Qabilin sənət şedevri -"SƏHV DÜŞƏNDƏ
YERİMİZ"
Qibləgahım-həqiqət,
Səcdəgahım- sədaqət.
Daş -tərəzim-ədalət,
Qətiyyətim-cəsarət.
QABİL
Qabil insanların cəmiyyətdəki yerinin dəyişdirilməsini
təbiətdəki zaman və məkan dəyişikliklərindən
doğan fəlakətlərlə uzlaşdırır
1969-cü ildə ədəbiyyatımızda çox böyük səs salan "Səhv düşəndə yerimiz" adlı bir şeir çap olundu. Bir aləm açıldı, cəmi 6 bənddən ibarət olan bu şeirin müəllifi hələ o zamanlar çox da məşhur olmayan Qabil İmamverdiyev idi.
Mükalimə mövzusu olan "Səhv düşəndə yerimiz" çox keçmir ki, hər evə, hər məclisə, müəssisə və tədris ocaqlarına ayaq açır. Xalq tərəfindən rəğbətlə qarşılanan bu balaca poeziya şedevri böyük bir tapıntı kimi az qala hər gün el arasında, ciddi toplantı və müşavirələrdə, satirik yazılarda, radio və tele-ekranlarda da, "Kirpi" jurnalında və digər mətbuat səhifələrində bir zərb-məsəl, qanadlı ifadə kimi işlənməyə başladı.
Qabil yaradıcılığında, ümumən ədəbiyyatımızda nadir hadisə olan "Səhv düşəndə yerimiz" həcmcə kiçik olsa da, məzmunca, mənaca, ictimai siqləti etibarı ilə böyük mətləblərdən xəbər verir.
Xalq şairi Cabir Novruz "Səhv düşəndə yerimiz" şeirini çox sevdiyini bildirərək xeyli sonralar yazırdı:
-O, 1969-cu ildə-tamam ayrı bir dövrdə yazılsa belə, elə bil ki, səksəninci illərin sonu-doxsanıncı illərin əvvəllərində məmləkətimizdə bir-birinin ardınca cövlan edən hadisələr milli fəlakətimizdən qabaqcadan xəbər verən həyacan təbili, hay-haray idi.
Səhv düşəndə yerimiz... Yerimiz səhv düşəndə... Bu oldu bizim son vaxtlar başımıza gələn fəlakətlərin mənbəyi, əsas səbəbi. İqtidarım və ixtiyarım olsa idi, bu şeiri bənd-bənd, misra-misra iri hərflərlə çap etdirib, yerində olmayan böyüklü-kiçikli bütün vəzifə sahiblərinin başı üstündə bir xəbərdarlıq kimi asardım:
Duman dağı
dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq
biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi
çayda
Oturar, üzməz!
Çay gəmisi,
dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq
biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət
yağışa,
Buludlar xəsis...
Yağış tökür
Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq
biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq
parıldayıb
Xırçıltı salıb.
Qılınc qında
pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər,
gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz
yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq
biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik
biz,
Səhv düşəndə yerimiz.
Şeir necə
səlis oxunursa,
hiss olunur ki, o qədər də rəvan yazılıb. Yəni, Qabil bu əsərini
yaradarkən heç də əziyyət çəkməyib, ilhamını
zora salmayıb, təbini bərkə- boşa çəkməyib.
Misralar, bəndlər haqdan
nazil olurmuş kimi qeybdən süzülüb, beləliklə,
insan idrakını heyrətə salan bir sənət əsəri doğulub. Lakin həmin şeirin doğuluşaqədərki inkişaf
prosesi şair daxilində ağrılı,
yanğılı və
çətin olub.
Kim bilir, şair bətndəki bu yetişmə prosesinin yaşı
neçə ildir. Qabil fəlsəfəsinin
əsl gerçəkliyini
üzə çıxaran
"Səhv düşəndə
yerimiz" bir tərəfdən təbiətlə
cəmiyyətdəki ümumi
qanunauyğunluqların təsdiqidir.
Bir tərəfdən
şair Qabilin, vətəndaş Qabilin milli təfəkkürümüzdən,
milli psixologiyamızdan kifayət
qədər bəhrələndiyini sübut edir.
Şeiri oxuyan həssas, duyumlu oxucu dərhal başa düşür ki, şair klassik
ədəbiyyatımızın, həm də müdrik xalq yaradıcılığımızın kamil
bilicisidir. Ona görə də
qısa misralar, lakonik ifadələr dərhal oxucunu ələ alır, onun qəlbini oxşayır, onunla doğmalaşır. Mən
bu fikirləri ayrı-ayrı bəndlərin təhliliilə
bölüşmək istəyirəm.
Birinci bənddə təsvir olunan duman adicə bir təbiət hadisəsidir.
Lakin bu adilikdə şair üçün bir-birinin əksi olan müxtəlif məqamlar var. Birinci məqamda dağı dolanan duman poetikdir.
Yartadığı gözəlliklə şair qəlbini oxşayan bu duman qiyamət dərəcədə heyrətamizdir.
Lakin məqsədə aparan yola duman sallanırsa,
belə bir məqam insana pis ovqat, ürək
sıxıntısı aşılıyır.
Hətta,
bu cür pessimist anda yüngül bir səhlənkarlıq sonu müsibətlə qurtaran qəza-qədərə
gətirib çıxarır.
Belə müqayisə aparan Qabil insanların cəmiyyətdəki yerinin
dəyişdirilməsini təbiətdəki
zaman və məkan dəyişikliklərindən
doğan fəlakətlərlə
uzlaşdırır.
El deyiminə
çevrilən "Vay
o günə ki, çörəkçi çəkmə
tikə, çəkməçi
çörək yapa" ifadəsinin mənası çox sadədir: öz sənəti, öz peşəsi ilə məşğul olmaq əvəzinə, bilmədiyi işlərə
baş qoşan fərdlər ümumilikdə
cəmiyyətin inkişaf
qanunlarına zidd gedir, nəticədə, milli müsibətlərə
zəmin yaradırlar.
Belə zamanda şairin pıçıltı
ilə dediyi sözlər də bir üsyan hayqırtısı kimi səslənir:
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
İkinci bənddə
şair dəniz və okean gəmiləri
ilə çay gəmilərini müqayisə
edir: okeanda üzən gəmi çayda üzə bilməz. Onun yeri sahilsiz,
dərin nəhrlər,
ucu-bucağı görünməyən
sulardır. Çay gəmiləri
isə ümman suları üçün
yaranmayıb. Onun
zəif gövdəsi
dağ boyda dalğalara dözə
bilməz. Qabil yaratdığı həmin
tablolar vasitəsi ilə yeri səhv
düşən insanların
facisini yaşayır və yaşadır. Sanki bütün
zamanlarda və bütün cəmiyyətlərdə
milyonlarla insanların
taleyini həll edən böyük səlahiyyət sahiblərinə
özünün "kadr
siyasəti"ni təlqin edir.
Üçüncü bənd
isə bir daha təstiqləyir ki, Qabil Azərbaycan
coğrafiyasına yaxşı
bələddir, ölkəmizin
ayrı-ayrı bölgələrini
qarış-qarış gəzib,
onun dağının
da, aranının da spesifik xüsusiyyətlərini
yaxından tanıyır.
Nə yazıqlar ki, təbiət heç də həmişə Qabilin arzuladığı
səxavətdə olmur.
Və yaxud, öz bölgüsündə həmişə
mizan-tərəziyə dəqiqliklə
riayət etmir. Bəzən təşnə könüllərin
yanğısına su
tökmək əvəzinə,
suya ehtiyacı olmayan yerlərə lüzumsuz yağış
yağdırır. Bir qətrə
suyun yeri səhv düşəndə,
böyük Nizaminin dedeiyi kimi "Artıq içiləndə
dərd verir", lazım olduğu yerə düşməyəndə
isə insan əməyini puça endirir. Ən pisi budur ki,
bir çox halda insan, yerini
səhv salan o bir qətrə su kimi cəmiyyətdə
gərəksiz varlığa
çevrilir:
Gərəksiz oluruq
biz,
Səhv düşəndə yerimiz.
XXI əsrin əvvəllərində
belə, şair Qabilin narahatlıqlarına
haqq qazandıran mətləblərin bəzisi
şeirin dördüncü
bəndində öz ifadəsini tapıb. Nə qədər ki, gözümüz önündə "küt bıçaq"lara yer verilir, imkan və şərait yaradılır, yaşıl
işıqlar yanır,
nə qədər ki, "QILINC OĞULLAR" təzyiqlərə
və təqiblərə
məruz qalaraq qında pas atır, mənsub olduğumuz cəmiyyət korşalır.
Əslində korşalan bizim
özümüzük, bizim
bu günümüzdür,
sabahımızdır. Bu faciə isə şair Qabilin vətəndaş hissiyyatından
acı təəssüfsüz
ötüşmür:
Heyf, korşalırıq
biz,
Səhv düşəndə yerimiz.
Təxminən 40 il öncə qeyrətimizin başı
üstündə həyacan
təbili kimi səs-küy salan misraları ilə Qabil sanki bir
neçə ildən
sonra başımıza
gələcək müsibətlərə
ağlayırdı. Və
sanki hiss edirdi ki, torpaqlarımız işğala, qız və gəlinlərimiz düşmən təcavüzünə
məruz qalacaq, "sonra gec olacaq".
Hayıflar ki, şair harayı öz vaxtında qalın divarları, meşin qapıları keçərək
söz sahiblərinə
çatmadı. Bəlkə
də, belə naqis vəzifə adamlarının qeyrətsiz
qərarları "ağ
biləkləri, gül
əlləri tarlada qabar", "namussuz yekəpərlərin əlləri
isə qızılgül
satar" elədi. Bu məqamda Qabilin fəryadı od
püskürən qəzəbə
çevrilir:
Qeyrətsiz oluruq
biz,
Səhv düşəndə yerimiz.
Şeirin sonunda şair Qabil milli sərvətimiz
olan tarı öz təbinə uyğun kökləyir. Lakin ən
lirik anda belə o, fəlsəfəsinə
sadiq qalaraq həqiqəti yalandan ayırmağa macal tapır. Şairə görə tarın
pərdələri də
xüsusi bir nizamla düzülüb.
Bu pərdələrdən birinin yerini dəyişsən, rəvan
musiqi axarı da "xarici səslənəcək". Necə ki:
Xaric səslənirik
biz,
Səhv düşəndə yerimiz.
Bəli, əsl
şeir belə yazılır. Bəli, şeirdə xəlqilik
olanda o, ilk sözündən
son deyiminə qədər
xalqın halal malına çevrilər.
Ədalət MƏMMƏDOV,
Qabilşünas
Təzadlar.- 2011.- 23-26 aprel.- S.14.