Unudulmuş qələbə

 

1957-ci ildə Tərtərdə doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bərdədə komsomol orqanlarında çalışıb. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunda təhsil alıb. Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. Polkovnik-leytenant, Qarabağ müharibəsi veteranıdır. DTK-nın (MTN) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, Şəmkir və Göyçay bölmələrinin rəisi, Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olub.

 

vvəli ötən saylarda)

 

Mayın 2-si ertədən Hacıkəndə döndük. Çaykənd, demək olar, sakitləşmişdi. Günortaya yaxın kəndin girişində ağ bayraqlı çaykəndlilər göründü. Kəndin yaşlı adamları rəhbərliklə elə kəndin girəcəyində görüşüb, atəşin dayandırılmasını və köçürülmələrini xahiş etdilər. 2 ildən çox ətrafa gərginlik verən, insanları qətlə yetirən, bizi Göygölə, başqa səfalı yerlərə həsrət qoyan bir kənd ağ bayraq qaldırmışdı.

Kəndi köçürmə əməliyyatı dərhal başlandı. Vertolyotlar əvvəlcədən hazırlanmışdı. Köçlərini Ermənistana aparmaq istəyənlər üçün yenə Rustavi avtobazasının yük maşınları köməyə gəlmişdi. Əsas yük vertolyotlara düşmüşdü. Vertolyotlar çaykəndliləri Xocalı aeroportuna aparmalı idi.

DTK-nın sədri Vaqif Hüseynov məni çağırıb bütün vertolyotların 20-22 nəfərlə yola salınmasını, hər kəsi qeydiyyata almağı tapşırdı. Qeydlərim hələ də durur. Dedi, bunlar vertolyotlardan enən kimi aləmə yalandan car çəkəcəklər ki, bizi qırdılar, əks-təbliğat üçün hər şey hazır olmalıdır.

Mais Məmmədov çaykəndlilərdən "Vremya" üçün müsahibə götürürdü. Azərbaycan Televiziyası da fəaliyyətdə idi. Müsahibə verənlər bir nəfər kimi Yerevandan gələn erməniləri söyür, Tatulun qəddar olduğunu, onları qorxu altında saxladığını deyirdilər. Şəxsən tanıdığım ermənilər yalvarıb onları vertolyotlara tez mindirmələrini xahiş edirdilər. Deren isə hətta Kislovodska dəvət etdi. Çox miskin və qorxmuş halda idilər. Amma elə bu miskinlər vertolyotlardan Stepanakertə düşən kimi göz yaşları töküb əleyhimizə olmazın hədyanlar söylədilər. Moskva televiziyası vur-həşirlə reportajlar yayırdı.

İki gün ərzində vertolyotlar kəndin əhalisini, demək olar, tamam köçürdü. Bir xeyli adam, o cümlədən xəstəxananın baş həkimi Yerevan qeydiyyatında olduğu üçün Gəncə təcridxanasına aparıldı. Əksəriyyət Yerevandan gələnlərin kimliyi, əməlləri barədə ifadələr vermişdi. Sonralar bu adamların hamısı azad edildi.

Çaykənd döyüşlərində cəmi 19 nəfər erməni ölmüşdü. 12-si Yerevandan gələnlər, 7-si yerli sakinlərdən idi. Yerevandan gələnlərdən Tatul Krpeyana və Simon Açıqgözyana (ləqəbi "Ded") Ermənistanın Milli Qəhrəmanı adı verilib. Erməni fədailəri siyahısındadırlar.

Təəssüf ki, düşməni məhv edənlərdən biri kimi mənim heç halal təqaüdüm verilmir.

Bu gün internet səhifələrində ermənilər Çaykənd hadisələrini öz prizmalarından yalan dolu informasiyalarla bəzəyiblər. Guya 200 tankla bir kəndin üstünə gedilib, guya yüzlərlə insan öldürülüb, onlara işgəncələr verilib. Bizim tərəfdən heç bir informasiya internetdə yer almayıb.

Çaykənd azad olundu. Bir həftədən sonra Ermənistandan gəlib Bakıya məskunlaşan qaçqınlar Çaykəndə köçürüldü. çaykəndliləri yola salanda çox erməni evinin sənədini, açarını mənə vermək istəyirdi, hətta "Niva" maşınını da hədiyyə edən vardı. Bunlar hamının gözü qarşısında baş verirdi. Vaqif Hüseynovun və rəisimizin sözləri yadımdan çıxmır: "Sən burdan nəsə əldə etsən, bütün zəhmətin hədər gedəcək. Hamı deyəcək ki, İlham bir evdən və ya maşından ötrü vuruşub".

Çox haqlı idilər. Kimlərsə nəsə əldə etdi. Mən isə bütün çaykəndi qazandım!

İyunun əvvəllərində prezident Ayaz Mütəllibov Gəncəyə gəldi. Şəhər Partiya Komitəsinin binasında gəncəlilərlə görüşdə dedi: "Mən çoxdan Gəncəyə gəlmək istəyirdim, amma əliboş gəlmək istəmirdim. Qarşıma məqsəd qoymuşdum ki, çaykəndi azad edim, sonra gəncəlilərlə görüşə gəlim. Məncə, çaykəndin azad edilməsi gəncəlilərə ən yaxşı hədiyyədir".

Prezidentin bu sözləri təsadüfi deyildi. O dövrdə bəzi müxalif qüvvələr Çaykəndin azad edilməsini Moskvanın Ayaz Mütəllibov hakimiyyətini möhkəmləndirməsi kimi təqdim edirdi. Mənim üçün, Azərbaycan xalqı üçün fərqi yox idi kimin hakimiyyəti möhkəmlənir. Əsas o idi ki, torpaqlarımız azad olunurdu.

Bu gün də o fikirdəyəm ki, kimin hakimiyyəti möhkəmlənir-möhkəmlənsin - təki Qarabağ azad olsun! Hakimiyyətlər gəldi-gedər, vətən torpağı əbədidir! Kim hakimiyyətdə olur-olsun - Qarabağ bizim olsun.

Kürəkçayın şırıltıyla ortasından axdığı Çaykənd bu gün əsasən Ermənistandan qaçqın düşmüş soydaşlarımızın və kəlbəcərlilərin məskunlaşdığı yaşayış məskənidir.

Çaykənd azad olundu, amma qarşıda Gəncə və Goranboyu təhdid edən daha 3 kənd vardı - Buzluq, Manaşid, Erkeç. Tezliklə bu kəndlərin azad edilməsi başlanacaqdı.

Yazımın girişində "Sakit üfüqlərdə" filmini xatırlamışdım. Bu filmdə bir epizod da var. Göl kənarına gəzməyə gələn gənclər istirahət edir, əylənirlər. Bir yaşlı adamın və cavan oğlanın bu yerlərdə qəmgin-qəmgin dolaşması onları narahat edir və etirazlarını bildirmək istəyirlər. Onlara yaxınlaşanda xatirə lövhəsini görür, əllərindəki çiçəkləri sakitcə lövhənin qarşısına qoyurlar. Bu yerlərin sahibləri o döyüşçü kişi və anası döyüşlərdə həlak olmuş gənc oğlandır.

Mənim də başıma çaykənd ətrafında 13 il sonra buna oxşar hadisə gəldi.

2004-cü il iyunun 27-də İsveçə mühacirətə hazırlaşan dostlarımdan birini (indi Malmödə yaşayır) Tərtərə dəvət elədim və gələndən sonra təklif etdim ki, Göygölə gedək.

Yola düşdük. 1 saatdan sonra Aşıqlı (o kəndin bir adı da Qaryağdıdır) kəndinə çatmışdıq. Dolamaları qalxdıqca hava sərinləşir, gözəlliklər bir-birini əvəz edirdi. Xidməti işimlə əlaqədar 8 il Xanlar rayonunun (indiki Göygöl) kuratoru olmuşam. Bu yollarda o qədər gedib-gəlmişəm ki, hər qarışına bələdəm, hansı döngədən sonra hansı mənzərə olacağını, havanın hansı tində dəyişəcəyini yaxşı bilirəm. Şair demiş, "bu yolla o qədər gedib-gəlmişəm, bu yoldan gizlin bir sirrim qalmayıb". Elə yolların da, bu yerlərin də məndən gizlətdiyi bir şey yox idi...

Yerlilərin "Sto pervi" dedikləri qəsəbədən eniş başlayır və vaxtilə "Toğanalı Elmanın kababxanası" deyilən yerdən mənim üçün dünyanın ən gözəl mənzərəsi açılır. Kəpəzin yəhəri xatırladan haçaları (Kəpəzə yerli adamlar Yəhərdağ da deyirlər) bu yerlərin daimi keşiyini çəkir.

Mənzərəni bir daha ləzzətlə seyr edəndən sonra yolumuza davam etdik. Cəmi bir döngədən sonra əsgər postu qarşımızı kəsdi. Bizi buraxa bilməyəcəklərini dedilər.

Qarşıda hərbi hissə var, lap yuxarıda isə cəbhə xətti. Olmaz! Amma keçib gedənlər də var.

Qeyzləndim: "Əsgər, gördüyün bu yerləri ermənidən təmizləyən mən olmuşam. Bu gördüyün çaykəndin yolunu ermənilər bağlayıb heç kəsi buraxmırdılar. Kəndi azad edəndə birinci öz maşınımda yolu açmışam. Yolda gediş-gəliş olmadığından qamış bitmişdi, birinci mən keçmişəm. Burdan yaralıları daşımışam, döyüş yoldaşlarımla kəndə ilk girənlərdən olmuşam. İndi niyə burdan keçə bilmərəm? O yuxarıdakı cəbhə xəttinə - Güzgüyə 1994-də ərzaq daşımışam. Sən durduğun yerdə mən erməni verib, əsir azərbaycanlıları geri almışam. İndi mən niyə keçə bilmərəm burdan?"

Əsgər kirimişcə dayanıb baxdı və "Mən bunları hardan bilim?" - dedi.

Doğrudan da. Hardan bilsin? Əmrə tabe adamdır.

O zaman burda baş verənlər bizim tariximizdir. Özü də miqyasına görə o zaman da, bu gün də, sabah da vacib olan tarix.

Biz Göygölü də, Maral gölü də, Toğananı da gəzdik. Amma fikrimdə dolaşan tarix idi. 1991-ci il aprelin 30-dan başlayaraq Çaykəndin ermənilərdən, işğalçılardan azad edilməsi gününü və o zaman baş verənləri mütləq yazmaq.

İndi 2011-ci ildir. Düz 20 il əvvəl Azərbaycanın tarixində çox vacib bir hadisə baş vermişdi. Çaykənd azad edilmişdi.

Bu qələbəni unutmayaq...

 

(Ardı var)

 

"Media forum"

 

 

İlham İSMAYIL

 

Təzadlar.- 2011.- 19-21 aprel.- S.12.