Unudulmuş qələbə
(Əvvəli ötən saylarda)
1957-ci ildə Tərtərdə doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bərdədə komsomol orqanlarında çalışıb. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunda təhsil alıb. Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. Polkovnik-leytenant, Qarabağ müharibəsi veteranıdır. DTK-nın (MTN) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, Şəmkir və Göyçay bölmələrinin rəisi, Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olub.
1990-cı ilin yayında artıq silah sarıdan korluq çəkmirdik. DTK-nın sədri general Vaqif Hüseynovun göstərişi ilə Gəncə şöbəsində xeyli silah-sursat toplanmışdı. Gəncə milisi də silahlanmışdı. OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi) sürətlə yaranır, əməliyyatlar keçirirdi. Ermənilər təşvişdə idi.
OMON yayda Çaykənddə yoxlama aparmağa
nail oldu. 1990-cı ilin payızı daha çox
parlament seçkisi ilə yadda qaldı.
Seçkidən
sonra jurnalist Nadejda İsmayılova "Dalğa"
verilişinin rus buraxılışı üçün
çaykənddən süjet hazırlamağa gəlmişdi. Gəncə
Şəhər İcraiyyə Komitəsinin sədri Nizami Xəlilovun
xahişi ilə Nadejda xanımla Kamo, Azad kəndlərində
olduq. çaykəndin sərhədinə
gəldik. Şlaqbauma yaxın yerdə çaykəndin
kinomexaniki Dereni gördüm, çağırdıq, gəlmədi.
Sonralar Dereni vertolyotla yola salanda mənə dedi ki,
televiziyadakı verilişin səhərisi günü Tatul onu
döyübmüş. Qızışıbmış
ki, niyə Azərbaycan televiziyasına düşmüsən?
Çaykənd
haqqında bütün məlumatları "Dalğa"da səsləndirdik. Bu verilişə
görə cəza aldım. "Şanksiyalaşmış
müsahibəyə" görə mənə xəbərdarlıq
edildi. Əsas səbəb isə o idi ki, Çaykəndin
Moskvadan himayə olunduğunu, burada baş verən hadisənin
1 saatdan sonra şəxsən Mixail Qorbaçova məruzə
edildiyini açıqca söyləmişdim.
Çaykənddəki
radiostansiya
Çaykənd Gəncəni,
Xanları, Goranboyu tam gərginlikdə saxlayırdı. Kəndə yeni silahlar gətirilirdi (radiostansiya
danışıqlarından bilirdik). Az
qala hər həftə Bakıya analitik arayışlar
göndərirdik.
1991-ci il
aprelin 26-da DTK-nın sədri Vaqif Hüseynov Gəncəyə
gəldi. Şöbənin əməkdaşları
ilə əməliyyat müşavirəsi keçirildi.
2 günə Çaykənddə əməliyyat
aparılacağını və kəndin
köçürülməsinin prinsipcə həll
olunduğunu söylədi. Xanlar rayonunun
kuratoru kimi mənə xüsusi göstərişlər,
tapşırıqlar verildi.
Respublika rəhbərliyi
çaykənd ətrafında nələrin baş verdiyi barədə
gün ərzində bir neçə dəfə məlumatlandırılırdı. Ayın 28-də daxili
işlər naziri, rəhmətlik Məhəmməd Əsədov,
baş prokuror, rəhmətlik İsmət Qayıbov, Mərkəzi
Komitənin ikinci katibi Viktor Polyaniçko və digər rəsmi
şəxslər Gəncəyə gəldilər.
29-da Hacıkənd
qəsəbəsindəki pioner düşərgəsinin qərargah
kimi hazırlığını apardım. Həmin gün saat 3-də
Hüseynov, Əsədov, Qayıbov, Polyaniçko, sovet
ordusunun Gəncədə dislokasiya edilmiş qüvvələrinin
komandiri polkovnik Maşkov və bir neçə yüksək
rütbəli rus zabiti, Gəncə, Xanlar rayonlarının rəhbərləri
- Səbuhi Abdinov, Tofiq Kazımov, daxili işlər nazirinin
müavini Ramiz Məmmədov, Gəncə Şəhər
Milis İdarəsinin rəisi polkovnik Eldar Həsənov,
DTK-nın Gəncə Şəhər Şöbəsinin rəisi
polkovnik Rəhman Mikayılov, DTK-nın şöbə rəisi
Yasif Nəsirlinin və bu sətirlərin müəllifinin
iştirakı ilə uzun çəkən müşavirə
keçirildi.
Hazırladığım
arayış əsasında Vaqif Hüseynov kənddə
yaraqlıların harada silahlı postlar qurduğunu, neçə
nəfərin hansı silahlarla təchiz edildiyini, kənddə
yerli əhali ilə Yerevandan gələnlər arasında
hansı narazılıqlar olduğunu məruzə etdi.
Məhəmməd
Əsədov OMON-un çaykəndə hansı istiqamətdən
və neçə nəfər döyüşçü ilə
girəcəyini, pasport yoxlaması aparılacağını
iştirakçıların nəzərinə
çatdırdı.
Ordu nümayəndələri
səhər erkəndən kəndin üstündə
mövqe tutub səsgücləndiricilərlə silahların
təhvil verilməsinə, təslim olmağa
çağırış edəcəklərini, silah işlətməyəcəklərini,
məsələnin danışıqlarla, dinc yolla həll
edilməsinin vacibliyini bildirdilər.
Müşavirədə
kəndin köçürülməsi məsələsi qəti
şəkildə qoyulmadı. O gecə Hüseynov da, Əsədov
da, Polyaniçko da Hacıkənddə qaldılar. Mənə onları səhər saat 6-da oyatmaq
tapşırıldı.
Hava soyuq
olduğundan Hüseynov məndən isti buşlatımı
istədi. Fürsətdən istifadə edib kəndin
köçürülməsinin qəti şəkildə
qoyulmamasının səbəbini soruşdum. General
"Hər şey yaxşı olacaq" dedi.
Artıq
DTK-nın xüsusi dəstəsi də gəlib
çıxmışdı. Dəstəyə
sonradan Daşaltı əməliyyatında itkin düşən
Milli Qəhrəman Riyad Əhmədov başçılıq
edirdi. Riyadla universitetdən
Aprelin 30-da,
sübh tezdən 10-dan çox zirehli hərbi maşın Kamo
və Azad kəndlərindən keçib Çaykənd qəbiristanlığı
tərəfdə mövqe tutdu. Çaykəndin
radiostansiyasını iflic etmişdik. Bütün
efiri pelenqasiya edib xarici aləmlə əlaqələrini tamam
kəsmişdik. Ermənilər dalğaları
dəyişdirdikdə tezliklə müəyyən edir, dərhal
3 saylı radiostansiyanın köməyi ilə
dalğaları vururduq. Hər dəfə
bundan ötrü Hacıkənddən Xanlara gəlir, tezliklərin
rəqəmlərini verirdim.
Polkovnik
Maşkov BTR-lə kəndə girəcəyini deyib bələdçi
istədi. Kəndi yaxşı tanıdığımdan bələdçilik
etmək istədiyimi bildirdim. Rəisimiz Rəhman
Mikayılov icazə vermədi, "Sən hər an burda lazımsan" dedi. Xanlarda
avtovağzalda işləyən Aydın adlı gənc bələdçilik
edəcəyini söylədi və BTR-ə mindi...
Səsgücləndiricilərlə
kənd əhalisinə müraciət, silahların təhvil
verilməsinə çağırış aramsız səslənirdi. Əks tərəf
heç bir addım atmadı. Belə olan halda Əsədov
OMON-a Toğana istiqamətindən kəndə girmək
göstərişi verdi.
Polkovnik
Maşkov BTR-lə kəndə getdi. Yarım saat sonra Tatul
Krpeyanın dəstəsi BTR-i əsgərlərlə birlikdə
əsir aldı. Saat 14-də əməliyyat
dayandırıldı.
Yenidən həmin
heyətlə təcili müşavirə
çağırıldı. Rus əsgərlərinin
əsir düşməsi işləri korlamışdı.
OMON kəndin Toğana hissəsində bir
neçə erməni yaraqlını məhv etmişdi.
Hərbçilər narazılıq etdilər.
Zabitlər OMON-un aşırı güc tətbiq
etdiyini, lazım olmadan atəş açdıqlarını,
dinc sakinlərə zərər vurduqlarını deyirdilər.
Mərkəzi
Komitənin birinci katibi Ayaz Mütəllibov zəng vurub məsələni
tez bitirməyi, Moskvadan narazılıq başlandığını
demişdi.
Polyaniçko sanki bu durumdan razı idi: "Yaraqlılardan
silahları alıb kənddə normal həyata
başlanmalıdır" kimi real olmayan mülahizələri
təkrar-təkrar söyləyirdi. Polyaniçkoya
qarşı açıq irad bildirən olmayanda son
sözü Vaqif Hüseynov dedi. O, tutarlı dəlillər gətirib
kəndin deportasiya edilməsinin yeganə
çıxış yolu olduğunu qəti şəkildə
qoydu.
DTK sədri
indiyədək azərbaycanlıların bir Çaykəndlini
də öldürmədiyini, onların isə 10-dan çox
azərbaycanlını qətlə yetirdiklərini, qonşu kəndlərin
gəliş-gedişinə mane olduqlarını, hər
gün vertolyotla kəndə silah gətirildiyini faktlarla
danışdı. Polyaniçkoya sual etdi: "Viktor Petroviç, bu
gün rus əsgərlərini, zabitini əsir götürənlərin
azərbaycanlılara qarşı hərəkətini təsəvvür
edirsinizmi? Siz zəmanət verirsinizmi ki, bu kənddə
bir daha atəş açılmayacaq və onun hədəfi
azərbaycanlı olmayacaq? Siz burda,
Qarabağdan kənarda "sülh adası"
yaradacaqsınız? Bu gün yaradıb
sabah ona zamin dura biləcəksinizmi?"
Üzünü mənə
tutub "Vremya"nın müxbiri Mais Məmmədovu
otağa çağır" dedi.
Mais Məmmədovu
müşavirə otağına dəvət etdim. Vaqif Hüseynov "Mais,
axşama xəbər hazırla. Rus analarına müraciət
et. Erməni
yaraqlıların onların övladlarını əsir
aldığını bildir. Qoy analar
ölkə rəhbərliyinə müraciət etsinlər".
Sonra yenə davam etdi: "Həm
çaykəndlilər, həm azərbaycanlılar
üçün ən yaxşı yol bu kəndin
köçürülməsidir və proses elə bu gün
başlayacaq".
Hüseynovun
çıxışı bitəndən sonra Polyaniçko
bir qədər fikirləşdi və qarnının
üstündə çarpazlamış əllərinin ikisini
də stola çırpıb bir az təəssüf,
bir az da qətiyyətlə dedi: "Da, yedinstvenniy vıxod -
deportasiya".
Vaqif Hüseynov
üzünü Eldar Həsənova tutub "Sənin
işçilərin və bizim uşaqlar əsirləri azad
etmək üçün hazırlaşsınlar" dedi.
Rus zabitləri də
ayağa qalxdı: "Biz yoldaşlarımızı azad edəcəyik".
Onlar tərpənənə
qədər Gəncənin milisləri və bizim xüsusi dəstəmiz
kəndin içərisinə irəlilədik. Tatul Krpeyan
Maşkovun arxasında dayanmışdı. Atışma başlayan kimi Maşkov Tatulun
önündən çəkildi, onun arxasına keçdi.
İlk atəşlə Tatul və ona köməyə
gələn döyüşçüləri yerə sərildilər.
Əsgərlər azad olundu.
Təəssüf
ki, bələdçi Aydın əsirlərin arasında yox
idi. Ermənilər onu tanıyıb işgəncə ilə
öldürmüşdülər.
OMON kəndin
aşağısından, biz yuxarıdan erməniləri tam
sıxışdırmışdıq. Diqqət etdim
ki, Martunaşen istiqamətində ermənilər geri çəkilir.
Martunaşendən keçib, Sarısu kəndinin
üstündən Şaumyan rayonu ərazisinə - Buzluq kəndinə
girə bilərdilər.
Hacıkəndə
dönüb vəziyyəti rəhbərliyə dedim. Əmin olmaq üçün Martunaşenin
üstündəki Quşçu kəndində yerləşən
şəmkirli milis işçilərini xəbərdar etmək
lazım idi. Quşçuya arxa yoldan getmək
çox vaxt aparacaqdı. Hacıkənddə
həmin vaxt milis vertolyotu vardı. Şəmkirin
milis rəisi Vaqif Quliyevlə vertolyota əyləşib
Quşçuya uçduq. Martunaşenin üzərindən
keçəndə hər an vurula bilərdik.
Çox hündürdən uçmağa məcbur
idik.
Quşçuya
gəlib yolların kəsilməsini tapşırdıq və
geriyə uçduq. Vaqif Hüseynov rəisimizi çağırıb,
DTK-nın xüsusi dəstəsini götürüb arxa yolla
Quşçuya getməyi və sabah erkəndən
Martunaşen istiqamətində hücuma keçməyi
tapşırdı.
Hava
qaralırdı. Quşçuya çatanda artıq gecə
saat 10 idi. Kəndin klubunda və yerli adamların evində
az da olsa dincimizi aldıq.
Tezdən milislər
və bizim dəstə qatı dumanda Martunaşen istiqamətində
hərəkətə keçdik. Dumandan
göz-gözü görmürdü. Qəflətən
duman çəkiləndə qarşımızda erməni evləri
və yaraqlılarını gördük. Bizim üstünlüyümüz aşkar idi. Ermənilər - həm kənd sakinləri, həm
yaraqlılar - çaykəndə doğru
qaçırdı. Martunaşenlə
çaykəndin sərhədinə çatdıq. Qarabulaq (Martunaşen) əlimizdə idi.
Kənddə
postları qurub geri dönməliydik. Həmin gecəni də
Quşçuda keçirdik ki, erkəndən geriyə -
Hacıkəndə dönək.
Gecə ocaq
başında söhbət edirdik, bu vaxt Todan istiqamətindən
2 BTR gəldi.
Bizə çatanda içindən başını
çıxaran rus zabiti çaykəndə getdiklərini və
polkovnik Maşkovla görüşəcəklərini dedi,
yolu göstərdik. İki saatdan sonra zirehli
maşınlar geri döndü. Heç
bir şübhəmiz olmadı. Amma...
İki gündən sonra
öyrəndik ki, Tatulun və Yerevandan gələn digər
ermənilərin meyitlərini və kəndin
başçılarını - sovxoz direktoru, sovet sədri,
onun atası, rabitəçi Mariyanı və daha 6 nəfəri
BTR-lərlə Ağcakəndə, oradan Xankəndinə,
sonra da Yerevana aparıblar.
(Ardı var)
("Media forum")
İlham İSMAYIL,
Təhlükəsizlik Araşdırmaları
Mərkəzinin rəhbəri
Təzadlar.- 2011.- 16-19 aprel.-
S.12.