Xosrov bəy - Qarabağın  general-qubernatoru

 

(Sultan bəyin anadan olmasının 140 illiyinə)

 

Qarabağ, xüsusən də dağlıq əraziləri dünyanın möcüzəli bölgələrindən biridir. Cənublu-Şimallı Bütöv Azərbaycanın hər guşəsində olduğu kimi, Qarabağda da insan yaşayışının bütün dövrləri yaşanmışdır. Xosrov bəy də belə bir torpağın yetişdirməsidir. O, çox kiçik yaşlarından evlərində - ailələrində gedən söhbətlərdən ən azı Zəngəzurda olan savadlı ailələr, bəylər, mülkədarlar və tanınmış din xadimləri haqqında eşitmişdi. Sonra təhsil aldı, mütəxəssis oldu, siyasi səhnədə seçilən şəxslərdən birinə çevrildi.

Bir məqamı xatırlatmaq yerinə düşər. XX əsrin əvvəllərində bütün Şərqdən, bir neçə qitələrdən öncə, Şimali Azərbaycanda Xalq Cümhuriyyətini quran insanlar əsilli-nəsilli olmaqla yanaşı, həm də yüksək mənəviyyatlı ziyalılar olmuşlar. Bunlardan biri də Xosrov bəy idi. Eyni zamanda Xosrov bəyi həmin vətənpərvər insanlardan fərqləndirən cəhətlər də mövcud idi. çünki o, Zəngəzurdan, onun bir guşəsi olan Hacısamlıdan idi. Bu insanlar erməninin kimliyini, hansı xislətin sahibi olduqlarını yaxşı bilirdilər.

XX əsrin əvvəllərində Zəngəzurda Nəzər Heydərovun yazdığı kimi, həqiqətən də daha çox tanınan üç Sultan bəy ailəsi var idi.

Xosrov bəy Sultanovlar Əsəd Sultanlılar ilə həm qohum olmuşdular, həm də xoş münasibətdə idilər. Əslində bu münasibəti Zəngəzurun Araflı bəyləri yaratmışdılar. Araflıdan və Qara Murtuzanın törəmələrindən olan Süleyman bəy XIX əsrin sonlarında yazdığı "Bəyliyin tarixi" kitabında və yenə də həmin nəslin nümayəndəsi Alməmməd bəy Nəbibəyli "Dədəm Qorqud" (1991-ci il, 4-cü sayında) və "Azərbaycan" (¹13(76), 30 mart 1991-ci il) qəzetlərində çap etdirmişlər. Sonralar Elnaz Xəlil qızı "7 gün" (23 (64)), 20 iyun 1992-ci il) qəzetində Sultan bəyin qızı Bəyim xanımla müsahibəsində və digər yazılarında bu fikri xatırlatmışdır. Təbii ki, Xosrov bəyin Murtuza bəyin törəmələri ilə də qohumluq əlaqələri olmasını təkcə Alməmməd bəy deyil, digər yazarlar da qələmə almışlar. Bu yazının müəllifi də (Z.N.) dörd kitabında və bir neçə elmi yazılarında Xosrov bəyin, Sultan bəyin, Paşa bəyin haqqında və nəsl səcərləri haqqında xeyli maraqlı məlumatlar vermişdir.

Xosrov bəy gənc yaşlarında Şuşada, Gəncədə oxuyarkən Qarabağın ayrı-ayrı bölgələri, sərhədləri, adət-ənənələri, onun insanları, tarixi keçmişi ilə mütəmadi maraqlanmışdı. O, tarixçi olmasa da, Azərbaycan tarixini, milli xüsusiyyətlərimizi yaxşı bilən əsl vətəndaş idi.

Xosrov bəy 1879-cu il martın 10-da Zəngəzur qəzasının Hacısamlı bölgəsində dünyaya göz açmışdır. Odessada - Cəbrayıl bəyin qurtardığı Tibb Universitetini Paşa bəyin tövsiyəsi ilə bitirmişdir.

Hamıya bəlli olduğu kimi, AXC-nin ilk müdafiə naziri, AXC-nin ikinci kabinetində əkinçilik naziri, 1919-cu ilin 15 yanvarından 1920-ci il aprelin son günlərinə kimi Şuşada Qarabağın general-qubernatoru olmuşdur.

Xosrov bəyin Zəngəzuru, xüsusən də Qarabağın ermənilərdən müdafiə edilməsində rolu heç də qardaşı Sultan bəydən az olmamışdır.

O, 1919-cu ilin 21-30 martında Əsgəran döyüşündə daşnak generalı Dronu məğlub edib. Bu işdə Zəngəzurun Araflı bəyləri ona daha çox yardımçı olmuşlar. 1919-cu ilin iyununda Azərbaycan Elmlər Akademiyasının Xəbərlər jurnalının verdiyi arxiv sənədlərinə görə, Şuşaya ermənilərin silah gətirənləri və erməni Milli Şurasının üzvlərini həbs elətdirib. Burada da Xosrov bəyə Zəngəzurun qəza rəisi Camal bəy Sultanov, Laçının Araflı bəyləri, Haxnəzər kəndindən olanlar və müavini çingiz İldırım xeyli yardımçı olmuşlar.

Xosrov bəy, eyni zamanda müstəqilliyimizə, xalqımıza sədaqətli, hər kəsin dəyərini düzgün qiymətləndirməyi sevən bir şəxs olmuşdur.

Bütün çətinliklərə baxmayaraq, o, vaxt tapıb Əhməd Cavad şəxsiyyətinə və yaradıcılığına hörmət əlaməti olaraq şairin şeirlər kitabını çap etdirmişdir.

Tarixi sənədlərə görə, 1919-cu il yanvarın 15-də Azərbaycan Demokratik Respublikası hökumətində keçirilən iclasda əsas məsələ Zəngəzur və Qarabağda yaranmış ağır vəziyyət idi. Həm də hər iki bölgənin eyni qubernatorluğunun yaradılması məsələsi gündəmdə dururdu. Əsas səbəb Xosrov bəyin əslən Zəngəzur bölgəsindən olması, bölgələri yaxşı tanıması, ən əsası isə Xosrov bəyə dayaq dura biləcək qardaşı Sultan bəyin yuxarı Zəngəzurun Hacısamlı hissəsinin səlahiyyətli bəyi olması, onun xeyli silahlı dəstəsinin olması və silah-sursata, nizamlı-təcrübəli orduya malik daşnak-erməni generalı Andranikin qarşısında dayana bilməsi idi. İstər Yuxarı Qarabağdakı, istərsə də nisbətən Aşağı Qarabağdakı ermənilərin havadarları olan ingilislərin, rusların, fransızların, ABŞ-ın və sairlərinin köməyi sayəsində Azərbaycan hökumətinə tabe olmaq istəmirdilər. Ermənilər istəyirdilər ki, ilk növbədə Zəngəzurla Qarabağı, daha sonra Gəncəni ələ keçirməklə S.Şaumyanın qüvvələri ilə birləşib ümumilikdə Şimali Azərbaycanın varlığına son qoymaqla "Dənizdən-dənizə" "Böyük Ermənistan" yaratsınlar. Zəngəzur qəzası üzrə isə ermənilərin törətdiyi faciələri araşdıran dövlət komissiyasının üzvü Mixaylovun yazdığı kimi, Andranikin Türkiyədən, Rusiyadan, Ermənistandan, Zəngəzurdan, İrandan topladığı təcrübəli erməni qoşunları ilə Zəngəzurun 160 kəndini viran qoymuş, insanlara olmazın əzablarını vermiş, insanların mal-mülkünü qamarlamışdı. Növbəti hədəf indiki Laçın bölgəsi idi.

AXC özünün həm 15, həm də 29 yanvar tarixli yığıncaqlarında Qarabağ general-qubernatorluğunun yaradılmasını və bu vəzifəyə Xosrov bəyin təyin edilməsinə yekdilliklə qərar vermişdir. Bu qərarla Xosrov bəy Sultanov Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl inzibati ərazisinin rəhbəri, çingiz İldırım isə onun müavini olmuşdur. Hər iki şəxs 1919-cu il fevralın 12-də quberniyanın mərkəzi olan Şuşa şəhərinə gəlmiş və özlərinin ilk müşavirəsini fevralın 15-də keçirmişlər. Bu yığıncaqda polis təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, qaçqınların öz torpaqlarında məskunlaşdırılması, əkin sahələrinin gücləndirilməsi, təhsil, tibbi işlər, poçt və teleqraf, hərbə çağrış və cari məsələlər diqqət mərkəzində olmuşdur.

Xosrov bəy öz fikrini bildirdikdən sonra müşavirədə Şuşanın qəza rəisi Abış bəy Qalabəyov, Zəngəzurun qəza rəisi Camal bəy Sultanov və Cavanşir qəzasının rəisi Bəhram bəy Məlik Abbasov və digərləri çıxış edərək mövcud vəziyyət, ondan çıxış yolları haqqında öz fikirlərini bildirmişlər.

Zəngəzur qəzasının rəisi Camal bəy öz çıxışında qəzada olan ağır vəziyyəti, ABŞ-ın, İngiltərənin, Rusiyanın və digər ölkələrin Andranikə həm hərbi, həm pul, həm də ərzaq yardımları etməsindən danışmışdır.

Qeyd edək ki, Xosrov bəyin bu vəzifəyə təyinatını ermənilər istəmirdi. Onun qardaşının da ermənilərə qarşı mübarizə apardığını bilirdilər. Ona görə də erməni mətbuatı və Xarici İşlər Nazirliyi bir çox dövlətlərə müraciət edib öz narahatlıqlarını bildirirdilər. Hətta, onlar Qarabağ qubernatorluğunun ləğv olunması üçün xarici havadarlarından kömək istəyirdilər. Ermənilər Qarabağda ingilis qubernatorluğunun yaradılmasını xahiş edirdilər. Bununla əlaqədar AXC-nin Xarici İşlər Nazirliyi bir neçə nota vermiş və Qarabağın, Zəngəzur qəzasının qədim Azərbaycan-türk torpağı olduğunu bildirmişlər. Üç aprel 1919-cu il tarixində tarixi həqiqətlər qarşısında aciz qalan ingilis komandanlığı bəyanat verərək Andranikin qoşunlarının buradan çıxarılmalı olduğunu və Xosrov bəyin Qarabağın general-qubernatorluğunu qəbul etdiklərini bildirmişlər. Lakin ingilislər az sonra verdikləri bu bəyanatdan üz döndərmiş, erməniləri müdafiə edərək hər vəchlə bölgədə hakimiyyətin Erməni Milli Şurasına verilməsini və Xosrov bəyin vəzifəsindən uzaqlaşdırılmasını istəmişlər. AXC-nin Xarici İşlər Nazirliyi 25 iyun 1919-cu il tarixində Ermənistana Ədilxan Ziyadxanovun imzası ilə 224 saylı nota vermişdir. Notada deyilir: "Mən hökumətimiz adından, onun tapşırığı ilə sizə xəbərdarlıq edirəm ki, X.Sultanov Azərbaycan Respublikası hökumətinin 1919-cu il 15 yanvarında Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının general-qubernatoru təyin edilmiş və o, aprel ayının 3-də rəsmən tanınmışdır. Ermənistan Respublikasının hökumətinin X.Sultanovun fəaliyyətinə və göstərilən qəzalarda Azərbaycan qoşunlarının yerləşdirilməsinə qarşı etirazları Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq sayılır".

Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun apardığı ciddi tədbirlər nəticəsində Şuşada qayda-qanun yaradılmış və həyat qismən normal ahəng almışdır. Xosrov bəyin rəhbərliyi və səlahiyyətində olan Zəngəzur qəzasında isə Andranik öz qoşunları ilə oturmuşdu, 160-dan artıq kəndi xarabazarlığa çevirmişdi, xarici ölkələrdən gətirilən erməniləri bu torpaqda məskunlaşdırırdılar. Həmin dövrdəki prosesləri ermənilər hazırda da eyni qaydalarla təkrarlayırlar. Xosrov bəyin elə bir silahlı qüvvəsi yox idi ki, Andraniki Zəngəzurdan çıxarsın. AXC-nin də belə bir imkanı yox idi ki, Xosrov bəyin tələblərini yerinə yetirə bilsin. Ölkədə çox acınacaqlı vəziyyət hökm sürürdü. Zəngəzur məsələsində ancaq qardaşı Sultan bəy onun karına gəlirdi.

Xosrov bəy 2 aprel 1919-cu il tarixində və müxtəlif vaxtlarda Nazirlər Şurasına ünvanladığı məktublarda yazırdı ki, son dərəcə ağır şərait yarandığı bir vaxtda hərbi hissələrin ona tabe olmaması daha ağır nəticələrə gətirib çıxaracaq. Səbəb isə: zəruri məqamlarda o, hərbi qüvvələrə göstəriş verə bilmir və ya yaranmış vəziyyət barədə Nazirlər Şurası ilə, eləcə də Müdafiə Nazirliyi ilə ortaq məxrəcə gələ bilmirdi. Xosrov bəy hökumətdən tələb edirdi ki, ordu üzərində onun səlahiyyətləri olmalıdır və qubernatorluğun ərazisində olan hərbi qüvvələr onun göstərişləri ilə hərəkət etməlidirlər. Xosrov bəy onun tələbələri müsbət həll olunmadığı halda, istefa verəcəyini də dilə gətirmişdi. O, "geciksək, Zəngəzur və digər qəzaları itirə bilərik, Azərbaycanda hərc-mərclik yaranar" - demişdir.

Xosrov bəy rəhbərlik etdiyi bölgələrdə gedən prosesləri yaxşı dərk edir, ölkənin taleyini ermənilərdən və yadellilərdən xilas etmək üçün bütün mümkün vasitələrə əl atırdı.

Xosrov bəy çalışırdı ki, təxirə salınmadan hərbi hissələr Zəngəzura yeridilsin və İrəvandan Azərbaycan torpaqlarına ermənilərin hərbi yürüşlərinin qarşısı alınsın.

Xosrov bəy istəyirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan hakimiyyətini tanımaq barədə ultimatum verilsin və onlara altı gün vaxt qoyulsun. Eyni zamanda bütün ermənilərə Azərbaycan bölgələrindən getməyi təklif etmək və ultimatum müddətində onlarla bütün əlaqələrin kəsiləcəyini bildirmək. Ultimatumu yalnız Şuşa şəhəri üçün bir istisna olaraq qəbul etmək nəzərdə tutulurdu. Xosrov bəy tələb edirdi ki, Azərbaycan hökuməti altı gün müddətində ermənilər tərəfindən tanınmazsa, yeddinci gün hərbi əməliyyatlara başlamaq və bunun məsuliyyətinin tam olaraq erməni əhalisi rəhbərlərinin üzərinə düşəcəyini bildirmək gərəkdir.

X.Sultanov general-qubernator kimi fəaliyyətə başlayarkən yaranmış vəziyyətlə əlaqədar bildirmişdir ki, öz həyatını xalqının azadlığına, Azərbaycan torpaqlarının bütövlüyünə qurban verməyə hazır olan bir dövlət adam kimi ancaq qanuna və ədalətə xidmət edəcək. Bu bölgədə olan hakimiyyət Azərbaycana məxsusdur və hər kəs milliyyətindən asılı olmayaraq bərabərdir, qanunlara tabe olmayanları isə ciddi cəza gözləyir.

Xosrov bəy baş nazir N.Yusifbəyliyə göndərdiyi məktubunda yazır:  "...Ermənilərin hərəkətlərindən görünür ki, onlar hücum üçün hazırdırlar. Ona görə xahiş edirəm, hərbi nazirə göstəriş verərsiniz ki, hərbi çağırışdan əvvəl əsgərlərin geyim hazırlığı olsun. Yerli batalyonda ayaqqabı və geyim çatışmazlığından narazılıqlar olduğundan mən dünən işə qarışmalı oldum, əks halda, bu, ciddi xarakter alardı. Hələlik qəzaların dördündə də sakitlikdir. Onu da deyim ki, vəd olunmuş patronları da almamışam".

 

 

(Davamı var)

 

Ziyadxan Nəbibəyli,

tarix elmləri doktoru,

professor, Azərbaycan Yazıçılar

və Jurnalistlər birliklərinin üzvü

 

Təzadlar.- 2011.- 19-21 aprel.- S.10