlıq qanımızdamı, əqidəmizdəmi, ya da əmələ qaynar istəklə yanaşmamızdadır - handa durum, handan qaçım, cəsarətim çatmaz... Hər hökmdən əlavə, biz isnovluyuq və qəti inanıram ki, isnovludakı istək, həvəs, rəftar və xüsusən, rəhmdillilik Allah vergisidir.
Qəlbimizdə kin, xəyanət,
yuva salmasa da, dinc duran da deyilik...
Məndən əvvəl kim isə isnovlunu
qığılcım yayan daşa-alışqana
oxşadıb, isnovlu təhrikçidir. Gedib, ya heç getməyib,
görüb, ya heç görməyib, oxuyub, ya heç
oxumayıb, fərq etməz, öz kəndinin içində
özünü ayıq, aldanmaz, məlumatlı, həmcinslərindən
daha bilikli sayır. Yəni istəsə lap doğmaca
dayısına da dərs deyər, nə yazıq ki, ayıb
bilir, həya pərdəsini pozmur... Söz yox
"hoqqabazdır isnovlu" kəlamı kəndçilərimizin
özünəvurğunluğunun məhsuludur.
Doğru-dürüst rəydir.
Söz gəlişi: Dutduri ləqəbli
bir pəltək isnovlu adətkərdə olub: Yeri
düşdü-düşmədi, ona nabələd
adamdır, ya yox - özünü təqdim edirmiş,
ustalığından, qanunları sevdiyindən çox
danışırmış. O kişinin ustalığı da
ibarət imiş armud ağacının oduncağından
taxta qaşıq yonmaqdan... Söz yox, belə məhrəm
şahidliyi ancaq yaxın qonum-qonşu verər. Borcumuz haqq
sözə hörmətdir. Deyirlər, kiçik çilənin
oğlan vaxtında elə tutarlı qar yağıb ki, az qala
Dutdurunun daxması görünməz olsun. İnəyi,
qoyun-keçisi olmayan usta Dutdurunun yandırmağa odunu da
yoxdur. Böyüklər demişkən: "Kor, kor oduna da,
suya da kor"...
Arvad qaşıq
ustalığından qalma yonqarları
alışdırıb, umac qaynadır. Bir kasa duru umac
ötürən Dutduru vəcdə gəlir,
boğazını arıtlayıb:
- Vallah, arvad deyir hökumətin
bizdən xəbəri yoxdur. Niqalay padşah bilsə ki, biz belə
kef çəkirik, naloqumuzu artırar!..
Dutdurunun isnovlu olmasına
inanmıram. Etiraz edən varmı?!
Cahan müharibəsinədən
əvvəl - kolxoz dövrünün oynağan vaxtında
İsnova satılmaq üçün iki araba saxsı qab gətirirlər.
Kənd camaatı -
uşaqdan-böyüyə - əli iş tutan hər kəs kəndin
baş döngəsində xırmandadır: kim dərz
sökür, kim vələ qoşulmuş atları hərlədir,
sərilmiş kəhrəba sünbülləri
arıtlayırdı. Sovuran kim, dənəvər çəkən
kim? Bir dəstə adam da özgə-özgə
çeşidlərdən toxumluq buğda ayırır:
sarı buğda, qaraqılçıq, ağ buğda, nərgizava,
xırda buğda...
Dövlətə
satılası sifariş payı ilkin ödənilib. Kolxozun
arabaları ilə lap Dəvəçi dəmiryol
vağzalınacan daşınıb. Toxumluq payı
ayrılandan sonra qalanı zəhmətə görə - əməkgününə
bölünəcək kənd camaatına...
Döyülməmiş dərz
tayaları bir-birinə söykək arxalı dağlar kimidir:
ürək açandır, toxluq gətirəndir...
Saxsı qab-qacaq arabaları
da xırmandan azca aralı açılmış, bir kənarda
nümunə qablar sərgilənmişdi...
O, yar-yaraşıqlı
qab-qacağın sorağı kəndi gəzib gəlincə
xırmanda qəfil dava düşdü: Ən çox deyilən
"bizən!" "küşt" sözləri idi ki, mənaca
"öldürüb", "vur!" kimi
anlaşılırdı. Lap kənarda xırda uşaqlara da gəlib-çıxmışdı
ki, Sirac kişi Məmmədşahı doğrayıb...
Samanlığın darısqal qapısından od almış
dava kövşəni gəzən alov topası kimi xırman
boyu cövlan edib qab-qacaq arabalarının yan-yörəsində
cəmləndi. Qab satanlar qablarını qorumağa çox çalışdılar.
Yabanı tutdular, şana səhəngi ağlatdı. Kürək
küpü yardı, kuzələr ayaq altda qalıb
ağladı... Hələ hardan çıxdı? Kim gətirdi?
Tüfəng səsi adamları çaş qoydu. Bir
atışma düşdü, bir can üşüdən nalə
çəkildi, qab satan kişilər gözdən itdilər.
Kim isə onlara əl tutur, evə aparıb gizlədir...
Sübh tezdən kolxoz sədri
Hacıbaba kişi qab satanların arabalarına iki-üç
kisə buğda qoydurub, güya xəlvətdən onları
qaçırdılar.
Söhbət bura
çatanda, Qamış daha dura bilmədi, ucadan: şaqqa
çəkib güdü: Xalis isnovlu zarafatıdır - dedi. -
İndi sən dur, mən eləsini deyim ki, başqa kənd-kəsəyə
də örk olsun. Necə ki, o kişiyə
"böyük" deyib; "yoldaş böyük"
deyib, sağlığına içib, ağzının
içindən öpüb, sonra böyürdüblər.
Həmin köhnə
qamışdır, əl götürən deyil. Üz vurdum,
xahiş etdim ki, azca toxtasın. İrəlidə vacib
görüşlərimiz olasıdır. Hələ imkan
versin qonşumuzu yada salım. Niyə ki, deyiblər uzaq
qohumdan yaxın qonşu yaxşıdır. Gənclik və
ahıl yaşlarında atamın iş-güc
yoldaşları İbrahim, İsmayıl baba, Atakişi Əbdürrəhman,
Teyfur, Mursoqlu və başqalarını yaxşı
xatırlayıram. Hər birinin öz baxışı, səyi,
həvəsi olan kişilər. Orasına inamım qətidir
ki, kasıbdılar, ancaq mərd kişilərdilər...
Molla Nəcməddin dadaş
() ata ruhani təhsili almış, xoşxasiyyət, gözdən
mayıf bir kişi idi. Gəncliyində haradasa sevimli uşaq
şairi Abdulla Şaiqlə yoldaşlıq etmişdi və
xatirə olaraq bir şeirini mərsiyə üstündə
avazla oxuyardı:
Axşam oldu, şamlar
yandı,
O taydan bir səda gəldi:
Danalar vay, danalar vay!..
İkinci Dünya müharibəsi
illərində qonşumuz Əzaləddin kişi lazım gəlir
ki, bir kəndçimizə zamin dursan. Yəqin ki, protokol
yazdırırlar və kişiyə qol çəkdirirlər.
Qəzadan olan sayaq zamində olan kişi itkin düşür,
çağırışa gəlmir. Prokuror
çağırır Əzaləddin kişini:
çığırır, çımxırır. İsnovlu
dinmir, danışmır. Kabinet rəhbəri əmr edir ki,
çıxıb eşikdə gözləsin. İsnovlu
eşiyə çıxıb, bir küncdəcə durur.
Prokuror yenə içəri çağırır, - bu, elə-belə
qurtaran iş deyil, - deyir, - səni türmə gözləyir,
get pul gətir! Sabah yox, o biri gün gözləyirəm...
Deyilən vaxtda qonşumuz gəlir.
İçəri çağırılır:
- Niyə göndərmişdim?
- Pul üçün,
yoldaş prokuror!
- Gətirmisən?
- Bəli, yoldaş prokror...
- Çıxart qoy stolun
üstdə...
Qonşumuz çox
qurdalanır, axır ki, cındırının harasındansa
nişanları pozulmuş bir üçlük
çıxarıb, qoyur stolun üstünə...
Prokuror
qışqırır:
- Bu nədir?
- Puldur, yoldaş prokror.
Demişdin gətir, mən də gətirdim...
Əzaləddin kişinin belə
sərgüzəştləri çoxdur. Ancaq bir epizodu deməmək
mümkün deyil. Bir gün qonşumuz Təzə bazarın
qabağından tramvaya çıxıb Bayılda yaşayan
qızı Muzərrət gilə getmək istəyir. Tramvayda
sıxlıqdır. İtələyirlər, sıxırlar.
Qonşumuz başa düşür ki, cibinə əl girib. Əhəmiyyət
vermir, çünki cibində heçnə yoxdur... Elə
çiyni üstdən: - Bacı oğlu, o işdən mən
çörək yemədim, sizə də məsləhət
bilmirəm, - deyir.
Çox güman ki, dəstə
üzvləri onu kalondan gələn zənn edir, xırda
köməklik də göstərirlər...
Tat QÜDRƏT
Təzadlar.- 2011.- 19-21 aprel.- S.13.